Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində

19 Oktyabr 2019 21:40

Xəbər 45 dəfə oxunub

Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində xanəndə Sara Qədimovanın xatirə gecəsi keçirilib.Azərtac xəbər verir ki, gecənin aparıcısı yazıçı-publisist Mustafa Çəmənli istedadlı xanəndənin həyat və yaradıcılığı barədə danışıb. O qeyd edib ki, Sara Qədimova öz adını Azərbaycan musiqisi tarixinə qızıl hərflərlə yazdırıb, onun yaradıcılığı ölkə hüdudları xaricində də yaxşı tanınırdı.M.Çəmənli diqqətə çatdırıb ki, özünün muğam, xalq və bəstəkar mahnılarının unikal ifa tərzi ilə məşhur olan Sara Qədimova peşəkar karyerasına dahi Üzeyir Hacıbəylinin xeyir-duası ilə başlayıb. O, Qurban Pirimov, Zülfi Adıgözəlov, Əhməd Bakıxanov, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski kimi ustad sənətkarların yetirməsi idi.Aparıcı Sara Qədimovanın “Şur dəsgahı”, “Mahur-hindi”, “Bayatı-şiraz”, “Rast”, “Segah”, “Qatar”, “Şahnaz” kimi mürəkkəb muğamları gözəl ifa etdiyini vurğulayıb. Həmin ifalar Azərbaycan Dövlət Teleradio Şirkətinin Qızıl Fondunda saxlanılır.Sonra tanınmış muğam ustalarının ifasında məşhur xanəndənin repertuarından əsərlər səsləndirilib.xeber100.com

“StopTrik” adlı beynəlxalq animasiya film festivalı keçirilib

Polşanın Lodz şəhərində “StopTrik” adlı beynəlxalq animasiya film festivalı keçirilib. Festivalda bir çox ölkələrin cizgi filmləri nümayiş olunub.Azərbaycanın Polşadakı səfirliyindən Azərtac-a bildirilib ki, sözügedən festivalda ölkəmizi “Animafilm” kinostudiyası təmsil edib.Tədbirdə Azərbaycan cizgi animasiya ilə maraqlanan polyaklar, tələbələr və Polşada yaşayan azərbaycanlılar, o cümlədən səfirliyin əməkdaşları Emil Ağaəhmədov və Sadiq Babayev ailələri ilə birgə iştirak ediblər.Azərbaycan cizgi filmlərinin təqdimatından öncə “Animafilm” kinostudiyasının direktoru Rəşid Ağamaliyev çıxış edərək iştirakçılara ölkəmizin cizgi animasiya tarixi barədə məlumat verib.Daha sonra Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşı Sadiq Babayev çıxış edərək “StopTrik” beynəlxalq animasiya film festivalı çərçivəsində təqdim edilən ayrı-ayrı ölkələrə məxsus cizgi filmlərinin izləyicilər tərəfindən maraqla qarşılandığını bildirib, eyni zamanda uğurlu təcrübə mübadiləsi olduğunu qeyd edib.Səfirliyin əməkdaşı “Animafilm” studiyasına səfirlik adından təşəkkürünü bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Azərbaycan cizgi filmləri izləyicilər tərəfindən maraqla qarşılanıb.Tədbirdə eyni zamanda səfirlik tərəfindən hazırlanmış Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid 60-dan çox kitab və müxtəlif çap materialı xüsusi hazırlanmış masada təqdim edilib.

Noyabr 13, 2019 14:44

“9 noyabr – Azərbaycan bayrağı günüdür” adlı kitab sərgisi açılıb

Noyabrın 8-də Milli Kitabxanada “9 noyabr – Azərbaycan bayrağı günüdür” adlı geniş kitab sərgisi açılıb.Kitabxanadan Azərtac-a bildirilib ki, sərgidə dövlət atributları haqqında Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materialları nümayiş olunur.Sərgi bir həftə davam edəcək.Qeyd edək ki, dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilib. Dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabr ayının 17-də Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadəti ilə 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir.xeber100.com

Noyabr 8, 2019 13:44

Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçiriləcək.Azərtac xəbər verir ki, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə reallaşır.Beynəlxalq status daşıyan festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Həm yerli, həm də əcnəbi kinematoqrafçıların qatıldığı kinoforumun proqramı beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, ustad dərslərindən ibarət olacaq. Festivalın baş mükafatı "Qızıl nar" uğrunda 21 ölkədən 48 filmi yarışacaq. Mükafat uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.Festivalın məqsədi yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış etmək, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaratmaqdır.Filmlər 6,7,8,9 noyabr tarixlərində saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.Festivalın bağlanış-mükafatlandırma mərasimi isə noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.xeber100.com

Noyabr 5, 2019 12:58

Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib

Oktyabrın 29-da Nizami Kino Mərkəzində rejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib.Azərtac xəbər verir ki, yubiley mərasimi rejissor Nizami Abbasın “Narahat adam” sənədli filminin nümayişi ilə başlayıb.Sonra Ə.İbrahimovun həyat və fəaliyyətini əks etdirən fotoslayd nümayiş olunub.“Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev tədbirdə çıxış edərək Əjdər İbrahimovun fəaliyyətinin çox zəngin olduğunu bildirib. O deyib: “Görkəmli rejissor müharibə dövrü keçib, bir neçə ölkənin azad olunmasında iştirak edib. Sonradan o, kino sahəsində fəaliyyətə başlayıb. Bir müddət sonra Vyetnama göndərilib. Vyetnam kinematoqrafiyasının məşhur rejissorları məhz onun emalatxanasında çalışıblar. Xalq artisti Vyetnam kinosuna böyük töhfələr verib. Ə.İbrahimovun fəaliyyəti “Mosfilm”lə də bağlı olub. O, bu kinostudiyada sıravi işçi deyil, böyük birliyin rəhbəri kimi çalışıb. İndiki bir sıra məşhur rus rejissorları vaxtilə Əjdər İbrahimovun dəstəyindən yararlanıblar. SSRİ-nin Xalq artisti, həmçinin Rusiya ilə Türkiyə arasında mədəni körpünün qurulmasında iştirak edib”.Rejissorun həyat yoldaşı Marqarita Maleyevna bildirib ki, hamını onların bir yerdə necə yaşadıqları sualı maraqlandırırdı. Qeyd edib ki, o, həyat yoldaşının böyük şəxsiyyət olduğunu bilirdi və hər zaman ona bənzəməyə çalışırdı. Ə.İbrahimov ssenarinin sirlərini həyat yoldaşına öyrədib və onun kinoya gəlməsinə kömək göstərib.Əməkdar mədəniyyət işçisi kinooperator Rafiq Qəmbərov rejissorla birgə çəkdikləri filmdən söhbət açıb. Bildirib ki, o zamanlar gənc bir operatorun Ə.İbrahimov kimi sənətkarla çalışması onun üçün şərəf idi.Rusiyalı rejissor Boris Blank rejissorla birgə qazandığı təcrübəsini bölüşərək deyib ki, Ə.İbrahimov hər zaman insanlarla mehriban davranır, işinə isə çox məsuliyyətlə yanaşırdı.xeber100.com

Oktyabr 30, 2019 13:08

Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş festival keçiriləcək

Oktyabrın 25–dən 28-dək Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək.Bəstəkarlar İttifaqından Azərtac-a bildirilib ki, oktyabrın 25-də festival iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.Festivalın açılışı elə həmin gün Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – M.Mehmandarov) iştirakı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.Festival çərçivəsində Kamera və orqan musiqisi zalında orqan musiqisi və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti, Azərbaycan Bəstəkarlar İttifaqında “Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kamera konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının tamaşası, R.Behbudov adına Dövlət Mahnı Teatrında Zabitlər Evinin “Sərhədçi” İnstrumental Ansamblının konserti və Azərbaycan Bəstəkarlar İttifaqında kamera-instrumental və vokal musiqisindən ibarət konsert təqdim ediləcək.xeber100.com  

Oktyabr 24, 2019 14:59

Milli Dram Teatrında ikihissəli komediya-tamaşa nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa nümayiş olunub.Azərtac xəbər verir ki, tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olub.Tamaşada digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Əli Nur, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev və başqaları canlandırıb.Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.xeber100.com

Oktyabr 14, 2019 09:20