Ukrayna Prezidenti Minsk sazişi formatının islahatını və ya ləğvini dəstəkləyir

26 Aprel 2021 15:05

Xəbər 85 dəfə oxunub

Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda münaqişənin sülh yolu ilə həll olunması üzrə Minsk sazişi formatının islahatını və ya ləğvini dəstəkləyir.Azərtac xəbər verir ki, bu barədə Vladimir Zelenski “Financial Times” qəzetinə müsahibəsində deyib.“Bizim iki variantımız var: Minsk formatını dəyişə, ya da hər hansı digər formatdan istifadə edə bilərik… Bu prosesin sürəti böyük əhəmiyyət kəsb edir”, – deyə Ukrayna Prezidenti bildirib.Nəşrin məlumatına əsasən, Vladimir Zelenski, həmçinin ABŞ, Böyük Britaniya və Kanadanı diplomatik prosesdə daha aktiv iştirak etməyə çağırıb.Qeyd edək ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ərazilərində atəşkəsi nəzərdə tutan Minsk protokolu 2014-cü il sentyabrın 5-də Ukrayna, Rusiya və ATƏT nümayəndələri tərəfindən imzalanıb. 2015-ci il fevralın 11-12-də Minsk şəhərində keçirilən sammitdə imzalanmış ikinci sazişdə Normand dördlüyü ölkələri – Almaniya, Fransa, Ukrayna və Rusiya liderləri iştirak ediblər. Sonradan Minsk razılaşmaları BMT Təhlükəsizlik Şurasının xüsusi qərarı ilə təsdiqlənib.xeber100.com

Azadlıq Günü ABŞ-da federal bayram elan edilib

ABŞ-da hər il iyunun 19-da qeyd edilən “Juneteenth” və ya belə adlandırılan “Azadlıq Günü” Birləşmiş Ştatlarda köləliyə həqiqətən son qoyulması deməkdir.Azərtac xəbər verir ki, bu həftə ABŞ Senatı həmin günün federal bayram elan edilməsi haqqında qanunu yekdilliklə qəbul edib.1865-ci il aprel ayında ABŞ-da Vətəndaş müharibəsi başa çatandan sonra, iyunun 19-da İttifaq ordusunun generalı Qordon Qreyncer Texas ştatında köləliyin ləğv olunduğunu elan edib. Bu hadisə emansipasiya (asılılıqdan azadlıq) elan olunandan təqribən iki il sonra baş verib. İndiyə qədər bu bayram 47 ştatda və Kolumbiya dairəsində qeyd olunurdu, indi isə milli səviyyədə qeyd ediləcək.Senatda çoxluq təşkil edən demokratların lideri Çak Şumer belə bir qanun qəbul edilməsi təklifini irəli sürüb və senatorlardan heç biri buna etiraz etməyib. Keçən il bu qanun layihəsinin qəbul edilməsinə imkan verməmiş senator Ron Conson iyunun 15-də öz etirazını geri götürüb. Conson bu barədə bəyanatında deyib: “Çox qəribədir, indi vergi ödəyiciləri köləliyə son qoyulmasını bayram etmək üçün federal qulluqçulara ödənişli məzuniyyət verməlidirlər, lakin aydındır ki, Konqres bu məsələnin müzakirəsini davam etdirmək istəmir. Buna görə mən etiraz etməyə hazırlaşmıram”.Qanun layihəsi Senatdan Nümayəndələr Palatasına daxil olacaq. Burada qəbul ediləcəyi halda sənəd Bayden tərəfindən imzalanacaq və iyunun 19-u ABŞ-da 11-ci federal bayram olacaq.xeber100.com

İyun 17, 2021 15:07

Təhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirmək barədə razılıq əldə edilib

Yaponiya və Avstraliya təhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirmək barədə razılığa gəliblər.Azərtac xəbər verir ki, bu barədə razılaşma iyunun 9-da nazirlərin iştirakı ilə “2+2” formatında keçirilən onlayn görüşdə əldə edilib.Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi və müdafiə naziri Nobuo Kişi avstraliyalı həmkarları Mariz Peyn və Piter Dattonla müxtəlif məsələləri müzakirə ediblər.Görüşün əvvəlində T.Moteqi bildirib ki, Hind-Sakit okean regionunda birtərəfli qaydada status-kvonun dəyişdirilməsinə cəhdlər səbəbindən strateji rəqabətin artması beynəlxalq qaydalarda ciddi problemlər yaradır. Buna görə iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrə ciddi ehtiyac var.N.Kişi isə deyib ki, ümumi dəyərlərə və strateji maraqlara malik ölkələrin güclərini birləşdirməsi bu gün aktual xarakter alıb. Hind-Sakit okean regionunda sülhün və sabitliyin qorunması üçün Yaponiya özünümüdafiə qüvvələri və Avstraliya silahlı qüvvələri birlikdə inkişaf etməlidirlər.Görüşdə nazirlər Şərqi Çin və Cənubi Çin dənizlərində baş verən hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.Tokio ilə Kanberra arasında müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək məqsədilə Avstraliya hərbçilərinin 2016-cı ildə Yaponiyada qüvvəyə minmiş qanuna müvafiq olaraq özünümüdafiə qüvvələri tərəfindən müdafiə edilən əcnəbi hərbi tərəfdaşlar siyahısına daxil edilməsi qərara alınıb.xeber100.com

İyun 9, 2021 15:21

İtaliya hökuməti ölkə əhalisinin 80 faizini peyvəndləməyi hədəfləyir

İtaliya hökuməti 12-15 yaş arası uşaqlar da daxil olmaqla ölkədə 54,3 milyon nəfəri sentyabr ayına kimi koronavirus əleyhinə peyvənd olunmasını hədəf alıb.Azərtac xəbər verir ki, bu, ölkə əhalisinin 80 faizi deməkdir. Vaksinasiya kampaniyası üzrə məsul hökumət komissarı Françesko Paolo Fiqliuolo bildirib ki, bu məqsədə nail olmaq üçün resurslar, zaman və vəsaitlərdən düzgün istifadə olunmalıdır.Qeyd edilib ki, aktual pandemiya ssenarilərinə əsasən, ölkə sakinləri üçün peyvəndin üçüncü dozasına da ehtiyac yarana bilər. Bu tələbat bir sıra faktorlardan, xüsusilə də epidemioloji vəziyyətin inkişafından asılı olacaq.Koronavirus pandemiyasının Avropada ən ağır zərbələrdən birini vurduğu İtaliyada hazırda vaksinasiya kampaniyası tam sürətlə irəliləyir və ölkə üzrə tətbiq olunan peyvənd dozalarının gündəlik miqdarı 600 mini ötüb. Eyni zamanda, koronavirusa yoluxma halları da azalır və iyunun 7-də yeni yoluxma hallarının sayı 1273 olub. Bu, 15 sentyabr 2020-ci ildən bəri ən aşağı yoluxma göstəricisidir.İyunun 7-dən etibarən İtaliyanın 20 regionundan yeddisi “ağ zona” elan edilib və pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ən aşağı səviyyəyə endirilib. Digər regionlar isə iyunun 21-dək “sarı zona” olaraq qalacaqlar.xeber100.com

İyun 8, 2021 15:11

Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib

Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb.“Tacikistan tərəfi iyunun 4-də yerli vaxtla saat 03:00-da Oş vilayətinin Çon-Alay rayonunun Unju-Bulak məntəqəsində Qırğızıstan ərazisinin bir kilometr dərinliyinə daxil olaraq konteyner quraşdırıb”, - deyə məlumatda bildirilir.Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, hazırda sərhədin Tacikistan tərəfində hərbçilərin və yüngül zirehli texnikanın cəmlənməsi müşahidə edilir. Qırğızıstan vəziyyətin sərhəd təmsilçiləri səviyyəsində nizamlanması üçün tədbirlər görür, lakin qarşı tərəf telefon zənglərinə cavab vermir.Qurum rəsmilərinin sözlərinə görə, Tacikistanla sərhədyanı rayonlarda yerləşən Qırğızıstan Sərhəd Xidmətinin bölmələri gücləndirilmiş xidmət rejiminə keçib.Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarında yerli əhali arasında başlayan növbəti münaqişə sərhədçilərin silahlı qarşıdurması ilə nəticələnib. Qarşıdurma nəticəsində Qırğızıstanın 36 vətəndaşı həlak olub, 200-ə yaxın insan yaralanıb. Tacikistan isə 19 vətəndaşının öldüyünü 87 nəfərin isə xəsarət aldığını bildirib.xeber100.com  

İyun 4, 2021 12:21

“Namangan Flowers-2021” 60-cı beynəlxalq gül festivalı keçirilir

Özbəkistanın Namanqan şəhərində “Namangan Flowers-2021” 60-cı beynəlxalq gül festivalı keçirilir.Azərtac xəbər verir ki, bu şəhərdə 1961-ci ildən keçirilən gül bayramı hər il şəhər sakinlərini və qonaqları özünə cəlb edir.Yubiley bayramında Niderland, Türkiyə, Rusiya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Cənubi Koreya və digər ölkələrdən gələn professional gülçülər, landşaft dizaynerləri, tanınmış floristlər və gül həvəskarları iştirak ediblər.Gül festivalı güllərlə bəzədilən 150-dən artıq müxtəlif markalı minik maşınının, retro avtomobillərinin, motosikletlərin və kənd təsərrüfatı texnikasının paradı ilə açılıb, maşınlar şəhərin mərkəzi küçələrindən keçib. Maşınların bəzədilməsinə 11 milyon ədəd müxtəlif gül işlədilib. Maşınların paradını şəhər sakinləri və qonaqlar alqışlarla qarşılayıblar.Namanqan vilayətinin hakimi Şavkat Abdurazakov şəhər sakinlərini və qonaqları salamlayıb, güllərin sülh, məhəbbət və inkişaf rəmzi olduğunu bildirib. Deyilib ki, 60-cı dəfə keçirilən gül bayramının əsas məqsədi insanlara sevinc və fərəh bəxş etmək, gülçülüyün inkişafına dəstək olmaq, yeni innovasiya texnologiyalarından istifadə etməklə gülçülüyü gəlirli sahəyə çevirməkdən ibarətdir.xeber100.com

May 25, 2021 11:32

2020-ci ildə müdafiəyə ayrılan xərclər 2 trilyon ABŞ dollarına bərabər olub

2020-ci ildə dünya üzrə müdafiəyə ayrılan xərclər təqribən 2 trilyon ABŞ dollarına bərabər olub.Azərtac Stokholm Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SIPRI) mətbuat üçün yaydığı məlumata istinadla xəbər verir ki, 2020-ci ildə dünya üzrə hərbi xərclər 2019-cu illə müqayisədə 2,6 faiz artaraq, 1981 milyard ABŞ dollarına bərabər olub.2020-ci ildə ən iri müdafiə büdcəsinə malik ölkələrin beşliyinə ABŞ, Çin, Hindistan, Rusiya və Böyük Britaniya daxildir ki, dünya üzrə məcmu hərbi xərclərin 62 faizi onların payına düşür.Tədqiqatçıların qeyd etdiyi kimi, hərbi xərclərin 2,6 faiz artması ÜDM-in dünya üzrə əsasən COVID-19 pandemiyasının iqtisadi fəsadları ilə bağlı 4,4 faiz azaldığı ildə baş verib. İqtisadiyyatın zəifləməsi nəticəsində hərbi xərclərin dünya üzrə orta göstəricisi 2019-cu ildə ÜDM-in 2,2 faizi ilə müqayisədə 2020-ci ildə ÜDM-in 2,4 faizinə çatıb. Bu, 2009-cu böhran ilindən bəri illik hesablamada hərbi xərclərin ən yüksək artımıdır.Bununla belə, pandemiya bu sahədən də yan keçməyib və 2020-ci ildə bir sıra ölkələr müdafiə xərclərinin bir hissəsini koronavirusa qarşı mübarizəyə yönləndirməli olublar. Cənubi Koreya, Braziliya, Rusiya və Çili müdafiə sahəsinə əvvəlcədən planlaşdırıldığından az vəsait xərcləyən ölkələrdəndir. SIPRI ekspertləri pandemiya şəraitində başqa ölkələrdə də bu trendin davamlı olması ehtimalını yüksək dəyərləndirirlər.Ekspertlər ümumilikdə, ABŞ-ın hərbi xərclərinin əhəmiyyətli dərəcədə artmasını qeyd edirlər. 2020-ci ildə ABŞ-ın hərbi xərcləri təqribən 778 milyard dollara çatıb, bu da 2019-cu illə müqayisədə 4,4 faiz çoxdur. İllik hesablamada 2020-ci ildə dünya üzrə hərbi xərclərin 39 faizi ABŞ-ın payına düşür. Beləliklə, ABŞ-ın hərbi xərcləri 7 illik fasiləsiz azalmadan sonra ardıcıl olaraq üçüncü ildir ki, artıb.Ardıcıl olaraq 26 ildir Çinin hərbi xərcləri artaraq, 2020-ci ildə 252 milyard ABŞ dolları təşkil edib. Bu, 2019-cu illə müqayisədə 1,9 faiz artımı ifadə edir.Hərbi xərclərin artımı NATO-ya üzv ölkələr arasında da müşahidə edilib. Praktiki olaraq, Şimali Atlantika Müqaviləsi Təşkilatının bütün üzvləri 2020-ci ildə hərbi yükün artımı ilə qarşılaşıblar. Nəticədə NATO-ya üzv 12 ölkə hərbi xərclərə öz ÜDM-lərinin 2 faizi və ya daha çox vəsait sərf ediblər.xeber100.com    

Aprel 26, 2021 15:08