Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

12 Dekabr 2021 13:40

Xəbər 599 dəfə oxunub

İordaniyadakı Azərbaycan diasporunun təşkilatçılığı ilə Əmmanda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə soydaşlarımızla yanaşı, azərbaycanlı diplomatlar, İordaniya ictimaiyyətinin nümayəndələri, yerli KİV-in təmsilçiləri iştirak ediblər.Tədbirdə çıxış edən Azərbaycanın İordaniyadakı səfiri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilmiş cari ildə UNESCO-nun mənzil-qərargahında, həmçinin digər ölkələrdə və Bakıda beynəlxalq tədbirlər keçirilib. Dahi şairin yaradıcılığından da bəhs edən səfir bildirib ki, Nizami Gəncəvinin əsərləri müxtəlif dillərə tərcümə edilib, dünyanın bir sıra ölkələrində onun adı əbədiləşdirilib.Tədbirdə çıxış edən Azərbaycan icmasının fəalı Səbinə Namazova, həmçinin filoloq alimlər Nizami Gəncəvinin əsərlərində humanizm ideyaları, sülhə, dostluğa və ədalətə çağırışdan söhbət açıblar.Tədbirin sonunda fortepianoda Azərbaycan klassik musiqisi ifa olunub.xeber100.com

Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Mayın 26-dan 28-dək Bakı şəhərində Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.Bu barədə Azərtac-a tədbirin təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) sədri, şair Xəyal Rza məlumat verib.Onun sözlərinə görə, tədbir Bakı Dövlət Universitetinin həyətində - açıq havada təşkil olunacaq. Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının qatılacağı tədbirin birinci günü Şuşa Günü, ikinci günü Türk Dünyası Günü, üçüncü günü isə Dədə Qorqud Günü adlandırılıb.Tədbir BEYTÜM-ün təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, TÜRKPA-nın, Yunus Əmrə İnstitutunun, İLESAM-ın, Bakı Dövlət Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.Festivalın təntənəli açılış mərasimi mayın 26-da baş tutacaq. Festivalda nəşriyyatlar çap etdikləri kitabları sərgiləyəcək və milli rəqslər, muğam konserti, tanınmış müğənnilərin çıxışları nəzərdə tutulub.Festival türk dünyasının böyük mütəfəkkirləri Nizaminin, Yunus Əmrənin, Əlişir Nəvainin, Məhdimqulu Firakinin, Tüğölbay Sıdıkbekovun və Abayın xatirəsinə həsr edilib. Festivalda türksoylu ölkələrin alimləri yuxarıda adları qeyd edilmiş ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər. Tədbir çərçivəsində, həmçinin M.Ə.Sabirin, Həsən bəy Zərdabinin, Əhməd Cavadın, Xurşidbanu Natəvanın, Hüseyn Cavidin, Əhməd Baydursunlunun, M.F.Axundzadənin, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub.Tədbirin sonuncu günü mükafatlandırma mərasimi təşkil olunacaq. Qeyd edək ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının növbəti ili Türkiyədə təşkil ediləcək.

May 10, 2022 14:59

Milli kitabxanaları arasında əməkdaşlıq genişlənir

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Qətər Beynəlxalq Kitab sərgisində Qətər Milli Kitabxanasının icraçı direktoru xanım Tan Huism ilə görüşüb.Milli Kitabxanadan bildirilib ki, görüşdə Kərim Tahirov hər iki dost ölkə arasında mövcud olan sıx əlaqələrə rəğmən 4 il öncə Qətər və Azərbaycan milli kitabxanaları arasında bağlanmış qarşılıqlı əməkdaşlığa dair memoranduma müvafiq olaraq informasiya, kitab və təcrübə mübadiləsinin həyata keçirildiyini söyləyib. Qətər Milli Kitabxanasında Azərbaycana dair qədim kitabların və əlyazmaların öyrənilməsində guşənin rolunu vurğulayan direktor belə bir imkanın yaradılması üçün hər iki kitabxanada Azərbaycan və Qətərə dair guşənin yaradılmasını təklif edib.Qətər Milli Kitabxanasının direktoru xanım Tan Huism həmkarının irəli sürdüyü təklifə məmnuniyyətlə razı olduğunu bildirib və bu işi təşkil etmək üçün tədbirlər görəcəyinə söz verib.Tarix üzrə fəlsəfə doktoru Akif Marifli Qətər kitab sərgisinin və Milli Kitabxananın ekspozisiyasının möhtəşəmliyindən və iştirakçıların çoxluğundan söz açıb və Qətər Milli Kitabxanasını gələn il Bakıda keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət edib.Görüşün sonunda K.Tahirov xanım Tan Huismə Azərbaycan Milli Kitabxanası adından, “Nizami yurdu Gəncə”, “Salam Azərbaycan”, “Qarabağın qara kitabı”nı, habelə ərəb dilində nəşr olunmuş Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami”, “Dəmir yumruq. 44 günlük müharibə qəhrəmanları”, “Azərbaycanın qadın ziyalıları” və digər kitabları hədiyyə edib.Görüşdən sonra xanım Tan Huism qonaqları Qətər Milli Kitabxanasının ekspozisiyası ilə tanış edib.xeber100.com

Yanvar 15, 2022 11:35

Kitab fondlarının bərpası ilə əlaqədar kitab toplama kampaniyası başlayıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında işğaldan azad olunan bölgələrdəki 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar kitab toplama kampaniyası davam edir.Azərtac xəbər verir ki, Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitab toplama kampaniyasına qoşulan daha bir ziyalımız, yazıçı-publisist, tarixi romanlar müəllifi, Əməkdar mədəniyyət işçisi Yunus Oğuz olub.Milli Kitabxananın direktoru Kərim Tahirov bu humanist aksiyaya qoşulduğu üçün Yunus Oğuza öz təşəkkürünü bildirərək bütün Azərbaycan ictimaiyyətinə, ziyalılarımıza, həmçinin İLESAM türk təşkilatına da müraciət edərək bu nəcib çağırışda iştiraka səsləyib.Yunus Oğuz Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın bu təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edərək şəxsi kitabxanasından ilkin olaraq 300 nüsxə müəllifi olduğu kitablarını – “Çingiz xan”, “Nadir şah”, “Əmir Teymur” və s. işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışladığını söyləyib. O, bütün Azərbaycan ziyalılarına, Azərbaycan Yazıçılar Birliyinə, yazıçı və şairlərə, alimlərə, kitab mağazalarına, eləcə də bütün kitabsevərlərə, gənclərə müraciət edərək bu humanist çağırışa qoşulmağa çağırıb.xeber100.com

Yanvar 25, 2021 13:37

“20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı anım tədbiri keçirilib

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Hüseyn Cavidin ev-muzeyində “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı anım tədbiri keçirilib.Muzeydən Azərtac-a bildirilib ki, tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tədbirdə Azərbaycan xalqının igid oğul və qızlarının 20 Yanvar hadisələri zamanı göstərdiyi şücaətdən və vətəndaşlarımıza qarşı törədilmiş qətliamdan danışıb. Bu tarixin Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazıldığı qeyd edilib.Alim vurğulayıb ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımıza qarşı törədilmiş ağır cinayətə öz kəskin etirazını bildirib. O, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində mənfur düşmən üzərində qazanılan qələbədən də söz açıb. Bu mühüm hadisənin müstəqillik tariximizin şanlı səhifəsi olduğunu, qəhrəman əsgər və zabitlərimizin 20 Yanvar şəhidlərinin mübarizlik ənənəsini şərəflə davam etdirdiyini vurğulayıb.Tədbirdə muzey əməkdaşları Cəmilə Rzayeva, Lalə Əliyeva, Fəridə Azadova, Nailə Məmmədli sovet qoşunlarının xalqımıza qarşı həyata keçirdiyi terroru qınayaraq, 20 Yanvar gününün Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizəsinin ilk və önəmli hadisəsi olduğunu qeyd ediblər. Çıxışçılar məhz bu hadisənin Azərbaycan xalqının müstəmləkə rejimi ilə heç zaman barışmayaraq milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutduğunu nümayiş etdirdiyini deyiblər. Bildiriblər ki, Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfər də bunu bir daha sübut edir.Sonda “20 Yanvar xalqımızın qürur tarixinin ilk səhifəsidir” adlı sərgi muzeyin rəsmi “Facebook” şəbəkəsi vasitəsilə canlı yayımlanaraq tədbir iştirakçılarına təqdim olunub.xeber100.com

Yanvar 19, 2021 14:21

Bu gün Beynəlxalq kitab bağışlama günü kimi qeyd edilir

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.Azərtac xəbər verir ki, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.Hər il minlərlə kitab dünyanın bütün istiqamətlərinə göndərilir və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaşadır.Son illər Azərbaycanda da bu gün bir sıra tədbirlərlə qeyd edilir.

Fevral 14, 2020 10:55