Teatrlar sentyabr ayının afişasını təqdim edir

3 Sentyabr 2019 14:33

Xəbər 79 dəfə oxunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ay maraqlı tamaşalarla çıxış edəcək.Azərtac xəbər verir ki, sənət ocağı sentyabrın 21-də yeni mövsümü “Qarabağnamə” ilə açdıqdan sona repertuarda xüsusi yer tutan tamaşaları teatrsevərlərin ixtiyarına verəcək.Belə ki, sentyabrın 22-də “Cəhənnəm sakinləri”, 26-da “12-ci gecə və ya hər nə istəsəniz”, 27-də isə “Bir iki, bizimki” tamaşaları nümayiş olunacaq. Bundan başqa, sentyabrın 28-də “Manqurt”, 29-da isə “Şah Qacar” tamaşaları təqdim olunacaq.Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da digər sənət ocaqları kimi bu ay maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.Sənət ocağı sentyabrın 20-də “O olmasın bu olsun”la mövsümü açacaq. Sentyabrın 21-də “Ər və arvad”, 22-də “Arşın mal alan”, 27-də isə “Silva” (rus dilində) tamaşaları təqdim ediləcək. Bundan başqa, tamaşaçılar sentyabrın 28-də “Qodonun intizarında”, 29-da isə “999-cu gecə”ni izləyə biləcəklər.Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.Teatr mövsümü sentyabrın 19-da “Koroğlu” operası ilə açıq elan edəcək. Bundan başqa, teatrda sentyabrın 21-də “Bohema”, 22-də “Nəsimi”, 25-də isə “O olmasın bu olsun” (Gəncə) nümayiş olunacaq. Həmçinin sentyabrın 28-də “Jizel”, 29-da “Leyli və Məcnun” teatrsevərlərin ixtiyarına veriləcək.Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə mövsümü sentyabrın 14-də “Kişilər və qadınlar”la açacaq.Bundan başqa, sənət ocağı sentyabrın 15-də “Ağ bığlılar”, 21-də “Underground”, 22-də “Kişilər və qadınlar” 28-də “İt gəzdirən xanım”, 29-da isə “Dejavü” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.xeber100.com

Rasim Ocaqovun anadan olmasının 86-cı ildönümü tamam olur

Bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator Rasim Ocaqovun anadan olmasının 86-cı ildönümü tamam olur.Azərtac xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, yaxınları ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub. Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının “qızıl fond”una daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib.Ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun filmləri həmişə yaşayacaq. Mərhum sənətkar deyirdi: “Kino işi ağır sənətdir. Əvvəl istəyirsən elə film çəkəsən ki, valideynlərinin qarşısında utanmayasan. Vaxt gəlir elə film çəkmək istəyirsən ki, övladlarının yanında utanmayasan”. İllər ötür, yeni-yeni ekran əsərləri yaradılır, ancaq onun çəkdiyi filmlər hər zaman sevilə-sevilə baxılır.xeber100.com

Noyabr 22, 2019 13:31

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı həftəsi” keçiriləcək

Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cəfər Cabbarlı həftəsi" keçiriləcək.Nazirlikdən Azərtac-a bildirilib ki, Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanmış və həmin tamaşaların noyabrın 23-dən 30-dək həftə çərçivəsində Bakı şəhərində nümayişi nəzərdə tutulur.Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir.Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır. Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.xeber100.com

Noyabr 19, 2019 15:48

“StopTrik” adlı beynəlxalq animasiya film festivalı keçirilib

Polşanın Lodz şəhərində “StopTrik” adlı beynəlxalq animasiya film festivalı keçirilib. Festivalda bir çox ölkələrin cizgi filmləri nümayiş olunub.Azərbaycanın Polşadakı səfirliyindən Azərtac-a bildirilib ki, sözügedən festivalda ölkəmizi “Animafilm” kinostudiyası təmsil edib.Tədbirdə Azərbaycan cizgi animasiya ilə maraqlanan polyaklar, tələbələr və Polşada yaşayan azərbaycanlılar, o cümlədən səfirliyin əməkdaşları Emil Ağaəhmədov və Sadiq Babayev ailələri ilə birgə iştirak ediblər.Azərbaycan cizgi filmlərinin təqdimatından öncə “Animafilm” kinostudiyasının direktoru Rəşid Ağamaliyev çıxış edərək iştirakçılara ölkəmizin cizgi animasiya tarixi barədə məlumat verib.Daha sonra Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşı Sadiq Babayev çıxış edərək “StopTrik” beynəlxalq animasiya film festivalı çərçivəsində təqdim edilən ayrı-ayrı ölkələrə məxsus cizgi filmlərinin izləyicilər tərəfindən maraqla qarşılandığını bildirib, eyni zamanda uğurlu təcrübə mübadiləsi olduğunu qeyd edib.Səfirliyin əməkdaşı “Animafilm” studiyasına səfirlik adından təşəkkürünü bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Azərbaycan cizgi filmləri izləyicilər tərəfindən maraqla qarşılanıb.Tədbirdə eyni zamanda səfirlik tərəfindən hazırlanmış Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid 60-dan çox kitab və müxtəlif çap materialı xüsusi hazırlanmış masada təqdim edilib.

Noyabr 13, 2019 14:44

“9 noyabr – Azərbaycan bayrağı günüdür” adlı kitab sərgisi açılıb

Noyabrın 8-də Milli Kitabxanada “9 noyabr – Azərbaycan bayrağı günüdür” adlı geniş kitab sərgisi açılıb.Kitabxanadan Azərtac-a bildirilib ki, sərgidə dövlət atributları haqqında Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materialları nümayiş olunur.Sərgi bir həftə davam edəcək.Qeyd edək ki, dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilib. Dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabr ayının 17-də Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadəti ilə 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir.xeber100.com

Noyabr 8, 2019 13:44

Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçiriləcək.Azərtac xəbər verir ki, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə reallaşır.Beynəlxalq status daşıyan festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Həm yerli, həm də əcnəbi kinematoqrafçıların qatıldığı kinoforumun proqramı beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, ustad dərslərindən ibarət olacaq. Festivalın baş mükafatı "Qızıl nar" uğrunda 21 ölkədən 48 filmi yarışacaq. Mükafat uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.Festivalın məqsədi yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış etmək, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaratmaqdır.Filmlər 6,7,8,9 noyabr tarixlərində saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.Festivalın bağlanış-mükafatlandırma mərasimi isə noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.xeber100.com

Noyabr 5, 2019 12:58

Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib

Oktyabrın 29-da Nizami Kino Mərkəzində rejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib.Azərtac xəbər verir ki, yubiley mərasimi rejissor Nizami Abbasın “Narahat adam” sənədli filminin nümayişi ilə başlayıb.Sonra Ə.İbrahimovun həyat və fəaliyyətini əks etdirən fotoslayd nümayiş olunub.“Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev tədbirdə çıxış edərək Əjdər İbrahimovun fəaliyyətinin çox zəngin olduğunu bildirib. O deyib: “Görkəmli rejissor müharibə dövrü keçib, bir neçə ölkənin azad olunmasında iştirak edib. Sonradan o, kino sahəsində fəaliyyətə başlayıb. Bir müddət sonra Vyetnama göndərilib. Vyetnam kinematoqrafiyasının məşhur rejissorları məhz onun emalatxanasında çalışıblar. Xalq artisti Vyetnam kinosuna böyük töhfələr verib. Ə.İbrahimovun fəaliyyəti “Mosfilm”lə də bağlı olub. O, bu kinostudiyada sıravi işçi deyil, böyük birliyin rəhbəri kimi çalışıb. İndiki bir sıra məşhur rus rejissorları vaxtilə Əjdər İbrahimovun dəstəyindən yararlanıblar. SSRİ-nin Xalq artisti, həmçinin Rusiya ilə Türkiyə arasında mədəni körpünün qurulmasında iştirak edib”.Rejissorun həyat yoldaşı Marqarita Maleyevna bildirib ki, hamını onların bir yerdə necə yaşadıqları sualı maraqlandırırdı. Qeyd edib ki, o, həyat yoldaşının böyük şəxsiyyət olduğunu bilirdi və hər zaman ona bənzəməyə çalışırdı. Ə.İbrahimov ssenarinin sirlərini həyat yoldaşına öyrədib və onun kinoya gəlməsinə kömək göstərib.Əməkdar mədəniyyət işçisi kinooperator Rafiq Qəmbərov rejissorla birgə çəkdikləri filmdən söhbət açıb. Bildirib ki, o zamanlar gənc bir operatorun Ə.İbrahimov kimi sənətkarla çalışması onun üçün şərəf idi.Rusiyalı rejissor Boris Blank rejissorla birgə qazandığı təcrübəsini bölüşərək deyib ki, Ə.İbrahimov hər zaman insanlarla mehriban davranır, işinə isə çox məsuliyyətlə yanaşırdı.xeber100.com

Oktyabr 30, 2019 13:08

Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş festival keçiriləcək

Oktyabrın 25–dən 28-dək Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək.Bəstəkarlar İttifaqından Azərtac-a bildirilib ki, oktyabrın 25-də festival iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.Festivalın açılışı elə həmin gün Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – M.Mehmandarov) iştirakı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.Festival çərçivəsində Kamera və orqan musiqisi zalında orqan musiqisi və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti, Azərbaycan Bəstəkarlar İttifaqında “Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kamera konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının tamaşası, R.Behbudov adına Dövlət Mahnı Teatrında Zabitlər Evinin “Sərhədçi” İnstrumental Ansamblının konserti və Azərbaycan Bəstəkarlar İttifaqında kamera-instrumental və vokal musiqisindən ibarət konsert təqdim ediləcək.xeber100.com  

Oktyabr 24, 2019 14:59