Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirilib

Milli Kitabxanada “Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans keçirilib. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir 15 İyun – Milli Qurtuluş Gününə həsr olunub. Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib. Konfransı açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov kitabxananın 1995-ci ildə yaradılan bu zalına 30 il öncə ilk dəfə Ulu Öndər Heydər Əliyevin gəldiyini bildirib. O, dahi siyasətçinin kitabxananı xalq, millət və cəmiyyət üçün müqəddəs bir yer, bilik, zəka, mənəviyyat mənbəyi kimi səciyyələndirdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli konfransda “Ulu Öndər Heydər Əliyev: konstitusiya və dövlət suverenliyi” mövzusunda çıxış edib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Ulu Öndər Heydər Əliyevin mədəniyyətə xüsusi yanaşması olduğunu söyləyib. Deyib ki, ölkəmizdə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider zəngin dövlətçilik təcrübəsi və qətiyyəti ilə Azərbaycanı qısa müddətdə çətinlikdən qurtarıb, davamlı inkişaf yoluna çıxarıb. Sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Mətbuat Şurasının sədri Rəşad Məcid və Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyevin çıxışları dinlənilib.xeber100.com

İyun 14, 2025 9:22

Rəsul Rzanın 115 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın 115 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Rəsul Rzanın həyat və ədəbi irsini əks etdirən videoçarxlar nümayiş olunub. Tədbirdə çıxış edən filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Rəsul Rzanın Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, poeziyamıza gətirdiyi yeniliklərdən danışıb, şairin şəxsiyyəti və yaradıcılığı barədə maraqlı məqamlara toxunub. Muzeyin elmi işçisi Ülviyyə Yusifova şairin ədəbi mühiti və sənət dostluqları barədə geniş məruzə ilə çıxış edib. O, şairin ədəbi əlaqələrinin yalnız yaradıcılıqla deyil, həm də mənəvi dostluqlarla zəngin olduğunu vurğulayıb. “Rəsul Rza ilə Abdulla Faruq arasında yaxın münasibət var idi. Rəsul Rzanı Abdulla Faruq ədəbiyyata təşviq edib, onun istedadına inam göstərib. Onların bu dostluğu uzun illər davam edib. Hər iki sənətkarı birləşdirən ortaq dəyərlər olub. Azərbaycan ədəbiyyatında novator şair kimi şöhrət qazanmış, sərbəst şeirin böyük ustadı Rəsul Rza təkcə poeziyada yenilikçi kimi tanınmayıb, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparıb, şifahi xalq ədəbiyyatı nümunələrinin toplanılıb nəşr edilməsinə çalışıb, onlardan ustalıqla bəhrələnib. Onun poeziyasının nur saçan işığı bu gün də yolumuzu aydınlatmağa davam edir”,- deyə Ü.Yusifova əlavə edib.xeber100.com    

May 28, 2025 12:49

“18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü” adlı geniş kitab sərgisi təşkil edilib

Azərbaycan Milli Kitabxanasında “18 aprel - Tarixi Abidələrin Mühafizəsi Günü” adlı geniş kitab sərgisi təşkil edilib. Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycanın mövcud tarixi, dini və mədəniyyət abidələrinin, dünya tarixi abidələrinin mühafizəsi və bərpası, mədəni irsimizi beynəlxalq aləmdə təbliği haqqında kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur. Sərgi bir həftə davam edəcək. UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında hər il 18 aprel -Tarixi Abidələrin Mühafizəsi Günü kimi qeyd olunur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olunub. Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün diqqət mərkəzindədir. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi, tədqiqi, mühafizəsi, bərpası və mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.xeber100.com

Aprel 18, 2024 3:06