Boksçular arasında dünya çempionatı start götürəcək

5 Sentyabr 2019 11:17

Xəbər 73 dəfə oxunub

Sentyabrın 8-də Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı start götürəcək. 14 gün davam edəcək mundialda Azərbaycan millisi də qüvvəsini sınayacaq.Azərtac Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, ölkəmiz yarışda tam heyətlə təmsil olunacaq. Baş məşqçi Nəriman Abdullayev dünya çempionatında Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq), Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq), Alfonso Dominqes (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (91 kq-dan yuxarı) şans verəcək.Bu gün axşam saatlarında Rusiyaya yollanacaq komanda sentyabrın 22-də Vətənə dönəcək.Dünya çempionu Cavid Çələbiyev, Olimpiya mükafatçısı Kamran Şahsuvarlı zədə səbəbindən mundialı buraxacaqlar. Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov isə peşəkar boksa keçdiyindən millidə yer almayacaq.Qeyd edək ki, dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunacaq. Yekaterinburqda EXPO Arenada baş tutacaq yarışda 87 ölkədən 450 boksçu mübarizə aparacaq. Açılış mərasimi sentyabrın 8-də olacaq mundialda təsnifat mərhələsinin döyüşləri ayın 9-17-də keçiriləcək. Sentyabrın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.xeber100.com

Romada güləş üzrə Avropa çempionatı davam edir

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, fevralın 14-də sərbəst güləşçilərin mübarizəsinə start veriləcək. Fevralın 13-də bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib. Belə ki, Əfqan Xaşalov (57 kq) fransız Valentin Damur, İntiqam Vəzirzadə (61 kq) Türkiyə idmançısı Hamza Alaca, Əli Rəhimzadə (65 kq) gürcüstanlı Vladimir Xinceqaşvili, Ağahüseyn Mustafayev Ermənistan güləşçisi Gevorq Mxeyan, Hacımurad Hacıyev (74 kq) Polşa idmançısı Patrik Kriştof Olenjin, Cəbrayıl Həsənov (79 kq) Gürcüstan pəhləvanı Nika Kentçadze, Abubakr Abakarov (86 kq) latviyalı İvars Samusonoks, Aslanbek Alborov (92 kq) macarıstanlı Bendequz Tot, Nurməhəmməd Hacıyev (97 kq) Macarıstan təmsilçisi Pavel Oleynik, Camaləddin Məhəmmədov (125 kq) isə Bosniya və Herseqovina güləşçisi Elhad Hukiç ilə qarşılaşacaqlar.Qeyd edək ki, qitə birinciliyində çıxış edən yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Fevral 14, 2020 10:47

Futbol üzrə İtaliya kubokunun ikinci yarımfinal oyunu keçirilib

Fevralın 13-də futbol üzrə İtaliya kubokunun ikinci yarımfinal oyunu keçirilib.Azərtac xəbər verir ki, “San Siro” stadionunda keçirilən matçda əzəli rəqiblər – “Milan” və “Yuventus” klubları üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.Oyunda hesab ikinci hissədə açılıb. Matçın 61-ci dəqiqəsində Ante Rebiç Kastilyexonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Oyunun 71-ci dəqiqəsində “Milan”ın müdafiəçisi Teo Hernandes iknci sarı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 90-cı dəqiqəsində “Yuventus” klubu hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi 11-metrlik cərimə zərbəsini Kriştiano Ronaldo dəqiq yerinə yetirib.Xatırladaq ki, mərhələnin birinci oyununda “İnter” klubu “Cüzeppe Meatsa” stadionunda “Napoli” komandasına minimal hesabla məğlub olub – 0:1.“İnter” dörddədir final mərhələsində “Fiorentina”nı (2:1), “Napoli” isə “Latsio”nu (1:0) məğlub edib. “Yuventus” komandası “Roma”nı 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. “Milan” isə “Torino”dan üstün olub - 4:2.Bu komandalar arasında cavab qarşılaşmaları martın 4-də və 5-də keçiriləcək.İtaliya kuboku uğrunda turnirin reqlamentinə əsasən, yarımfinal mərhələsinə qədər qaliblər bir oyunun nəticəsinə əsasən müəyyən edilir.xeber100.com

Fevral 14, 2020 10:44