“Gündüz sağlamlıq klubu” təşkil olunub

7 Sentyabr 2016 11:36

Xəbər 1364 dəfə oxunub

“Sağlamlıq sahəsi” poliklinikasına müraciət edən və ərazi poliklinikalarından göndərilən ahıl insanlar ixtisaslaşdırılmış heriatrik müalicəyə cəlb olunur. Poliklinikaya dərman təchizatını Səhiyyə Nazirliyi həyata keçirir. Nazirliyin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, ilkin müraciətlərin sayı il ərzində ən azı 2 min nəfər təşkil edir ki, onlardan da qeydiyyata götürülən xəstələrin 65-67 faizini herontoloji yaş həddində olan xəstələr təşkil edir. İl ərzində poliklinikada orta hesabla 65 mindən çox xəstə gəlişi (ilk və növbəti gəliş) qeydə alınır. Müayinə və müalicə olunan ahıl xəstələr ildə iki dəfə bütün müayinələrdən keçmək və müalicə kursu almaq üçün xüsusi çağırış vərəqəsi ilə “Sağlamlıq sahəsi”nə dəvət olunurlar. Hər il herontologiya sahəsində görülən işin həcmini genişləndirmək məqsədilə mütəmadi olaraq əvvəlcədən şəhər poliklinikalarında elan verməklə “Açıq qapı” aylığı keçirilir. Bir ay ərzində ərazi poliklinikalarından “Sağlamlıq sahəsi” poliklinikasına ixtisaslaşmış tibbi xidmət almaq məqsədilə orta hesabla 5 minə yaxın xəstə müraciət edir. Poliklinikada həssas psixologiyası olan tənha ahıllar üçün “Gündüz sağlamlıq klubu” təşkil olunub. Burada ahıllar üçün müalicə və müayinələrlə yanaşı, xüsusi tədbirlər (musiqi terapiyası, fitoterapiya, katerlə dəniz gəzintisi və s.) keçirilir. Həmçinin Bilgəh qəsəbəsində yerləşən Qocalar evinin bütün sakinləri ildə iki dəfə ixtisaslaşmış həkimlər tərəfindən müayinə olunurlar.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05