“Baku Open-2023” beynəlxalq şahmat festivalına yekun vurulub

13 May 2023 14:31

Xəbər 51 dəfə oxunub

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Baku Open-2023” beynəlxalq şahmat festivalına yekun vurulub.

Festivalın bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ölkə şahmatının inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu xatırladıb.

Yarışın yüksək səviyyədə keçirildiyini bildirən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qalibləri təbrik edib, onlara gələcək turnirlərdə uğurlar arzulayıb.

“Baku Open-2023”ün baş hakimi Faiq Həsənov festivalda 32 qrosmeysterin mübarizə apardığını və bütün qruplarda gərgin idman mübarizəsinin şahidi olduqlarını söyləyib.

C qrupu üzrə qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib. Festivalın C turnirində hər yaş qrupunda qalib olan şahmatçıların Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacağı barədə məlumat verilib.

B qrupunda 7,5 xalı olan Akaki Qaliçava (Gürcüstan) üçüncü olub. Səkkiz xal toplayan Fariz Əhmədov ikinci pillədə qərarlaşıb. Eyni xala malik Eldar Musayev əlavə göstəricilərə görə qalib olub.

A qrupunda qadınların yarışında milli komandanın üzvü Xanım Balacayeva ikinci yerə layiq görülüb. Bolqarıstan təmsilçisi Nurgül Səlimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Open turnirinin A kateqoriyasında Hindistan şahmatçısı Leon Luke Mendonca yeddi xalla yarışın qalibi adını qazanıb. Eyni xala malik digər şahmatçılar Aleksandr İndjic (Hindistan) və Vladislav Kovalyov (FIDE) əlavə əmsallara görə müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşüblər.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboka sahib çıxıb.xeber100.com

Taekvondo üzrə 26-cı dünya çempionatına yekun vurulub

Bakıda təşkil olunan taekvondo üzrə 26-cı dünya çempionatına iyunun 4-də yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çuya təqdim edib. Dünya Taekvondo Federasiyasının rəsmisi isə bayrağı 2025-cü ildə dünya çempionatına ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının nümayəndəsinə verib. Çunqvon Çu taekvondo üzrə 26-cı dünya çempionatının yüksək təşkilatçılığına görə minnətdarlığını bildirib və yarışı bağlı elan edib. Çinin 2025-ci ildə dünya çempionatına ev sahibliyi etməsi barədə qərar Dünya Taekvondo Federasiyası Şurasının Bakıda keçirilən görüşündə qəbul olunub. Çinin Usi şəhəri dünya çempionatına ev sahibliyi uğrunda səsvermədə Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya) və Şarlott (ABŞ) şəhərlərini qabaqlayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib. Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilib. Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunub. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.xeber100.com

İyun 4, 2023 15:08