Ukraynada “Qarabağ Azərbaycandır!” bilbordu yerləşdirib

23 Noyabr 2020 13:57

Xəbər 93 dəfə oxunub

Ukraynada yeni fəaliyyətə başlayan “İrəli” analitik-informasiya platforması Azərbaycanın qazandığı şanlı Qələbə münasibətilə Kiyev şəhərinin mərkəzi küçələrindən birində “Qarabağ Azərbaycandır!” bilbordu yerləşdirib.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbordda müvafiq olaraq “Krım və Donbas Ukraynadır”, “Qarabağ Azərbaycandır” şüarları əks olunub.Təşkilatın sədri Qulu İbrahimov bu layihənin platformanın ilk addımı olduğunu və bilbordun noyabr ayının sonunadək – 15 gün müddətinə yerləşdirildiyini bildirib.xeber100.com

İlham Əliyev: Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir

Mən Prezident vəzifəsinə seçiləndə həm nəqliyyatda, həm də rabitə sahəsində vəziyyət bizi qane etmirdi. O vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi.Azərtac xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.Dövlətimizin başçısı qeyd edib ki, görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir və beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur.“Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşürük. Dəmir yollarının səmərəliliyinə görə biz dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdəyik. Yəni, bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.Nəqliyyat infrastrukturuna qoyulan vəsaitin yeni vəziyyət yaratdığını bildirən Prezident deyib: “Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq. Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik”.xeber100.com

Yanvar 26, 2021 13:24

Xarici İşlər Nazirliyi: Liviyada həbsdə olan vətəndaşlarımız vətənə qayıdıblar

Liviya Dövlətində həbsdə olan vətəndaşlarımız Elmixan Bağırov və Əliağa Babayev bu ilin yanvarın 21-də vətənə geri qayıdıblar.Bu barədə Azərtac-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.Məlumatda deyilir: “Bildirmək istərdik ki, 2016-cı ilin mart ayında Türkiyə Respublikasında qeydiyyatda olan şirkətə məxsus olan və Syerra-Leone bayrağı altında üzən gəmi Liviya-Malta-Türkiyə istiqamətində hərəkət edən zaman Liviya Dövlətinin sahil qüvvələri tərəfindən saxlanılıb və üçü Azərbaycan Respublikası vətəndaşı olmaqla 12 nəfərdən ibarət gəmi heyəti neft məhsullarının qaçaqmalçılığına görə 5 il müddətinə həbs olunublar. Əfsuslar olsun ki, gəmini matrosu Elşad Hüseynov Liviyada dünyasını dəyişib.Həbsdə olan vətəndaşlarımız - gəmi kapitanı Elmixan Bağırov və matros Əliağa Babayevin ölkəyə geri qaytarılması ilə bağlı Azərbaycan Respublikası hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Liviya Baş Prokurorluğunun 2020-ci il 29 dekabr tarixli qərarı ilə sözügedən şəxslər həbsdən azad edilib və müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər.Vətəndaşlarımızın təcili təxliyəsi üçün Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğu tərəfindən görülmüş zəruri tədbirlərin nəticəsində, Elmixan Bağırov və Əliağa Babayevin 2021-ci ilin 21 yanvar tarixində Tripoli-İstanbul-Bakı reysi ilə vətənə geri qayıtması mümkün olub. Təxliyə prosesi Türkiyə Respublikası və Liviya Dövlətinin yardımı, Ukraynanın əlaqələndirici fəaliyyəti və gəmi şirkətinin dəstəyi nəticəsində həyata keçirilib”.xeber100.com

Yanvar 21, 2021 12:39

Qanlı Yanvar hadisələrindən 31 il ötür…

Qanlı Yanvar hadisələrindən 31 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.Azərtac xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq insanlar Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının xatirəsinə hörmət və ehtiramlarını ifadə edirlər.Bu faciədən uzun müddət keçsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası üçün, ilk növbədə, şəhidlərə borcluyuq.Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Bakıya, eləcə də Azərbaycanın bir sıra bölgələrinə yeridilən ordu hissələri 100-dən çox sakini amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 700-dən çox insan yaralandı.Bu qanlı hadisələrdən bir gün sonra – yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pislədi. Ulu Öndərin bu addımı xalqımıza dayaq və təsəlli oldu.20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib.Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanlar var. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramını bir daha parlaq şəkildə nümayiş etdirir.xeber100.com  

Yanvar 20, 2021 12:34

İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil

Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq.Azərtac xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya səfəri zamanı Cıdır düzündə söyləyib.Dövlətimizin başçısı qeyd edib ki, indi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, - deyə Azərbaycan Prezidenti bildirib.Xalqımızın birliyindən danışan Prezident deyib: “Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü.Biz Qələbə qazanmışıq, Ermənistan məğlub olub. Biz, eyni zamanda, haqlıyıq. Bizim davamız haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır. Haqq-ədalət zəfər çaldı, güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.xeber100.com

Yanvar 15, 2021 10:34

Xarici İşlər Nazirliyi Ermənistanın əsassız ittihamlarını rədd edib

Ermənistan Xarici İşlər Nazirliyinin guya ki, 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin hələ də uydurma propaqandadan əl çəkmədiyini, xalqlararası nifaq və düşmənçiliyi qızışdırmaq niyyətini göstərir.Azərtac xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 2020-ci il 13 yanvar tarixli bəyanatı ilə bağlı şərhində yer alıb. Şərhdə deyilir: “Ermənistan XİN-nə xatırladırıq ki, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilən 150 minədək azərbaycanlı Ermənistan SSR-nin 24 rayonu və İrəvan şəhərindən zorla Azərbaycana köçürüldü. Eləcə də Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının növbəti dəfə zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi. Lakin 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir. Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür. Bölgədə bütün hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra sülh və təhlükəsizlik, tərəqqi şəraitində birgəyaşayış fikirlərinin təşviq olunması əvəzinə, rəsmi Yerevanın uydurma əsaslarla düşmənçilik propaqandasını davam etdirməsi təəssüf doğurur və bu ölkənin əsl niyyətini üzə çıxarır. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in əsassız ittihamlarını rədd edir və bu ölkəni 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlar ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və beynəlxalq hüququn aliliyi prinsiplərindən çıxış edərək davranmağa çağırır”.xeber100.com

Yanvar 13, 2021 14:55

“Müstəqilliyə aparan yol: Azərbaycan- Gürcüstan” adlı müsabiqə elan edilib

Ölkəmizin Gürcüstandakı səfirliyi Azərbaycan və gürcü xalqlarının müstəqillikləri naminə atdıqları addımların təzahürü olan 20 Yanvar və 9 Aprel hadisələrinin növbəti ildönümü ilə bağlı rəsm və inşa müsabiqəsi elan edib.Bu barədə Azərtac-a səfirlikdən məlumat verilib. Bildirilib ki, müsabiqədə Gürcüstanın 15 yaşından yuxarı vətəndaşları iştirak edə bilərlər. İştirakçılar mövzu üzrə rəsm və inşa yazılarını təqdim etməlidirlər.Ən yaradıcı rəsm əsəri və inşa yazısı ekspertlər tərəfindən seçiləcək və hər iki nominasiya üzrə ilk üç yeri tutanlar mükafatlandırılacaq.Müsabiqənin nəticələri yanvarın 18-də açıqlanacaq.Müsabiqənin nəticələrinə əsasən, ilk üç yeri tutacaq Gürcüstan vətəndaşları Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və Gürcüstanın Hökumətinin səlahiyyətli nümayəndəsi tərəfindən təltif olunacaq.Müsabiqədə iştirak edəcək şəxslərdən mövzu üzrə rəsm əsərlərini səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etmələri, həmçinin Azərbaycan və ya gürcü dillərində inşa yazan şəxslərdən öz işlərini yanvarın 17-dək səfirliyin [email protected] ünvanına göndərməlidirlər.Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslərdən səfirliyin (+995 32) 224-30-04 nömrəli telefonu ilə əlaqə saxlamaları xahiş olunur.xeber100.com

Yanvar 9, 2021 16:14

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçmək istəyən şəxslərə müraciəti!

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən şəxslərə müraciət edib.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər yanvarın 11-dən 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyənləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.Namizədlər qəbul komissiyalarına müraciət edərkən təqdim etməli olduqları sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.Müraciətlər yanvarın 11-dən 30-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən müvafiq komissiyalarda qəbul edilir.Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum edilmiş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.xeber100.com  

Yanvar 9, 2021 16:12

Prezident İlham Əliyev: Şuşaya mütləq dəmir yolu da çəkilməlidir

İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi ilə bağlı planlar təsdiq olunub. Orada həm ənənəvi, həm bərpaolunan enerji növləri geniş vüsət alacaq və enerji sistemi bizim ümumi enerji sistemimizə tam inteqrasiya ediləcək.Azərtac xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qarşıda duran vəzifələrdən danışarkən bildirib.Dəmir yolları ilə bağlı hazırlıq işləri getdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma hər halda indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək”.Prezident, həmçinin bildirib ki, Horadiz-Ağbənd dəmir yolu da yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir.“Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.xeber100.com

Yanvar 7, 2021 13:57

İlham Əliyev: Bu il Füzulidə beynəlxalq hava limanı yaradılacaq

Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcək. Artıq göstəriş verilib və indi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaq. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, uçuş-enmə zolağı istifadəyə verilməlidir. Oradan Şuşaya məsafə də yaxındır.Azərtac xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında bildirib.Dövlətimizin başçısı deyib: “Vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır”.Prezident İlham Əliyev azad edilmiş torpaqlarda bütün mədəni obyektlərin siyahısının hazırlanması barədə tapşırıq verərək deyib: “Onlar onsuz da var idi, amma indi onlara yerində baxmalıyıq, onların vəziyyətinə baxmalıyıq ki, onları sonra bərpa edək. Ancaq, ilk növbədə, əlbəttə ki, onların təftişi, kvalifikasiyası aparılmalı və beynəlxalq şirkətləri dəvət etməklə onların bütün siyahısı tərtib edilməlidir. Deyə bilərəm ki, azad edilmiş torpaqlarda bütövlükdə dağıntılar siyahıya alınır. Bu dağıntıları törədənlərə qarşı biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq”.xeber100.com

Yanvar 6, 2021 11:22

İspaniyanın “La Vanguardia” qəzeti yazır…

İspaniyanın EFE informasiya agentliyinin saytında, "La Vanguardia" qəzetində "İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib" sərlövhəli məlumat dərc edilib.Azətac xəbər verir ki, məlumatda bu gün Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Azərbaycanın geri qaytardığı Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdiyi bildirilir.“Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edirəm. Şuşa buna layiqdir. Hesab edirəm ki, Şuşa təkcə Azərbaycanın deyil, regionun mədəni paytaxtı hesab oluna bilər. Vaxt itirmədən, eyni zamanda tələsmədən Şuşanın ilkin, tarixi siması bərpa olunmalıdır”, - deyə dövlət başçısından sitat gətirilir.Diqqətə çatdırılır ki, Şuşada bərpa işlərinə artıq başlanılıb, evlərin və tarixi abidələrin bərpası istiqamətində işlər aparılır.Qeyd olunur ki, Azərbaycan Prezidenti divarlarında təhqiramiz yazılar yazılan, inək və donuzların saxlanıldığı məscidlərin dağıdılması və təhqir edilməsində Ermənistan hakimiyyətini ittiham edib.Məlumatda Prezidentin işğal dövründə Azərbaycan şəhərlərinin dağıdıldığını qeyd edərək, Ermənistan rəhbərliyini vandalizm və barbarlıqda günahlandırdığı bildirilir.Bundan başqa, azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin Fərmanı ilə layiqli həyatı təmin edəcək Qarabağ Dirçəliş Fondunun yaradıldığı diqqətə çatdırılır.Məlumatda Şuşanın tarixindən də bəhs edilir.xeber100.com

Yanvar 6, 2021 11:17

Avropa Şurası Parlament Assambleyasının növbəti qış sessiyası təşkil olunacaq

Üzvlərinin yenidən görüşməsi məqsədilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2021-ci il yanvarın 25-dən 28-dək keçiriləcək növbəti qış sessiyası fərqli formatda təşkil olunacaq. Parlament Assambleyası üzvlərinin bir qismi Strasburqda sessiyada iştirak edəcək, digər qismi isə sessiyaya virtual qoşulacaq.Azərtac xəbər verir ki, AŞPA-nın qış sessiyasında Avropa Şurasının Baş katibinin müavini, Parlament Assambleyasının Baş katibi, eləcə də Yunanıstan və İsveçrə üzrə hakimlər seçiləcək. Bu seçkilər fərdi elektron şəkildə təşkil olunacaq.Almaniyanın qurumun Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Almaniya Federal xarici işlər naziri Heiko Maas Assambleya üzvləri qarşısında çıxış edəcək, onların suallarını cavablandıracaq. Baş katib Marija Pejčinović Burić məruzəsini təqdim etdikdən sonra Assambleya üzvlərinin suallarına cavab verəcək.Sessiya çərçivəsində COVID-19 peyvəndi ilə bağlı etik, hüquqi və praktiki mövzular ətrafında debatlar aparılacaq.Sessiyanın gündəliyindəki mövzular arasında etnik profilləşmə, təşkilata üzv ölkələrdə QHT-lərin fəaliyyətindəki məhdudiyyətlər və xroniki xəstəliyi olan insanlara qarşı ayrı-seçkiliyə dair mövzular da yer alır.Dörd gün davam edəcək sessiyada Polşa və Moldovada hakimlərin müstəqilliyi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı mövzuların, eləcə də Assambleyanın Monteneqroda həyata keçirdiyi monitorinqdən sonrakı dialoqa dair nəzarət prosedurlarının təkamülünə dair debatların aparılması planlaşdırılıb.Assambleyanın plenar iclasında Gürcüstandakı seçkilərə dair hesabat müzakirə ediləcək. Sonda üzv dövlətlər qanuni öhdəlikləri ilə bağlı ciddi pozuntuya yol verdiyi təqdirdə Parlament Assambleyası və Nazirlər Komitəsinin birgə Prosedura -2319 (2020) saylı Qətnaməyə nəzarətlə bağlı qurumun Nizamnaməsində dəyişikliyə dair fikirlər səsləndiriləcək.xeber100.com

Yanvar 2, 2021 19:00