VII beynəlxalq Türkiyə açıq çempionatı keçiriləcək

11 May 2022 12:47

Xəbər 51 dəfə oxunub

Mayın 12-15-də İstanbulda VII beynəlxalq Türkiyə açıq çempionatı keçiriləcək.Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətinin məlumatına görə, bu ildən WAKO tərəfindən dünya kuboku sayılan bu yarışda kikboksinqin 6 versiyası üzrə mübarizə baş tutacaq.Turnirdə Azərbaycanın yeniyetmə, gənclər, böyüklər və veteranlardan ibarət komandaları da mübarizə aparacaq. Ümumilikdə, qardaş ölkədə Azərbaycanın 107 idmançısı yarışacaq. İlk dəfə bu turnirdə Azərbaycan kikboksinqin point fighting növündə də təmsil olunacaq. Belə ki, bu növdə 31 idmançımız 14 çəki dərəcəsi (5 qadınlar, 9 kişilər) üzrə qüvvəsini sınayacaq. Açıq çempionatda ilk “üçlüy”ə düşən idmançılarımız avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarına lisenziya qazanacaqlar.Bu məqsədlə AKF-in prezidenti Orxan Əliyev qurumun Tofiq Bəhramov adına Respublika stadionunda yerləşən təlim-məşq mərkəzində Türkiyədə yarışacaq idmançılarla görüşüb. Federasiya prezidenti idmançılarımızın qardaş ölkədə yüksək səviyyədə çıxış edəcəklərinə, bayrağımızı yüksəklərə qaldıracaqlarına inandığını bildirib. O.Əliyev özünün də yarışı tribunadan izləyəcəyini vurğulayıb.Qeyd edək ki, yarışda idmançıları gənclər və yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisi Hikmət Hacıyev, böyük məşqçilər İlqar Abbasov, Telman Məhərrəmov, məşqçilər Müşfiq Hüseynov, Şahin Xudaverdiyev, Pərvin Məmmədov və Eduard Məmmədov rinqə və tatamiyə çıxaracaqlar. Açıq çempionatın hakimləri arasında AKF-nin hakimlər kollegiyasının sədri Fəxrəddin Quliyev və onun müavini Aydın Ağabəyov da yer alacaq.xeber100.com

2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.İdman Araşdırmalar Mərkəzinin (İAM) “Huner Group”un sponsorluğu və "Report"un informasiya dəstəyi ilə keçirdiyi səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borges Malinovski bu ada layiq görülüb.Mükafatlandırma mərasimi mayın 22-də Bakı Olimpiya Stadionunun qapalı meydançasında İAM-ın və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında Zəfər Kuboku çərçivəsində keçiriləcək "Suqovuşan" - "Xocalı" oyunundan əvvəl fəxri qonaqların iştirakı ilə keçiriləcək.Səsvermədə 8 komandadan adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komandaların heyətində göstərilən ümumilikdə 189 nəfər (181 futbolçu, 8 baş məşqçi) iştirak edib.“Qarabağ” və “Sumqayıt”ın 25, “Qəbələ”, “Zirə” və “Sabah”ın 24, “Şamaxı”nın 23, “Neftçi” və “Səbail”in 22 üzvü (oyunçular və baş məşqçi) öz variantlarını açıqlayıb.Respondentlər ümumilikdə 38 futbolçu arasında seçim ediblər. Nəticədə Kadi Borges 47 səslə birinci olub. İyirmi altı yaşlı braziliyalı yarımmüdafiəçi səslərdən 44-nü oyunçulardan, 3-nü isə baş məşqçilərdən alıb.“Qarabağ”ın digər yarımmüdafiəçisi Abdullah Zubir 24 səslə ikinci olub. Üçüncü yeri isə "Sabah"da çıxış edən Azərbaycan millisinin üzvü Aleksey İsayev 19 səslə tutub.Qalan baş məşqçilərdən 2-si "Neftçi"dən Emin Mahmudova, 2-si isə "Qarabağ"dan Maksim Medvedev və Patrik Andradeyə səs verib.Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İAM “Report”un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda “Kəpəz”də çıxış edən Cavid İmamverdiyev (2017/2018-ci il mövsümü), “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019-cu), “Qarabağ”ın legioneri Abdullah Zubir (2019/2020-ci) və hazırda Türkiyənin “Bursaspor” komandasının formasını geyinən Namik Ələskərov (2020/2021-ci) ən yaxşı seçilib.xeber100.com

May 20, 2022 12:02