Əhaliyə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması…

2 Oktyabr 2016 19:15

Xəbər 1024 dəfə oxunub

Sentyabrın 30-da Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında əhaliyə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və peşəkar kadrların hazırlanmasına istiqamətlənən tədbirlərə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında qeyd olunub ki, son illər ölkəmizin səhiyyə sahəsində zəruri islahatlar həyata keçirilir, tibb müəssisələri müasir avadanlıqla təchiz edilir, bu avadanlıqla işləyən tibb heyətinin bilik və təcrübə səviyyəsinə xüsusi diqqət yetirilir. Azərtac xəbər verir ki, Azərbaycanda həkimlərin sertifikasiyası prosesi 2011-ci ilin yanvar ayından başlayıb. İmtahanlar icbari qaydada aparılır. Sertifikasiyadan keçən mütəxəssislər və orta tibb işçiləri beş il ərzində tibbi praktika ilə məşğul olmaq hüququna malikdirlər. Vurğulanıb ki, bu prosesdə heç bir yaş senzi, habelə tibbi təhsilin alındığı ölkəyə tələblər yoxdur. Xarici ölkənin ali tibb məktəbinin məzunu olan vətəndaşların diplomları sertifikasiyadan əvvəl Təhsil Nazirliyinin nostrifikasiyasından keçməlidir. Sonra onlar sertifikat almaq üçün imtahana buraxılırlar. Test bazası hər il 20 faiz yenilənir. Sertifikasiya prosesini daha da təkmilləşdirmək və şəffaflığını təmin etmək üçün Nazirlər Kabineti 2015-ci il 1 dekabr tarixli 371 nömrəli Qərarı ilə “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na sənəd qəbulu və imtahan proseduru ilə bağlı müəyyən dəyişikliklər edib. Sertifikasiyadan keçməyən şəxslərin tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olması qadağandır. Qeyd olunub ki, imtahanlar yalnız Azərbaycan dilində aparılır. Bu günə qədər 22614 ali və 32272 orta tibb işçisinə sertifikasiya şəhadətnaməsi verilib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05