Səhiyyə Nazirliyinin məlumatına əsasən…

1 Sentyabr 2016 11:29

Xəbər 1321 dəfə oxunub

Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində müalicə alan uşaqların 40 faizi sinir sistemi xəstəliklərindən, 30 faizi dayaq hərəkət sistemi xəstəliklərindən, 20 faizi yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10 faizi müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bu barədə Azərtac-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, 2015-ci ildə mərkəzə ilk dəfə müraciət etmiş 98 xəstə daxil olub. Bu ilin ilk 6 ayında isə bu göstərici 88 nəfər təşkil edib. Mərkəzə daxil olmuş xəstələr qeydiyyata götürülərək hər iki aydan bir müalicə kursu keçirlər. Ötən ilin yanvar-iyun aylarında mərkəzə 19661 gəliş qeydə alınıbsa, 2016-cı ilin müvafiq dövründə bu rəqəm 20612-yə çatıb. Səhiyyə Nazirliyinin 2014–2020-ci illər üzrə Strateji Planına əsasən uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində mərkəzə daxil olan 1 yaşına qədər uşaqların sayının əvvəlki illə müqayisədə 40 faiz artması müşahidə olunur. Uşaq Bərpa Müalicə Mərkəzində uşaqlar xüsusi prinsiplərlə müalicə kursu keçirlər. Hər bir xəstənin yaşı, xəstəliyinin ağırlıq dərəcəsi, yanaşı olan xəstəlikləri nəzərə alınır. Mərkəzdə xəstələr il ərzində 3-6 mərhələdə bərpa-müalicə kursu keçirlər. Burada valideynlərlə də iş aparılır. Belə tədbirlərdən biri kimi Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Bərpa Müalicə Mərkəzində keçirilən “Günəş hamı üçündür” adlı maarifləndirmə layihəsini qeyd etmək olar. Layihədə mərkəzdə müalicə olunan sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynlərı iştirak ediblər. Uşaq Bərpa Müalicə Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların fiziki reabilitasiyası ilə yanaşı, bu uşaqların dolğun həyat yaşamasına və sosial adaptasiyasına da önəm verilir. Belə ki, mərkəzdə təşkil olunmuş rəsm terapiyası kursu keçən xəstələr Azərbaycan Rəssamlıq Akademiyasında “Mənim rəngli dünyam” adlı sərgidə iştirak ediblər. Əlində fırça tuta bilməyən xəstələr barmaqlarını rəngə batıraraq yaratdıqları rəsmlərdə öz arzularını ifadə ediblər. Bundan əlavə, Səhiyyə Nazirliyinin və Azərbaycan Uşaq Paralimpiya Komitəsinin dəstəyi ilə mərkəzdə boçço oyunu üzrə dərnək təşkil edilib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05