Musiqili Teatrı 110-cu mövsümünü sentyabrın 20-də açacaq

14 Avqust 2019 09:45

Xəbər 144 dəfə oxunub

Akademik Musiqili Teatrı 110-cu mövsümünü sentyabrın 20-də açacaq.Teatrın mətbuat xidmətindən  bildirilib ki, həmin gün dahi Üzeyir Hacıbəylinin ölməz əsəri – “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası nümayiş olunacaq.Əsrlərin sınağından çıxmış bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb.Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.xeber00.com

İmadəddin Nəsiminin 650 illiyi münasibətilə tədbir təşkil edilib

İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və Həsən Seyidbəylinin 100 illiyi münasibətilə Ankara şəhərində təntənəli tədbir keçirilib.Azərtac xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, ölkəmizin Ankaradakı səfirliyi, eləcə də Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, Ankara ictimaiyyətinin görkəmli nümayəndələri, habelə QHT və KİV təmsilçiləri iştirak ediblər.Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının qərarı ilə ötən ilin türk dünyasında "İmadəddin Nəsimi ili" elan edilməsi sayəsində türkdilli ölkələrdə və dünyanın bir sıra dövlətlərində böyük şairin yaradıcılığına dair bir sıra mədəni layihələr həyata keçirildiyini diqqətə çatdıran Düsen Kaseinov söyləyib ki, bu işlər sırasında Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tərəfindən 15 dildə tərtib olunan “İmadəddin Nəsimi dünya dillərində” şeirlər kitabının öz layiqli yeri var. Nəşrdə yer alan şeirlər və nəfis tərtibat onu əldə edən kitabsevərlərin qəlbini oxşayır.Çıxışlarda diqqətə çatdırılıb ki, dünya poeziya xəzinəsinin nadir incilərindən olan Nəsimi yaradıcılığı, böyük şairin zəngin fəlsəfi düşüncəsi tarixin bütün dövrlərində tədqiqatçılar üçün maraq kəsb edib, şeir və qəzəlləri poeziyasevərlərin qəlbini oxşayıb. Vurğulanıb ki, Həsən Seyidbəylinin “Nəsimi” filmi şairin şəxsiyyətininin ucalığını tərənnüm edən ən dəyərli əsərlərdəndir.Çıxışlardan sonra görkəmli kinorejissor Həsən Seyidbəylinin yaradıcılığını əks etdirən fotosərginin açılışı olub. Ziyarətçilər tərəfindən maraqla qarşılanan sərgidə böyük sənətkarın efir yaradıcılığının əsas məqamlarını əks etdirən nadir fotolar nümayiş edilib.Tədbir çərçivəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov tərəfindən Türkiyədən Nəsimi yaradıcılığının tədqiqatçısı, professor Hüseyn Ayan və “Nəsimi” filmində Nəsimi rolunun ifaçısı, Azərbaycanın Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif ediliblər.Qeyd edək ki, ötən il “Nəsimi ili” çərçivəsində Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər keçirilib, kitab təqdimatları olub, o cümlədən tamaşalar göstərilib.xeber100.com

Yanvar 16, 2020 11:22

Musiqili Teatrda “Mənim günahım” tamaşası nümayiş etdiriləcək

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mənim günahım” tamaşası nümayiş etdiriləcək.Azərtac xəbər verir ki, Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa sevgi haqqında pritçadır. Tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan tamaşaya İradə Gözəlova quruluş verib.Səhnə əsərinin quruluşçu rəssamı Elnur Axundov, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.Tamaşada obrazları Əməkdar artistlər- Nərgiz Kərimova (Nurcahan), İlham Hüseynov (Sahib) və teatrın balet artisti Mələkxanım Səfərova (Ayqız) və başqaları canlandıracaq.Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina - Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkcə ərinə yox, həm də sənətinə qısqanır... Bəzən sənətə aşırı dərəcədə sevgi acınacaqlı nəticələr verir... Nurcahan səhnəyə yenicə qədəm qoyan balerinanın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü gənc balerinaya zərbə vurmaq üçün böyük bir günah işlədir. Sonra isə əməlindən peşman olub bu günahın mənəvi əzabını çəkir...Biletləri şəhərin bütün kino-teatr kassaları, “ASAN xidmət” mərkəzləri, eləcə də “İTicket.az” saytından əldə etmək olar.xeber100.com

Yanvar 14, 2020 13:55

Leyla Bədirbəylinin anadan olmasından 100 il ötür…

Bu gün milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasından 100 il ötür. Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib. L.Bədirbəyli 1920-ci ilin yanvarın 8-də Bakıda dünyaya göz açıb.Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.Kinoda iki rolu olsa da, o qədər tanınmayan bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.xeber100.com

Yanvar 8, 2020 10:20

“Mədəni irsin davamlı inkişafı” üzrə ustad dərsləri keçirilib

Azərbaycan Milli Xalça Muzeyində “Mədəni irsin davamlı inkişafı: həsirçilik sənəti” üzrə ustad dərsləri keçirilib.Azərtac xəbər verir ki, ustad dərsləri ictimaiyyətin diqqətini həsirçiliyin qorunması, təbliği, dekorativ-tətbiqi sənət nümunəsi kimi əhəmiyyəti və bu irsi yaşadan sənətkarların fəaliyyətinə yönəltmək məqsədi ilə təşkil olunub.Kiçik yaşlarından həsir toxuma sənəti ilə məşğul olan Masallı rayon sakini Fəridə Həşimova tərəfindən keçilən dərslərə iştirakçılar böyük maraq göstərib. F.Həşimova bildirib ki, babalarımız, nənələrimiz bu sənəti yaşatdığı kimi, bizim də borcumuz onu nəsildən-nəslə ötürərək yaşatmaqdır. Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva isə həsirçiliyin Azərbaycanda qədim tarixə malik xalq sənəti növlərindən olduğunu, onun eneolit dövründən başlayaraq təşəkkül tapdığını deyib.Qeyd edək ki, həsir əsrlərboyu məişət əşyası kimi istifadə olunmaqla yanaşı, həm də özünün nəfis, zərif naxışları ilə bədii əhəmiyyət daşıyıb. Təəssüf ki, müasir dövrdə bu sənət növü tədricən unudulur. Ətraf mühitin plastik tullantılarla çirklənməsinin ciddi problemlərdən biri kimi müzakirə olunduğu müasir dünyada həsirçiliyin sənət növü kimi unudulmasına nəinki imkan verməməliyik, hətta onun inkişafı üçün əlimizdən gələni etməliyik.xeber100.com  

Dekabr 25, 2019 09:53