Nüvə reaktorunun inşası müzakirə ediləcək

14 Sentyabr 2019 22:17

Xəbər 181 dəfə oxunub

Sentyabrın 14-də ABŞ-ın Enerji naziri Rik Perri ilə Səudiyyə Ərəbistanın yeni Enerji naziri, şahzadə Əbdüləziz bin Salman arasında Krallığın ərazisində nüvə reaktorunun inşasının müzakirə edilməsi gözlənilirdi. Lakin ABŞ rəsmiləri bu gün bəyan ediblər ki, görüş Beynəlxalq Atom Enerjisi Agentliyinin gələn həftə Vyanada keçiriləcək iclası çərçivəsində baş tutacaq. Rik Perri sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, səudiyyəli həmkarı ilə nüvə reaktorunun inşası məsələsini müzakirə edəcək.Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bugünədək uranın zənginləşdirilməsi və plutoniumun təkrar emalı üzrə tədqiqatların aparılmasına səy göstərib. Əbdüləziz bin Salman bildirib ki, onun ölkəsi bu məqsədlə xüsusi proqram hazırlayıb və ABŞ ilə müvafiq sazişin şərtlərini, habelə Amerika şirkətlərinin bu prosesdə rolunu qiymətləndirir. Ötən həftə bəyanatla çıxış edən vəliəhd şahzadə Məhəmməd bin Salman isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı nüvə silahına malik olmaq istəmir, lakin onun regiondakı rəqibi İranın bu silahı əldə edəcəyi təqdirdə həmin variantı da nəzərdən keçirəcək.İranla bağlı məsələyə toxunan Rik Perri bəyan edib ki, ABŞ İranın neft ixracına qarşı sərt sanksiyaların tətbiq edilməsini davam etdirəcək. “İran dünyanın yaxşı vətəndaşı olmağın qaydalarını yaxşı bilir, amma bugünkü davranışlarını davam etdirsə, o zaman Birləşmiş Ştatlar daha sərt və ciddi tədbirlərə əl atacaq”, -deyə amerikalı nazir əlavə edib.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00