Xarici İşlər Nazirliyinin açıqlamasında

18 May 2020 11:42

Xəbər 88 dəfə oxunub

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümünü ilə əlaqədar açıqlama yayıb.XİN-dən Azərtac-a bildiriblər ki, açıqlamada deyilir: “Mayın 18-də Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28 ili tamam olur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun işğalı nəticəsində 237 nəfər həlak olub, 67 nəfər isə itkin düşüb. Bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min 700 Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün şəraitində yaşayır. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüz siyasətinin davamı olan bu işğal rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri məhv edilib. Həmçinin yerli və dünya əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib, Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan olunub. Təcavüzkar Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti davam etdirir. Coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir. Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edilərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin bu qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan münaqişənin sülh yolu ilə həlli pərdəsi arxasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarında işğala əsaslanan status-kvo rejimini möhkəmləndirməyə çalışır, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür. Lakin dəyişməyən bir həqiqət var – Laçın, işğal olunmuş Dağlıq Qarabağ və ətraf digər rayonlar da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır, Azərbaycan ərazilərinin işğalının nəticələri birmənalı şəkildə rədd edilir. Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların məqsədi münaqişənin nəticələrinin aradan qaldırılması, beləliklə də Azərbaycan torpaqlarının işğalına son qoyulması və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin fundamental hüquqlarının bərpa edilməsidir. Beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyasında əks olunan norma və prinsipləri münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin əsasını təşkil edir. Ermənistanın danışıqlar prosesinin əsassız şəkildə, yalan və saxtakarlıqla uzatması cəhdləri qəbuledilməzdir və bölgədə sülhün təmin olunmasına başlıca maneədir. Münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur”.xeber100.com

Əməkdaşlıq məsələləri müzakirə olunub

Sentyabrın 8-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Polşanın ölkəmizdəki səfiri Rafal Poborski ilə görüşüb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azərtac-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli əməkdaşlıq münasibətlərindən bəhs edib, bu xüsusda ali səviyyədə həyata keçirilən səfər mübadilələrinin əməkdaşlığın inkişafına təkan verdiyini bildirib.Cari ildə dünyanın üzləşdiyi pandemiyaya rəğmən ölkələrimiz arasında əməkdaşlığın davam etdirildiyini vurğulayan nazir bu xüsusda Polşa tərəfindən Azərbaycana COVID-19 ilə mübarizə çərçivəsində göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.Səfir Rafal Poborski öz növbəsində Polşanın Xarici İşlər naziri Zbiqnev Raunun səmimi təbriklərini nazir Ceyhun Bayramova çatdırıb. Diplomat ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının davam etdirilməsinin vacibliyini vurğulayıb.Tərəflər Azərbaycan ilə Polşa arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti, təcavüzkar ölkənin işğal etdiyi ərazilərdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, Ermənistan silahlı qüvvələrinin iyulun 12-16-da iki ölkə sərhədində törətdiyi hərbi təxribatı, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.Səfir Rafal Poborski Polşanın Şərq Qonşuluğu ölkələrində sabitliyin təmin edilməsində maraqlı olduğunu deyib və ölkəsi üçün beynəlxalq hüquqa hörmət prinsipinin vacibliyini diqqətə çatdırıb.Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.xeber100.com

Sentyabr 9, 2020 11:50

Xarici İşlər Nazirliyinin bəyanatına əsasən…

Azərbaycan Respublikasının Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 28 il keçir. Azərtac xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.Bəyanatda deyilir ki, 1992-ci ilin 28 avqust tarixində Ballıqayada törədilmiş qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədilə törətdiyi silsilə kütləvi qırğın aktlarından biridir.Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.Xatırladırıq ki, Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyəti ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur və ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.“Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində sülh və barışığa nail olunması üçün Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı törədilmiş bütün müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən etnik təmizləmə və soyqırımı aktlarına görə cəzasızlığa son qoyulması, bu cinayətlərin qurbanlarına münasibətdə ədalətin bərpa edilməsi müstəsna əhəmiyyət kəsb edir.Azərbaycan Respublikası bu istiqamətdə milli qanunvericilik və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkan və milli mexanizmlərdən istifadə etməklə, özünün mülki əhalisinə qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərə adekvat hüquqi qiymətin verilməsi və günahkarların ədalət məhkəməsinə təslim edilməsi məqsədilə bütün zəruri addımları atmağa davam edəcəkdir.Xarici İşlər Nazirliyi Ballıqaya kəndində törədilmiş insanlıq əleyhinə cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edir”, - deyə bəyanatda bildirilir.xeber100.com    

Avqust 28, 2020 12:04