“Mançester Yunayted” klubu transferi üçün 80 milyon funt sterlinq ödəyib

5 Avqust 2019 17:29

Xəbər 119 dəfə oxunub

“Mançester Yunayted” klubu müdafiəçi Harri Maquayrın “Lester Siti”dən transferi üçün 80 milyon funt sterlinq (87 milyon avro) ödəyib. Futbolçu ilə 6+1 il müddətə müqavilə imzalanıb.Azərtac xəbər verir ki, bununla da H.Maquayr tarixin ən bahalı müdafiəçisi olub. Belə ki, ötən il “Liverpul” klubu hollandiyalı Virgil van Diyk üçün 84,65 milyon, cari ilin yay transfer pəncərəsində isə “Yuventus” onun həmyerlisi Mathiys de Liqt üçün 85,5 milyon avro ödəyib.İyirmi altı yaşlı H.Maquayr 2017-ci ilin iyulunda 13,7 milyon avroya “Lester Siti” komandasına keçid edib. O, “Lester Siti”dən əvvəl “Hull Siti” və “Uiqan Atletik” klublarında forma geyinib. Müdafiəçi İngiltərə milli komandasının heyətində 20 oyunda meydana çıxıb.xeber100.com

Atletika üzrə 37-ci qış çempionatına start verilib

Yanvarın 24-də Respublika Olimpiya Mərkəzində atletika üzrə 37-ci qış çempionatına start verilib.Azərtac xəbər verir ki, böyüklər arasında keçirilən çempionatda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayırlar.Çempionatın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğısı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını deyib. O, Azərbaycanda idmanın digər növləri kimi, atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə turnirlərin əhəmiyyətini vurğulayıb. Ç.Hüseynzadə cari ildə Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan atletlərinin də iştirak edərək medal qazanacaqlarına ümidvar olduğunu bildirib.Azərbaycan çempionatında atletlərin göstərdikləri nəticələrin gələcəkdə onların beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyən federasiya prezidenti idmançılara uğurlar arzulayıb.Gənclər və İdman Nazirliyinin əməkdaşı Sevda Mirzəyeva Azərbaycan dövlətinin ölkəmizdə idmanın inkişafına diqqət və qayğısından danışıb, çoxsaylı yerli və beynəlxalq turnirlərin təşkil olunduğunu bildirib. O, ölkəmizdə atletikanın kütləviliyinin artırılması baxımından çempionatın önəmini vurğulayıb.Ümumilikdə 130 idmançının qatıldığı çempionat iki gün davam edəcək. Yarışlarda Bakı şəhəri ilə yanaşı, Gəncə, Bərdə və Sumqayıtdan olan atletlər də iştirak edirlər. Çempionatda 11 komanda mübarizə aparır. Qaliblər İstanbulda keçiriləcək qapalı məkanlarda Avropa kubokuna və Balkan ölkələrinin iştirakı ilə təşkil olunacaq beynəlxalq turnirə qatılmaq hüququ qazanacaqlar.xeber100.com

Yanvar 24, 2020 16:57