“2023 – Heydər Əliyev İli” adlı ənənəvi kitab sərgisi açılıb

10 May 2023 14:39

Xəbər 76 dəfə oxunub

Mayın 10-da Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir və kitabxananın əməkdaşları tərəfindən hazırlanan “2023 – Heydər Əliyev İli” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü çoxşaxəli işlərdən danışılıb.

Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasının və bütövlükdə Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edilib.

Vurğulanıb ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Tədbir çərçivəsində “2023 – Heydər Əliyev İli” adlı geniş kitab sərgisinin açılışı və “Azərbaycan xalqının Ümummilli Lideri – Heydər Əliyev” adlı Elektron məlumat bazasının təqdimatı oldu. Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.xeber100.com

Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. 2023-cü ildə bu əlamətdar gün “Yerli dillər” mövzusuna həsr edilib. Bu, həmçinin BMT-nin Yerli Dillərin Beynəlxalq Onilliyi (2022-2032) hədəfləri ilə səsləşir. 2023-cü ildə Dünyanın Kitab Paytaxtı Qananın paytaxtı Akkra şəhəridir. Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir. Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. 2021-ci ilin aprel ayında dövlətimizin başçısı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzalayıb. Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.xeber100.com

Aprel 23, 2023 19:40

“31 mart Soyqırımını unutmadıq” adlı tədbir keçirilib

Martın 31-də Milli Kitabxanada “31 mart Soyqırımını unutmadıq” adlı tədbir, ənənəvi kitab sərgisinin açılışı və elektron məlumat bazasının təqdimatı keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə qeyd edilib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Soyqırımı nəticəsində erməni silahlı dəstələri tərəfindən on minlərlə azərbaycanlı amansızcasına öldürülüb. Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan ”31 Mart Azərbaycanlıların soyqırımı günü” adlı elektron məlumat bazası nümayiş olunub. Elektron məlumat bazası “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər Mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya”, “Soyqırımı yaddaşlarda” adlı bölmələrdən ibarətdir. Sonda tədbir iştirakçıları və qonaqlar “31 Mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı sərgi ilə tanış olublar. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə mart soyqırımına hüquqi-siyasi qiymət verilib. 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.xeber100.com

Mart 31, 2023 14:35

Azərbaycan yazıçılarının XIII qurultayı keçirilib

Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan yazıçılarının XIII qurultayı işə başlayıb.Qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər. Qurultaya Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, AYB-nin üzvləri arasından isə 330-dək nümayəndə qatılıb.Azərbaycan Yazıçılar Birliyinin bölmələr üzrə hesabat məruzələri tədbirdən əvvəl kitab halında qurultay iştirakçılarına təqdim edilib.Qurultayı AYB-nin sədri, Xalq yazıçısı Anar açıb. Azərbaycanın Dövlət Himni səsləndirilib.Ötən dövr ərzində dünyasını dəyişmiş quruma üzv şair və yazıçıların və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anar deyib ki, bu gün Azərbaycan yazıçıları XIII qurultayını qalib ölkənin yazıçısı kimi keçirir: “Bizə bu qələbəni, tarixi Zəfəri yaşatdığı üçün bütün yazıçılar adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, AYB-nin üzvü İsa Həbibbəyli çıxış edərək yazıçıları təbirik edib. O, yazıçıların bu qurultayının Azərbaycan dövlətinin tarixində mühüm yer tutacağını bildirib. İsa Həbibbəyli qurultayın Zəfər Günü ərəfəsində keçirilməsinin önəmini qeyd edib: “Bu Zəfərin qazanılmasında vətənpərvər ruhda böyüyən gəncliyin böyük rolu var”. Anar İsa Həbibbəylini AMEA-nın prezidenti seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, tarixdə ilk dəfədir, AYB-nin üzvü AMEA-da belə yüksək vəzifəyə seçilir. Qurultay işini məruzələrin dinlənilməsi ilə davam etdirir. Sonra AYB-nin katibi İlqar Fəhmi qurultayın iştirakçıları adından dövlətimizin başçısına ünvanlanmış müraciəti oxuyub. Müraciətdə Azərbaycan yazıçıları Vətən müharibəsində qazanılan Zəfərə görə, həmçinin yazıçı və şairlərə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ediblər.Sonra çıxışlar dinlənilib. AYB-nin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə çıxış edərək qurultayın işinə uğurlar arzulayıb. Nəriman Həsənzadə qeyd edib ki, tarixi və çox əlamətdar bir gündə qalib xalq kimi bu qurultayı keçiririk. Bildirib ki, AYB qurultaya məruzələr kitabı təqdim edib. Bu məruzələrdə Azərbaycan yazıçıları geniş tədqiq olunur. Bildirib ki, AYB-də çox gözəl yaradıcılıq mühiti var, gözəl tədbirlər keçirilir. Mədəniyyət naziri Anar Kərimov qurultay iştirakçılarını təbrik edərək qeyd edib ki, yazıçılarımız öhdələrinə düşən missiyanı lazımınca yerinə yetirərək cəmiyyətimiz üçün öz lazımi töhfələrini verəcəklər: “Əziz qurultay nümayəndələri və hörmətli yazıçılar, bu gün tarixi gündür və çox əlamətdar bir dövrdə bu qurultayı keçiririk. Qalib Xalq olaraq bu gün bu mötəbər tədbiri təşkil edirik. Bu münasibətlə hamınızı təbrik edirəm. Əminəm ki, yazıçılarımız öhdələrinə düşən missiyanı lazımınca yerinə yetirərək, cəmiyyətimizə uğurlu töhfələr bəxş edəcəklər”. Sonra qurultayın katibliyi və seçki komissiyası seçilib, reqlament müəyyənləşdirilib. Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı müasir Azərbaycan ədəbiyyatının inkişafı ilə yanaşı, ədəbiyyatımızın çatışmayan məqamlarına toxunub. O, ədəbiyyatımızın milli ruhun diri qalmasındakı mühüm missiyasından danışıb. Bildirib ki, tariximizin bütün dövrlərində milli mübarizəmizin ön sıralarında yazıçılar dayanıb, qələm adamları durub. Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələrdən danışan Sabir Rüstəmxanlı deyib ki, Qarabağda qazandığımız tarixi Qələbə qələm adamlarının əsərlərində öz əksini tapmalıdır. Türkiyənin sabiq mədəniyyət naziri, qələm adamı Namiq Kamal Zeybək deyib ki, ürəyinin yarısı Türkiyədə olsa da, yarısı Azərbaycandadır: “Birinci Qarabağ müharibəsində Azərbaycan gəncləri əzmlə savaşdılar. Ancaq Zəfər çalmaq üçün ordu olmalıdır. O zaman Azərbaycanın ordusu yox idi. O, zamanlar mən çalışdım Türkiyəni bu mücadiləyə qoşum, ancaq əlimdən gələni etsəm də buna nail olmadım. Azərbaycan məğlub olsa da, qəhrəmanlığını isbat etmişdi. İkinci Qarabağ müharibəsində Azərbaycan düşmənin üzərinə güclü ordu ilə getdi, azərbaycanlı gənclər bu dəfə də qəhrəmanlıq nümayiş etdirdilər və 30 il davam edən işğala son qoydular”. Namiq Kamal Zeybək Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.xeber100.com

Oktyabr 26, 2022 15:00

Nazim Hikmətin 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Oktyabrın 26-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türk ədəbiyyatının görkəmli nümayəndəsi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.İnstitutdan bildirilib ki, “Nazim Hikmət - 120” mövzusunda keçirilən konfransda Azərbaycan, Türkiyə, Misir və İraqdan alimlər iştirak ediblər.Konfransı AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmətin təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərdiyini deyib. Şeirdə yeni yollar açmış novator sənətkarın özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verdiyini söyləyən akademik Gövhər Baxşəliyeva Nazim Hikmətin mübariz ictimai xadim, həm də istedadlı şair, nasir, dramaturq olduğunu deyərək, poeziyanın onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil etdiyini bildirib. Şairin iztirablı həyat yolundan danışan akademik onun yaradıcılığından söz açarkən Azərbaycanla bağlı əsərlərinə xüsusi diqqət çəkib.Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri dosent Səriyyə Gündoğdu “Çağdaş türk ədəbiyyatı və Nazim Hikmət” mövzusunda məruzə edib. Şairin tək türk poeziyasına deyil, dünya ədəbiyyatına yenilik gətirdiyini deyən S.Gündoğdu bir çox şairlərin bu yeniliyi mənimsədiyini söyləyib. Nazim Hikmətin Şərq ədəbiyyatına təsirindən ətraflı danışan məruzəçi, ilk növbədə, İranda Nazim Hikmətlə bağlı ədəbi fəaliyyətdən, şairin əsərlərini fars dilinə tərcümələrindən, onunla bağlı elmi tədqiqatlardan söz açıb. S.Gündoğdu, həmçinin ərəb şairlərinin Nazim Hikmətdən bəhrələnməsindən bəhs edib, onun ərəblər üçün hər şeydən əvvəl istiqlal şairi olmasını vurğulayıb.AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Əflatun Baxşəliyev “Nazim Hikmət və Səməd Vurğun”, Şərqşünaslıq İnstitutunun əməkdaşları dosent Barat Osmanova “Nazim Hikmət və onun haqqında ilk tədqiqatlar”, Ülkər Səmədova “Dünya ədəbiyyatında Nazim Hikmət izləri”, Xanım Abdullayeva “Nazim Hikmət şeirlərində milli şüur” mövzusunda məruzə ediblər.Konfrans işini bölmə iclasları ilə davam etdirib.xeber100.com

Oktyabr 26, 2022 14:53

Xalq şairi Məmməd Arazın anadan olmasının 89-cu ildönümü tamam olur

Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadı kimi tanınıb. Şair dərin məzmunlu, milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 89-cu ildönümü tamam olur. Böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib. Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.    

Oktyabr 14, 2022 10:36

8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 5-dən 9-dək Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.Nazirlikdən bildirilib ki, sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.Sərgidə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.Eyni zamanda, sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olacaqlar. 5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcək.8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyə Respublikasıdır. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edəcəklər.Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.Sərgiyə giriş ödənişsizdir.xeber100.com

Sentyabr 22, 2022 10:00

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Avqustun 1-də Milli Kitabxanada Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova açaraq bu gözəl günün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirib. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq imzaladığı fərman və sərəncamlardan danışın, varlığımızı şərtləndirən bu müqəddəs dəyəri qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu söyləyib.Direktor müavini Prezident İlham Əliyevin ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərdiyini, onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edildiyini vurğulayıb.Daha sonra ümummilli lider Heydər Əliyevin dilimiz haqqında çıxışını əks etdirən video təqdim olunub.Kitabxananın Kolleksiyaların və informasiya resurslarının mühafizəsi şöbəsinin müdiri Şəhla Nağıyeva XX əsrin əvvəllərində latın əlifbasına keçid məsələsinin Azərbaycan ziyalıları tərəfindən dəfələrlə gündəmə gətirildiyini, dilimizin əsrarəngizliyi haqqında çoxlu əsərlər yazıldığını bildirib. Tədbirdə Ana dilimizi tərənnüm edən şeirlər səslənib və “1 avqust - Azərbaycan Dili və Əlifbası Günü” adlı sərgiyə baxış keçirilib. Həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili günü” adlı virtual sərgi hazırlanaraq ictimaiyyətə təqdim olunub.xeber100.com  

Avqust 1, 2022 13:37

Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Mayın 26-dan 28-dək Bakı şəhərində Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.Bu barədə Azərtac-a tədbirin təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) sədri, şair Xəyal Rza məlumat verib.Onun sözlərinə görə, tədbir Bakı Dövlət Universitetinin həyətində - açıq havada təşkil olunacaq. Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının qatılacağı tədbirin birinci günü Şuşa Günü, ikinci günü Türk Dünyası Günü, üçüncü günü isə Dədə Qorqud Günü adlandırılıb.Tədbir BEYTÜM-ün təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, TÜRKPA-nın, Yunus Əmrə İnstitutunun, İLESAM-ın, Bakı Dövlət Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.Festivalın təntənəli açılış mərasimi mayın 26-da baş tutacaq. Festivalda nəşriyyatlar çap etdikləri kitabları sərgiləyəcək və milli rəqslər, muğam konserti, tanınmış müğənnilərin çıxışları nəzərdə tutulub.Festival türk dünyasının böyük mütəfəkkirləri Nizaminin, Yunus Əmrənin, Əlişir Nəvainin, Məhdimqulu Firakinin, Tüğölbay Sıdıkbekovun və Abayın xatirəsinə həsr edilib. Festivalda türksoylu ölkələrin alimləri yuxarıda adları qeyd edilmiş ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər. Tədbir çərçivəsində, həmçinin M.Ə.Sabirin, Həsən bəy Zərdabinin, Əhməd Cavadın, Xurşidbanu Natəvanın, Hüseyn Cavidin, Əhməd Baydursunlunun, M.F.Axundzadənin, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub.Tədbirin sonuncu günü mükafatlandırma mərasimi təşkil olunacaq. Qeyd edək ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının növbəti ili Türkiyədə təşkil ediləcək.

May 10, 2022 14:59

Milli kitabxanaları arasında əməkdaşlıq genişlənir

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Qətər Beynəlxalq Kitab sərgisində Qətər Milli Kitabxanasının icraçı direktoru xanım Tan Huism ilə görüşüb.Milli Kitabxanadan bildirilib ki, görüşdə Kərim Tahirov hər iki dost ölkə arasında mövcud olan sıx əlaqələrə rəğmən 4 il öncə Qətər və Azərbaycan milli kitabxanaları arasında bağlanmış qarşılıqlı əməkdaşlığa dair memoranduma müvafiq olaraq informasiya, kitab və təcrübə mübadiləsinin həyata keçirildiyini söyləyib. Qətər Milli Kitabxanasında Azərbaycana dair qədim kitabların və əlyazmaların öyrənilməsində guşənin rolunu vurğulayan direktor belə bir imkanın yaradılması üçün hər iki kitabxanada Azərbaycan və Qətərə dair guşənin yaradılmasını təklif edib.Qətər Milli Kitabxanasının direktoru xanım Tan Huism həmkarının irəli sürdüyü təklifə məmnuniyyətlə razı olduğunu bildirib və bu işi təşkil etmək üçün tədbirlər görəcəyinə söz verib.Tarix üzrə fəlsəfə doktoru Akif Marifli Qətər kitab sərgisinin və Milli Kitabxananın ekspozisiyasının möhtəşəmliyindən və iştirakçıların çoxluğundan söz açıb və Qətər Milli Kitabxanasını gələn il Bakıda keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət edib.Görüşün sonunda K.Tahirov xanım Tan Huismə Azərbaycan Milli Kitabxanası adından, “Nizami yurdu Gəncə”, “Salam Azərbaycan”, “Qarabağın qara kitabı”nı, habelə ərəb dilində nəşr olunmuş Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami”, “Dəmir yumruq. 44 günlük müharibə qəhrəmanları”, “Azərbaycanın qadın ziyalıları” və digər kitabları hədiyyə edib.Görüşdən sonra xanım Tan Huism qonaqları Qətər Milli Kitabxanasının ekspozisiyası ilə tanış edib.xeber100.com

Yanvar 15, 2022 11:35