Əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tədbirlər planı davam edir

13 Aprel 2017 13:23

Xəbər 909 dəfə oxunub

Əhalinin icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tədbirlər planı uğurla icra olunur. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin keçirilməsi üçün rayonda xüsusi komissiya yaradılıb. Əhali arasında aşkar edilən xəstələr dispanser müşahidəsinə götürülür və müalicəyə cəlb edilirlər.Azərtac xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işi həyata keçirir. Bu məqsədlə yaşayış evlərinin girişlərinə elan lövhələri yerləşdirilir. Rayon icra hakimiyyətində “Qaynar xətt” yaradılıb.Binəqədi rayonundakı 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında bu günə kimi 10 mindən çox sakin müayinədən keçib. Xəstəxananın poliklinika şöbəsinin müdiri İsa Cahanovun sözlərinə görə, səhiyyə ocağı 3 il əvvəl əsaslı təmir olunub və hər cür lazımi avadanlıq və preparatlarla tam təchiz edilib və burada yüksək ixtisaslı tibbi personal xidmət göstərir. Müayinə zamanı xəstəlik aşkar edilən 267 şəxs qeydiyyata alınıb, 57 nəfər isə stasionar müalicəyə cəlb olunub. Hazırda rayonda müayinə davam etdirilir və tədbir uyğun qrafiklə həyata keçirilir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05