Parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

17 Yanvar 2018 12:33

Xəbər 473 dəfə oxunub

Yanvarın 17-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iki ölkənin dünyaya nümunə sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açıb. O, münasibətlərimizin hazırkı səviyyəyə çatmasında hər iki ölkənin prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərini xüsusi vurğulayıb.Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır da Türkiyə-Azərbaycan münasibətlərinin sürətli inkişafında qarşılıqlı səfərlərin rolunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən söz açıb. Qeyd edib ki, TANAP, TAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın uğurlarıdır. 2018-ci il Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir ildir, bu il də müxtəlif tədbirlər, layihələr həyata keçiriləcək.Qonaq bir neçə gündən sonra Azərbaycanda qeyd olunacaq 20 Yanvar faciəsi barədə də danışıb. Azərbaycanın həmin faciə zamanı çoxsaylı şəhid verdiyini deyən Volkan Bozkır azadlıq, müstəqillik yolunda canlarından keçən insanlara görə Azərbaycan xalqına başsağlığı verib. O, ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə inandığını deyib, bu yolda Türkiyənin hər zaman Azərbaycana dəstək olacağını bildirib.xeber100.com

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək

Sentyabrın 16-dan 20-dək Müdafiə nazirinin rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, təlimdə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad olunan ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçiriləcək təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra ediləcək.Təlimdə əsas diqqət qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldiləcək. Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçiriləcək.xeber100.com

Sentyabr 13, 2019 13:16