Konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutmayıb

22 Yanvar 2023 15:23

Xəbər 75 dəfə oxunub

Slovakiyada yanvarın 21-də konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutmayıb. Referendumun hüquqi qüvvəyə malik olması üçün tələb olunan seçicilərin azı 50 faizinin iştirakı baş verməyib, referendumda əhalinin 27,25 faizi iştirak edib.

Referendumda iştirak edənlərin 97,5 faizi konstitusiya dəyişikliyinə tərəfdar olsalar da, bu nəticə qanunvericilikdə dəyişiklik üçün formal olaraq heç bir əhəmiyyət daşımayacaq. Müxalifət partiyalarının təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılan məsələ, digər Avropa ölkələrində olduğu kimi, növbədənkənar və ya erkən parlament seçkilərinə getməyə icazə verən dəyişiklik olub. Mövcud Slovakiya Konstitusiyasına əsasən, dörd il müddətinə seçilmiş parlament hökumət istefaya getdiyində və yeni koalisiya üçün parlamentdə səs çoxluğu olmadığında belə növbədənkənar seçkilərə gedə bilməz. Ölkənin Konstitusiya Məhkəməsi 2021-ci ildə növbədənkənar seçkilərin hazırkı qanunvericiliklə mümkün olmadığını təsbit etmiş, lakin eyni zamanda konstitusiya dəyişikliyini tövsiyə etmişdi. Bunun ardınca müxalifət partiyaları ötən ilin yayında 400 min seçici imzası toplayaraq referendum keçirilməsinə nail olmuşdu.xeber100.com