QMİ Ramazan ayının başlanması ilə əlaqədar fətva verib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. QMİ-dən bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan - orucluq ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərimizin Allah dərgahında qəbula yetməsi üçün dualar edir. Ramazanın fəzilətləri barədə müqəddəs Kitabımız Qurani-Kərimdə Uca Rəbbimiz buyurur: “Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..” (Bəqərə, 185). Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazanda müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən raz-niyaz edirik! Qazılar Şurası builki Ramazan fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14 dekabr 2022-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i Miladi təqvimlə martın 23-nə təsadüf edəcək. Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.xeber100.com

Mart 21, 2023 2:08

Dini konfessiyaların Qarabağda dağıdılan dini abidələrimizlə bağlı BƏYANATI

Dünya ictimaiyyəti bilməlidir ki, Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı və işğal deyil, uzun illər ərzində ölkəmizin öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti yeridib. Ermənistanın monoetnikliyə söykənən dövlət siyasəti onun işğal etdiyi ərazilərdə də yalnız erməni izi yaratmağa xidmət edib.Azərtac xəbər verir ki, bu fikirlər Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanatında yer alıb.Bəyanatda deyilir: “Digər xalqlara və dinlərə qarşı dözümsüzlüklə səciyyələnən cəmiyyət yaratmış Ermənistan çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın işğal altında olan ərazilərində tarixən mövcud olmuş qədim alban, pravoslav, müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb. Mədəni-mənəvi irs nümunələrimizi ya tamamilə dağıdıb, ya da tarixini və mənşəyini saxtalaşdıraraq özününkiləşdirib – erməniləşdirib, qriqoriyanlaşdırıb”.Bəyanatda vurğulanır ki, Ermənistandan fərqli olaraq Azərbaycanda minlərlə erməni əsilli vətəndaş əmin-amanlıq şəraitində yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası dövlət tərəfindən abadlaşdırılaraq qorunur. Azərbaycanın işğal olunmuş ərazilərində isə məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb və talan edilib, Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb.Xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə ünvanlanan bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal və Alban-udi icmasının rəhbəri Robert Mobili imzalayıblar.xeber100.com

Noyabr 24, 2020 2:32