“Titanik” filmi yenilənmiş formada dünya üzrə kütləvi nümayişə buraxılacaq

23 İyun 2022 15:24

Xəbər 134 dəfə oxunub

Dünyaşöhrətli rejissor Ceyms Kameronun əfsanəvi “Titanik” filmi ekran əsərinin 25 illiyi münasibətilə yenilənmiş formada dünya üzrə kütləvi nümayişə buraxılacaq.Bu barədə filmin prodüseri və “Lightstorm Entertainment”in icraçı direktoru Con Landau Barselonada “CineEurope” çərçivəsində keçirilən təqdimatda məlumat verib.Onun sözlərinə görə, izləyicilər “Titanik”in yenilənmiş versiyasını 3D 4K HDR formatında 2023-cü il fevralın əvvəlində görə biləcəklər. Çox güman ki, filmin kütləvi nümayişi sevgililər gününə təsadüf edəcək.Qeyd edək ki, “Titanik”in ilk 3D versiyası 2012-ci ildə təqdim edilib. Filmin ümumi kassa gəliri 2,2 milyard dollardır. Birinci yeri isə C.Kameronun digər filmi olan “Avatar” tutur.Xatırladaq ki, “20th Century Fox” kinoşirkətinin ərsəyə gətirdiyi “Titanik” filmində iki gənc sevgilidən – müflis olmuş zadəgan ailəsinin üzvü Rouz və evsiz amerikalı rəssam Cekin faciəvi sevgi hekayəsindən bəhs edilir. O dövrün standartlarına görə, 200 milyon dollarlıq nəhəng büdcəsi ilə bu film ən ön sıralardakı yerini “Avatar” filmi çıxana qədər uzun illər saxlaya bilib. Əfsanəvi “Titanik” filmi həmçinin Amerika Kino Akademiyasının 11 mükafatına layiq görülüb.xeber100.com

Xalq artisti Yusif Muxtarovun dünyaya göz açdığı gündür

Bu gün Azərbaycan radiosunun görkəmli diktoru, Xalq artisti Yusif Muxtarovun dünyaya göz açdığı gündür, yaşasaydı 81 yaşını qeyd edəcəkdi. Yusif Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində təhsil alıb. Ustad rejissor Adil İsgəndərovdan dərs alan, onun kursunda yaradıcılıq məktəbi keçən Y.Muxtarov tələbəlik illərindən başlayaraq Tədris Teatrının səhnəsində fəaliyyət göstərməyə başlayıb, eyni zamanda bir çox televiziya tamaşalarında da – S.Vurğunun “Vaqif”, S.Rəhmanın “Xoşbəxtlər”, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İ. Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx”, M. Bayciyevin “Duel” və s.  uğurlu çıxışları olub. Radio diktorluğuna olan meyli, sevgisi onun radioda 30 il aparıcı diktor kimi fəaliyyət göstərməsinə şərait yaratdı. Və 30 il ərzində onun səsində lentə alınan 300-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daхil olub. Y.Muxtarov həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. O, xüsusuilə qeyd edirdi ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya  qanunlarına ciddi riayət olunmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları  təqdimatda əsas götürülməlidir. Yeri gəlmişkən, Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Onun fəaliyyəti Tədris Teatrından başlayaraq, radioda davam etdi, ancaq sadəcə bununla məhdudlaşmadı. Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə – rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayıb. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olam Y.Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. 1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyası və dəstəyilə Azərbaycanın görkəmli teatr və kino xadimləri Amaliya Pənahova və Yusix Muxtarov tərəfindən Bakı Bələdiyyə Teatrı yaradıldı. Hər iki sənətkarın Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsində əvəzsiz xidmətlər göstərib. Bərabər bir çox layihələrə imza atdılar, teatrın inkişafında böyük rol oynadılar. Görkəmli sənətkar Yusif Muxtarovu ad günündə böyük hörmət və ehtiramla yad edirik!        

İyul 21, 2022 22:19

“Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.Muzeydən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Xarrat Qulu Məhəmməd oğluna həsr olunub. Xarrat Qulu Məhəmməd oğlu 1823-cü ildə Şuşa şəhərində anadan olub. O, bacarıqlı xarrat, həm gözəl səsli muğam ustası, həm də istedadlı şair idi. Sənətkar hər üç sahədə uğurlar qazanmışdı. Yusifi təxəllüsü ilə əsasən həm dini mövzuda, həm də lirik aşiqanə şeirlər, həcvlər, mərsiyələr, qəzəllər yazardı. Onun müasirləri ilə şeirləşməsi də məlumdur. XIX əsrin sonunda Şuşa musiqi mərkəzinə çevrilmişdi. Burada 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. Məşhur musiqişünas Xarrat Qulu Şuşada musiqi məktəbinin yaradıcısı olub. O, məclisə gözəl səsi olan gəncləri cəlb edərək məhərrəmlik təziyəsini keçirmək üçün onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi. O zaman dini ənənələrdən başlıcası məhərrəmlik təziyəsi idi. Azərbaycanın hər yerində olduğu kimi, Şuşada da din xadimlərinin təhriki ilə dini mərasimlərə ciddi hazırlıq görülürdü. Xarrat Qulunun öz şagirdlərini dini mərasimlərdə çıxış etməyə sövq etdirməsinə baxmayaraq, onlara şərq musiqisinin əsaslarını - muğamları, Azərbaycan xalq nəğmələrini də öyrədərdi. Onun məktəbində xanəndələrin oxumaq tərzləri belə bir ümumi qayda və ənənəyə əsaslanırdı: Xanəndə dizi üstə oturub oxuyardı. Onlar çox gözəl qaval vurar, oxuyarkən tərpənməz, bəzən isə gözlərini də yumardılar. Xarrat Qulunun musiqi məktəbi dinə xidmət məqsədi güdsə də, Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında mühüm rol oynamış, bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Şuşanın ən görkəmli xanəndələri Hacı Hüsü, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi (Bülbülcan), məşhur tarzən Sadıqcan həmin məktəbin yetişdirmələridirlər. Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur.xeber100.com

İyul 20, 2022 16:08

“İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

2010-cu ildən etibarən qədim diyarımız olan Şəkidə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu il sənətsevərlər on birinci dəfə festivalın şahidi olacaqlar.Azərbaycan Bəstəkarlar İttifaqından bildirilib ki, Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalı iyul ayının 7-9-u tarixlərində Şəkidə keçiriləcək. Festivalın bədii rəhbəri, Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə festivalın əhəmiyyətindən və bu illər ərzində festivalda iştirak edən görkəmli musiqiçilərdən və musiqi kollektivləri barədə məlumat verib.O, festival çərçivəsində konsertlərin yüksək səviyyədə keçiriləcəyini qeyd edib. Bildirib ki, əsas məqsəd bu festivalı pandemiyadan sonra yenidən bərpa etməkdir. Firəngiz Əlizadə Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalının zəngin proqramı haqqında ətraflı məlumat verib. O deyib ki, konsertlərdə səslənən əsərlərin əksəriyyəti bizim zəfərimizə həsr olunub. Bu da təbiidir, çünki bu il həm də “Şuşa İli” ilə əlaqədar olaraq ifaçılar da zəfər müjdəli əsərlərə öz repertuarlarında geniş yer verəcəklər.Xalq artisti söyləyib ki, Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalı iyulun 7-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin çıxışı ilə başlayacaq. Həmin gün 19.00-da “Dərviş” qrupunun, saat 21.00-da isə Marxal Yay Teatrında festivalın təntənəli açılış mərasimində F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı olacaq. İyulun 8-də saat 13.00-da Şəkinin Heydər Əliyev Mərkəzində “Simurq” muğam ansamblının iştirakı ilə konsert, saat 20.30-da isə Yuxarı Karvansarada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri tərəfindən “Sevil” operası təqdim olunacaq. Bu əsərin festivala daxil edilməsi görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə əlaqədardır.İyulun 9-da sənətsevərlər saat 12.00-da Marxal Yay Teatrında Şəkinin “Zirvə” folklor ansamblının çıxışını izləyəcəklər. Saat 20.30-da isə festivalın təntənəli bağlanış mərasimində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı olacaq.xeber100.com

İyul 5, 2022 13:28

Azərbaycan Milli Xalça Muzeyində sərgi açılacaq

İyunun 29-da Azərbaycan Milli Xalça Muzeyində “Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi açılacaq.Xalça Muzeyindən bildirilib ki, həyatının 30 ildən çoxunu qurama sənətinə həsr edən Xalidə Nəsirovanın fərdi retrospektiv sərgisində 40-a yaxın qurama nümunəsi təqdim olunacaq. Burada sənətkarın müəllifi olduğu əsərlərlə yanaşı, ona hədiyyə edilmiş XX əsrin əvvəllərinə aid quramalar da nümayiş etdiriləcək.Bu bədii ənənəni müasir dövrdə yaşadan, ona özünəməxsus dəst-xətti ilə həyat verən azsaylı sənətkarlardan olan Xalidə xanımın quramalarının əksəriyyətini müxtəlif örtüklər, yastıq üzləri, dekorativ süfrələr, mozaik pannolar təşkil edir. O, həm də qurama araqçınlar, jiletlər və suvenir mütəkkələrin müəllifidir. İlk dövrlərdə yaratdığı quramalarında əsasən ipək parçalardan istifadə edən sənətkar sonralar müxtəlif növ parçalarla yaradıcılıq imkanlarını daha da genişləndirib. Əsasən mücərrəd üslubda işləyən Xalidə xanımın mürəkkəb və zəngin naxışlı kompozisiyalarının əsas mövzusu tarix, incəsənət, din və məhəbbətdir. Əsərlərini eskizsiz hazırlayan müəllifin yaradıcılığında buta və göz elementləri, kvadrat, üçbucaq formaları, kvadrat içərisində müxtəlif həndəsi naxışlar, memarlıq təsvirləri və digər ornament və təsvirlər üstünlük təşkil edir.“Avroviziya 2012”, 100-dən çox qalstukdan hazırlanmış “İçərişəhərin sirləri”, insanları qədim abidələri qorumağa səsləyən “İmdad” adlı işləri və digər çoxsaylı quramalarında müəllifin özünəməxsus bədii axtarışları əksini tapıb. İxtisasca kimyaçı olan Xalidə Nəsirovanın yaratdığı ilk qurama isə 20 Yanvar faciəsinə həsr edilib və onun “Mənim dostlarım” adlı bu əsərində 3330 ədəd parça hissəsindən istifadə olunub.Sərgi çərçivəsində mühazirələr, qurama üzrə ustad dərsi, tematik ekskursiyalar keçiriləcək.Sərgi sentyabrın 10-dək davam edəcək.xeber100.com

İyun 24, 2022 14:06

Amaliya Pənahovanın xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi

İyunun 16-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, sənətşünaslıq doktoru, professor, “Şərəf” və “Şöhrət ordenli Amaliya xanım Pənahovanın xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi. Görkəmli teatr və kino xadimi, Xalq artisti Rafiq Əzimovun, rejissor, Əməkdar artist Elxan Qasımovun, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Həmidə Ömərovanın, yazıçı-dramaturq Firuz Mustafanın, rejissor, Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovun, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı, rəssam, əməkdar artist Suqra Bağırzadənin, telejurnalist Vidadi Hüseynovun, əməkdar artistlər - Füzuli Hüseynovun, Sənubər İsgəndərli və digərlərinin iştirak etdiyi tədbirdə görkəmli sənətkarın kinoda yaratdığı obrazlardan ibarət fotosərgisi nümayiş olundu. Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından danışıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb: “Fonda görkəmli sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, qəzet və jurnalları daxil olub. Xalq artistinin şəxsi arxiv fondunun yaradılması sənətkarın doğum gününə ithaf olunub. Şəxsi arxiv fonduna daxil olan sənədlər sənətkarın qızı Aynur Muxtarova tərəfindən təhvil verilib”. Elxan Qasımov görkəmli aktrisanı 1962-ci ildən tanıdığını söyləyib: “Amaliya Pənahova haqqında yazılan monoqrafiyalar onu tam əks etdirmir. Amaliyanı yaxından tanımaq, gözündəki qığılcımı görmək üçün onunla təkbətək söhbət etmək lazım idi. Amaliya Pənahovanı daha yaxşı Bələdiyyə Teatrın aktyorları tanıyır. Bu teatrı yaradan Amaliya Pənahova yaradıcı heyətə nəvazişlə yanaşır aktyorlara sənətin sirlərini öyrədirdi. Bu teatr Amaliya Pənahovanın canlı arxividir. Onun həyatı bundan sonra başlayır”. Rafiq Əzimov Amaliya Pənahovanı teatr aləmində 50 il şöhrəti saxlayan yeganə aktrisa adlandırıb: “Amaliya Pənahova ölkənin aparıcı teatrında roldan-rola başqalaşdı və tamaşaçıların qəlbini ovsunladı. Onun yaratdığı teatr bir tarix oldu. İlk dəfə Amaliya Pənahovanın vaxtında yaşlı nəslin nümayəndələri ilə gənc aktyorlar bir səhnəni bölüşdülər. Bu teatr tarixində bir çevriliş idi”. Görkəmli sənətkarla uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bərabər çalışmış, quruluş verdiyi tamaşalarda Amaliya Pənahovaya əsas rolları həvalə etmiş Xalq artisti Mərahim Fərzəlibəyov qeyd edib ki, “Sən həmişə mənimləsən” filmində Amaliya Pənahovanı ilk dəfə ekranda görəndə onunla işləmək arzusuna düşdüm: “Tale elə gətirdi ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdiridiyim tamaşalarda onunla bərabər çalışdıq və uzun illər teatrın ən önəmli səhnə əsərlərində Amaliya xanım tamaşalarımdakı qadın obrazlarının təkrarsız ifaçısı oldu. Son illərdə isə Bakı Bələdiyyə Teatrında görkəmli sənətkarla çalışdım. Teatrın kolklektivilə bir çox tamaşalar hazırladıq. Son hazırladığım “Xan qızı” tamaşası onun xatirəsinə həsr olundu. İnanıram ki, Bakı Bələdiyyə Teatrı hər zaman Amaliya Pənahovanın yolunu layiqli şəkildə davam etdirəcək". Tədbirin sonununda Amaliya Pənahovanın nəvəsi Aydın Muxtarov ailəsi adından çıxış edərək hamıya öz təşəkkürünü bildirdi: “Bir neçə gün bundan əvvəl Film Fondun direktoru Cəmil Quliyev tərəfindən Amaliya Pənahovanın şəxsi arxiv fondu yaradıldı. Bu gün Amaliya xanımı yad etmək üçün bu gözəl tədbirə yığışmışıq. Amaliya xanımın ailəsi adından hər birinizə, xüsusilə Cəmil müəllim Quliyevə bu tədbiri təşkil etdiyinə görə təşəkkürümüzü bildiririk”. Daha sonra Amaliya Pənahova haqqında onun geniş müsahibəsini əks etdirən veriliş təqdim olunub.xeber100.com

İyun 17, 2022 18:48

Milli Qurtuluş Günü münasibətilə “Xan qızı” tamaşasının premyerası oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi bir çox silsilə tədbirlərin həyata keçirilməsinə yol açdı. Prezidentin digər Sərəncamına əsasən bu il Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ilinin  tamam olması münasibətilə Mədəniyyət Nazirliyi şairənin yubileyinə həsr edilmiş tədbirlər planı hazırlayıb həyata keçirməkdədir. Bakı Bələdiyyə Teatrının hazırladığı “Xan qızı” tamaşası da həmin tədbirlər planının bir hissəsidir. İyunun 14-də Bakı Bələdiyyə Teatrı “Xan qızı” tamaşasının premyerasını keçirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşa Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə hazırlanmış, Azərbaycan xalqının Milli Qurtuluş Gününə, eyni zamanda yazıçı dramaturq İlyas Əfəndiyevin və  teatr və kino aktrisa, Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunub. İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. Sonuncu Qarabağ xanının qızı, təmiz və incə duyğulara malik bir şairənin əsərlərindəki kədər sosial səciyyə daşıyır ki, bu da yazıçını daha çox cəlb etmişdir. Bu baxımdan da, Natəvanı həm ictimai xadim kimi, həm də elinə-obasına bağlı şairə kimi təqdim etmişdir. Xatırladaq ki, pyes əsasında rejissor Mərahim Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyni adlı tamaşada Natəvan obrazını görkəmli teatr bə kino aktrisası Amaliya Pənahova yaratmışdır. Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır. Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb. Onun 1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns, şəxsi həyatı yer alıb. Eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib. Yeni quruluşda olan tamaşada iştirak edirlər: Xurşibanu Natəvan - Ülviyyə Rza (Humay mükafatı laureatı) Xasay bəy - Tural Əhməd (Humay mükafatı laureatı) Canişin - İsmayıl Atakişiyev Mirzə Ruhulla – Rafiq İbrahimov (Əməkdar artist) Mirzə Rəhim – Toğrul Rza (Humay mükafatı laureatı) Həsən bəy – Əhməd Salahov Mirzə Məmmədqulu – Mehman Abdullayev Fəhim xanım – Zülfiyyə Qurbanova (Humay mükafatı laureatı) Süsən – Təzəgül Məmmədova Qönçə - Zülfiyyə Məmmədova (Humay mükafatı laureatı) Bəyim – Aynur Abbasova Pakizə Bəyim – Günel Həmidova Gülgün – Əzizə Həşimova Yaradıcı heyət: Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi) Plastik səhnələrin quruluşu – Bəhruz Vaqifoğlu (Əməkdar artist) Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət işçisi) İşıq rəssamı – Tərlan Ələsgərli Kostyum sexini müdiri – Leyla Əkbərova Əruz üzrə məsləhətçi – Firudin Qurbansoy Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə unudulmaz sənətkarlar, görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir. Teatr yarandığı gündən bu günə kimi saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, cəbhə bölgələrində, eyni zamanda xaricdə uğurla təbliğ edir.                  

İyun 14, 2022 21:46

Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı çəkilmiş sənədli filmin təqdimatı olub

Azərbaycan Bəstəkarlar İttifaqının konsert zalında UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, İttifaqın sədri, professor Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı çəkilmiş sənədli filmin təqdimatı olub.Sənədli filmdə bəstəkarın əsərlərinin məşhur, tanınmış orkestrlər, ifaçılar tərəfindən ifası, elm və incəsənət xadimlərinin Firəngiz xanım haqqında ürək sözləri öz əksini tapıb.Tədbirdə Firəngiz Əlizadə film haqda qısa da olsa fikirlərini bölüşüb.Bildirilib ki, filmdə istifadə olunmuş materiallar müxtəlif illərin yaradıcılıq məhsuludur. Tanınmış musiqi xadimləri - Habil Əliyevin, Arvo Pyatın, Mstislav Rostropoviçin, Qalina Mikeladzenin, İrina Şostakoviçin və bir çox elm xadimlərinin Firəngiz xanım haqda çıxışları filmə daxil edilib.Bəstəkarın film boyunca “Habilsayağı”, “Gitara üçün fantaziya”, “Muğamsayağı”, “Nağıllar”, “Dəniz”, “İthaf”, “Nasimi Passion”, “İntizar” əsərlərindən fraqmentlər təqdim olunub. Bu əsərlər Almaniya, İsveçrə, Paris, Portuqaliya, Argentina, Rusiya və digər ölkələrin konsert zallarında böyük təntənə ilə səslənib.Filmdə 2007-ci ildə bəstəkara UNESCO-nun “Sülh” artisti, 2019-cu ildə isə “Ağa Xan” mükafatlarının verilməsi anları da yer alıb.Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.xeber100.com

May 23, 2022 15:41

Şuşada beynəlxalq konfrans davam edir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans plenar sessiyalarla davam edib.Konfransın birinci plenar sessiyası “Postmünaqişə dövründə dialoq və əməkdaşlığın qurulmasında mədəniyyətin rolu” mövzusuna həsr olunub.Plenar sessiyada TÜRKSOY-un Baş katibi Sultanbai Raev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Beynəlxalq Tərəqqi Təşkilatının prezidenti Hans Köler, Hikmət Fondunun icraçı direktoru Zinət Şökətəli, Qahirə Universitetinin professoru Mohsen Abulnaga, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayer çıxış ediblər.Bildiriblər ki, Şuşa şəhəri nəinki Azərbaycan, bütün Türk dünyası üçün çox vacib məkandır. Qeyd edilib ki, Şuşa işğal dönəmində bir çox sahədə, o cümlədən mədəni sahədə dağıntılara məruz qalıb. Bütün bunlara baxmayaraq mədəniyyətin bərpası digər sahələrlə nisbətdə daha həssas sahədir. Bu sahənin aktivləşməsi üçün insanlar öz doğma yurd yuvalarına qayıtmalıdırlar. Bunun üçün isə ilk növbədə minaların təmizlənməsi prosesi başa çatmalıdır.Qeyd edilib ki, mədəniyyət kollektiv və fərdi yanaşmanı, kimliyi təsdiq edir.Panelin sonunda iştirakçıların sualları cavablandırılıb.xeber100.com

May 19, 2022 15:16

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.Bu dəfə də Qarabağın incisi olan Şuşa özünə qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar muğamı ilə birgə müxtəlif xalqların musiqisinə, mədəniyyətinə və onun görüşünə gələn qonaqlara qucaq açıb.Festivalın ikinci günündə səhnədə ilk olaraq Bolqarıstandan olan “Trigaida” qrupu yer alıb.Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən qrup dinləyicilərinə özünün məşhur musiqilərini təqdim edib.Qeyd edək ki, qrupun rəhbəri rəssam, musiqiçi, prodüser və bəstəkar İvan Şopovdur. O, 250-dən çox musiqi layihələrində iştirak edib, həm solo, həm də qrup albomları buraxıb. Bu, onu Avropa elektron andeqraundun aparıcı simalarından biri kimi təsdiq edib. Onun müxtəlif layihələri nağara və bas, IDM, caz, ambient, texno, rok və klassik musiqi kimi janrları əhatə edir. İvan Şopovu öz sahəsindəki digər sənətçilərdən həqiqətən də fərqləndirən cəhət onun ənənəvi bolqar folklorunu elektron musiqi və cazla qarışdırmasıdır.O, ABŞ, Cənubi Amerika, Rusiya, Asiya, Avstraliya və Yeni Zelandiyada turlarda çıxış edib.“Trigaida” Şərqi Avropada Bolqarıstanın kiçik və rəngarəng elektron musiqi istiqamətindən qaynaqlanan müasir musiqi layihəsidir. Sözügedən folktronika triosuna multi-alət ifaçısı Georgi Marinov, folklor müğənnisi Asya Pinçeva və İvan Şopov daxildir. Georgi Marinov və Asya Pinçeva Bolqar musiqisini dünyaya tanıdan, müasir klub musiqi üslubunu folk musiqisinə sintez edən “ORATNITZA” musiqi qrupunun üzvləri olmuşdurlar. Həmçinin trio dünya musiqi istiqamətinda geniş bir musiqi platforması nümayiş etdirir.Xatırladaq ki, mayın 14-dək Şuşada keçiriləcək V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin, Azərbaycanın müxtəlif regionlarından olan folklor qrupları doğma Şuşanı öz musiqi töhfələri ilə salamlayacaqlar.xeber100.com

May 13, 2022 15:10

Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər.Ləziz təamlar bayramına çevriləcək Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək.Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər.Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılacaq. Festival günlərində 11 milli, 11 xarici və Milli Kulinariya Mərkəzinin pavilyonları qurulacaq və qonaqlar Azərbaycanın bölgələrinin, eləcə də dünya mətbəxinin nümunələrinin dadına baxa biləcəklər. Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərəcək.Tədbirdə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə blogerlər də təmsil olunacaqlar.Festival çərçivəsində mayın 3-dən 9-dək Şuşada 30-dan çox Azərbaycan rəssam və heykəltəraşının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçiriləcək. Təbiət qoynunda yaradılacaq əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini canlandıracaq.xeber100.com  

Aprel 30, 2022 15:29