Bakı Bələdiyyə Teatrının təqdimatında “Ana tarla” tamaşasının premyerası anşlaqla keçdi

Aprelin 26-da Bakı Bələdiyyə Teatrının kollektivi həyəcan qarışıq böyük bayram əhval-ruhiyyəsində idi... Xalq artisti, rejissor Marahim Fərzəlibəyovun Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun eyniadlı hekayəsi əsasında səhnələşdirdiyi Ana tarla" tamaşasını geniş tamaşaçı auditoriyasına təqdim edirdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan, "Heydər Əliyev ili" çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə həyata keçirilən premyerada görkəmli ictimai xadimlər, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri, tanınmış mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri iştirak ediblər. Tədbirin açılışında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur: “Ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət nümayəndələrinə - yazıçılara, şairlərə, rejissorlara, aktyorlara, rəssamlara, bəstəkarlara böyük diqqət və qayğı ilə yanaşıb. Bu münasibət təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmırdı, həm də digər ölkələrin incəsənət nümayəndələrinə, o cümlədən türk dünyasının xadimlərinə şamil edilirdi. Onlardan biri də bu il 95 illik yubileyi qeyd olunan qırğız xalqının qüruru, Türk dünyasının böyük yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatov olub”. G.Əfəndiyeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən danışaraq təşkilatın Türk dünyasının zəngin mədəniyyətini öyrəndiyini, qoruduğunu və dünyada təbliğ etdiyini vurğulayıb: “2018-ci ildə Azərbaycanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun tərəfindən Çingiz Aytmatovun 90 illiyi təntənəli şəkildə qeyd olunub. Həmin tədbir çərçivəsində Qırğızıstanın incəsənət xadimləri Aytmatovun "Cəmilə" hekayəsi əsasında tamaşa təqdim ediblər”. Çıxışın sonunda G.Əfəndiyeva Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Aynur Muxtarovaya, teatrın kollektivinə, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Marahim Fərzəlibəyova öz təşəkkürünü bildirib. Qırğızıstan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Taalatbek Masadıkov öz çıxışında qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. T.Masadıkov Heydər Əliyevin Azərbaycan xalqının və bütün Türk dünyasının böyük oğlu olduğunu vurğulayıb: “Heydər Əliyev şəxsiyyətinin böyüklüyü zaman keçdikcə bizim tərəfimizdən daha çox dərk olunur. Bu gün biz siyasət aləminin patriarxına, tarixin gedişatına təsir edən iradəli şəxsiyyətinə heyranlıqla baxırıq". Çingiz Aytmatovun yaradıcılığından danışan Taalatbek Masadıkov qeyd edib ki, böyük qırğız yazıçısı bütün dünyada Türk dünyasının ən görkəmli mədəniyyət xadimlərindən biri kimi geniş tanınır, onun türk mədəni irsinə verdiyi töhfənin dəyəri ölçülməzdir: “Aytmatovun əsərləri qırğız xalqının ənənələrinə və tarixinə kök salmışdır. Əsərləri dünyadakı oxuculara rezonans doğuran universal sevgi, itki və insanlıq mövzularını aşılayır. Aytmatovun ənənəvi Qırğız mədəniyyətini müasir ədəbi formalarla birləşdirmə qabiliyyəti ona beynəlxalq tanınma qazandırdı. Bu gün Aytmatovun irsi yeni nəsil yazıçı və rəssamlara İlham verməkdə davam edir, onun türk mədəni irsinə təsiri şübhəsiz ki, gələcək nəsillər üçün də davam edəcək". Qırğızıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi xüsusi tapşırıqlarla tədbirin təşkilinə görə Günay Əfəndiyevaya, həmçinin Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinə minnətdarlığını bildirib. Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyev isə öz çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyev Çingiz Aytmatovu həm yazıçı, həm də görkəmli ziyalı şəxsiyyət kimi yüksək qiymətləndirib: “Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir: “Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında möhkəm birlik var, iqtisadiyyat möhkəmlənir. Mədəniyyət və ictimai həyatın digər sahələri inkişaf edir. Qırğızıstan ilə Azərbaycan arasında 30 illik diplomatik münasibətlər ərzində güclü qardaşlıq əlaqələri qurulub". Daha sonra Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın videomüraciəti qonaqların diqqətinə çatdırılıb. Videomüraciətdən sonra Bakı Bələdiyyə Teatrının "Ana tarla"  tamaşası nümayiş olundu. Ç.Aytmatovun "Ana tarla" əsəri bir qadının faciəsidir, bir ananın fəryadıdır. Ancaq onun üzündə milyonlarla ananın taleyi, ağrısı, əzabı var. Bu, müharibə, insanın və doğma torpağın gücü haqqında bir hekayədir. Əsərin əsas qəhrəmanlarından biri olan Tolqanay doğma torpağına dərindən bağlıdır. Bütün həyatı burada keçib, burada sevimli həyat yoldaşı – Suvankul ilə tanış olub, bu torpaqda üç oğul – Qasımı, Masılbeki və Caynakı böyüdüblər. Tolqanay və ailəsi sadə həyat tərzi keçirir, öz  zəhmətləri ilə yaşayırlar. Müharibənbin başlanması onların həyat tərzini dəyişdirir. Müharibə onun sevimli həyat yoldaşını və oğullarını əlindən alır...Və Tolqanay göz yaşları içindi dərdini Ana torpağa danışır, torpaqla təsəlli tapır. Bakı Bələdiyyə Tetarının aktyorlarının ifasında olan duyğu yükü, müharibə ağrı-acıları və sabahlara olan inam o qədər təbii verilir ki, tamaşaçı səhnədə baş verənləri xəyalı vasitəsilə sanki həmin dövrə səyahət edir, qəhrəmanların yaşantılarına şərik olurdular. "Ana tarla” tamaşası Xalq artisti Marahim Fərzəlibəyovun növbəti rejissorluq uğurudur. Tamaşada olan yeni formalar, maraqlı teatr dili, stilistika və konsepsiya diqqəti cəlb edir və tamaşaçıları düşündürdüyü qədər də, eyni zamanda nəticə çıxarmağa səsləyir. Yeri gəlmişkən, Çingiz Aytmatov "Ana tarla” əsərini 1963-cü ildə yazıb. 60-70-ci illərdə bu hekayə öz aktuallığı ilə seçilib. Mahiyyətcə, hekayədə iki qəhrəman var: Ana və Çöl. Onlar daimi dialoqda olurlar və hekayənin sonunda sanki vahid şəxsiyyətdə birləşirlər. Ana tarla kimi parlaq və səxavətlidir. Tarla - həyat verən və bu həyatı Ana kimi qoruyan! Sahə qırğız qadını Tolqanayın daxili mahiyyətidir. Onun bütün həyatı meydanda keçir. Tolqonayın başına bir-birinin ardınca gələn bəlalar düşür: yaxınlarının itkisi, kişilərin çiyninə düşən iş, quldurlarla döyüş. Amma biz artıq bilirik ki, Tolqonay yer kimi ölməzdir və nə olursa olsun, tab gətirəcək. Mövzu bu gün də öz aktuallığını qoruyub saxlayır və Tolqanayın timsalında müharibədə öz yaxınlarını itirən bütün qadınların faciəsi diqqətə çəkilir. Tamaşa boyunca Qarabağ müharibəsi qəhrəmanları və onların igid, mərd oğullarını böyüdən güclü xarakterli anaları görürük... Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə əsərinin sonunda Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi gül-çiçək yağışına qərq oldu, alqış sədaları bitmək bilmədi... Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, plastik səhnələri quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərla Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Əsərin tərcüməsi Teymur Elçinə aiddir. Tamaşada iştirak edirlər: Tolqanay – Hüsniyyə Mürvətova (Əməkdar artist) Suvankul – Rəşad Kəsəmənli Qasım – Tural Əhməd Masılbek – Namiq Cavadov Caynaq – Elçin Muradov Aliman – Ülviyyə Rza Usanbay – İsmayıl Atakişiyev 1-ci sünbül – Zülfiyyə Məmmədova 2-ci sünbül – Günel Həmidova 3-cü sünbül – Aynur Abbasova 4-cü sünbül – Arzu Ağayeva Aişə – Səmayə Sadıqova(Əməkdar artist).

Aprel 27, 2023 10:07

SƏNƏT KRALİÇASI AMALİYA PƏNAHOVANIN ANIM GÜNÜDÜR

Xurşidbanu Natəvan, Tomris, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya kimi obrazların əvəzsiz ifaçısı, teatr və kino aktrisa, Xalq artisti, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahovanın dünyasını dəyişdiyi gündür. Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Amaliya Pənahova 15 iyun 1945-ci ildə dünyaya göz açıb. 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsinə daxil olmuş və aktyorluq sənətinin incəliklərinə yiyələnib. Tələbə vaxtlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan aktrisa bu sənət ocağında 28 il çalışıb. İlk dəfə Milli Dram Teatrının səhnəsində görkəmli yazıçı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə rolunda çıxış edən aktrisa burada çalışdığı illər ərzində onlarla maraqlı və rənfarəng obrazlara imza atıb. On doqquz yaşında səhnəyə çıxan aktrisa ömrünün 55 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. O, 1964-cü ildən ömrünün sonunadək teatrda, kinoda, televiziya tamaşalarında 500-dən artıq müxtəlif səpkili, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaratdı. Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş görkəmli aktrisa lirik-psixoloji üslublu aktyor məktəbinin yaradıcılarından biri idi. Və səhnəyə ilk gəlişində lirik-psixoloji üslubda fəaliyyət göstərməyə başlasa da, sonralar romantik faciə, dramatik-psixolojiv rolları ifa edərək də uğurlar qazanıb. O, Azərbaycan səhnəsində ilk dəfə Medeya oynadı. Onun Medeyasını görüb səhnəyə gələnlər çoxluq təşkil edirdi. Xalq yazıçısı Elçin 1982-ci ildə “Qobustan” jurnalında fransız dramaturqu J.Anuyun “Medeya” pyesi əsasında rejissor Mərahim Fərzəlibəyovun eyniadlı tamaşasına dair “Təzadların faciəsi” məqaləsində yazırdı ki, Amaliya Pənahova Medeyanın təbiəti və taleyindəki layları bir-bir qaldırır və göstərə bilir, həm də bu zaman əlvan, təzadlı, yağlı boyalardan da, güclə seziləcək akvareldən də istifadə etməyi bacarır… Aktrisanın rejissor kimi quruluş verdiyi Şıxəli Qurbanovun "Sənsiz"i ötən əsrin 80-ci illərinin sonunda başlanan Azərbaycan xalqının milli-azadlıq mücadiləsi ərəfəsində sanki dövrün tələbi üzərində qurulmuşdu, hadisələri bir qədər qabaqlayırdı. Tamaşada Sevincin (Amaliya Pənahova) və Tərlanın (Füzuli Hüseynov) timsalında dünyada repressiyaya məruz qalmış bütün ailələlərin faciəsi öz əksini tapıb. Amaliya xanımın həm rejissor kimi, həm də əsas obrazda olan ifası zərgər dəqiqiliyi tələb edirdi ki, aktrisa da bunun öhdəsindən məharətlə gələ bilmişdi. Əslində belə mövzular məharətlə yanaşı, cəsarət də tələb edirdi və aktrisa məhz bu məsuliyyəti öz üzərinə göptürməyi bacarırdı. O, eyni zamanda cəsarəti ilə, vətənpərvər ruhu ilə  seçilən incəsənət xadimi idi. Məhz bu xüsusiyyəti, özünü xalqımızın ən ağır vaxtlarında göstərdi. 90-cı illərdə ölkəmizin haqq səsini dünyaya çatdırmağa böyük səy göstərdi. A.Pənahova ictimai işlərlə fəal məşğul olmuş, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri kimi fəaliyyət göstərir. Yaradıcı fəaliyyəti ilə daima diqqətdə dayanan aktrisa, xarakter baxımından da həmkarlarından seçilirdi, haqsızlığa biganə qala bilmirdi. Azərbaycanın çətin bir dövründə siyası və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Bələdiyyə Teatrını yaratması və teatrın sayəsində sənətdə yeni vətənpərvərlik modelini ortaya qoyması yaxın keçmişdə baş verdi. Onun Bakı Bələdiyyə teatrında quruluş verdiyi "Tomris", "Mənim Ərdəbilim", "Vətənə igidlər gərək", "Dəli Domrul" tamaşaları qısa müddət ərzində nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da böyük uğurlar qazandı. Bakı Bələdiyyə Teatrı artıq 30 illik yubileyi ərəfəsindədir…Amaliya xanım bu günü görməsə də, onun bütün sevgisi, peşəkarlığı, təcrübəsi teatrın bünövrəsini daha da gücləndirib və bu sənət ocağında qoyduğu ənənələr davam etdirilir. Səhnəmizin kraliçasını anım günündə böyük sevgi və hörmətlə yad edirik!

Noyabr 7, 2022 9:38

Vaqif Tacı Ələzli – 75

Oktyabr ayı şair Vaqif Mürvətovun (Vaqif Tacı Ələzli) anadan olduğu və dünyasını dəyişdiyi aydır. Yaşasaydı 75 yaşını qeyd edəcəkdi. Vaqif Mürvətov  15 oktyabr 1947-cil ildə Siyəzən rayonunun Ələz kəndində dünyaya göz açıb. 1954 -ci ildə Yuxarı Ələz kəndində məktəbə getmiş, 1961-ci ildə ailəsinin Siyəzən rayonuna köçməsi nəticəsində orta təhsilini axşam məktəbində davam etdirmişdir. 1964-cü ildə Bakı Neft Akademiyasına qəbul olunub. Gənclik illərindən ədəbiyyata, poeziyaya marağı olub, ürəyindən keçənləri qələmə alıb. Zaman -zaman şerləri Siyəzən rayonu mətbuatında dərc olunub. 1976-cı ildə həyatına Sumqayıt şəhərində davam edib, həmin illərdən davamlı olaraq şerləri Sumqayıtda da bədii almanaxlarda, qəzetlərdə, jurnallarda dərc olunmağa başlayıb. Onun ilk kitabı 2012-ci ildə işıq üzü görüb. "Ələz" adlandırdığı kitab şairin 65 illik yubileyinə həsr olunub. Şairin ikinci kitabı 2017-ci ildə dərc olunub. “Gözəllik gözün rəngidir" adlı kitabın redaktoru və naşiri Musa Ələkbərlidir. Musa Ələkbərli kitab haqqında fikilərini bölüşərək qeyd edib ki, “Gözəllik gözün rəngidir” kitabında gedən şeirlər Vaqif Tacı Ələzlinin uzun illər apardığı poetik axtarişlarin ən yaxşı nümunələridir. Vətənə torpaqa sədaqət, ata-ana, ailə məbəbbəti, doqma yurdun gözəllikləri, doqulduğu Xızı rayonun, xüsüsilə, Ələz kəndinin onda oyatdıqı təkrarsız duyğular bu şeirlərin əsas mövzusudur. Gözəlliyi görən gözlər Bütun gözəllikdən gözəl Sevən könullər neynəyər Gözəlliyi görməsələr. Aqla,qara seçilən rəng Gözəlliyə verir ahəng Hər ikisi gözlərdədir, Gözəllik gözun rəngidir   2019 cu ildən Yazicilar birliyinin  üzvü olan şair Vaqif Tacı Ələzli  yazıb yaratmadan doymayan qələm əhlindən sayılır. Növbəti kitabının nəçrini gözləyirdi, ancaq əcəl aman vermədi…18 oktyabr 2021-ci il dünyasını dəyişdi... Xatırladaq ki, şairin sonuncu kitabı 15 oktyabr 2022-ci ildə 75 illik yubileyində işıq uzü gördu. Şairin qızı  Ülviyyə Zehir “Yolun düşsə, bu dünyaya bir də gəl” adlandırdığı  kitabı atasının ruhuna ithaf edib. Kitabin təqadimtı  Xaçmaz Regional Mədəniyyət idarəsinin Siyəzən rayon Mədəniyyət Mərkəzində keçirilib. Şairin yazar dostları, doqmalari sözun isiqina yıqışıb. Tədbirin aparıcı missiyasını  şairin qardaşi, Yazıçılar birliyinin üzvü, şair, Əməkdar müəllim Nəcməddin Mürvətov həyata keçirib. Şairin qızı əməkdar artist Hüsniyyə Mürvətova atası haqqında xatirələrini bölusüb və tədbir iştirakçılarını atasının anım gününə gəldikləri üçün minnətdarlığını bildirib. Şairin dostları onun haqqında danışarkən göz yaşlarına hakim ola bilməyiblər və Vaqif Tacı Ələzlinin gözəl insan, gözəl ailə başcısi, vətənpərvər övlad, incə ruhlu söz yazarı olduğunu xüsusilə qeyd ediblər. Şair Vaqif Tacı Ələzlini 75 illik yubileyində böyük hörmət və ehtiramla yad edir, Allahdan onun ruhuna rəhmət diləyirik!  

Oktyabr 18, 2022 10:44

Azərbaycanın görkəmli teatr və kino aktrisası Amaliya Pənahovanın xatirəsinə…

…"Sevinirəm ki, həyata gəlmişəm və doğru ömür sürmüşəm. Əsas odur ki, ömrüm faydalı olub. Həyatım elə dolğun keçir ki, hələ geriyə baxmağa, hansısa yaş dövrü üçün darıxmağa vaxtım yoxdur. Onu da deyim ki, hədiyyə almaqdan çox, hədiyyə verməyi xoşlayıram. Ancaq bu gün gül-çiçək versələr böyük məmnuniyyətlə qəbul edərəm” deyən Azərbaycanın görkəmli teatr və kino aktrisası, “Şöhrət” və “Şərəf” ordenli, Xalq artisti, sənətşünaslıq doktoru, professor, Avropanın əməkdar elm və mədəniyyət xadimi Amaliya Pənahovanın ad günüdür, yaşasaydı 77 yaşını qeyd edəcəkdi… İnsan ömrünü 73 ilə sığdırmaq, ömür yükünün karvanını bu illərlə bərabər irəli aparmaq, görülən və ya görülməyən, sadəcə planlaşdırılan işlər və daha nələri yaşamaq o qədər də asan olmasa da, çətin də deyil. Amaliya Pənahova məhz o insanlardandır ki, həyatı dəyərləndirməyi, ömrün-günün hər saatından, dəqiqəsindən səmərəli istifadə etməyi, verilən ömrü doya-doya yaşamağı bacarırdı. Bu baxımdan da o, 73 illik ömrünün hər saatını dəyərləndirdi. İctimai fəaliyyətilə, yaradıcılığı ilə, ailəsilə və özündən sonrakı nəslə də bu yolda irəliləməyə imkan yaratdı. O, keçdiyi sənət yolu haqqında deyirdi ki, rus dilində təhsil aldığı üçün Moskvaya getmək istəsə də, valideynləri icazə verməyib: “Orada Kinematoqrafiya institutuna daxil olmaq istəyirdim, icazə vermədilər. 5-10-cu sinfə qədər məni heç bir dərnəyə qoymadılar, amma televiziya və radioda "Bənövşə" uşaq xoru açılmışdı. 1958-59-cu illər idi, 5 il getdim oxudum, solist oldum. Sonra bu, mənə teatrda kömək oldu. Teatrda 15-ə yaxın mahnı oxudum”. 1964-cü ildə tələbə bir qızın ilk dəfə səhnəyə çıxması və geniş auditoriya tərəfidən qəbul edilməsi bir təsadüf deyil, əksinə alın yazısı, qismət idi, ilk uğurlu sənət addımları idi. Amaliya xanım deyirdi ki, 18  yaşımda məşhurlaşıb: “Bir gecədə bütün Azərbaycan məni tanıdı. Amma heç vaxt şöhrətimdən istifadə etmədim. Sənətdə gərək qısqanclıq olsun. Hər zaman arzulamışam ki, səhnədə tərəf müqabilim məndən güclü olsun. Onda çalışıram ki, ondan da yaxşı olum, beləcə sənət yaranır. Rəqabət sağlam olmalıdır”. A.Pənahova Azərbaycan səhnəsinə yeni nəfəs gətirdi, oynadığı obrazların daxili psixoloji dünyasını aşkara çıxararaq, onu tamaşaçılar üçün daha da aydın etdi. Onun oynadığı obrazlar - (Nərmin ("Unuda bilmirəm"), Nargilə ("Sən həmişə mənimləsən"), Şahnaz ("Mahnı dağlarda qaldı"), Nurcahan ("Mənim günahım"), Təhminə ("Təhminə və Zaur") və b.) yaratdığı qadın personajları faciə və komediyanın vəhdətində formalaşır, bir yenilikçi kimi dünyaya müraciət edir. Ən önəmlisi isə Amaliya xanımın qadın personajları öz məğrurluğu ilə seçilir və hər birinin cəmiyyətdə öz mövqeyi var. Aktrisa öz dövründə sənət nöqteyi-nəzəzrindən səs-küy yaradan "Təhminə və Zaur" tamaşası ilə danışarkən demişdir ki, tamaşada baş rolları Fuad Poladovla mən ifa edirdim və biz o yüksək sevgi səhnələrini çox estetik şəkildə canlandırmışdıq, bununla heç kəsin duyğularını qıcıqlandırmamışdıq. Hər dövrün tamaşaçısının öz zövqü, öz dünyagörüşü var. Sənətə gəldiyi gündən ömrünün sonunanadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmış, Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi xarakterik, ziddiyyətli obrazlara imza atmış aktrisa, eyni zamanda bacarıqlı rejissor kimi də özünü sınamış, 43 illik sənət fəaliyyəti dövründə bir çox  televiziya və teatr tamaşasına quruluş vermişdir. Həmin tamaşaların (İlyas Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s.) çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Teatrla bərabər, eyni vaxtda kinoda da müxtəlif xarakterləri canlandıran maliya Pənahova 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb. “Qərib cinlər diyarında”, “Babək”, “Həyat bizi sınayır”. “Xatirələr sahili”, “Səmt küləyi”. “Mezozoy əhvalatı”, “Gözlə məni, “Mən mahnı bəstələyirəm və s. lirik-psixoloji ekran personajları yaradıb. Bundan başqa, aktrisanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazlar da məhz onun səsi ilə tamaşaçı auditoriyasında maraq yaradıb. Amaliya xanım aktrisa kimi səhnədə nə qədər çox çılğın, ehtiraslı, yeri gələndə təmkinli və fədakar idisə, pedaqoq kimi sənətin sirlərini öyrətməyin təbliğatçısı idi. Dublyajda obrazın səsinə nə qədər çox rəng qatırdısa, rejissor kimi müraciət etdiyi əsərlərə olan baxışında bir o qədər təbii idi. Çünki hər bir hekayənin arxasında insan taleyi olduğuna inanırdı və ona da inanırdı ki, bütün hekayələr bir-birinə oxşar olduğu qədər də, bir o qədər də müxtəlif dünyagörüşünə malikdirlər. 1992- ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş və dərs dediyi tələbələrin əksəriyyətin Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərmək üçün geniş şərait yaratmışdır. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili,  Sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub. Millət vəkili kimi sadəcə sənət təbliğatı deyil, eyni zamanda vətənpərvərlik, millətçilik ruhunda olan çıxışlarıyla da həmkarlarından daima seçilib. O, bir sənət günəşi idi, sənət üçün yaranmış, sənət üçün doğulmuş bir insan taleyini yaşadı, onlarla obrazları tarixin yaddaşına həkk etdi, özündən sonra bir iz qoydu və davamçıları hazırda həmin izlə addımlayır…xeber100.com                      

İyun 30, 2022 1:53

Yusif Muxtarov – 80

Azərbaycan Radiosunun diktoru, Xalq artisti Yusif Muxtarovun 80 illik yubileyidir. İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində  ustad rejissor Adil İsgəndərovdan dərs alan, onun kursunda yaradıcılıq məktəbi keçən Y.Muxtarov tələbəlik illərindən başlayaraq Tədris Teatrının səhnəsində ilk səhnə həyəcanını yaşayır. Teatrın səhnəsində oynadığı M.Lermontovun "İki qardaş"ında Aleksandr, Nazim Hikmətin "Qəribə adam" tamaşasında Əbdülrəhman, "Bayramın ilk günü"də isə Şadi rollarında uğurla çıxışı və fərqli obrazları canlandırmaq qabiliyyəti onun aktyorluq istedadını daha inkişaf etdirərək peşəkarlıq istiqamətində yol almasına şərait yaradır. Hətta teatrdakı ifası ilə yanaşı bir çox televiziya tamaşalarında da - S.Vurğunun "Vaqif", S.Rəhmanın "Xoşbəxtlər", Ç.Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim", İ. Əfəndiyevin "On iki manatlıq lüstr", "Söyüdlü arx", M. Bayciyevin "Duel" və s.  uğurlu çıxışları olub. Xarici görünüş baxımından səhnəyə çox yaraşan, nitq mədəniyyəti, istedadı ilə səhnə tələblərinə cavab verən Y.Muxtarovun sonralar üstünlüyü radio diktorluğuna verərək ömrünü radioya həsr etməsi çoxlarını təəccübləndirmişdi. Radio diktorluğuna olan meyli, sevgisi onun radioda 30 il aparıcı diktor kimi fəaliyyət göstərməsinə şərait yaratdı. Və 30 il ərzində onun səsində lentə alınan 300-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daхil olub. Yusif Muxtarov həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi.  O, bir sənətkar kimi xüsusuilə qeyd edirdi ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya  qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları  təqdimatda əsas götürülməlidir. Yeri gəlmişkən, Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili Y.Muxtarov səsində təqdim olunur. Yusif Muxtarovun fəaliyyəti Tədris Teatrından başlayaraq, radioda davam etdi, ancaq sadəcə bununla məhdudlaşmadı. Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə - rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi "Baladadaşın ilk məhəbbəti" filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin "İntihar edənin qeydləri" povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi "Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayıb. Hər üç filmdə bir-birindən fərqli xarakter yaradan Yusif Muxtarovun kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olub. Belə ki, Yusif Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olam Y.Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Onu tanıyanlar deyirlər ki, Yusif Muxtarov böyük məsuliyyət hissilə  peşəsinin sirrini yaşlı nəslin nümayəndələrindən diqqətlə öyrəndiyi kimi, öyrəndiklərini də eyni həvəslə gənclərə öyrətməyin peşəkarı idi. O, geniş səs diapozonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi. "Efir adamı” idi, hətta harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı. Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətlədirirdi. Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi. Bu baxımdan da həyatını həsr etdiyi radioda, teatr və kinoda üzərinə düşən vəzifələri böyük sevgi və yüksək peşəkarlıqla yerinə yetirirdi. 1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyası və dəstəyilə Azərbaycanın görkəmli teatr və kino xadimləri Amaliya Pənahova və Yusix Muxtarov tərəfindən Bakı Bələdiyyə Teatrı yaradıldı. Hər iki sənətkarın Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsində əvəzsiz xidmətlər göstərib. Bərabər bir çox layihələrə imza atdılar, teatrın inkişafında böyük rol oynadılar. Görüləcək işlər çox idi, ömür vəfa etsəydi, teatrın fəaliyyətində daha çox layihələrə imza atılacaqdı...Yaxşı ki, davamçılar var və teatrın yarandığı gündən qoyulan qayda-qanun olduğu kimi davam edir. Hər iki sənətkar Bakı Bələdiyyə Teatrında, teatr isə onların adıyla yaşayır, inkişaf edir, hazırlanan bütün tamaşalar onların istədiyi kimi səhnə həyatını yaşayır, peşəkarlıq qorunur... Yusif Muxtarovun 80 illiyinə həsr etdiyimiz bu portert - məqalədə onun yaradıcılığının sadəcə kiçik bir qismindən bəhs etməklə görkəmli teatr və kino xadimini yad edirik!                                

Dekabr 30, 2021 11:31

AZƏRBAYCAN XALQININ MİLLİ OYANIŞ DÖVRÜ

Azərbaycanda Novruz bayramı ölkə səviyyəsində və təmtəraqlı şəkildə ilk dəfə 1967-ci ildə keçirilib. Dövrün qadağalarına baxmayaraq Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasında yazıçı-dramaturq, Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Şıxəli Qurbanovun rolu danılmazadır. Ədəbiyyat və İncəsənət arxivini direktoru Maarif Teymur xatirələrində yazır ki, həmin gün iri bir tonqal qalanmışdı. Bahar qız - aktrisa Səfurə İbrahimova bu obrazı çox gözəl canlandırmışdı. Aktyorlar Fərəc Nağıyev və Əliimran Dəmirov Şirvanski Kosa və Keçəl obrazlarında maraqlı ifa nümayiş etdirmişdilər. Xatırladaq ki, F.Nağıyev və Ə.Dəmirov uzun illər Xalq teatrında aktyor və rejissor kimi çalışıblar. S.İbrahimovanın isə uğurlu kino həyatı məhz Bahar qız obrazını canlandırdıqdan sonra başlayıb. 1967-ci il martın 20-də başlayan Novruz tədbiri və insanların heç gözləmədikləri halda belə bir milli bayramın keçirilməsində iştirakı və s. bəlkə də davam edə bilərdi. Təəssüf ki, növbəti ildə -  1968-ci ildə buna imkan verilməyib. Novruz bayramı ilə bağlı geniş tədbirlərin keçirilməsinə qadağa qoymaq, hələ hər şey demək deyildi. Xalqın milli ruhu oyanmışdı, düşüncə tərzi başqa söz deyirdi. Necə ola bilər ki, bir xalqın mənsub olduğu adət-ənənə qadağalara məruz qalır?! Qeyd etdiyimiz kimi, 1968-ci ildə Novruz tədbiri keçirilməsə də, qələm əhli artıq Novruzdan yazmağa başlamışdı. Və ilk dəfə bu cəsarətli addımı yazıçı, ssenarist İsmayıl Şıxlı nümayiş etdirib. İ.Şıxlı əsəri 1957-ci ildə, "Ayrılan yollar" əsərinin nəşr olunmasının ardından qələmə almağa başlamış, 1967-ci ildə tamamlamışdır. Əsərdə Azərbaycan xalqının milli oyanış dövrü və ailə-məişət məsələləri də geniş təsvir olunur. 1969-cu ildə yazıçı İsmayıl Şıxlının  eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadə “Dəli Kür” filmini çəkir. 1970-ci ildə film ekranlara çıxarılır və Moskvada senzura ilə qarşılaşır. Bir çox kadrların çıxarışı ilə nəticələnən filmin taleyi ağır olur. Yeri gəlmişkən, İsmayıl Şıxlı sadəcə əsərin deyil, eyni zamanda filmin ssenari müəllifi kimi “Dəli Kür” filmində, yəqin ki, Azərbaycan kino tarixində ilk dəfə olaraq Novruz bayramının təsvirini yaradır, filmin bir neçə epizodunda bayram adət-ənənəsini göstərir. Hətta bütün bunları edərkən icazə almağa ehtiyac belə hiss etmir. “Dəli Kür” fimindəki Novruz səhnəsi Şamaxının Dədəgünəş kəndində lentə alınıb. Bu filmdə milli ruhlu yaradıcı insanların bir araya gəlməsi - İsmayıl Şıxlının təkidlə əsərdə Novruzdan bəhs etməsi, Hüseyn Seyidzadənin eyni inadkarlıqla filmdə həmin epizodların çəkilməsi uğrunda mübarizə aparması, həmin illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərovun filmin çəkilişinə geniş şərait yaratması və beləliklə də Azərbaycan kinosu tarixində ilk dəfə Novruz bayramının “Dəli Kür” filmində canlandırılması dövrə qarşı bir etiraz idi. Filmdə ikinci dərəcəli rol oynayan, buna baxmayaraq at üstündə olan tryuklarda özü çəkilən Muxtar Avşarov bütün çəkiliş prosesindən xəbərdar olub, hətta təzyiqlərin belə şahidi olub. Mərhum xatirələrində bu barədə deyib: “Sovetlər Birliyinin tərkibində yaşayan bir respublikanın öz milli bayramını təmtəraqlı şəkildə qeyd etməsi ağla sığan bir şey deyil. Ancaq Hüseyn Seyidzadə tam cəsarətlə öz filmində- “Dəli Kür”də Azərbaycan xalqının milli bayramı Novruzu çox gözəl bir təmtəraqla çəkərək təqdim etdi. Bir anlıq filmdə rus ziyalısının yumurta döyüşünü xatırlayın. Necə də maraqlı alınıb. Sonralar həmin səhnəni tənqid edənlər çox oldu. Ancaq əsas olan o idi ki, Hüseyn Seyidzadə milli bayramın bütün gözəlliklərini təsvir edə bilmişdi. Doğrudur, Moskvanın diktəsilə filmin dəyərli iki epizodu qəbul olunmadı, ancaq Seyidzadə kimi rejissoru öz əqidəsindən döndərə bilmədilər. Əksinə o, filmə dəvət olunmuş rus aktyorları öz rejissor qanunlarına tabe edərək, onlara yumurta döyüşdürməklə Azərbaycan xalqının milli ruha, milli adət-ənənəyə sadiq qaldığını bir daha sübut etdi”. Filmdə faytonçu Məmmədəlinin(aktyor İsmayıl Osmanlı) bayram haqqında fikirlərinə diqqət edək: Məmmədəli ilə Çernyayevskinin Novruz bayramı barədə söhbəti. Qonaq deyir ki, “niyə belə tələsirsən?”. Məmmədəli cavab verir ki, “bizdə bayram axşamında adət belədir ki, gərək hamı evdə olsun”. Bir kəlimə ilə bayramın necə müqəddəs olduğu göstərilir. Qeyd edək ki, fimdəki Novruz bayramı ilə bağlı kadrlar – şagirdlərin müəllimlərinə bayram payı gətirməsi, rus müəllimlə yumurta döyüşdürmə, kənd uşaqlarının “Dirədöymə” oynamaları, bacadan şal atmaları və s. sənət nöqteyi-nəzərindən təsirli olduğu qədər də maraqlı alınıb. 1970-ci ildə Azərbaycan kinosu ikinci dəfə Novruz bayramına “Yeddi oğul istərəm” filmində müraciət edir. Xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri, Yusif Səmədoğlunun ssenarisi əsasında çəkilən filmə dövrün görkəmli rejissoru Tofiq Tağızadə quruluş verir. Filmdə Novruz bayramının təsviri maraq doğurur. Kənd camaatı Novruz bayramını qeyd edir, Kosa və Keçəlin müşayiəti şənlik başlayır. Musiqi sədaları altında bayram əhval-ruhiyyəsi başlayır. Hələ Şahsuvarın(Rafiq Əzimov) əlində səməni epizoda daxil olması milli bayrama aid olan nümunələri göstərir. 1980-ci ildə “Azərbaycanfilm” kinostudiyasında “Qızıl uçurum” filmi lentə alınır. İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkilən filmə rejissor Fikrət Əliyev quruluş verir. Bu filmdə də Novruzla bağlı epizod təsvir olunub. Xatırladaq ki, Fikrət Əliyev də milli ruhlu rejissorlardan bir olub və filmlərində milli adət-ənənələrə geniş yer verib. Rejissor xatirələrində yazır: “Filmi çəkən rejissorun əqidəsi, mənəviyyatı və daxili dünyası necədirsə, bu onun filmlərində mütləq özünü büruzə verməlidir. Bəlkə də bu səbəbdən çəkdiyim filmlərdə Novruz və digər adətlərimiz öz əksini tapıb”. 1989-cu ildə Sabir Məmmədovun ssenarisi əsasında rejissor Rafiq Yüzbaşov “Novruzun çələngi” adlı sənədli film çəkir. Filmdə yenidənqurma dövründə - 1989-cu ildə Azərbaycanda Novruzla əlaqədar keçirilən ümumxalq şənlikləri lentə alınıb. 1989-cu ildə Alla Axundovanın şeirlərinin motivləri əsasında çəkilən qısametrajlı cizgi filminə rejissor Ağanağı Axundov quruluş verir. Cizgi filmində Azərbaycan xalqının ən əziz bahar bayramı günlərində şən və hiyləgər Keçəllə xəsis Kosanın başına gələn məzəli əhvalatlardan poetik və əyləncəli şəkildə söhbət açılır. 1995-ci ildə Vüqar Tapdıqlı və Sadıq Elcanlının ssenarisi əsasında rejissor Rəhim Sadılqbəyli “Novruz” sənədli filmini çəkir. Rejissor filmin süjetini 4 xətt üzrə bölür ki, bu xətlər də qeyd olunan çərşənbə axşamları ilə bağlıdır: Su, külək, torpaq, od çərşənbələri. Xatırladaq ki, film müşahidə xarakteri daşıdığına görə Novruz bayramıyla bağlı olan hazırlıqlar Azərbaycanın ayrı-ayrı bölgələrində lentə alınıb. Və hər bölgədə bayram qabağı xüsusi tədbirlər görülməsi, milli adət-ənənələrin həyata keçirilməsi filmdə öz əksini tapıb. Maraqlı məqamlardan biri də odur ki, bəlkə də ilk dəfə bu filmdə baharın gəlişi, bahar qızının simasında yox, ağ atın üstündə ağ libasda olan oğlan görkəmində verib. Filmin sonunda isə bahar ab-havası Bakıya, İçərişəhərə gəlib çatır, burada bayram tədbirləri keçirilir, milli rəqslər oynanılır və hər evdə bayram süfrələri, xonçaları düzülür. Bu məqalədə Novruz bayramına Azərbaycan kinosunda olan münasibət, müraciət və əlbəttə ki, əsasən SSRi dövründə olan münasibəti diqqətinizə çatdırdıq. O dövrün insanları həyatları bahasına Novruz  bayramından bəhs ediblər, milli bayramın məhv olunmasına qarşı çıxıblar. Çox təəssüflər olsun ki, müstəqil Azərbaycanın kinosunda Novruz milli bayramını çəkmək üçün geniş imkanlar olsa da, nədənsə buna dövlət səviyyəsində diqqət ayrılmadı...  

Mart 20, 2021 7:42

Türk inqilabi poeziyasının banisi – Nazim Hikmət

Türk millətinin böyük şairi, türk inqilabi poeziyasının banisi Nazim Hikmətin anım günüdür. Azərbaycan xalqının, ədəbiyyatının, kinosunun  yaxın dostu olan şairi anım günündə yada salaraq, onun keçdiyi həyat yolunun sadəcə olaraq Azərbaycanla, əsasən də kinomuzla olan bəzi məqamlarından bəhs edəcəyik. N.Hikmət dəfələrlə paytaxt Bakıda olub, şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olub, onlarla yaradıcılıq əlaqəsi saxlayıb. Ölkəmizə həsr olunan şeirləri, ölkə mədəniyyətinə dair məqalə və xatirələri çoxluq təşkil edir. O da təsadüfi deyil ki, şairin əsərləri Azərbaycanda dəfələrlə nəşr olunub, Bəstəkar Arif Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazıb, digər bəstəkarlarımız şerlərinə romanslar bəstələyib, R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkib, M.Rzayeva şairin büstünü yaradıb və bu proses illər keçsə də davam edir. Süleyman Rüstəmin xatirələrində yaxın dost olduğu Nazim Hikmətin Bakıya ilk gəlişindən bəhs edib: “Vaxtilə katibi olduğum “Maarif və mədəniyyət” jurnalına şeirlər göndərirdi. Onunla məktublaşırdıq. Onu Bakıya dəvət etdim. 1927-ci ilin yayında ilk dəfə Bakıya gəlib, xalqımızın sosializm quruculuğu sahəsində əldə etdiyi müvəffəqiyyətlərin canlı şahidi olub”. Aqşin Babayev( Nazim Hikmətin Bakı ilə bağlılığına dair araşdırmaların müəllifi) onun bir çox xatirələrini qələmə alıb: ”Nazim Hikmət Bakı ilə bağlı xatirələrinin birində deyirdi ki, “Məşədi İbad”ı, o ölməz əsəri, sonra Səid Rüstəmovla Süleyman Rüstəmin “Durna”sını gördüm. Rejissor Şəmsi Bədəlbəyliyə, aktyor Lütfəli Abdullayev, aktrisa Nəsibə Zeynalovaya pərəstiş edənlərin içində indi mən də varam”. Anar (Xalq yazıçısı)- Şair haqqında xatirələrini “Nazim Hikmət. Kərəm kimi” kitabında toplayıb və bildirir ki, onu ilk dəfə 1957-ci ildə Bakıda universitetdə oxuduğu illərdə görüb: “1957-ci ildən sonra Nazim Hikmət Bakıya hər gəlişində bizim evdə qonaq olurdu. Bizim Moskvaya səfərimizdə isə ya Nazim Hikmətin Moskvadakı evində, ya da bağ evində görüşmüşdük. Onunla bir neçə dəfə də telefonla danışmışıq. Son danışığımız isə onun ölümündən bir neçə gün öncə oldu. Nazim Hikmət Bakını İzmirə oxşatdığına görə çox sevirdi, Xəzər dənizinə şeirlər yazırdı. O deyirdi ki, “Azərbaycan mədəniyyətinə bağlıyam. Bu bağlılıq yalnız Sovet Azərbaycan mədəniyyətinə deyil, çevrilişdən əvvəlki Azərbaycan mədəniyyətinə aiddir. Məsələn, Dədə Qorqud bir Azərbaycan yazıçısı üçün böyük abidədir, mənim üçün də! Koroğlu həm Azərbaycan xalqının qəhramanıdır, həm mənim. Sabir Azərbaycan ədəbiyyatının ilk realist, xalqçı satirik şairi, heyran olduğum ustaddır. Üzeyir Hacıbəyovun musiqisi öz musiqimiz qədər mənə yaxındır”. O, bizə belə qiymət verirdi”. Əjdər İbrahimov: (kinorejissor)  N.Hikmətin ssenarisi, eyni zamanda “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında “Bir məhəlləli iki oğlan”, “Məhəbbətim mənim, kədərim mənim” kimi ekran əsərləri yaranıb. Rejissor Əjdər İbrahimov hələ Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil aldığı zaman, Sergey Yutkeviç və Mixail Romm kimi məşhur Sovet sənətkarlarından sənətin sirlərini öyrəndiyi zaman kurs işində Nazım Hikmət haqqında sənədli film çəkib. Əslində 1952-ci ildə təhsilini bitirən rejissorun kurs işində Nazim Hikmət yaradıcılığına müraciət etməsi heç də təsadüfi olmayıb. Çünki əqidəsi uğrunda illər boyu həbsxana həyatı yaşamağa məhkum olan şairin əlbəttə ki, kommunist olması onun keçmiş Sovet İttifaqında daha çox sevdirirdi. Və belə bir vaxtda Azərbaycandan olan gəncin Nazim Hikmət haqqında film çəkmək fikrinə düşməsi rəsmi dairələrdə yüksək rəğbətlə qarşılanıb. Rejissor xatirələrində deyib ki, filmin çəkilişi zamanı xeyli çətinliklərlə üzləşmişdi, hətta çəkiliş üçün şairin normal portreti belə omayıb. Türk qəzet və jurnallarında çıxan əsərləri ilə tanışlıq üçün Beriyanın idarəsinin razılığı tələb olunurmuş. Hətta mühacir türk kommunistləri də ona kömək edə bilməyiblər. Sonda bütün maneələri dəf edən rejissor diplom rəhbəri - Mixail Rommun belə yüksək qiymətini alıb. Yeri gəlmişkən, İkinci Dünya müharibəsinin iştirakçısı olan rejissor müharibə vaxtı şahidi olduğu bəzi epizodları həmin ekran işində canlandırıb. Müharibədə şahidi olduğu mənzərə: Döyüşlərin Almaniya ərazisində getdiyi zaman almanlardan birinin evinə girən gənz əsgər, divarda Hitlerin böyük portretini görüncə süngü ilə onu dəlmə-deşik edib ki, bu zaman fürerin portretinin altından Stalinin əzəmətli görünüşü olan portreti çıxıb.Gənc əsgər yalnız bu zaman alman antifaşistinin evində olmasının fərqinə varıb. Zirzəmidən çıxan ev sakinləri də Sovet hərbçisinin yanılmadığını, həqiqətən də gizli antifaşist təşkilatının üzvü olduqlarını bildiriblər və dediklərinin doğruluğunu əlavə dəlil-sübutlarla isbata yetiriblər. Filmdəki epizodda: Ə.İbrahimov həmin epizoddan şair haqqında çəkdiyi sənədli filmdə istifadə edib. Belə ki, Nazim Hikmət kamerada, başının üstündən anasının balaca portretini asıb. Həbsxana nəzarətçiləri koridorda gəzişəndə də bəzən portreti əlinə götürüb məhəbbət və sədaqət dolu nəzərlərlə baxır. Amma baxdığı Cəlilə xanım deyil. Onun şəklini çərçivədən üzü yuxarı sürüşdürəndə altdan Stalinin portreti çıxır. Şairin məhəbbət dolu nəzərlərlə baxdığı da doğma anası deyil, “ellər atasıdır”. Rejissorun belə bir tapıntısı Stalin rejimində yaşayan Sovetlər  ölkəsini yaxşı mənada təsirləndirib. Nazim Hikmətin Srtalin sevgisi nə qədər güclü, səmimi olubsa(bu sevgi SSRİ-yə gəldikdən sonra sarsılıb ki, bu da başqa bir mövzudur), eləcə də Əjdər İbrahimov da bütün səmimiyyətilə həmin hissləri sənədli filmdə canlandırıb. “Azərbaycanfilm” kinostudiyası: Bir neçə dəfə Nazim Hikmət əsərlərinə müraciət edib, hətta onun ssenarisi haqqında film də çəkilib. N.Hikmətin(A.Beqiçeva ilə birlikdə) ssenarisi əsasında Əjdər İbrahimovun(İlya Qurinlə birgə) quruluş verdiyi "Bir məhəllədən iki nəfər"(1957) filmində şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs olunur. Filmdə dəqiq ünvan göstərilməsə də,  xalqı üçün sülh, milli istiqlaliyyət uğrunda mübarizə aparan və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqqındadır. 1958-ci ildə Moskvada keçirilən ümumittifaq kinofestivalının diplomuna layiq görülən filmin operatorları Rasim Ocaqov və Marqarita Pilixina idi. Dahi Azərbaycan bəstəkarı Qara Qarayev bu filmə yazdığı gözəl musiqiyə görə mükafat alıb. Bir neçə il sonra ədibin avtobioqrafik “Romantika” romanı əsasında “Yaşamaq gözəldir, qardaşım” (1966) filmi çəkilib. 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərin həyatından bəhs edən filmin rejissoru Ramiz Əsgərov (Antonis Voyazos ilə birgə), operatoru Rasim İsmayılovdu. Bundan başqa, şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında 1978-ci ildə SSRİ və Türkiyənin birgə istehsalı olaraq çəkilən "Məhəbbətim mənim, kədərim mənim" filmi də kinosevərlər üçün böyük maraq doğurub. Filmin mövzusuna əsasən Şərq hökmdar qadını Məhinbanu bacısı Şirini ölümcül xəstəlikdən xilas etmək üçün öz gözəlliyini qurban verir. Həmin məqamda Şirin rəssam Fərhadla rastlaşır. Onlar bir-birini sevməyə başlayırlar. Lakin Məhinbanu hər ikisini çox sevdiyi üçün onları ayırır. Xatırladaq ki, filmdə əsas obraz olan Məhinbanunu Türkiyəli aktrisa Türkan Şoray oynayır. Aydın Dadaşov (kinoşünas) xatirələrindən birində yazır ki, 1951-ci ildən ömrünün sonunadək SSRİ-də yaşamaq zorunda qalan Nazim Hikmətin (1902-1963 bu dövrdə "Türkiyədə" (1952), "Qəribə adam" (1955), "İvan İvanoviç vardımı, yoxdumu" (1956) pyesləri tamaşaya qoyulduqdan sonra ilk ekran əsəri «Bir məhəlləli iki oğlan” filmi oldu: “1952-ci ildə bitirən Əjdər İbrahimovun Nazim Hikmət haqqındakı “Sülh mübarizi” adlı diplom işini bəyənən komissiya sədri Dovjenkonun Mosfilmdə çalışmaq təklifi qəbul edilmədi. Bir müddət doğulduğu Türkmənistanda ”Firuzə” adlı kinooçerk və “Xəzərin şərqində” mənzərə filmini çəkən Əjdər İbrahimovun ekran yaradıcılığı birgə oxuduğu İlya Qurinlə birgə quruluş verdiyi, Bakı və Maksim Qorki adına kinostudiyalarının  birgə istehsalı olan “Bir məhəlləli iki oğlan” filmindən başladı. Filmdə ölkənin adı çəkilməsə də, bəlli Türkiyə mühitini göstərən “Cənnətin qapısı” adlı kasıb, bərbad kənddən keçən qatarın pişvazına çıxan yoxsul, yarıçılpaq uşaqların rahat vaqondakı hərbi yardım komissiyasının üzvlərinin atdıqları şirniyyatı havada tutmaları, sərnişinlərdən Gülsümün (K.Sokolovskaya), nurani simalı usta Əlinin (Fateh Fətullayev), əri həbsxanada olan Həlimənin (Tamara Kokova), onun kiçik oğlunun təqdimatı ilə havada süzən qırıcı təyyarələrin montajı problemi bəyan edir”. Böyük şairi anım günündə yad etməklə, haqqında olan xatirələri dinləməklə sanki təsəlli tapırıq və türk milləti olaraq qürur duyuruq ki, belə bir şairimiz var. O şair ki,  bütün yaradıcılığı ilə hər dövrün nəbzini tutmağı bacardı, hər nəslə deyəcək sözü oldu...          

İyun 4, 2020 1:47

Rəsul Rza – 110

19 may Azərbaycanın xalq şairi, dramaturq, tərcüməçi, publisist, Rəsul Rzanın 110 yaşı tamam olur. İlk dəfə 17 yaşında "Bu gün" adlı ilk şeiri ilə ədəbiyyata gələn Rəsul Rza yaradıcılığı daima öz müasirliyini qoruyan, hər gələn nəslə yeni fikirlər aşılayan, gəncliyi poeziyanın ardınca aparma gücündə olan yaradıcılardan biri olub. O, dünən də oxunub, bu gün də oxunur və sabah da oxunacaq. Bəlkə də ona görə ki, ilk şeri ilə məhz bu günün, yəni hər dövrün nəbzini titmağa bacaracağına əmin olub və poeziyada müasir ruhu əsas götürüb. Zəngin və keşməkeşli həyat yolu keçmiş Rəsul Rza şeriyyətin içində bütünü yaradıcı gücü birləşdirib və yaradıcı proseslərə olan hərtərəfli marağı, məlumatı onu hər zaman diqqətdə saxlayıb. Əslində diqqətdə olan onun düşüncə tərzi, hadisələrə olan baxışı və açılan sabahların nələr gətirəcəyini bilməsində idi. Bu sadəcə onun geniş dünyagörüşlü olmasından irəli gəlmirdi, eyni zamanda öz üzərində çalışmaqla, bilgilərini artırmaqla və ən önəmlisi bu günkü yeri ilə kifayətlənməməsi idi. Qısa tanıtımla onun fəaliyyətini bir daha yada salmaq istərdik.Tbilisidə Zaqafqaziya Kommunist universitetinin kooperasiya şöbəsində(1926-1927), Azərbaycan Elmi Tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda(1934-1937) təhsil alan şair, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938) rəisi çalışdığı illərdə  sübut etdi ki, poeziya eyni zamanda kino deməkdir, musiqi deməkdi, rəssamlıq deməkdi. Azərbaycan Dövlət Filarmoniyasının müdiri, Yazıçıları İttifaqının sədri olduğu vaxtlar da demək olar ki, eyni dövrə təsadüf etdi. Kino vasitəsilə bütün bu sahələri sanki birləşdirirdi. Sonralar Bakı kinostudiyasının müdir(1942-1944), Kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949) də oldu. Ancaq bu hələ hər şey demək deyildi. 1941-1945-ci illərdə hərbi müxbir kimi XX əsr yaradıcılarının qələm gücündə mütləq müharibə mövzusu və ya elə müharibə əzmi olub. Bir var sadəcə olaraq müharibəyə eşitdiklərin, gördüklərin əsasında yanaşasan, bir də var ki, müharibənin canlı şahidi olasan. R.Rza 1941-ci ildə Böyük Vətən müharibəsinə könüllü olaraq gedib və “Krım cəbhəsi” qəzetinin redaksiyasında həqiqi hərbi xidmət yolu keçib. Onun Böyük Vətən Müharibəsi dövründə hərbi müxbir kimi fəaliyyət göstərməsi, düşmənə olan nifrəti xalqın dili ilə təqdim etməsi, savaş əzmini, qələbə gününü tezləşdirmək üçün arxa cəbhənin ön xəttə köməyini tərənnüm edən nəzm nümunələri("Vətən" -1942, "İntiqam, intiqam!"-1943) yazması onun savaşçı ruhunu daha da gücləndirib. Müharibənin getdiyi bir vaxtda hadisələrə belə cəsarətlə qiymət vermək o qədər də asan deyildi. Ancaq o Rəsul Rza idi, o gördüklərini deməli idi, çünki onun səsi xalqın səsi idi. Xalq qəhrəmanları məhz belə bir şəraitdə doğulur, yetişir. Şairin müharibənin içində çap etdirdiyi antifaşist şeir, publisist məqalə, oçerk və hekayələr dövrüylə səsləşirdi, çünki aktual idi. Onun cəbhədə olduğuna, ordu qəzeti redaksiyalarında işlədiyinə, əsgər qəzetinin növbəti nömrəsinə material gətirmək üçün atəş yağmuru altında birbaşa ön xəttə, səngərlərə getdiyinə dair cəbhə mətbuatında, Bakıda və Moskvada çap olunmuş məqalələrdə, arxiv sənədlərində maraqlı faktlar, məlumatlar var. Akademik Bəkir Nəbiyev “Ədəbiyyat” qəzetinin 14 may 2010-cu ildəki nömrəsində işıq üzü görən məqaləsində yazır: “Krım cəbhəsində onun çalışdığı "Qələbəyə doğru irəli!" qəzeti redaksiyasının yerləşdiyi bina, ətrafındakı başqa hərbi obyektlərlə yanaşı, hər gün bir neçə dəfə faşist təyyarələrinin hücumuna məruz qalırdı. Məhz belə şəraitdə cəbhəçi şairin "Vətən", "İntiqam! İntiqam!", "Azərbaycanlı döyüşçülərə", "Dörd yüz on altı", "Bəxtiyar" kimi yaşarı şeirləri, odlu-alovlu məqalələri, oçerk və hekayələri, uzun müddət səhnələrdən düşməyən "Vəfa" pyesi, habelə "Leytenant Bayramın gündəliyi" kimi publisist əsərləri yaranır, adamlarımızı intiqama çağırırdı. Qələbədən uzun illər sonra yazıb adını o üzücü davanın davam etdiyi günlərin sayı ilə "1418" deyə möhürlədiyi sanballı poemasının əsas məqamlarını da şair elə bu zaman, bilavasitə cəbhədə dəhşətli bomba, mərmi partlayışları, çovuyan güllələr, saçmalar altında görüb-yaşamış, düşünüb-daşınmışdı. Uğurla seçilmiş "Birinci gün", "Qızıl Meydanda parad", "Neva sahilində", "Buhenvald", "Dönüş", "Partizanlar", "Tarmar", "Reyxstaqın son günü", nəhayət, "Qələbə!" kimi səciyyəvi başlıqlar altında təsvir etdiyi epoxal hadisələr əsasında R.Rza öz ibrətamiz poetik salnaməsini yaratmışdı Zamanı qabaqlayan və ya "Şuşam mənim" şerinə  görə millətçi kimi damğalanan şair Zaman su kimi axıb gedir, insan ömrü də bu axının qarşısında öz acizliyini göstərir, bəzən isə bu acizlikdə bir cəsarət nümayiş olunur-Yaşamaq eşqi...Yaradıcı ömrü də belədir, həyata sarılır, həyatın nəbzini tutmağa çalışır. Bu gəlişi gözəl sözlər, əlbəttə ki, öz rahatına düşkün olanlar üçün nəzərdə tutulub. Rəsul Rza kimi yaradıcılar rahatlıq bilmədən həyatı sevənlər, xalqın həyatını düşünərək yaşayanlar, vətən torpağını qoruyanlar sırasındadır. Uzaqgörənliyi ilə hələ ötən əsrdə, SSRİ kimi bir imperiyanın mənfi xüsusiyyətlərinin Azərbaycan xalqı üçün necə acınacaqlı olduğuna, üzdəniraq qonşuların illərlə necə məkrli planlarla torpaqlarımıza göz dikməsinə, dilimizə, dinimizə qarşı çıxmasına və daha nələrə qarşı mübarizə aparması artıq tarixə çevrilib. 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində bütün Qafqazın məruz qaldığı faciələrin başlanğıc nöqtəsi hesab olunur. Şairin 1980-ci ildə yazdığı "Şuşam mənim" şeri ona çox baha başa gəlib, onu millətçi kimi damğalayıblar. Məntiqlə şair əvvəlki deyimlə desək, vahid sovet ailəsində Azərbaycanın ögey kimi əzilməsinə qarşı çıxıb. Əslində Rəsul Rza bütün xalqlara, millətlərə hörmətlə yanaşıb, bunu onun şerlərində də, tərcümələrində də görmək mümkündü. Ancaq “Şuşam mənim” şerinə görə ona millətçi damğası vurmaqla sanki “sən sovet ailəsində ayrıseçkilik salırsan” deməyə çalışıblar.  Bu məqamda məhz may ayında işal olunan, Qarabağın cənnətməkanı olan Şuşaya şairin gözü ilə baxaraq, onun qələmi ilə “Şuşam mənim” deməyin yeri var... …Könüllərdə neçə-neçə mahnıların zümzüməsi, sözü qalıb. Sənin doğma torpağında neçələrin gözü qalıb. Bəd əllərin kükrətdiyi alovlardan diri çıxdın, ey səməndər, həyat quşu! Sən beləsən, bu adla da qalacaqsan, Şuşam mənim! Mətanətlə, dəyanətlə, səxavətlə qoşam mənim! Yüz bir şəhər adı çəkim, Söylə, sənə tay olarmı? Vətən adlı doğma yurddan Püşk olarmı, pay olarmı? Ölümündən bir il əvvəl yazdığı bu şerlə hadisələri qabaqlayan və həmin hadisədən sonra 1988-ci ildə torpaqları işğal olunan Azərbaycan üçün bu kəlimələr sanki bir mesaj rolunu oynayıb... Azərbaycan ədəbiyyatında öz sözü, öz səsi, öz yeri olan yaradıcı R.Rza ədəbiyyatda öz sözü, öz səsi, öz yeri olan, yaradıcılıq siması və yazı manerası ilə fərqlənən şairlərdən biri olub. Poeziyasının ən qiymətli nümunələrində Rəsul Rza daima xalqla, xalqın tarixi, taleyi ilə sıx tellərlə bağlı olub. Onun yaradıcılığı, eyni zamanda ictimai fəaliyyəti sadəcə çoxqatlı, çoxsahəli deyil, həm də ensiklopedik mahiyyət daşıyır. R.Rza yaradıcılığının bir hissəsini onun publisistik əsərləri təşkil edir. Hətta onun tərcüməçilik fəaliyyəti də geniş əhatəli olub.N.Gəncəvinin "Xosrov və Şirin", Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, Nekrasovun "Rus elində kimin günü xoş keçir" poemasını, C.Bayron, A.S.Puşkin, M.Y.Lermontov, A.Blok, H.Heyne, Nazim Hikmət, F.Qarsia Lorka və b. əsərlərini ana dilimizə çevirən şairin eyni zamanda yazdığı əsərlər bir sıra xarici dillərə tərcümə olunub.Yaradıcılığında uşaqları da unutmayan, onlar üçün də yazan şairin “Balacaların şəkilli təbiət ensiklopediyası" seriyasından çap olunan kitabçalarında uşaqların maraq dünyasını əks etdirən şeirləri də yer alıb. Bundan başqa, şairin sözlərinə -T.Quliyev, R.Hacıyev, E.Sabitoğlu, Ə.Tağıyev və T.Hacıyev kimi unudulmaz bəstəkarların yazdıqları mahnılar ("Üzüyümün qaşı firuzədəndir", "Sənə də qalmaz", "İnsaf da yaxşı şeydir", "Bakı", "Gilavar", "Ay Gəncəm",  V.Adıgözəlovun şairin şerləri əsasında bəstələdiyi "Qəm karvanı" oratoriyası  və s.) daima böyük sevgiylə dinlənilir. Rəsul Rzanın milli kino məhəbbəti və ya kinematoqrafçıların xatirələri Onun haqqında müxtəlif fikirlər, yaradıcılığına fərqli baxışlar var. Əgər bəstakar Rəsul Rzanın yaradıcılığını musiqi səsi ilə qiymətləndiribsə, kinorejissor bunu kino vasitəsilə həyataikeçirib və ya rəssam rəsmlərin sehrində Rəsul Rzanı təsvir edir...  R.Rzanın kino yaradılığı bir başqa sevgi üzərində qurulub. O filmlərdə səslənən mahnılara şer yazmaqla yanaşı, kino komitələrinə rəhbərlik etdiyi dövrlərdə də önəmli sənət nümunələrinin yaranmasına geniş şərait yaradıb. Bu məqalədə onun haqqında olan xatirələr içində kino ilə olanları qısaldılmış formada təqdi edirik. İlk olaraq onunla daima filmlərdə əməkdaşlıq etmiş bəstəkar Tofiq Quliyevin fikirləri ilə başlayırıq. Bəstəkar Tofiq Quliyev:  “Deyirlər ki, istedadın gözəl keyfiyyətlərindən biri onun böyük və faydalı işə xidmət etməsi, onun cazibə qüvvəsi, başqaları üçün örnək ola bilməsidir. Mən xoşbəxtəm ki, dostum Rəsul Rzanın şair qəlbi, məğrur təbiəti məhz belə cazibəli və təsirlidir”. Rejissor Muxtar Dadaşov: “1944-cü ildə “Arşın mal alan” filminin çəkilişində R.Rza nəinki bir inzibati rəhbər, həmçinin filmin bədii rəhbəri kimi bizə yaxından köməklik göstərirdi. Filmin rejissoru R.Təhmasib həmişə deyərdi: “Rəsul məndən nə qədər cavan olsa da, ağılda, bilikdə, kollektivə rəhbərlik etməkdə çox püxtələşmiş şəxsiyyətdir”. Heç yadımdan çıxmaz, 1967-ci ildə Moskvada keçirilən Azərbaycan SSR mədəniyyət günlərinin birində nümayəndə heyəti “Mosfilm” kinostudiyasına dəvət olunmuşdu. Səhnəyə Q.Aleksandrov qalxdı: “Yaşıma və təcrübəmə görə çox rəhbərlər görmüşəm, çoxlarının rəhbərliyi altında da işləmişəm, amma kino sahəsində bacarıqlı, mükəmməl yaradıcı rəhbər məhz R.Rzanı tanıyıram. Çox xoşbəxtəm ki, 1943-cü ildə R.Rzanın rəhbərliyi altında Bakı kinostudiyasında işləmişəm”. Məlum olduğu kimi, mən kinoya operator kimi gəlmişəm. Bu gün istər bədii, istərsə də sənədli rejissorluğa keçməyimin səbəbkarı məhz R.Rzadır”.  Rüstəm İbrahimbəyov ( "Zerkalo" qəzeti, 27 may, 2000) “0 vaxt mən bir povest, bir-iki hekayə və povestimin əsasında "Bir cənub şəhərində" filminin ssenarisini yazmışdım. Lakin artıq ilk filmimin taleyi Azərbaycan KP MK Bürosunun iclasında həll edilmişdi. Altmışıncı illərin sonlarında belə müzakirənin nə ilə qurtara biləcəyini həmin illərdə yaşayanlar bilirlər. Filmə baxış zamanı qardaşım Maqsud MK-nın binasına girərək qaranlıqda mənə "Komsomolskaya pravda" qəzetinin nömrəsini verdi. Mən də qəzeti filmi dəstəkləyən MK-nın ideologiya üzrə katibi Cəfər Cəfərova verdim. "Komsomolskaya pravda"da filmi tərifləyirdilər və Moskva qəzetinin sıravi tənqidçisi K.Şerbakovun reyi respublika rəhbərliyinin verəcəyi amansız qərarı yumşaltdı. Məsuliyyəti ziyalıların boynuna yükləmək üçün belə bir "müdrik" qərar qəbul edildi: görkəmli incəsənət, mədəniyyət, elm xadimlərini Dövlət Kinematoqrafıya Komitəsinə toplayıb filmi orada tənqid atəşinə tutmaq qərarına gəldilər ki, orada əl-qollarını yaxşıca aça bilsinlər. Rəsul Rzanın səyiylə gözlənilməz bir vəziyyət yarandı. Onun çıxışı müzakirənin istiqamətini müəyyən etdi və çoxlarına adətən belə vaxtlarda oyanan özünüqoruma instinktini boğmağa kömək etdi. Artıq ilk ifadələrdən aydın oldu ki, Rəsul Rza respublika rəhbərliyinin heç də xoşuna gəlməyən mübahisəli film çəkmiş gənc adamları müdafiə etməyi özü üçün vacib saymışdı.Filmi bütövlükdə tərifləyən Rəsul Rza onun müəlliflərini düşdüyü vəziyyətin mahiyyətini üzə çıxaran bir təmsil danışdı. Bu təmsildə Sənətkar və Hakimiyyət münasibətləri obrazlı ifadəsini tapırdı."Bir cənub şəhərində" filminin taleyi sadə olmadı, onun ümumxalq müzakirələri hələ uzun müddət davam etdi. Lakin Dövlət Kinematoqrafiya Komitəsindəki həmin yaddaqalan müzakirədən sonra bizim üçün ən vacib olanı baş verdi. Film ekranlara çıxdı və Azərbaycanda ziyalılar ilk dəfə bu işin təhlükəsindən qorxmayaraq hakim dairələrin rəyinə zidd olan fikirlərini söylədilər. Və şübhəsiz ki, Rəsul Rzanın şəxsi nüfuzu o zaman həlledici rol oynadı”.          

May 19, 2020 1:09

Milli Kino Günündə Lətif Səfərovun yaradıcılığına baxış…

1927-ci il... “Gilan qızı” filminin bir sıra natura obyektlərini çəkmək üçün Şuşaya gəlmiş kinematoqrafiya işçilərini qədim şəhərin ümumi görüntüsü, mənzərəsi sanki   heyran etmişdi...Bu bir təsadüf idi, yoxsa yox, onu demək çətin olsa da, həqiqət ondan ibarət idi ki, məhz o gün Azərbaycan kino tarixinə milli ruhlu rejissor kimi düşən Lətif Səfərovun sənət taleyinin başlandığı gün idi. Sonralar rejissor xatirələrində yazacaqdı: “Hər şey elə həmin gün başlandı. Əgər onlar bu şəhərə gəlməsəydilər, həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım insanları müalicə edərdim, müəllim olsaydım insanlara bilik öyrədərdim və s. Görünür mənim qismətimə kinematoqrafiya yazıldı. Etiraf edim ki, kino dünyasında özümü bütün ixtisaslara yiyələnmiş insan kimi hiss edirəm, çünki məhz burda bütün peşələrdən olan adamlara xidmət edirəm. Getdikcə bunu daha dərindən dərk edirəm və məsuliyyət hissim daha da artır”. L.Səfərov “Gilan qızı” filmində Gülgül, “Lətif” filmində Lətif, “Şərqə yol” sənədli filmində, “Qızıl kol” filmində epizodik rollarda çəkilir. Maraqlı faktlardan biri də odur ki, hələ “Gilan qızı”nda rejissor assistenti kimi çalışan Mikayıl Mikayılov az yaşlı qəhrəmanın kamera qarşısnda olan məharətini bəyəndiyi üçün onu 1930-cu ildə quruluş verdiyi filmində baş qəhrəmanın roluna dəvət edir və filmi də məhz onun şərəfinə “Lətif” adlandırır. Yeri gəlmişkən, “Lətif” filmi 30-cu illərdə Azərbaycanda həyata keçirilən kollektivləşməyə həsr olunub. Balaca qəhrəmanın taleyi fonunda uzaq dağ kəndində kolxoz quruculuğu prosesi öz əksini tapıb. 1937-ci il... Studiyada dublyaj şöbəsi fəaliyyətə başlayır. L.Səfərov “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə”, “Professor Mamlük” və s. bədii filmlərin Azərbaycan dilində səsləndirilməsində rejissor köməkçisi, eyni zamanda aktyor kimi iştirak edir. “Azərfilm” kinostudiyasında “Ordenli Azərbaycan” sənədli (1938), “Kəndlilər” bədii filmlərində rejissor köməkçisi, “Yeni horizont” bədii, “İyirminci bahar” sənədli filmlərində rejissor assistenti işləyir və çalışdığı sənətkarların hər birinin (Səməd Mərdanov, Ağarza Quliyev, Rza Təhmasib, Mikayıl Mikayılov kimi sənətkarların) zəngin təcrübəsini öyrənirdi. 1939-cu ildə Gəncə Pedaqoji məktəbinin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirən L.Səfərov təhsilini davam etdirmək məqsədilə Moskva Kinematoqrafiya İnstitutuna daxil olur. 1947-ci il “Çağırışa cavab” adlı kinooçerk çəkir. 1949-cu ildə çəkdiyi “Yeni həyat qurucuları” sənədli oçerki isə diplom işi kimi əla qiymətə layiq görülür. Onu da qeyd edək ki, Lətif Səfərov sadəcə ümidverici tələbə deyildi, eyni zamanda 7 yaşından kamera qarşısında dayanan, çəkiliş prosesini izləyən və öyrənən, eyni zamanda bütün bunları həyata keçirən peşəkar rejissor idi. 1950-ci il... Kinorejissor Qriqori Kozintsev tələbəsi Lətif Səfərov haqqında xasiyyətnamə yazır: “Yoldaş Səfərov tədris dövründə özünü ən yaxşı cəhətdən göstərmişdir. Tələbəlik illərində o, Bakı kinostudiyasında iki qısametrajlı film çəkmiş və hər iki film “əla”qiymətlə ekranlara buraxılmışdır. Yoldaş Səfərov Lətif istedadlı, çalışqan, istehsalatı yaxşı bilən işçidir, gələcəkdə müstəqil işləmək bacarığı vardır. Bacarığına və istehsalat stajına görə II rejissor ixtisasına layiqdir. Q.M.Kozintsev. 07.04.1950”. Moskvada keçirilən kino işçilərinin ümumittifaq müşavirəsində Bəlkə də hər şey adi qaydasında davam edə bilərdi, əlbəttə göz önündə  olan haqsızlıqlara hamı susmasaydı... Belə bir deyim var: Haqsızlığı gördüyün halda susmaq özü ən böyk haqsızlıq hesab olunur...Bütün bunları görən Lətif Səfərov hamının yerinə danışmalı olur... 1952-ci il… Moskvada kino işçilərinin ümumittifaq müşavirəsi keçirilirdi. Bu müşavirədə Azərbaycan kinematoqrafçılarının bir qrupu iştirak edirdi, Lətif Səfərov da onların arasında idi. Və hər zamankı kimi susmağa üstünlük verən həmkarlarının yerinə danışmalı oldu: “Mən əyalətdənəm, bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm. Əyalətdə işləyən adamlar unudulurlar, əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər. Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika ilə film çəkə biləcəklər. Axı eyni vaxtda tələbəlik sevincini yaşamışıq, eyni partalarda yanaşı oturmuşuq. Bütün bunlara baxmayaraq bəzilərimizin hər şeyi var, çoxlarımızın isə heç bir şeyi yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək, onların gözünün içinə necə baxaq? Bizim, nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni şərait nə vaxt olacaq, nə vaxt? Rejissor sənət dostlarını bir olmağa çağırırdı: “Gəlin əl-ələ verək, çiyin-çiyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik”. HAŞİYƏ: Bu fikirlərdə birlik arzusu, öz işinə böyük həvəs göstərmək qabiliyyətilə yanaşı, eyni zamanda asılı vəziyyətdə olan bir respublikanın heç olmasa haqqlarına sahib çıxmağa olan bir çağırış var idi. Əslində bu bir  inqilab idi, kinematoqrafçının sadəcə kino sahəsində olan problemləri qabartmaqla kütləni ardınca aparmaq həvəsi idi...Və bu kütlə ayağa qalxardısa, o zaman bütün sahələrdə mövcud olan problemlər qabardırlardı ki, nəticə etibarilə də Azərbaycan, SSRİ deyilən bir birliyə qarşı üsyan elan edə bilərdi. Sovet düşüncəsi belə idi, sovet ideologiyası belə qurulmuşdu: Danışan susdurulmalı idi... ...Bütün maneələrə baxmayaraq gənc rejissor yoluna davam edir, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verir. Daha sonra isə "Sevimli mahnı" (Bəxtiyar”), “Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirir. 1958-ci il... Kino düşüncəsi, knodakı problemləri qabartmaq, deyəsən  işə yaramışdı. L.Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri seçilir və iş həyatına eyni ahənglə davam edir. Vəzifə onun xarakterini dəyişmir, əksinə daha çox mövcud nöqsanlara qarşı səsini ucaldır. 1961-ci il... Moskvada keçirilən ümumittifaq konfransda yenə də ümumi söhbətlər, müzakirələr, kinoda mövcud olan problemlər, mübahisələr...Əgər bütün kinematoqrafçılar cəsarətli olsaydı, yəqin ki, kinodakı problemlər zamanında öz həllini tapardı. Təssüflər olsun ki, Lətif Səfərov düşüncəsində olan knematoqrafçılar(əlbəttə ki, söhbət Azərbaycan mühitindən gedir) yox dərəcəsində olub. Bu dəfə də öz çıxışında kinematoqrafçının həyatını düşünürdü: “Kinematoqrafçı kinodan uzaqlaşa bilməz, çünki kino onun həyatıdır. O öz həyatını necə tərk edə bilər? Daha başqa cür yaşaya bilmərik, daha belə olmaz. Yaradıcı adam ya kinematoqrafiyadan getməlidir, ya da kinoda söz demək gücünü göstərməlidir. Adamlarla həqiqət dilində danışmaq lazımdır. Yalan cana doyurub,  o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət yalan danışıblar. Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardır. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafiyada isə uğursuz alınmış epizodu təzədən çəkmək və hər dəfə buna cəhd etmək, bu o qədər asan deyil. Axı bu, təkcə rejissorun işi deyil, çətin və kollektivin əməyindən asılı olan yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək olmaz, ona zaman tanımaq lazımdır”. Təzyiqlər...Gözlənilməz zərbələr...Dönməz xarakter Böyük sənətə doğru inamla irəliləyən, sənət iddiası güclü olan  gənc rejissor bir çox maneələrlə rastlaşsa da, Azərbaycan kinosunda öz sözünü deməyi bacardı.Rejissorun kinoda quruluş verdiyi, çəkildiyi, filmlər toplusuna nəzər yetirək: "Bakı və bakıllar"(1957), "Bərəkətli torpaq"(1954), "Bəxtiyar"(1955), "Gilan qızı"(1928), "Kəndlilər"(1939), "Qızmar günəş altında"(1957), "Leyl və Məcnun"(1961), "Lətif"(1930) və s. Qeyd edək ki, ilk bədii filmini çəkdiyi dövrdən ona qarşı təzyiqlər olub. Rejissor taleyin gözlənilməz zərbələrinə məruz qalsa da, heç bir vaxt heç kimin qarşısında əyilmədi,  sənətə xəyanət etmədi. Əslində bu dönməz xarakter həyatın hər üzünü görmüş Lətif Səfərovda elə uşaqlıq illərindən formalaşmışdı. SSRİ dövründə-ümumittifaq miqyasında, dövlət səviyyəsində bu cür qətiyyətli çıxışlar etmək və belə çıxışları edənin hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək o qədər də çətin deyildi. 1963-cü il... Respublika Kinematoqrafiya İşçiləri İttifaqının I təsis qurultayı keçirilir. Qurultayda ittifaqın sədrliyinə Lətif Səfərov deyil, Həsən Seyidbəyli seçilir. Bir sözlə, rejissor cəsarətli çıxışlarının qurbanı olur və göz görə-görə çətinliklə yaratdığı Kinematoqrafçılar İttifaqından uzaqlaşdırılır. Bu addım bilərəkdən atılır, çünki, Lətif Səfərovun həyatı kino ilə bağlı idi, o, kinodan ayrı yaşaya bilməzdi...Onun vaxtsız öümü də bunu bir daha təsdiqlədi... Kinoda öz səsi, öz nəfəsi, öz yozumu olan rejissor Bu məqalənin hazırlıq prosesində rejissor haqqında, onun filmləri haqqında bir çox xatirələrə rast gəldik, onlardan bəzilərini təqdim edirik.Filologiya elmləri doktoru Abbas Zamanov xatirələrində yazıb: “Lətif Səfərov professional kinematoqrafçı idi, obrazların daxili məntiqinə nüfuz edərdi. Mütaliəsi geniş, nəzəri biliyi dərin idi. Həmişə axtarışda olardı. Hər cəhətdən hazır olmayınca filmin çəkilişinə başlamazdı. Açılmış yollarla getməzdi, heç kəsi yamsılamazdı, öz səsi, öz nəfəsi vardı. İnsanları, həyat hadisələrini fəlsəfi cəhətdən mənalandırmağı bacarırdı. Prinsipial, inadkar və son dərəcə çılğın idi...” 1954-cü il... Yazıçı Nikolay Rojkovun Azərbaycan Mədəniyyət nazirinə göndərdiyi məktubda “Bəxtiyar” filmindən bəhs edərək  yazırdı: “Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Nərimanbəyov, II rejissorlar Ə.İbrahimov və T.Tağızadə, rəssamlar C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah ab-hava şəraiti yaradılacaq. Lakin bu Bakı kinostudiyasında baş vermədi. Bəzən qrupun əməyini açıq-açığına heçə endirirdilər. Dekorasiyalar pis və qeyri-peşəkarlıqla tikilir... Əgər siz rejissor L.Səfərovun qrupuna bu dəfə normal şəraitdə işləmək üçün tədbir görməsəniz “Mahnı ilə eldən-elə” kinofilmi (“Bəxtiyar” filmi nəzərdə tutulur) olmayacaqdır. 18 iyun 1954-cü il”. 1957-ci il... Bədii filmlər üzrə Baş İdarənin (Moskva) rəis müavini A.Kalaşnikovun 1957-ci il 20 avqust tarixli rəyində “Qızmar günəş altında” filmi haqqında fiirlərini söyləyib. “Əmək mövzusu filmdə öz məlum həllini tapmışdır. Bununla belə dramaturji qaydada buraxılan bir sıra səhvlər bu əsərin ideya-bədii dəyərinə öz təsirini göstərmişdir... Lakin bu səhvlərə baxmayaraq, rejissor Səfərov dramaturji materialın məhdudluğunu imkan daxilində aradan qaldıra bilmişdir. Bütövlükdə götürdükdə, həm də nəzərə alınsa ki, studiyada aktyor problemi ciddi şəkildə durur, rejissor Səfərovun aktyor olmayan iştirakçılarla iş təcrübəsi diqqətəlayiqdir”. SON SÖZ ƏVƏZİ: Azərbaycan kinosunda öz dəst-xətti olan Lətif Səfərov haqqında nə qədər çox danışılsa da, nə qədər çox yazılsa da yenə də azdır, çünki milli ruh düşüncəsi, milli kinonun inkişafında böyük rol oynayan rejissor ömrünü məhz bu yolda qurban edib.  Onun dediyi kimi, Azərbaycan kinosunda birlik olarsa, o zaman böyük uğurlara imza atmaq olar. Artıq müstəqil ölkə olaraq kinomuzda da da müstəqil düşüncələri təlqin edə bilərik...          

Avqust 2, 2019 1:43

Amaliya Pənahovanın xatirəsinə…

Azərbaycan kino sənətində qadın aktrisalarımızın sayı o qədər də çox olmayıb. Teatrdan kinoya olan axını nəzərə  alarsaq, o zaman görərik ki, aktrisalarımızın əksəriyyəti sənətdə ilk addımlarını məhz teatrdan başlayıblar və zaman keçdikcə bir çox aktrisalar ömrünü elə kinoya bağlayıb, bir çoxları isə teatrla bərabər kinoda da fəaliyyətlərinə davam ediblər. Onlardan Nəcibə Məlikova, Hökumə Qurbanova, Məhluqə Sadıqova, Leyla Bədirbəyli, Zərnigar Ağakişiyeva və b. adlarını çəkmək olar. Bu aktrisaların keçdiyi sənət yolu o qədər də asan olmayıb, ancaq hər biri yaratdığı obrazlarla istər teatr, istərsə də kino tarixinə adlarını yazmağı bacarıblar.Kino günündə haqqında bəhs edəcəyimiz aktrisa Amaliya Pənahova da teatr və kino sənətini heç vaxt bir-birindən ayırmayıb, çünki nəticə etibarilə hər birində obraz var və aktyordan tələb olunan sadəcə obrazı təbii ifa ilə canlandıraraq tamaşaçını inandırmaqdır. 500-dən artıq obrazın mahir ifaçısı Amaliya Pənahova 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Doğrudur ki, bir aktrisa kimi teatrda özünü gördüyü rolları yaratmaq teatrda mümkün olub, ancaq kinodakı rolları da heç də diqqətdən kənarda qalmayıb. Həm də bir məqamı unutmayaq ki, aktrisanın özünü görmədiyi rollardan imtina etdiyi hallar da olub.Tələbəlik illərindən müəllimlərinin diqqətində dayanan aktrisanın kinoya gəlişi heç də təsadüfi olmayıb, eyni zamanda heç də asan olmayıb.Bildiyimiz kimi kino qaydalarına əsasən hər filmin əsasən baş rollarına bir çox aktyorlar sınaq olunur və Bədii Şuranın seçimi əsasında obraza uyğun aktyorlar təsdiq olunurdular. Amaliya xanım da həmkarları kimi bir çox filmlərdə əsas rollara sınaq olunsa da, uğuruzluq ondan da yan keçməyib. Hətta dəfələrlə ona üz cizgilərinin kino üçün uyğun olmadığını söyləyir, bəlkə də onu ruhdan salmağa çalışıblar.  Bildiyimiz kimi milli ruhlu rejissor kimi tanıdığımız Adil İsgəndərov kinoda azərbaycanlı aktyor nəslinin daha çox rol almasına və gənc aktrisaların potensialını təsdiqləməsinə geniş şərait yaradan sənətkarlardan biri olub. 1963-cü il...Adil İsgəndərov quruluş verdiyi “Əhməd haradadır” filmində gənc kadrları bir araya toplayır.Qeyd etdiyimiz kimi rejissorun məqsədi həm filmində yeni simalarla tamaşaçı qarşısına çıxmaq, eyni zamanda da həmin kadrları gələcək filmlər üçün yetişdirmək, rejissorların diqqətində saxlamaq idi. Bəhs etdiyimiz filmdə  Məsmə epizodik rolu Amaliya Pənahovaya tapşırılır. Bu filmdən əvvəl isə aktrisa artıq Əlisəttar Atakişiyevin quruluş verdiyi “Bizim küçə” filmində (1961) kütləvi səhnələrdə çəkilmişdi. Daha sonra aktrisaya “Cazibə qüvvəsi” filmində(rej-Həsən Seyidbəyli) idmançı obrazı tapşırılır. Tələbəlik illərində kinoda çəkilmək böyük uğur sayılsa da, aktrisa daha geniş planlı rollarla özünü sənətdə təsdiqləmək istəyirdi. Yeri gəlmişkən, Həsən Seyidbəylinin yaradıcılığına nəzər salanda şahid oluruq ki, o bir rejissor kimi əsasən gənc nəsli, tələbələri, hətta hətta sənətə dəxli olmayanları kinoya gətirib. Rejissor növbəti dəfə aktrisaya  “Sən niyə susursan” (1966-cı il) filmində ana rolunu həvalə edir. Teatrda qaynar iş fəaliyyətinə başlayan Amaliya Pənahova kinodan gələn üçüncü, dördüncü planlı rollardan belə imtina etmir, hər birini böyük maraqla oyayır. Bu baxımdan aktrisanın “Həyat bizi sınayır” filmində yaratdığı Münəvvər, “Xatirələr sahili”ndə Xalidə, “Səmt küləyi”ndə Xədicə, “Mezozoy əhvalatı”nda Nərminə və başqa lirik-psixoloji ekran personajları diqqəti çəkir, yadda qalır. İlk böyük rolların həyəcanı və ya geniş tamaşaçı auditoriyasının diqqət mərkəzində 1977-ci il...Rejissor Əlisəttar Atakişiyev “Qərib cinlər diyarında” nağıl filminin çəkilişlərinə başlayır. Sınaq çəkilişlərində hər zamankı kimi qrup şəklində obrazlar üçün yoxlanılan aktyorlar çox olsa da Zərri obrazına Amaliya Pənahova təsdiq olunur. Zərri obrazı aktrisanın kinoda ilk böyük rolu idi.Eyni ildə Arif Babayev onu quruluş verdiyi “Arxadan vurulan zərbə” filmindəki Ziba obrazına dəvət edir. Etiraf edək ki, Ziba obrazı maraqlı olduğu qədər də yaddaqalandır. Aktrisa tənha həyat sürməsinə baxmayaraq öz zəhməti ilə yaşayan obrazın daxili dünyasını böyük ustalıqla açıb göstərə bilir. 1979-cu il...”Azərbaycanfilm” kinostidiyası həmin ilin planına tarixi janrda çəkiləcək “Babək” filmini salır. Bildiyimiz kimi film Həsən Seyidbəylinin quruluşuna çəkiləcəkdi, hətta aktyorların sınaq çəkilişləri belə öz həllini tapmışdı. Yəni bütün obrazlara uyğun aktyorlar seçilmişdi. Həsən Seyidbəyli Zərnisə obrazı üzərində düşünərkən bu obrazda məhz Amaliya Pənahovanı görür və onu rola təsdiq edir. Xatırladaq ki, bu filmə qədər rejissor artıq iki filmində Amaliya Pənahovanın aktrisalıq məharətindən istifadə etmişdi. Doğrudur ki, müəyyən səbəblərə görə (həmin il Həsən Seyidbəylinin səhhətində problem yarandığı üçün o xəstəxana şəraitində müalicə olunurdu) sonralar ”Babək” filmini Eldar Quliyev çəkməli olur. Hətta Eldar Quliyev xatirələrində onu da qeyd edib ki, Həsən Seyidbəylinin xeyir-duasını aldıqdan sonra çəkilişə başlayıb və rejissorun aktyor seçiminə hörmətlə yanaşaraq onun seçdiyi aktyorlarla çalışıb.Mətləbdən uzaqlaşmayaq, Zərnicə obrazı Amaliya Pənahovanın ifasında öz məğrurluğu, gözəlliyi ilə seçilir. Zərnisə tarixi qəhrəmanın həyat yoldaşı olmaqla yanaşı, eyni zamanda oğul anası kimi analıq hisslərini bütün açıqlığı ilə göstərən bir obrazdır. Aktira Zərnisənin qadınlığını, analıq duyğularını, məğrur şəkildə camaat qarşısında olan dialoqunu böyük məharətlə, yanğı ilə təqdim edir. Bu, Amaliya Pənahovanın öz işinə olan məsuliyyətini göstərdiyi kimi, eyni zamanda onun bəlkə də illərlə gözlədiyi obraza olan duyğularını ifadə edirdi.  Bəli, Zərnisə,aktrisanın kino yaradıcılığında zirvə hesab olunan rolu idi...Amaliya Pənahovanın xatirələrindən: ““Babək” çox gözəl filmdir... Bu film artıq demək olar ki, bir bayrağa çevrilib. Bütün bayramlar, digər tədbirlər zamanı mütəmadi nümayiş etdirilməsi belə deməyə əsas verir. O filmə qədərsə mən artıq xeyli filmə çəkilmişdim. Artıq çoxlu tamaşalarım da vardı. Ona görə bu filmə çəkilmək mənə ciddi problem yaratmadı. Bir çox aktrisalar sınaqdan keçmədilər. Ən sonuncu mən dəvət olunmuşdum. Sınaqda təsdiqləndim. Ümumiyyətlə isə bir sıra tarixi filmlərə çəkilmişəm.  “Mahnı dağlarda qaldı” tamaşasının film variantına, Əjdər İbrahimovun “Qəribə adam” filminə, “Qərib cinlər diyarında” mövzusu nağıldan götürülmüş filmə çəkilmişəm. Mən ümumiyyətlə rəngarəngliyi xoşlayıram. Yeri gəlmişkən, “Babək”dən sonra “Arxadan vurulan zərbə” filmindəki Ziba roluna çəkilmişəm. Bu artıq tamam fərqli bir şey idi. Həm yaradıcılıq baxımından mənim üçün bir yenilik idi, həm də tamaşaçıları bezdirməsin deyə maraqlı idi”.Sonralar Amaliya Pənahova bir çox rollara dəvət alır, həmin rollar sırasında tarixi janrda çəkilən “Cavad xan” filmindəki Knyaginya Darya obrazı da daxili məğrurluğu ilə diqqəti çəkir. Kadrarxası məqamlar və ya çəkiliş meydançasından kadrlar... Amaliya Pənahova 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb, bir o qədər filmi isə məlahətli səs tembri ilə səsləndirib.Bir qədər haşiyə çıxaq. SSRİ dövründə Azərbycan kino sənəti nə qədər çox inkişaf edirdisə, dublyaj redaksiyasnın fəaliyyətinə də bir o qədər diqqət yetirilirdi. Kinosevərlər o illərdə dublyaj olunan filmlərin səviyyəsini heç bir vaxt unutmurlar. Çünki məhz həmin illərdə filmlərimizdən tanıdığımız, sevdiyimiz ifaların əksəriyyətinin səs imkanlarını dublyaj olunan filmlərdə də görürük və çox vaxt bu səs sahiblərinin səsinin ahənginə yığışırıq. O da təsadüfi deyil ki, 1960-1980-ci illərdə dublyaj olunmuş filmlərdə bu dəyərlər əsas götürüldüyündən peşəkar səsləndirmə filmlərin təsir gücünü daha da artırırdı. Amaliya Pənahovanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək... Ürək...”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazların məlahətli səsi obrazı sevdirir, hətta obrazı oynayan aktrisanın ifasını diqqətdə saxlayır. Bu, səsin möcüzəsidir ki, Amaliya Pənahova öz səsinin işığında tamaşaçılarını bir araya toplayır, onları düşündürür. 1980-ci il...Dramaturq Ilyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında "Gözlə məni" filminin çəkilişlərinə start verilir. Rejissor Kamil Rüstəmbəyov maraqlı aktyor qrupu ilə çəkilişlərə başlayır. Yenə də önəmli rollardan biri olan Fəxrəndə obrazı Amaliya Pənahovaya həvalə edilir. Film haqqında oxuyuruq: “Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir". Amaliya xanım xatirələrində həmin epizodu belə xatılayır: “Çəkilişləri vaxtı oynadığım Fəxrəndə xanım çayda batmalı idi. Mənim də əynimdə bir neçə qatlı libas, kəmər, parik... O epizodu Qudyalçayda çəkirdik. Özü də oktyabr ayı idi. Qudyalçay da çox iti çaydı. Məni torlarla tuturdular ki, batmayım. Su bumbuz idi. Çox çətinliklə alındı o səhnə, düz üç dubla. Su məni tez-tez yıxırdı. Hər dubldan sonra paltarlarımı, parikimi ocaqda qurudurdular, özüm də maşına qaçırdım, orada bədənimə qaz yağı sürtürdülər ki, soyuqlamayım”.Göründüyü kimi, aktyor sənətinin belə çətinlikləri də var. Və hər aktyor, aktrisa da belə çətinliklərə tab gətirə bilməz. Ümumiyyətlə aktyor çətin tryuklardan imtina edə bilər, bu, onun haqqıdır. Ancaq həmin tryuklara çəkilə də bilər.Amaliya Pənahova elə aktrisalardandır ki, obrazın təbii alınması üçün bütün çətinlilkləri öz öhdəsinə götürə bilərdi, götürürdü də... Son illər aktrisanı kino ilə bağlı narahat edən məqamlar da vardı, müsahibələrində bu barədə deyib: “Artıq kinoda milli mənsubiyyətimizdən kənara çıxdığımızı görürəm. O filmlərdə sevdiyimiz sənətkarları görmürük. Bunlar çox böyük amildir. Eyni zamanda, bu gün biz kinolarımızda ürəyimizə yaxın mövzuları görmürük. Bəlkə mən geri qalmışam, bütün bunlar inkişafdan xəbər verir. Bizim filmlərimizin öz dəsti-xətti var. Təsadüfi deyil ki, ən çətin dövrdə - 1945-ci ildə "Arşın mal alan" dünyanı zəbt etdi. Niyə? Milli mənsubiyyəti, milli kadrları, fərqliliyi ilə... Biz yalnız bununla maraq kəsb edə bilərik. Muğamımız bütün dünyaya səs salıb, çünki o bizimdir. Kimsə onu bizdən yaxşı ifa edə bilməz. Həmçinin kinomuz da, teatrımız da belə olmalıdır. Bizdə olan istedad, enerji başqa xalqlarda yoxdur. Bizi sevənlər azdır və təbliğ edənlər yoxdur. Kinomuzu milli mənsubiyyətə, milli kökə söykənən, milli kadrlarımızla tanıtmalıyıq”. Bu, peşəkar bir aktrisanın, istər teatrda, istərsə də kinoda SÖZ demək gücünü göstərmiş sənətkarın ölümündən qabaq sənətlə bağlı keçirdiyi narahatçılıqlar idi...Amaliya Pənahova sənət üçün yaranmış, sənət üçün doğulmuş bir insan taleyini yaşadı, onlarla obrazları tarixin yaddaşına həkk etdi, özündən sonra bir iz qoydu, davamçıları həmin izlə addımlayır. O, elə aktrisa doğulmuşdu, onu başqa sahənin adamı kimi görmək mümkün deyildi, özü də bu fikirdə idi: “"Mən aktrisa olmaq üçün dünyaya gəldim. İllər keçdikcə buna daha çox əmin oluram. Hərdən özümə sual verirəm: ola bilərdimi, başqa sahədə işləyim? İnanın, bunu təsəvvürə gətirmək qeyri-mümkündür. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti, hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur”...                      

İyul 30, 2019 10:43