Təhsil Nazirliyi: “Son zəng” iyunun 14-də keçiriləcək

9 İyun 2022 15:07

Xəbər 93 dəfə oxunub

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.xeber100.com

Milli Elmlər Akademiyasının Nizamnamə layihəsinin müzakirəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizamnamə Komissiyasının iclasında yeni hazırlanmış Nizamnamə layihəsinin müzakirəsi keçirilib.AMEA-dan bildirilib ki, iclası açan AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanının icrası ilə əlaqədar olaraq akademiyanın yeni Nizamnaməsinin layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, yeni Nizamnamə layihəsi Prezident Fərmanı əsasında akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Yeni Nizamnamə layihəsi hazırlanarkən elmi tədqiqatların ölkəmizin dövlət tərəfindən müəyyən edilmiş milli prioritetlərinə və inkişaf strategiyasına uyğun şəkildə, dünya elminə inteqrasiya şəraitində təşkili və həyata keçirilməsi ilə əlaqədar müddəalar, habelə elm və təhsilin qarşılıqlı əlaqəsi ilə bağlı məsələlər əsas prinsip kimi qəbul olunub. Bütövlükdə 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində akademiyanın strukturu, vəzifələri və hüquqları, akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrinin, regional elmi mərkəzlərinin, elmi müəssisələrinin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib. Layihədə akademiyanın beynəlxalq əməkdaşlığının təşkili və tənzimlənməsinə aid müddəalar da özünə yer alıb.AMEA-nın yeni Nizamnamə layihəsinin müzakirəsində Nizamnamə Komissiyasının üzvlərindən akademiklər Telman Əliyev, Nazim Məmmədov, müxbir üzv Bəxtiyar Məmmədov, AMEA Həmkarlar Təşkilatının sədri, hüquq elmləri doktorları Habil Qurbanov, Nazim Cəfərov, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, AMEA Hüquq şöbəsinin müdiri Kamal Əliyev çıxış edərək təkliflərini və mülahizələrini bildiriblər.Akademiyanın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli irəli sürülən təkliflərə münasibətini bildirib və müzakirələri yekunlaşdırıb.İclasda qeyd edilən təkliflər nəzərə alınmaqla AMEA-nın yeni Nizamnaməsinin layihəsi əsasən qəbul edilib və layihənin növbəti müzakirə üçün Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.AMEA Nizamnaməsinin layihəsi Rəyasət Heyətinin iclasında müzakirə edildikdən sonra akademiyanın Ümumi yığıncağına təqdim olunacaq.Nizamnamə qaydalarına əsasən AMEA-nın Nizamnaməsi Ümumi yığıncağın vəsatəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.xeber100.com

Sentyabr 22, 2022 13:18

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbiri keçirilib

Sentyabrın 9-da Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbiri keçirilib.Tədbirdə əvvəlcə İnsan Resursları Mərkəzinin son 5 ildə həyata keçirdiyi layihələr üzrə hesabat təqdim edilib. Hesabatda Mərkəzin təşkil etdiyi müsabiqələr üzrə yeniliklər, ümumi statistikalar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Mərkəzinin keçirilən müsabiqələrdəki əhəmiyyətli rolu haqqında fikirlərini paylaşıb. Həmçinin nazir müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində ciddi işlər görüldüyünü bildirib. Emin Əmrullayev 60 000-dən çox şəxsin müsabiqədə iştirakının prosesin şəffaf və obyektiv keçirildiyinin nəticəsi olduğunu qeyd edib.Elm və təhsil naziri son 10 ildə müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə fəaliyyətə başlayan təhsilverənlərin sertifikatlaşdırma prosesində 100 faizlik nəticə göstərərək test imtahanı mərhələsindən keçdiklərini bildirib. O, sertifikatlaşdırmanın nəticəsindən asılı olaraq təhsilverənlərin təkmilləşdirilməsi istiqamətində işlərin görülməsinin planlaşdırıldığını da diqqətə çatdırıb.Emin Əmrullayev bu il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərə sertifikatlarını təqdim edib. Nazir müəllimlərə əldə etdikləri nəticəyə görə təşəkkürünü bildirib.Görüşün sonunda səmərəli fəaliyyətlərinə görə İnsan Resursları Mərkəzinin əməkdaşları, müsabiqələrin təşkilinə dəstək olan “Məktəblinin dostu” layihəsinin və “Bir” Tələbə Könüllü İctimai Birliyinin nümayəndələri təltif olunub.Tədbirdə sertifikatlaşdırma prosesində və müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən, ucqar kənd məktəblərində çalışan, müsabiqələr üzrə uğur qazanan şəhid ailəsi üzvləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.xeber100.com

Sentyabr 9, 2022 15:28

Dövlət İmtahan Mərkəzi müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 7-də uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, imtahanda namizədə 70 test tapşırığı təqdim olunur. Qırx tapşırıq seçilən müvafiq sahə üzrə ixtisas biliklərini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq məntiqi təfəkkürü, 10 tapşırıq isə ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.İmtahan bütün binalarda saat 11:00-da başlanır və 2 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər: -şəxsiyyəti təsdiq edən sənədin əsli; -imtahana buraxılış vərəqəsi. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1992 namizəd (musiqi-1969, təsviri sənət-17, xoreoqrafiya-6) qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 180 nəzarətçi müəllim, 24 buraxılış rejimi əməkdaşı ayrılıb.xeber100.com

Avqust 3, 2022 13:52