Cüdo üzrə Avropa kuboku yarışları başa çatıb

6 İyun 2022 12:11

Xəbər 28 dəfə oxunub

Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışları başa çatıb.Yarışın son günündə cüdoçumuz Vüqar Talıbov (90 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Yarımfinal görüşündə zədələndiyi üçün həkimlərin və baş məşqçi Elxan Məmmədovun birgə qərarına əsasən, həlledici mərhələdə iştirak etməyən idmançımız gümüş medalla kifayətlənib.Beləliklə, komandamız qitə kuboku yarışını iki medalla başa vurub. Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Vüsal Qələndərzadə (73 kq) də ikinci yeri tutub.xeber100.com

Şahmat məsələlərinin həlli üzrə 41-ci Azərbaycan çempionatı keçirilib

Sumqayıt şəhərində şahmat məsələlərinin həlli üzrə 41-ci Azərbaycan çempionatı keçirilib.Yarışın baş hakimi və şahmat bəstəçiliyi üzrə milli komandanın baş məşqçisi, Əməkdar məşqçi İlham Əliyev Azərtac-a bildirib ki, Sumqayıt Şahmat Məktəbində baş tutan çempionatda qələbə uğrunda ölkəmizin 10 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, Göygöl, Şəki, Şabran, Qəbələ, Naftalan, Tərtər, Xızı) 35 şahmatçı mübarizə aparıb.İlk turlardan Gəncə şahmatçısı Amil Abbasov liderliyi ələ keçirib və günün sonunadək, yəni 3 turdan sonra liderliyi qoruya bilib. On beş qat ölkə çempionu, beynəlxalq usta Araz Alməmmədov (Qəbələ) 6-cı tur öncəsi liderliyi ələ keçirsə də, son məsələnin həllində kobud səhvə yol verərək, qələbəni əldən verib. Amil Abbasov 6-cı turda, əks-mat bölməsində daha yaxşı nəticə göstərərək 90 mümkün xaldan 70-ni toplayaraq 13-cü Azərbaycan çempionu adını qazanıb.Gümüş medalı 67 xalla Araz Alməmmədov, bürünc mükafatı isə 51,5 xalla Rəvan Əliyev əldə ediblər.Qadınlar arasında çempion adına 40,5 xalla Ləman Hacıyeva sahib olub. İkinci yerdə 27,5 xalla Nərminə Ruzicəng, üçüncü pillədə isə 20 xalla Aydan Hüseynzadə qərarlaşıb.Bölmələrdə çempion adını Vüqar Bayramov (ikigedişli), Amil Abbasov (üçgedişli və əks-mat), Uğur İlyaslı (etüdlər), Araz Alməmmədov (yardımmat və çoxgedişli) qazanıblar.Daha üç nominasiyada – veteranlar arasında Aqşin Məsimov (+60), gənclərin yarışında Murad İsmayılov (18 yaşa kimi), yeniyetmələrin turnirində Elnur Səfərəliyev (12 yaşa kimi) birinci yeri tutublar.Qaliblər pul mükafatları, medallar, fəxri fərmanlarla mükafatlandırılıblar.Ölkə çempionatı dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 şahmat məsələsi olmaqla 6 bölmə üzrə, ümumi 18 məsələ təqdim olunmaqla keçirilib. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilib. Yarış şahmat həlletməsi üzrə dünya kubokunun mərhələlərindən biri kimi qeydiyyatdan keçib.Qeyd edək ki, həlletmə komandamız noyabrda BƏƏ-nin Fujairah şəhərində keçiriləcək və mükafat fondu 30 min ABŞ dolları olacaq dünya çempionatında ölkəmizi təmsil edəcək.Xatırladaq ki, şahmat həlletməsi üzrə milli komandamız 2014-cü ildə İsveçrədə dünya, 2016-cı ildə isə Yunanıstanda Avropa çempionatında gümüş medal qazanıb.xeber100.com

İyun 20, 2022 15:08

Azərbaycan Velosiped Federasiyasının məlumatına görə…

Cari il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyunun 18-19-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib.Azərtac nazirliyin saytına istinadla xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.İlk yarış günündə velosipedçilər Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığından start götürməklə fərdi ötüşmədə, ikinci yarış günündə isə “Dreamland” Qolf Klubun yaxınlığından Qala qəsəbəsi istiqamətində start götürməklə qrup ötüşməsində mübarizə aparıblar.Yarışın proqramına əsasən, 59 velosipedçinin qatıldığı fərdi ötüşmə növündə 17 yaşadək idmançılar, gənc oğlanlar və qızlar, həmçinin U23/Elit yaş kateqoriyasında olan qadınlar 20 km, U23/Elit yaş kateqoriyasında olan kişilər isə 38 km məsafə qət ediblər.Əlli iki velosipedçinin iştirak etdiyi qrup ötüşməsində isə 17 yaşadək idmançılar, həmçinin gənc qızlar və 23 yaşadək qadınlar 75 km, gənc oğlanlar 90 km, 23 yaşadək kişilər 120 km və Elit yaş kateqoriyasında olan kişilər isə 135 km məsafədə yarışıblar.İlk yarış günü baş tutan fərdi ötüşmələrdə qızlar arasında Viktoriya Sidorenko (ROEQİUGVM), 17 yaşadək oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM), gənc oğlanlar arasında Kamran Mirzəxanov (ROEQİUGVM), U23/Elit yaş kateqoriyasında olan kişilər arasında isə Elçin Əsədov (“Salcano Sakarya”) ən yüksək nəticə göstərərək fəxri kürsünün 1-ci pilləsinə qalxıblar.Növbəti gün keçirilən qrup yarışında da fərdi ötüşmələrdə olduğu kimi, qızlar arasında ən güclü velosipedçi Viktoriya Sidorenko (ROEQİUGVM) olub. 17 yaşadək oğlanlar arasında Ravi Rzayev (ROEQİUGVM), gənc oğlanlar arasında Kamran Mirzəxanov (ROEQİUGVM), U23/Elit yaş kateqoriyasında isə Elçin Əsədov (Salcano Sakarya) birinci yerə layiq görülüblər.On yeddi yaşadək velosipedçilər arasında gərgin idman mübarizəsi şəraitində keçən qrup ötüşməsinin ikinci dövrəsində Barətəli Səlimzadə (ROEQİUGVM), 4-cü dövrəsində isə Artyom Proskuryakov (Təhsil RİM) yıxılsalar da, xoşbəxtlikdən onlar heç biri ciddi xəsarət almayıblar. İdmançılar əzmkarlıq nümayiş etdirərək yenidən mübarizəyə davam ediblər. Nəticədə Artyom Proskuryakov yüksək göstəriciyə imza ataraq U17 yaş kateqoriyasında ikinci yerə layiq görülüb.Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və AVF-nin baş katibi Elnarə Musayeva təqdim ediblər.Qeyd olunub ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndəriləcək və həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.xeber100.com

İyun 20, 2022 15:04