Tunisdə keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda

14 Oktyabr 2019 09:43

Xəbər 174 dəfə oxunub

Tunisdə keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Kais Səid inamlı qələbə qazanıb. Azərtac Əl Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, “exit-poll”ların ilkin nəticələrinə görə, Səid 72 faizdən çox səs toplayıb.Prezident seçkilərində digər namizəd – Nabil Karui isə seçicilərin cəmi 27,47 faizinin səsini toplayıb. O, seçkilərdən əvvəl korrupsiya ittihamı ilə saxlanıldığı həbsxanadan azad edilib. İctimai rəyin öyrənilməsi üzrə “Emrhod Consulting” mərkəzinin məlumatına görə, hüquq professoru olan Səidin seçkilərdə inamlı qələbə qazanması artıq şübhə doğurmur. Qeyd olunub ki, əhalinin seçkilərdə fəallığı da yüksək səviyyədə olub: ölkə üzrə 4500 seçki məntəqəsində 7,2 milyon seçici səs verib. Bu, 2010-2011-ci illər “ərəb baharı” adlanan proseslərdən sonra keçirilən ən fəal seçki hesab olunur.Seçkilərin yekun nəticələri Ali Müstəqil Seçki Komissiyası tərəfindən oktyabrın 15-də elan ediləcək.Qeyd olunur ki, 61 yaşlı hüquq professoru Kais Səidin zəngin siyasi təcrübəsi var. O, ölkədə korrupsiya əleyhinə mübarizə sahəsində liderlərdən biridir.

Koronavirus pandemiyasının ikinci dalğası başlaya bilər

Yaponiyada koronovirus pandemiyasına görə məhdudiyyətlər yumşaldılır və həyat əvvəlki normalara qayıdır. Lakin Yaponiyanın cənub-qərbində yerləşən Kitakyuşu şəhərinin meri COVID-19 koronavirusuna yoluxma hallarının artdığını bildirib.Azərtac xəbər verir ki, mer Kitahaşi Kenci mayın 28-də vəziyyətin ağırlaşdığını bəyan edib. K.Kenci bildirib ki, əgər vəziyyət belə davam edərsə, Kitakyuşu şəhərini ikinci yoluxma dalğası bürüyə bilər.Qeyd edək ki, Kitakyuşuda əvvəlki üç həftə ərzində heç bir yoluxma halı qeydə alınmayıb. Lakin son altı gündə 43 yoluxma halı təsdiq olunub. Bir çox hallarda yoluxmanın ilkin mənbəyini aşkar etmək mümkün olmayıb. Buna görə də şəhərdəki turizm yerləri və digər obyektlər yenidən bağlanıb.Eyni zamanda, mayın 28-də Tokiodakı xəstəxanalardan birində kütləvi yoluxma baş verib. Buradakı doqquz əməkdaş və xəstələr koronovirus testinə müsbət reaksiya veriblər. Bu, paytaxtda fövqəladə vəziyyət rejimi ləğv edildikdən sonra kütləvi yoluxmanın qeydə alındığı ilk haldır.Məsələyə münasibət bildirən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib ki, infeksiyanın yayılmasının qarşısı, əsasən alınır. Lakin fövqəladə vəziyyət ləğv edildikdən sonra yoluxma riskinin tam aradan qalxdığını söyləmək çətindir.Xatırladaq ki, mayın 25-də Yaponiya hökuməti Tokio da daxil olmaqla son beş prefekturada fövqəladə vəziyyət rejimini ləğv edib.Son məlumatlara görə, Yaponiyada 16 min 700 nəfər həmin virusa yoluxub və onlardan 880 nəfəri həyatını itirib.xeber100.com  

May 29, 2020 23:29

“Mainichi Shimbun” qəzetinin apardığı sorğunun nəticələrinə görə…

Baş Nazir Şinzo Abenin rəhbərlik etdiyi Yaponiya hökumətinin reytinqi 27 faizə düşüb.Azərtac xəbər verir ki, bu barədə mayın 23-də “Mainichi Shimbun” qəzeti apardığı sorğunun nəticələrinə görə məlumat yayıb.Qeyd edilir ki, buna qədər mayın 6-da keçirilən sorğu zamanı hökumətin reytinqi 40 faiz təşkil edib.Son sorğunun nəticələrinə görə hökumətə inamsızlıq 45 faizdən 64 faizə qalxıb. Bunun əsas səbəbi kimi son günlər Tokionun baş prokuroru Hiroma Kurokava ətrafında qalxan qalmaqal göstərilir. Baş Nazir Ş.Abe ilə sıx münasibətlərə malik olduğu deyilən H.Kurokava milli prokurorluq sistemində ikinci şəxs, ölkənin baş prokuroru vəzifəsinə əsas namizəd hesab edilirdi.H.Kurokava ölkədə fövqəladə vəziyyət rejiminin hökm sürdüyü və hökumətin insanlar arasında təması 70-80 faiz azaltmağa çalışdığı bir vaxtda tanış jurnalistin evinə gedərək onunla qumar oynamaqda ittiham olunur. Həmin vaxt orada digər jurnalistlərin də olduğu və onların da pul ilə maconq oyununa qatıldığı bildirilir.Məsələ burasındadır ki, Yaponiyada qumar oyunu qanunla qadağandır. Bununla yanaşı, belə görüşlərin son üç ildə ayda iki-üç dəfə təşkil edildiyi də məlum olub. Bu oyun zamanı bir məzənnənin 20 min yen (təqribən 185 dollar) təşkil etdiyi də bildirilir.Bu qalmaqalı qızışdıran daha bir məqam isə hadisənin parlamentdə prokurorluq haqqında qanuna düzəlişlərin müzakirə edilməsi ilə eyni vaxta düşməsidir. Müxalifətin bu məsələdə qabartdığı bənddə yaş həddinin artırılması göstərilir. Həmin partiyalar bildirirlər ki, qanuna düzəlişdə məqsəd hökumətə yaxın olan H.Kurokavanın ölkənin baş prokuroru vəzifəsinə yerləşdirilməsi olub.xeber100.com

May 24, 2020 22:04

COVID-19 əleyhinə peyvəndin istehsal olunacağı vaxt açıqlanıb

Böyük Britaniyanın “AstraZeneca” əczaçılıq kompaniyası testlərin nəticələri müsbət olacağı təqdirdə Oksford Universiteti ilə birgə hazırladığı COVID-19 infeksiyası əleyhinə vaksinin kütləvi istehsalına sentyabr ayında başlamağı planlaşdırır.Azərtac Britaniya KİV-lərinə istinadla xəbər verir ki, kompaniya azı 400 milyon vaksinin çatdırılması üzrə ilk müqaviləni imzalayıb, həmçinin milyard doza hazırlamaq üçün şərait yaradıb. “AstraZeneca” 2020-ci ilin sentyabrında ilk çatdırılmaları həyata keçirmək niyyətindədir.“Koronavirusa qarşı vaksinin hazırlanması və istehsalı prosesinin sürətləndirilməsi üçün göstərdiyi dəstəyə görə ABŞ və Böyük Britaniya hökumətlərinə minnətdarıq. Vaksini tezliklə hazırlamaq və onu əlçatan etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə kompaniyanın rəhbəri Paskal Sorio bildirib.ABŞ hökuməti koronavirus əleyhinə peyvənd hazırlanması üçün “AstraZeneca” kompaniyasına bir milyard dollardan çox vəsait köçürüb.Qeyd edək ki, İngiltərədə keçirilən klinik sınaqların ilk mərhələsinin nəticələri iyunda bəlli olacaq. Uğurlu alınacağı təqdirdə sınaqlar digər ölkələrdə də davam edəcək. Plana görə sentyabr ayında 30 milyon britaniyalı, yəni birləşmiş Krallıq əhalisinin təxminən yarısı vaksin əldə edə biləcək.xeber100.com

May 23, 2020 20:54