Şirvanşahlar Sarayı Kompleksində “Sayrışan simvollar” adlı sərgi keçirilib

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində “Atəş Hub” müasir incəsənət platformasının təşkilatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksində “Sayrışan simvollar” (“Shimmering Symbols”) adlı sərgi və rəssamlarla görüş keçirilib. Sərgi qədim türk mifoloji düşüncəsində və Azərbaycan mədəniyyətində heyvan obrazlarının daşıdığı simvolik mənaları müasir incəsənət kontekstində araşdırır. Ekspozisiyanın mərkəzində “Qafqazın Böyük Beşliyi” – Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və imperator qartalı dayanır. Bu obrazlar yalnız bölgənin biomüxtəlifliyinin nadir nümunələri kimi deyil, həm də kollektiv yaddaşda formalaşmış mədəni və simvolik kodlar kimi təqdim olunur. Yeni media və multidissiplinar sənət yanaşmalarının tətbiq olunduğu sərgidə heyvan obrazlarının qədim totemik təsəvvürlərdən müasir vizual mədəniyyətə qədər keçdiyi dəyişikliklərə diqqət yetirilir. Əsərlərdə həmin simvolların müasir ekoloji, mədəni və texnoloji reallıqlar fonunda yeni interpretasiyaları əksini tapır. Sərginin mentoru “Atəş Hub” platformasının təsisçisi Sabina Şıxlinskaya, kuratoru isə Mənsurə Məmmədəliyevadır. Layihədə Sabir Abdullazadə, Ramil Aliev, İlqar Aydın, Səbinə Cəfər, Riyad Hüseynov, Emin Mathers, Mariya Mozqovaya, Aliya The Mushroom, Tim Zaripov və Alina Yusupovanın əsərləri nümayiş olunur. Qeyd edək ki, “Sayrışan simvollar” mədəni irsin müasir bədii yanaşmalarla yenidən mənalandırılmasını və gələcək nəsillərə ötürülməsini hədəfləyən “Varislər” sənət layihəsinin tərkib hissəsidir. Sərgi oktyabrın 30-dan noyabrın 1-dək Şirvanşahlar Sarayı Kompleksində ziyarətçilər üçün açıq olacaq.

Oktyabr 30, 2026 1:14

Görkəmli operator Elxan Əliyevin 80 illik yubileyidir

“O geri çəkilməlidir”, “Azərbaycan elmi”, “Daşqın”, “Matəm”, “Ulu yurd”, “Boz qurdun harayı”, “Hikmətli miniatürlər”, “Xəzər köməyə çağırır”, “Xəzərim mənim, taleyim mənim” və s. sənədli filmlərinin, “Bizim Cəbiş müəllim”, “Qaraca qız”, “Şərikli çörək”, “Bağ mövsümü”, “Pəncərə” və s. bədii filmlərin operatoru olmuş Elxan Əliyevin yubileyidir, yaşasaydı, 80 yaşını qeyd edəcəkdi. Elxan Əliyev 31 Oktyabr 1946-cı ildə dünyaya göz açıb. Orta məktəb illərindən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb. 1964-cü ildə “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb, uzun müddət kinostudiyanın sənədli və xronikal filmlər studiyasında çalışıb. 80-dən çox sənədli və elmi-kütləvi film çəkmiş operator, eyni zamanda Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin bölgələrə olan səfərlərini, mərkəzi komitədə xarici nümayəndə heyətləri ilə görüşlərini də lentə almışdır. O, 1993-cü ildə Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinə baş məsləhətçi vəzifəsinə qəbul olunub. 1999-2003-cü illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində, 2009-2012-ci illərdə isə Ukraynadakı Səfirliyində çalışıb. E.Əliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Filmoqrafiya: Kimi daha çox sevirik – Dağ meşəsindən keçərkən... (1964, tammetrajlı bədii film, kinoalmanax) – operator assistenti, Azərbaycan, Azərbaycan (1970, qısametrajlı sənədli film) – ikinci operator, Sevil Qazıyeva (1970, qısametrajlı sənədli film) – operator, Nəriman Nərimanov (II) (1972, qısametrajlı sənədli film) – operator, Bahar günəşi (1974, qısametrajlı sənədli film) - operator, Qədim diyarın gəncliyi (1974, qısametrajlı sənədli televiziya filmi) – operator, Onun adı Serafino idi (1974, qısametrajlı sənədli film) – operator, Səadət naminə (1974, qısametrajlı sənədli film) – operator, Mənim iki beşilliyim (1975, qısametrajlı sənədli film) – operator, Pioner və məktəblilərin II respublika mahnı və rəqs ansamblı (1976, qısametrajlı sənədli film) - operator, Üç qardaş (1976, qısametrajlı sənədli film) – operator, Oktyabrın şəfəqləndirdiyi yol (1977, qısametrajlı sənədli film) – operator, Azərbaycan SSR (IV) (1978, qısametrajlı sənədli film) – operator, Futbol, futbol... (1979, qısametrajlı sənədli film) – operator, Məhsul yığımının yeni üsulu (1979, qısametrajlı sənədli film) – operator, Azərbaycan məktəbinin 60 illiyi (1980, qısametrajlı sənədli film) – operator, Xaldanda görüş (1980, qısametrajlı sənədli film) – operator, Mən Xəzəri görürəm (1980, qısametrajlı sənədli film) – operator, Əgər sən romantikanın ünvanını axtarırsansa... (1981, qısametrajlı sənədli film) – operator, Azərbaycanda qoyunçuluq (1982, qısametrajlı sənədli film) – operator, Elektron hesablayıcı maşınları istehsalatı idarə edir (1982, qısametrajlı sənədli film) – operator, Bərəkət (1985, qısametrajlı sənədli film) – operator, Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (1986, qısametrajlı sənədli film) – operator, Yenidənqurmanın işığında... (1988, qısametrajlı sənədli film) – operator, Abşeron qalaları (1989, qısametrajlı sənədli film) – operator, Novruzun çələngi (1989, qısametrajlı sənədli film) – operator, Ayna və Həmid (1990, qısametrajlı sənədli film) – operator, Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – operator, Fövqəladə vəziyyət (1990, qısametrajlı sənədli film) – operator, Qanadlı şəfavericilər (1990, qısametrajlı sənədli film) – operator, Matəm (1990, qısametrajlı sənədli film) – operator, Ulu yurd (1990, qısametrajlı sənədli film) – operator, Şəhidlər və qazilər (1991, qısametrajlı sənədli film) – operator, Ziya ocağı (1991, qısametrajlı sənədli film) – operator və s.xeber100.com

Oktyabr 30, 2026 12:51

Milli İncəsənət Muzeyində retrospektiv sərginin açılış mərasimi keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərginin açılış mərasimi keçirilib. Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın şəxsi kolleksiyasından seçilmiş 90-dan çox əsər nümayiş olunub. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus bədii üslubu və fərdi dəst-xəti ilə seçilir. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında çalışaraq realizmdən avanqard və mücərrəd sənətə qədər fərqli bədii yanaşmaları yaradıcılığında birləşdirir. Onun əsərlərində bədii ifadə vasitələrinin rəngarəngliyi, rəng və kolorit həllinin özünəməxsusluğu, eləcə də təsvir olunan məkanın emosional təsir gücü diqqəti cəlb edir. Sərgidə rəssamın 1960-cı illərdən bu günədək yaratdığı əsərlər – monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunub. Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə təqdim olunub.xeber100.com

Oktyabr 27, 2026 11:54

“Dublyaj sənətinin nəzəriyyəsi və praktiki əsasları” adlı yeni kitab çapdan çıxıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  “Səhnə danışığı” kafedrasının dosenti, Əməkdar artist,  Əməkdar müəllim Mahirə Yaqubovanın “Dublyaj sənətinin nəzəriyyəsi və praktiki əsasları” adlı yeni kitabı işıq üzü görüb. Qeyd edək ki, dublyaj sənətinin nəzəri və praktiki əsaslarını sistemli şəkildə təqdim edən tədris ədəbiyyatında dublyajın sənət və peşə xüsusiyyətləri, aktyor ifasının spesifikası, nitq, diksiya, intonasiya, emosional ifadəlilik və obrazın səs vasitəsilə yaradılması kimi məsələlərə diqqət yetirilir. M.Yaqubovanın zəngin pedaqoji və sənət təcrübəsi əsasında hazırlanan nəşr xüsusilə aktyor sənəti, səhnə danışığı və dublyaj istiqamətində təhsil alan tələbələr üçün mühüm mənbə kimi nəzərdə tutulub. Kitabdan həmçinin dublyaj sahəsində çalışan mütəxəssislər, müəllimlər və bu sənətə maraq göstərən oxucular da yararlana bilərlər. Mahirə Yaqubova bildirir ki, “Dublyaj sənətinin nəzəriyyəsi və praktiki əsasları” kitabı, sənət və tədris sahəsindəki çoxillik fəaliyyətimin növbəti mühüm nəticəsidir. Kitab Azərbaycan dilində dublyaj sənətinin nəzəri və metodoloji əsaslarının öyrənilməsi baxımından əhəmiyyətli töhfə kimi qiymətləndirilib.xeber100.com

Oktyabr 27, 2026 11:03

İlyas Əfəndiyevin xatirəsi vəfatının 30-cu ildönümündə Bakı Bələdiyyə Teatrında yad edildi

Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatının 30-cu ildönümü münasibətilə Bakı teatrlarının səhnələrində görkəmli dramaturqun əsərləri əsasında hazırlanan tamaşalar nümayiş olunur. Belə ki, oktyabrın 22-də Şəhriyar adına Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrı tərəfindən “Şuşada ürəyim qaldı” tamaşası təqdim olunub. Tədbirdə rəsmi qonaqlar, tanınmış mədəniyyət və incəsənət xadimləri, KİV və ictimaiyyət nümayəndələri iştirak edib. İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanmış “Şuşada ürəyim qaldı” tamaşasına Xalq artisti Mərahim Fərzəlibəyov tərəfindən quruluş verilmişdir. Tamaşada Azərbaycanın xanlıqlara parçalandığı tarixi dövr əks olunur, milli birliyin qorunmasının və vahid dövlətçilik ideyası ətrafında birləşməyin əhəmiyyəti ön plana çəkilir. Hadisələr Vətən naminə məhəbbətindən ayrı düşən Qarabağ xanı İbrahimxəlil xanın qızı, şairə Ağabəyim ağanın Vətən həsrəti ilə yazıb-yaratması, doğma Qarabağını unutmaması fonunda baş verir. Tədbiri giriş sözləri ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar artist Azad Şükürov İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında göstərdiyi xidmətləri vurğulayaraq, bildirib: “İlyas Əfəndiyevin əsərləri böyük bir nəslin formalaşmasında önəmli rol oynayıb. Azərbaycan xalqı onu böyük hörmətlə daima yad edir və xatirəsini əziz tutur". Rejissor Mərahim Fərzəlibəyov İlyas Əfəndiyevin yaradıcılığından, onun pyesləri əsasında hazırladığı tamaşalardan söz açıb. O təqdim olunan tamaşanın mövzusundan bəhs edərək bildirib ki , Azərbaycan tarix boyu üzləşdiyi çətin sınaqlara baxmayaraq, milli birliyini və dövlətçilik ənənələrini qoruyub yaşadıb. Qeyd edilməlidir ki, İlyas Əfəndiyev, Amaliya Pənahova, Mərahim Fərzəlibəyovun birgə yaradıcı fəaliyyəti XX əsrin ikinci yarısını əhatə edən bütöv bir teatral dövrün aparıcı xəttinə çevrilmişdir. Onların birlikdə hazırladığı tamaşaların uğurları bu gün də xatırlanır, nümunə göstərilir. “Şuşada ürəyim qaldı” tamaşası geniş auditoriya tərəfindən böyük maraqla  qarşılanıb. Tamaşada İsmayıl Atakişiyev (general Pavel Sisianov), Rəşad Kəsəmənli (Hüseynqulu xan), Tural Baxış (İbrahim xan), Əməkdar artist Hüsniyyə Mürvətova (Tubu xanım), Zülfiyyə Qurbanova (Ağabəyim ağa), Asif Rəhimov (Fətəli xan), Əfqan Soltanov (Molla Müzəffər ağa), Elməddin Zakirli (Saday bəy), Tural Əhməd (Mahmud bəy), Mehman Abdullayev (Şəfi bəy), Toğrul Rza (Dmitri Lisaneviç), Elçin Muradov (kölgə), Rəşid Soltanov (1-ci kölgə), Namiq Cavadov (2-ci kölgə), Ülviyyə Rza (1-ci rəqqasə), Günel Həmidova (2-ci rəqqasə), Əzizə Həşimova (3-cü rəqqasə) iştirak edib. Səhnə əsərinin yaradıcı heyətində bəstəkar Eldar Mansurov, quruluşçu rəssam İlham Əsgərov, işıq rəssamı Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn üzrə tərtibatçı  Elnur Ehtiramoğlu yer alır. Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində çoxsaylı səhnə əsərləri ilə teatr mədəniyyətimizi ölkəmizdə, eləcə də beynəlxalq miqyasda təbliğ edən teatrın repertuarında Azərbaycanın, Türk xalqlarının və dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilmişdir.xeber100.com

Oktyabr 23, 2026 3:28

“Milli musiqi irsi və mənəvi dəyərlər missiyası Prezident Kitabxanasında” adlı tədbir keçirilib

Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi gününə həsr olunmuş “Milli musiqi irsi və mənəvi dəyərlər missiyası Prezident Kitabxanasında” adlı tədbir keçirilib. Kitabxanadan bildirilib ki, əvvəlcə mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova muğam sənətinin milli kimliyimizin və zəngin mədəni yaddaşımızın ali ifadəsi olduğunu vurğulayıb. O, Beynəlxalq Azərbaycan Muğamı Gününün əhəmiyyətindən danışaraq, bu irsin dünya səviyyəsində tanınmasında, UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsində və keçirilən muğam müsabiqələri vasitəsilə gənc istedadların yetişməsində Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd edib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli, tibb elmləri doktoru, professor Sudeyif İmamverdiyev, Xalq rəssamı, akademik Ömər Eldarov, Xalq artisti Mələkxanım Əyyubova, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova çıxış edərək, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi barədə dəyərli fikir və mülahizələrini bölüşüblər. Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva Mərkəzin təşkilatçılığı ilə “Vətənə açılan kiçik ürəklər” layihəsi çərçivəsində təqdim olunan və böyük maraqla qarşılanan “Azərbaycan qadını” mahnısının ərsəyə gəlmə tarixi və yaradıcılıq prosesi barədə məlumat verib. Ardınca əsər müğənni Elnur Məmmədov və 3 nömrəli İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdlərinin təqdimatında səsləndirilib. Tədbirin bədii hissəsində Xalq artistləri Nəzakət Teymurova və Mələkxanım Əyyubova musiqi nömrələri ilə çıxış ediblər. “Vətənə açılan kiçik ürəklər” layihəsinin iştirakçılarına təşəkkürnamələr təqdim edilib. Fəxri qonaqlardan general-mayor Arif Həsənov və polkovnik Anar Mirzəyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, qəhrəman zabit və əsgərlərimizin misilsiz şücaətindən söz açıblar. Natiqlər xüsusilə vurğulayıblar ki, avqustun 26-da böyük qürurla qeyd edilən Laçın Şəhəri Günü, eləcə də işğaldan azad edilmiş digər torpaqlarımızda ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması qəhrəman Ordumuzun qüdrətinin və xalqımızın sarsılmaz birliyinin bariz təntənəsidir. Qeyd edək ki, Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü münasibətilə həmin mahnıya çəkilmiş videoçarx ilk dəfə məhz Prezident Kitabxanasında təqdim olunub.xeber100.com

Avqust 28, 2026 2:23

Mədəniyyət naziri Adil Kərimli vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda qəbullar təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən qəbullar zamanı vətəndaşların müraciət və təklifləri dinlənilir, müvafiq addımlar atılır. Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü avqustun 27-də Laçın şəhərində keçirilib. Nazirlikdən  bildirilib ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən qəbulda Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub. Mədəniyyət naziri sakinlər tərəfindən qeyd edilən bütün məsələlərin operativ araşdırılacağını və qanunvericiliyə uyğun həlli istiqamətində işlər görüləcəyini bildirib. Qəbulda şəhid ailələri və qazilərin də qaldırdıqları məsələlərə xüsusi diqqət yetirilməsi ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.xeber100.com

Avqust 28, 2026 2:13

Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək

28 avqust 2026-cı il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib. İclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İclasın yekununda bir sıra qərarlar qəbul edilib. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb. İclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransının keçirilməsi məsələsi də müzakirə olunub. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək. Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması  qərara alınıb. İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabarovun istefa ərizələrinə baxılıb və ərizələr İdarə Heyəti tərəfindən qəbul edilib. İclasda Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub. Qeyd edək ki, İdarə Heyətinin iclasında qəbul edilən qərarlar İttifaqın fəaliyyətinin təşkilati baxımdan tənzimlənməsi və qarşıdakı Konfransa hazırlığın təmin edilməsi məqsədi daşıyır.xeber100.com  

Avqust 28, 2026 1:34