UEFA Avropa Liqası ikinci təsnifat mərhələsində

2 Avqust 2019 13:08

Xəbər 118 dəfə oxunub

Avqustun 1-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının “Neftçi” klubu Rusiyanın “Arsenal” (Tula) komandasını məğlub edib.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüşdə Azərbaycan təmsilçisinin heyətində ilk onbirlikdə Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Emin Mahmudov, Dario Frederiko, Rauf Əliyev, Kirilo Petrov, Ömər Buludov, Stiven Jozef-Monroz, Mamadu Kane və Soni Mustivar yer alıblar.Rusiya komandasının heyətində isə Mixail Levaşov, Maksim Belyayev, Giya Qriqalava, Kirill Kombarov, Sergey Tkaçyov, Qoran Çauşiç, Viktor Alvares, Daniil Lesovoy, İqor Qorbatenko, Yevgeni Lutsenko və Georgi Kostadinov meydana çıxıblar.Maltadan olan hakimlər briqadasının idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb.İkinci hissəyə daha fəal başlayan “Neftçi” matçın 49-cu dəqiqəsində istəyinə nail olub. Rauf Əliyev baxımlı qolla komandasını hesabda önə çıxarıb. Əllə oyuna görə “Arsenal”ın qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini Dario Frederiko dəqiq yerinə yetirib. Üstün oyun nümayiş etdirən “Neftçi” ikinci hissəyə əlavə olunmuş vaxtda növbəti dəfə fərqlənib. Matçda Rauf Əliyevi əvəzləyən Mamadu Mboj üçüncü topu rəqib qapısından keçirib və bu, oyunda vurulan sonuncu qol olub.Beləliklə, görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə, “Neftçi” komandası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə komandamızın rəqibi İsrail təmsilçisi “Bneyi Yehuda Təl-Əviv” olacaq. Bu mərhələnin oyunları avqustun 8-də və 15-də keçiriləcək.Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.xeber100.com

Atletika üzrə 37-ci qış çempionatına start verilib

Yanvarın 24-də Respublika Olimpiya Mərkəzində atletika üzrə 37-ci qış çempionatına start verilib.Azərtac xəbər verir ki, böyüklər arasında keçirilən çempionatda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayırlar.Çempionatın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğısı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını deyib. O, Azərbaycanda idmanın digər növləri kimi, atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə turnirlərin əhəmiyyətini vurğulayıb. Ç.Hüseynzadə cari ildə Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan atletlərinin də iştirak edərək medal qazanacaqlarına ümidvar olduğunu bildirib.Azərbaycan çempionatında atletlərin göstərdikləri nəticələrin gələcəkdə onların beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyən federasiya prezidenti idmançılara uğurlar arzulayıb.Gənclər və İdman Nazirliyinin əməkdaşı Sevda Mirzəyeva Azərbaycan dövlətinin ölkəmizdə idmanın inkişafına diqqət və qayğısından danışıb, çoxsaylı yerli və beynəlxalq turnirlərin təşkil olunduğunu bildirib. O, ölkəmizdə atletikanın kütləviliyinin artırılması baxımından çempionatın önəmini vurğulayıb.Ümumilikdə 130 idmançının qatıldığı çempionat iki gün davam edəcək. Yarışlarda Bakı şəhəri ilə yanaşı, Gəncə, Bərdə və Sumqayıtdan olan atletlər də iştirak edirlər. Çempionatda 11 komanda mübarizə aparır. Qaliblər İstanbulda keçiriləcək qapalı məkanlarda Avropa kubokuna və Balkan ölkələrinin iştirakı ilə təşkil olunacaq beynəlxalq turnirə qatılmaq hüququ qazanacaqlar.xeber100.com

Yanvar 24, 2020 16:57