Koronavirusdan 592 nəfər sağalıb, 279 yeni yoluxma faktı qeydə alınıb

1 Avqust 2020 16:57

Xəbər 782 dəfə oxunub

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 592 nəfər sağalıb, 279 yeni yoluxma faktı qeydə alınıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 32 min 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 26 min 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib. Aktiv xəstə sayı 5229 nəfərdir.Ötən müddət ərzində 732 min 236 test aparılıb. Bugünkü test sayı isə 7283-dür.xeber100.com

Səhiyyə Nazirliyinin məlumatına görə…

Səhiyyə Nazirliyində COVID-19 virusu ilə mübarizə ilə əlaqədar fəaliyyət göstərən İşçi qrupunun üzvü Səbinə Babazadə verdiyi onlayn müsahibəsində COVID-19 virusuna yoluxmuş şəxsləri yoluxma dərəcələrinə əsasən təsnifatlandırıb: koronavirus infeksiyasına yoluxmuş simptomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələr.Bu barədə Azərtac-a nazirliyin mətbuat xidmətindən bildirilib.Səbinə Babazadə qeyd edib ki, simptomsuz xəstələr adından məlum olduğu kimi xəstəliyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcıdır: "Simptomsuz xəstələrin yalnız COVID-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur. Yüngül simptomlu xəstələrə gəldikdə isə həmin xəstə, ilk növbədə, hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37.5 dərəcəyə qalxdıqdan sonra xəstədə başağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı, burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur".Onun sözlərinə görə, ağır simptomlu xəstələrdə isə hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrıların hiss olunması, quru öskürək və təngnəfəslik xəstəliyin əlamətləridir: "Bunlarla yanaşı, 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa, onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir. Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər".Onlayn müsahibədə, həmçinin qeyd olundu ki, sahə həkimləri COVID-19 virusuna yoluxmuş vətəndaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edir.xeber100.com

İyul 10, 2020 18:57

Dünya Səhiyyə Təşkilatının bəyanatına əsasən…

Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Çin Xalq Respublikasında meydana çıxan və digər ölkələrə yayılan yeni koronavirus epidemiyası ilə bağlı yanvarın 30-da ikinci dəfə Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsinin iclasını keçirib.BMT-nin Azərbaycandakı nümayəndəliyindən Azərtac-a bildirilib ki, iclasda Çin Xalq Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi mövcud vəziyyətlə və həyata keçirilən qabaqlayıcı tədbirlərlə bağlı məlumat verib. Artıq ölkə daxilində 7711 təsdiq edilmiş və 12167 şübhəli hal qeydə alınıb. Təsdiq olunmuş hallardan 1370-i ağır dərəcəli olduğu, 170-nin ölüm halları ilə nəticələndiyi bildirilib . 124 nəfər xəstəlikdən müalicə olunaraq, evə buraxılıb. DST-nin Katibliyi digər ölkələrdəki vəziyyətə dair ümumi məlumat verib. Artıq 18 ölkədə 82 yoluxma halı baş verib. Digər ölkələrdə xəstəliyə yoluxanlardan 7-si Çinə səfər etməyib. Çinin xaricində üç ölkədə virusun insandan insana ötürülməsi halı qeydə alınıb. Bu üç haldan biri ağır dərəcəlidir, ölüm halları olmayıb.Komitə Çin hökumət orqanlarının bu məsələdə liderliyini və siyasi öhdəlik götürməsini, şəffaflığını, mövcud epidemiyanın araşdırılması və nəzarətdə saxlanması üçün göstərdiyi səylərini alqışlayıb. Digər ölkələrin sürətli şəkildə diaqnoz qoyması və özlərini qoruya bilməsi üçün Çin, virusu tez bir zamanda müəyyənləşdirib və genetik ardıcıllığını paylaşıb. Bu, diaqnostik alətlər dəstinin tez bir zamanda hazırlanmasına şərait yaradıb.Komitə hesab edir ki, ölkələr xəstəliyin erkən diaqnostikası, təcridi və müalicəsini təmin etməklə, eləcə də təmas yollarının izlənməsi və risklərə uyğun sosial uzaqlaşdırma tədbirlərinin təşviqi ilə virusun yayılmasına müdaxilə etmək mümkündür. İnfeksiyanın yayılması davam etdikcə, onun qarşısını almaq və azaltmaq üçün strateji hədəflər və tədbirlər görüləcəyini qeyd etmək vacibdir. Komitə epidemiyanın hazırda İctimai Səhiyyə sahəsində Beynəlxalq Fövqəladə Vəziyyət meyarlarına cavab verdiyini qəbul edir və Müvəqqəti Tövsiyələr hazırlanmasını məsləhət görür.xeber100.com  

Yanvar 31, 2020 14:12

Səhiyyə Nazirliyinin məlumatı əsasında…

Ümumilikdə 2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan çox müraciət olub, 712 min xəstə stasionar müalicəyə cəlb edilib. Cari ildə 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib. 2019-cu ildə uşaqların 91 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 0,9 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub. Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur. 2019-cu ildə dövlət hesabına 915 xəstə üzərində kardiocərrahiyyə əməliyyatı icra olunub ki, onlardan 263-ü uşaqlardır.Azərtac xəbər verir ki, bunu Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.Şöbə müdiri bildirib ki, 2019-cu il ərzində 2 075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı icra edilib: "Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşaq üzərində uğurlu koxlear implantasiya əməliyyatı aparılıb. 10 il öncə cəmi 7 nəfərin üzərində endoprotezləşmə əməliyyatı aparıldığı halda, cari ildə bu əməliyyatların sayı 119-a çatıb".xeber100.com

Yanvar 2, 2020 18:49