Beynəlxalq konfrans keçiriləcək

29 Sentyabr 2016 12:56

Xəbər 1215 dəfə oxunub

Sentyabrın 29-u Dünya Ürək Günü kimi bütün dünyada qeyd ediləcək. Bu günlə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti də ölkəmizdə bir sıra tədbirlər həyata keçirir. Cəmiyyətdən Azərtac-a bildiriblər ki, sentyabrın 29-da “Park Bulvar”da, sentyabrın 30-da “Metropark”da “Sağlam ürək” həftəsi çərçivəsində aksiyalar keçiriləcək. Aksiyalar zamanı Dünya Ürək Gününün mahiyyəti, ürək sağlamlığının qorunması üçün vacib olan amillər barədə ictimaiyyətə məlumat veriləcək, alış-veriş mərkəzlərində insanların ilkin tibbi müayinəsi, qanda şəkərin və xolesterolun miqdarı ölçüləcək, ürək sağlamlığının qorunması üçün tam ödənişsiz həkim məsləhətləri veriləcək. Oktyabrın 1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edəcək. Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri, tibb elmləri doktoru Kamran Musayev bildirib ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak edə biləcək.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05