Bakının azad edilməsinin 103-cü ildönümü tamam olur

Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü tamam olur. 1918-ci ildə qazanılmış bu zəfər Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə mühüm hadisə kimi yazılıb. Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi tarixi-siyasi və mənəvi-psixoloji əsaslara söykənməklə Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı yadellilərin əlində idi. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürmüşdü. Cümhuriyyətin müraciəti əsasında Osmanlının hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu adlandırılan silahlı qüvvə Azərbaycan istiqamətində yola çıxdı.Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün hərəkətə keçən bolşevik Rusiyası müharibədə Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Müqaviləyə görə, Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu oyunlar Qafqaz İslam Ordusunun yürüşünü dayandıra bilmədi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Sentyabrın 17-də isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Şəhərin azad edilməsi Bakıya dair iyrənc planları darmadağın etdi.Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə də bizi ilk olaraq Türkiyə tanıdı. Bu da qardaşlığın bir nümunəsi oldu. Bakı Türk Şəhidliyi abidəsi isə Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiramdır.xeber100.com

Sentyabr 15, 2021 10:46

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdam şəhərindəki qərargahında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.Azərtac xəbər verir ki, tədbirin əvvəlində bütün şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin uzun tarixinə toxunaraq, bu barədə əsl həqiqətin ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırıldığını bildirib. Ulu öndərimizin 1998-ci il 26 mart tarixli fərmanından sonra soyqırımı öz hüquqi-siyasi qiymətini aldığını və həmin ildən 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunduğunu, soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, xalqımıza qarşı dəfələrlə törədilmiş, uzun illər ərzində öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tariximizin qanlı səhifələrindəndir.BAK-ın sədri Elsevər Məmmədov tədbir iştirakçılarına 31 mart - Azərbaycanlıların soyqırımı ilə bağlı Niderland parlamentinə bəyanat ünvanlandığını deyib.Tədbirdə BAK-ın vitse-prezidenti Sima Cəfərova 1918-ci ildə erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi qətliamdan, erməni daşnaklarının dinc əhaliyə verdiyi amansız işgəncələrdən danışıb.xeber100.com

Mart 29, 2021 1:37

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Azərtac xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın dövlət bayraqları endirilib.Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, abidənin önünə əklillər qoyub, qərənfillər düzüblər. Təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunub. Respublikamızın şəhər və bölgələrində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri keçirilib.Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 150-nin taleyi hələ də məlum deyil.xeber100.com

Fevral 26, 2021 3:10

Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş sərgi açılıb

ABŞ-ın Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş sərgi açılıb.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, Komitənin dəstəyi və Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Solt Leyk Siti (Salt Lake City) şəhərinin mərkəzindəki Kapitol binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar açıq havada sərgi keçirilib.Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş olunub. Qəddarcasına həyata keçirilən hərbi cinayət zamanı 613 azərbaycanlının (106 qadın, 63 uşaq, 70 qoca) qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmadığı diqqətə çatdırılıb.Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə tamaşa edib, Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. O, soydaşlarımıza bildirib ki, Minnesota ştatının qubernatoru Tim Ceyms Uolzun 26 fevral tarixinin “Azərbaycan Günü” elan edilməsi ilə bağlı bəyannamə imzalamasından xəbərdardır.Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.xeber100.com

Fevral 21, 2021 9:31

Qubadlı rayonunun işğal olunmasından 27 il keçir…

İyirmi yeddi il əvvəl – 1993-cü il avqust ayının 31-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən 802 km² sahəsi, 30,3 min nəfər əhalisi, 1 şəhər və 93 kənddən ibarət olan qədim Qubadlı rayonunu bütünlüklə işğal etdilər. Hazırda Qubadlı rayonunun 42 mindən çox əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşmışlar.Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsinin cənub-qərb ətəklərində yerləşir. Ən uca nöqtəsi dəniz səviyyəsindən 2003 metr yüksəklikdəki Topağac zirvəsidir. Ərazisindən Bərgüşad və Həkəri çayları axır. Şimalda Laçın, qərbdə Ermənistan Respublikası (120 km), şimal-şərqdə Xocavənd rayonu (42 km), şərqdə Cəbrayıl, cənubda və cənub-qərbdə isə, Zəngilan rayonu ilə həmsərhəddir.İşğaldan əvvəl Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi, 111 mədəni maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu, eləcə də, 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti, 21 rabitə müəssisəsi fəaliyyət göstərirdi.Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmışdır. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 mln. kitab və qiymətli tarixi əlyazmalar məhv edilmiş, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır.XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilmiş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalmış, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşmüşdür. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.xeber100.com

Avqust 31, 2020 12:53

Cəbrayıl və Füzuli rayonlarının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.Azərtac Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatını təqdim edir.1993-cü ilin 23 avqust tarixində Cəbrayıl və Füzuli rayonları təcavüzkar Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Cəbrayıl rayonunun işğal edilmiş 1050 kvadratkilometr ərazisindən 60 minə yaxın əhali etnik təmizlənməyə məruz qalıb, rayon mərkəzi və 90 kənd erməni vandalizmi nəticəsində məhv edilib. Həmçinin 400 nəfər şəhid olub, 91 nəfər əsir və itkin düşüb və 177 nəfər əlil olub.Füzuli rayonunun mərkəzi və 50 kəndinin Ermənistan ordusu tərəfindən işğalı nəticəsində 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb və 400 nəfərədək rayon sakini əlil olub.Təcavüzkar Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpağımız olan Dağlıq Qarabağdan əlavə ətraf 7 rayonu da işğal etməsi, onun əsl məqsədinin güc yolu ilə ərazilərimizi ilhaq etmək olduğunu göstərir. Həmin ərazilərə kənardan etnik ermənilərin qanunsuz köçürülməsi siyasəti də bunu təsdiq edir.Bir daha bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həlli yalnız təcavüzkar Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş ərazilərimizdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış soydaşlarımızın öz doğma torpaqlarına qayıdışından sonra mümkündür.xeber100.com

Avqust 23, 2020 1:22

Laçın rayonunun işğal olunmasından 28 il ötür…

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 28 il ötür... 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olub. Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb. İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır.xeber100.com

May 18, 2020 9:11

Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 28 il ötür…

Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 28 il ötür.Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda, Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin , Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidə var.xeber100.com  

May 8, 2020 9:58