İdman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib

9 Mart 2023 14:11

Xəbər 43 dəfə oxunub

Martın 9-da Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib. Əvvəlcə komandaların paradı olub.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov açılış mərasimində çıxış edərək dünya kuboku yarışlarının ölkəmizdə səkkizinci dəfə təşkil olunduğunu bildirib.

Qeyd edib ki, 2016-cı ildə Bakıda ilk dəfə bu növ üzrə dünya “Challenge” kuboku, “AGF Trophy”, 2017-ci ildən etibarən isə dünya kuboku yarışları ənənəvi olaraq uğurla keçirilir. Ölkəmizdə kişi idman gimnastikasının inkişafi Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulduğu 2002-ci ildən, qadın idman gimnastikasının isə 2013-cü ilin sonunda bərpa edilib.

“Ötən illərdə idman gimnastikası növündə bir sıra uğurlar qazanılıb. Təmsilçilərimiz “London-2012”, “Rio-2016”, “Tokio-2020” Yay Olimpiya oyunlarında təmsil olunub, Avropa və dünya çempionatlarında mükafatçılar sırasında yer alıblar. 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında bu növ üzrə 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanılıb. İdman gimnastlarımız 2017-ci ildə ölkəmizdə keçirilən dördüncü İslam Həmrəyliyi Oyunlarında 5 qızıl, 5 gümüş, 2 bürünc, 2022-ci ildə Türkiyədə keçirilən beşinci İslam Həmrəyliyi Oyunlarında 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər. Təmsilçimiz ötən il gimnastika tariximizdə ilk dəfə qadınlar arasında Avropa Gənclər Yay Olimpiya Festivalında və Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıb”, – deyə şöbə müdiri vurğulayıb.

Elnur Məmmədov bildirib ki, bu gün ölkəmizdə idman Azərbaycan Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub. Hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına verdiyi önəmin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ölkəmizdə təşkil olunan dünya kuboku yarışlarında Azərbaycanla yanaşı, 48 ölkədən 173 gimnast çıxış edəcək. Bu, ölkəmizdə gimnastika növləri üzrə keçirilən dünya kuboku yarışları tarixində iştirakçı ölkə sayına görə rekord göstəricidir.

Gənclər və İdman Nazirliyi adından yarış iştirakçılarına uğurlar arzulayan E.Məmmədov idman gimnastikası üzrə dünya kubokunu açıq elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri keçiriləcək. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Yarışda ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar.xeber100.com

Dünyanın ən çox məvacib alan məşqçilərinin siyahısı

Dünyanın ən çox məvacib alan məşqçilərinin siyahısı açıqlanıb. Fransanın nüfuzlu “Ekip” nəşrinin tərtib etdiyi siyahıya “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone başçılıq edir. Argentinalı mütəxəssis Madrid klubunda ilə 34 milyon avro məvacib alır. Argentinalı mütəxəssis “böyük beşlik” ölkələrində həm də “Frayburq”a rəhbərlik edən Kristian Ştrayxla birgə bir klubda ən uzun müddət işləyən məşqçidir. Simeone 2011-ci ildən “Atletiko”nun sükanı arxasındadır. Siyahıda ikinci pillədə “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola qərarlaşıb. İspaniyalı mütəxəssis “Mançester Siti”də ilə 22,4 milyon avro məvacib alır. Üçüncü yerdə isə illik qazancı 17,8 milyon avro olan “Liverpul”un baş məşqçisi Yürgen Kloppdur. Dördüncü pillədə də Premyer Liqada işləyən mütəxəssis qərarlaşıb. Söhbət ilə 13,5 milyon avro gəlir əldə edən “Çelsi”nin baş məşqçisi Qrem Potterdən gedir. Beşinci sırada qərarlaşan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin illik maaşı 12,8 milyon avrodur. Bir neçə gün əvvəl “Bavariya” ilə müqavilə imzalayan Tomas Tuxel isə 12 milyon avro ilə altıncı yeri tutur. “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin adı isə yeddinci sırada qeyd olunub. İtaliyalı mütəxəssis ilə 11 milyon avro məvacib alır.xeber100.com

Mart 31, 2023 14:01

Bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək

Martın 31-dən aprelin 2-dək Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda Azərbaycan fərdi növdə təmsil olunacaq. Ölkəmizin idman şərəfini Zöhrə Ağamirova və Alina Gözəlova qoruyacaqlar. Artıq gimnastlarımız Bolqarıstana yollanıblar. Bolqarıstan yarışı cari il Z.Ağamirovanın ilk beynəlxalq turniri olacaq. Digər təmsilçimiz A.Gözəlova bir müddət əvvəl İspaniyada Qran-Pri turnirində çıxış edib və topla proqramın finalında səkkizinci olub. Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə növbəti dünya kuboku yarışları aprelin 21-23-də keçiriləcək. Ölkəmizin gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir. Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq. Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Mart 29, 2023 15:07