ABŞ-da ilk teledebat keçirilib

27 Sentyabr 2016 14:02

Xəbər 841 dəfə oxunub

Birləşmiş Ştatlarda Demokratik və Respublika partiyalarından prezidentliyə namizədlər Hillari Klinton və Donald Tramp arasında ilk teledebat keçirilib. Teledebat Nyu-York ştatının Hempsted qəsəbəsində yerləşən Hofstra Universitetində baş tutub. Namizədlər ölkənin sosiali-iqtisadi problemlərini müzakirə edib və beynəlxalq münasibətlərə, təhlükəsizlik məsələlərinə, həmçinin ABŞ-ın xarici siyasətinə xüsusi diqqət yetiriblər. Klintonu Şimali Amerika azad ticarət zonası layihəsinin reallaşdırılmasında ittiham edən Tramp qəbuledilməz olan “Kanada, ABŞ, və Meksika arasında azad ticarət barədə sazişdən” Meksikanın ABŞ-dan daha çox qazanc əldə edəcəyini deyib. Namizədlər, həmçinin məxfi yazışmaların qaydaları və vergi məsələləri barədə də qarşılıqlı ittihamlar irəli sürüblər. Hillari Klinton ABŞ-ın dövlət katibi işlədiyi dövrlərdə mühafizə olunmayan şəxsi serverlərdən xidməti yazışma üçün istifadə edib; Trampı isə adətən bütün prezidentliyə namizədlərin vergi tranzaksiyalarının şəffaflığı üçün təqdim etdiyi vergi haqda sənədləri verməkdən imtina etməkdə qınayırlar. ABŞ-da irqlər arası münasibətlərdən danışarkən, namizədlər həm də odlu silahdan istifadə etməklə törədilən zorakılıqla bağlı problemlərə də münasibət bildiriblər. Namizədlər Trampın uzun illər ərzində inkar etdiyi Prezident Barak Obamanın Amerika vətəndaşlığı, terrora qarşı mübarizə, İŞİD və nüvə təhdidi barədə də fikirlərini açıqlayıblar. CNN telekompaniyasının teledebatın ardından izləyicilər arasında telefon vasitəsilə keçirdiyi sorğuya əsasən, respondentlərin 62 faizi ABŞ prezidenti postunda Hillari Klintonu, 27 faizi isə Donald Trampı görmək istədiyini bildirib. Klinton və Tramp arasında ikinci debat oktyabrın 9-da Missuri ştatının Sent-Luis şəhərindəki Vaşinqton Universitetində, üçüncü teledebat isə oktyabrın 19-da Nevada ştatının Las-Veqas şəhərindəki Nevada Universitetində keçiriləcək. Oktyabrın 4-də Virciniya ştatının Farmvill qəsəbəsində vitse-prezident postuna Demokrat Partiyasının namizədi Timoti Keynlə Respublika Partiyasının namizədi Mayk Pens arasında debatlar olacaq.xeber100.com

 

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42