Səhiyyə nazirliyinin məlumatı əsasında…

23 Mart 2020 19:10

Xəbər 292 dəfə oxunub

Hazırda Azərbaycanda karantində olanların sayı təxminən 1000 nəfərdir. Virusa yoluxanlar əsasən 29-50 yaş arasında olan insanlardır. Virusa yoluxanlardan təxminən 30-u xaricdə virusa yoluxub gələnlərdir, digərləri ölkə daxili yoluxmaya tutulanlardır.Azərtac xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.Nazir müavini qeyd edib ki, ölkəmizdə virusa qarşı dərman preparatları, əlavə qoruyucu vasitələr alınır. Virusdan qorunmaq üçün, ilk növbədə, şəxsi gigiyenaya önəm vermək lazımdır. Əllər tez-tez yuyulmalı və spirt tərkibli məhlullar vurulmalıdır. Eyni zamanda, vətəndaşlar sosial izolyasiya tədbirlərinə diqqət göstərməlidir.xeber100.com

Ümumdünya Səhiyyə Təşkilatı vaksinləşdirmə planı təklif edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus COVID-19-a qarşı vaksinin yaradılması və istehsalı məsələsində əvvəl yol verilmiş səhvləri bir daha təkrar etməməyə, bu problemin həllinə təcridçilik mövqeyindən yanaşmadan imtina etməyə çağırıb.Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Gebreyesus vaksinləşdirmənin iki mərhələdən ibarət qlobal planını təklif edib. ÜST-nin əsas şirkət və qruplarla hər həftə keçirdiyi görüşlər sayəsində Ümumdünya Ərzaq Proqramının əməkdaşları ilə əməkdaşlıq şəraitində tibbi təyinatlı yüklərin çatdırılması, saxlanması və daşınması üçün doqquz paylaşdırma mərkəzi yaradılıb. Beləliklə, tibbi materialların, o cümlədən COVID-19-a qarşı mübarizə üçün qoruyucu vasitələrin fasiləsiz təchizatını təmin etmək mümkün olub. ÜST-nin bu layihələrinin həyata keçirilməsində ona UNICEF, habelə özəl təşkilatlar, o cümlədən Bill və Melinda Geyts Fondu kömək edib.ÜST rəhbəri xatırladıb ki, məhz dövlət sektoru ilə özəl sektor arasında əməkdaşlıq sayəsində fərdi müdafiə vasitələri və diaqnostika dəstləri istehsalı artırılıb, bu da öz növbəsində həmin mallara tələbatın ədalətli şəkildə təmin edilməsinə imkan verib. Hazırda ÜST hökumətlər və özəl sektor ilə əməkdaşlıq şəraitində elmi tədqiqatları fəallaşdırmaq və innovasiyaların üstünlüklərindən hər kəsin istifadə edə bilməsinə təminat vermək üzərində iş aparır. Məsələn, COVID-19-a qarşı təsirli vaksin yaradılan kimi ÜST-nin strateji məşvərət qrupu həmin vaksinin tətbiq edilməsi ilə bağlı tövsiyələr verəcək.Qlobal proqramın ikinci mərhələsində təhdidlərin miqyası və əhalinin daha həssas təbəqələri nəzərə alınacaq. İlk növbədə həkimlər və sosial işçilər, həmçinin xroniki xəstəlikləri olan ahıl adamlardan söhbət gedir.Doktor Tedros bu qlobal proqramı orkestr ilə müqayisə edib: musiqinin yaxşı səslənməsi üçün bütün musiqiçilər bir-biri ilə həmahəng ifa etməlidirlər. ÜST-nin rəhbəri xəbərdarlıq edib: “İndi bütün dünya bir və ya iki aləti gərgin vəziyyətdə dinləyir, lakin bu kifayət deyil. Biz birlikdə “orkestr” şəklində elmi inkişaf etdirəcək, problemin həlli yollarını axtaracağıq. Biz ürəkdən inanırıq ki, əlbir işləyəndə ən yaxşı nəticəyə nail olacağıq”.xeber100.com

Avqust 19, 2020 13:56

Səhiyyə Nazirliyinin məlumatına görə…

Səhiyyə Nazirliyində COVID-19 virusu ilə mübarizə ilə əlaqədar fəaliyyət göstərən İşçi qrupunun üzvü Səbinə Babazadə verdiyi onlayn müsahibəsində COVID-19 virusuna yoluxmuş şəxsləri yoluxma dərəcələrinə əsasən təsnifatlandırıb: koronavirus infeksiyasına yoluxmuş simptomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələr.Bu barədə Azərtac-a nazirliyin mətbuat xidmətindən bildirilib.Səbinə Babazadə qeyd edib ki, simptomsuz xəstələr adından məlum olduğu kimi xəstəliyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcıdır: "Simptomsuz xəstələrin yalnız COVID-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur. Yüngül simptomlu xəstələrə gəldikdə isə həmin xəstə, ilk növbədə, hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37.5 dərəcəyə qalxdıqdan sonra xəstədə başağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı, burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur".Onun sözlərinə görə, ağır simptomlu xəstələrdə isə hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrıların hiss olunması, quru öskürək və təngnəfəslik xəstəliyin əlamətləridir: "Bunlarla yanaşı, 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa, onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir. Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər".Onlayn müsahibədə, həmçinin qeyd olundu ki, sahə həkimləri COVID-19 virusuna yoluxmuş vətəndaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edir.xeber100.com

İyul 10, 2020 18:57