Qanunvericiliyin pozulmasına görə cərimələrdə dəyişiklik edildi

Media haqqında qanunvericiliyin pozulmasına görə cərimələrdə dəyişiklik edildi. Bu məsələ Milli Məclisin fevralın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Sənədə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcəklər. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur. Qanunla müəyyənləşdirilmiş hallardan başqa media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək. Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, audiovizual media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasının “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər. Həmçinin audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə, proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa, digər audiovizual yayımçıların həmin proqramı yayımlamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Eyni zamanda, yayımın müvəqqəti dayandırılması barədə məlumatın yayımın dayandırıldığı müddət ərzində audiovizual yayımçının televiziya və (və ya) radio kanalında yayımlanmamasına, yaxud yayımın dayandırılmasına və ya digər məsuliyyət tədbirinin tətbiqinə səbəb olmuş audiovizual proqramın audiovizual yayımçının veb-saytından və həmin proqramın yayımlandığı videopaylaşım platformalarından çıxarılmamasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Azərbaycan Respublikası Audiovizual Şurasının razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq ediləcək. Media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcəklər. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.xeber100.com

Fevral 17, 2023 2:31

Mətbuat Şurasının müraciəti…

Bu il fevralın 26-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hərbçilərimiz həlak oldu. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı video-görüntü də məhz həmin müddətdə hazırlanmışdı.Məlum video-görüntü Azərbaycan ictimaiyyəti içərisində xof yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır. Təəssüf ki, bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək paylaşımlar edirlər. Qabardılan cəhət isə əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır. Hər bir halda yerdəki cansız cəsədlər Azərbaycan hərbçilərinindir, yaxud Ermənistan tərəfindən Azərbaycan hərbçilərinə məxsus olduğu iddia edilir.Nəzərə almaq lazımdır ki, övladı, qardaşı, qohumu hazırda cəbhə xəttində xidmət edən vətəndaşlarımız var. Onların həmin görüntüləri izləyərkən hansı ağır hisləri keçirdiklərini təsəvvür etmək çətin deyil. Ermənistan hakimiyyət dairələri də məhz ağır hislərə toxunmaq, inamsızlıq aşılamaq «məqsədi» güdürdülər.Azərbaycan Mətbuat Şurası internet informasiya resurslarına, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə müraciət edərək Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntüləri yaymamağa çağırır. Şura kütləvi informasiya vasitələrinə, KİV kimi fəaliyyət göstərdiyini iddia edən hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması ehtimal olunan meyllərdən uzaq durmağı, həssas davranmağı tövsiyə edir.Bir daha bildiririk ki, həssas olmaq peşəkarlıq göstəricisidir. Peşəkarlıq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin materiallarına istinad, əldə edilmiş məlumatların bu qurumla dəqiqləşdirilməsidir.xeber100.com  

Fevral 28, 2017 12:14

Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib

Oktyabrın 2-3-də Şimali Kipr Türk Respublikasında Dünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da iştirak edib. Toplantıda birliyə üzv ölkələrin Mətbuat şuralarının ötən müddətdə gördükləri işlər barədə hesabatları dinlənilib. Ə.Amaşov bu hissədəki çıxışında rəhbərlik etdiyi qurumun 2015-ci il və 2016-cı ilin oktyabrınadək müddətdə şikayətləri araşdırması təcrübəsindən danışıb. O bildirib ki, Mətbuat Şurası şikayətləri araşdırıb öz qərar və rəyini qəbul edərkən yalnız şikayətçi tərəfin pozulan hüquqlarının bərpasını deyil, eyni zamanda, ümumən söz və ifadə azadlığından sui-istifadənin yolverilməzliyini əldə rəhbər tutur. Cəmiyyətdə söz və ifadə azadlığı prinsiplərinin dərinləşməsinin vacibliyini vurğulayan Ə.Amaşov əlavə edib ki, Şura ilk növbədə kütləvi informasiya vasitələrinin və ayrı-ayrı jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması məsələlərinə diqqət yetirir. Bu məqsədlə qurum müxtəlif kütləvi aksiyalarda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. Toplantının müxtəlif panellərində dünyada söz və ifadə azadlığının vəziyyəti, internet media ilə bağlı tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com

Oktyabr 3, 2016 3:29

Mətbuat Şurasının məlumatına görə…

İran İslam Respublikasının İRNA İnformasiya Agentliyinin rəhbəri Mohəmməd Xoddadi Azərbaycan Mətbuat Şurasında olub. Şuradan bildiriblər ki, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qonağa məlumat verən sədr, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan jurnalistlərinin özünütənzimləmə orqanı olan Mətbuat Şurasının dünyanın bir çox nüfuzlu media təşkilatları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O bildirib ki, beynəlxalq əməkdaşlığa müxtəlif ölkələrin aparıcı kütləvi informasiya vasitələri ilə ikitərəfli münasibətlər də daxildir. “İran və Azərbaycan xalqları arasında möhkəm tarixi bağlar var. Bu bağlılıq İran və Azərbaycan dövlətlərinin hazırkı əlaqələrində də əsas məqamı təşkil edir. Hazırda əlaqələr çox yüksək səviyyədədir və mövcud durumda hər iki ölkənin media qurumlarının bir-birinə yaxın olması son dərəcə faydalıdır”, - deyə Ə.Amaşov əlavə edib. Görüşdə iranlı və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması, bu xüsusda digər müxtəlif tədbirlərin həyata keçirilməsi yolları ətrafında müzakirələr aparılıb. İRNA xəbər agentliyinin rəhbəri Mohəmməd Xoddadi rəhbərik etdiyi agentliyin əməkdaşlığa hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Tərəflər, həmçinin Xəzər dənizi ölkələri jurnalistlərinin regional görüşlərinin keçirilməsi məsələsinə də toxunub, mövcud istiqamətdə birgə təşəbbüsün qaldırılması ilə bağlı razılığa gəliblər.xeber100.com

Sentyabr 30, 2016 5:55