Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin “Şah İsmayıl” operası səhnəyə qoyulub. Səhnə əsərinin nümayişi Xalq Artisti Şahlar Quliyevin 70 illik yubileyi çərçivəsində gerçəkləşdi. Belə ki, yubilyar bu tamaşada əsas partiyalardan birini – Aslan şah rolunu ifa edib. Uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Şahlar Quliyev teatrın səhnəsində həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaradıb. “Koroğlu”da Həsən xan, Eldar, “Leyli və Məcnun”da Nofəl, “Arşın mal alan”da Süleyman, “O olmasın, bu olsun”da Qoçu Əsgər, “Natəvan”da Qasım bəy Zakir, “Aida”da Amonasro, “Karmen”də Eskamilio kimi obrazları ilə böyük tamaşaçı kütləsinin rəğbətini qazanıb.xeber100.com yubilyarın doğum günü münasibətilə geniş müsahibə hazırlayaraq siz oxucularımıza təqdim edir.
-Yubiley yaş çox söz ifadə edər, çox söz deyər. Bəlkə də bu illər bir göz qırpımında gəlib keçdi, bəlkə hər yaşadığınız yaş öz çətinliyi ilə yadda qalıb və s. kimi məqamların hər kiçik detalı siz daha yaxşı bilirsiniz. Oxucular üçün görünməyən tərəflərdən bəhs etsək, əslində Şahlar Quliyevin keçdiyi bu həyat yolu necə olub?
-Mən düşünmürəm ki, çox böyük işlər görmüşəm. Sevdiyim sənətlə məşğul olmuşam, dövlət qayğısını hiss etmişəm, bəlkə bəzi anlarda mən də incimişəm və ya əksinə daha çox sevinmişəm, bir sözlə, böyük bir ömrün sənətkar duyğularını, hisslərini yaşamışam. Oynadığım rollarla bütün daxili dünyamı açmağa çalışmışam.
-Əslində Operada çalışmaq elə özü böyük işdir. Elə bir obraz olub ki, xarakterinizlə üst-üstə düşsün?
-Sakit təbiətli obrazlardan daha çox emosional rollara üstünlük verirəm. Əlbəttə ki, yerli-yersiz emosionallıq da nümayiş etdirmək olmaz, ancaq obrazın üzərində onun daxili dünyasından çıxış etmək tamaşaçı üçün də önəmlidir. Bildiyiniz kimi tamaşaçını süni ifayla aldatmaq olmaz, tamaşçı auditoriyası təbiiliyi sevir.
-Kifayət qədər sənət təcrübəniz var. Adətən sənət təcrübəsi geniş olanlar rejissorla həmfikir olmaya bilər. Siz bu barədə necə düşünürsünüz?
-Operada çalışmaq asan göründüyü qədər də çətindir. Obraz oynadığın əsərə bələd olmadan, librettonu bilmədən, zənnimcə səhnədə heç bir şey etmək olmaz. Obraz üzərində düşünmək, onun daxili dünyasını öyrənmək və əlbəttə ki, obrazı özününküləşdirməyi bacarmaq əsas şərtdir. Xüsusilə yeni nəsil bu kimi məqamlara diqqət etməlidir. Biz nəslin keçdiyi məktəb bütün bunları hələ təhsil illərində bizlərə aşılayıb, təcrübə artdıqca da daha da püxtələşmişik. Məsələn, “Aşıq Qərib”də Şahvələd rolunu oynamışam. Şahvələd öz dünyası olan, özünəxas qanunlarla yaşayan bir obrazdır. Təsəsvvür edin ki, ona qarşı sevgi hissi olmayan bir qıza özünü məcbur sevdirmək üçün mübarizə aparır. Ancaq “Şah İsmayıl”dakı Aslan şah təzadlı obrazdır. Bunun səbəbini belə izah edərdim. Əsərdə olan musiqi o qədər lirikdir ki, bu lirika insana təsir etməyə bilməz. Şəxsən məni hər bir əsərdə musiqi idarə edir, musiqi istiqamətləndirir. Ümumiyyətlə əsərdəki hadisələrlə musiqinin üst-üstə düşməsi önəmli məqamlardan biridir. Hələ tamaşa hazırlandığı zaman bəstəkar hadisələrdən çıxış edərək ona uyğun ovqatlı musiqi yazır. Obraz üzərində çalışarkən bütün bunları hiss etmədən heş bir şey etmək olmaz. Doğrudur ifaçının ifaçılığı ilə yanaşı aktyorluq qabiliyyətindən çox şey asılıdır, ancaq unutmamalıyıq ki, ümumi görüntü də rejissora aid bir işdir. Rejissor hərətəfli görünən, hərtərəfli düşünən aparıcı rolunu oynayır.
-Operanın səhnəsində elə ustadlar olub ki, onlarla bərabər eyni səhnəni paylaşmaq necə bir hiss idi?
-40 ildə kimləri görmədim ki?! Ancaq etiraf edim ki, mən sadəcə olaraq ustadların ifasını izləməmişəm, ustadlarla yanaşı eyni zamanda kiçik rolların ifaçılarını da izlımişəm, onlardan da bir şeylər öyrənməyə çalışmışam.
-Bunu hər ifaçı etiraf etməz…
-Sənət sadəcə böyük həcmli rollardan ibarət deyil, bəzən görürsən kiçik həcmli bir rolda elə bir ifaçılıq nümayiş etdirilir ki, məhz o an çox şey öyrənirsən. Firəngiz Əhmədova, Lütfiyar İmanov, Firudun Mehdiyev, Adil Məlikov, Əli Haqverdiyev və daha kimləri görmədim. Sonrakı nəsil Zeynəb Xanlarova, Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu və b. bir səhnəni paylaşdıq. Onu da qeyd edim ki, adlarını çəkdiyim sənətkarların hər birinin özünəməxsus ifa tərzi olduğu kimi, eyni zamanda çox məsuliyyətli idilər və bu məsuliyyət hissi onları sənətkarlıq zirvəsinə yüksəldirdi. Kiçik bir haşiyə çıxmaq istərdim. Sənətkarın sənətə olan münasibəti onun tamaşaçı auditoriyasına olan münasibətilə müəyyənləşir. Məsələn, tamaşaçı salonunda gənc nəsil, uşaqlar da ola bilər. Yaşlı nəslə qoyulan hörmətlə gənc nəslə qoyulan hörmət eyni olmalıdır. Necə yəni bu gün salonda uşaqlardı, onların qarşısında necə gəldi ifa edim, bu mümkün olan iş deyil. Hətta qrimə qədər hər şey yerli yerində olmalıdır. Hətta ucqar bir rayonda, qəsəbədə tamaşa nümayiş etdirərkən eyni məsuliyyətlə hazırlaşıb səhnəyə çıxmışam.
-Ümumiyyətlə əvvəlki sənətkarlarda olan məsuliyyət hissini son yaşadan nəsil sanki sizsiniz. Bundan sonrası necə olacaq, bu, bir qədər mübahisəli məsələ olaraq qalır…
-Mən deməzdim ki, bizdən sonra hər şey pis istiqamətdə cərəyan edə bilər, əksinə sənət etibarlı əllərdədir və bu sənətin bünövrəsi elə məsuliyyət üzərində qoyulduğu üçün burda biganəliyə yer yoxdur.
-Tənqidə münasibətiniz necədir?
-Əgər sağlam tənqiddirsə, əlbəttə ki, müsbət qarşılamaq lazımdır. Axı tənqid olmadan inkişaf olmaz. Çatışmayan cəhətləri mütləq demək lazımdır, əslində tənqiddən nəticə də çıxarılır, tənqid bir növ öyrədir və ya yenidən öyrənməyə, təkrar etməyə şərait yaradır, özünə olan məsuliyyət hissini daha da artırır. Belə olduğu halda zənnimcə, tənqiddən inciməyə dəyməz.
-Fəaliyyətiniz müddətində nələr sizi qane etdi və ya əksinə nələr qane etmədi?
-Əgər vokal ifaçılığı sənətində ən yüksək göstəricələrlə özümə yanaşsam, o zaman demək olar ki, vokal texnikası çatışmamazlığına görə, səsimin imkanlarından tam olaraq istifadə edə bilmədim. Yəni, vokal texnikası çatışmamazılığına görə çox şeyləri edə bilmədim, halbuki bu çatışmamazlıq olmasaydı daha çox iş görə bilərdim.
-Bütün fəxri titullara layiq görülmüsünüz, az qala bütün sənətkarlarla eyni səhnəni paylaşmısınız və s. ancaq yenə də tam qane olmamısınız. Bəlkə bu qədər təvazökar olmasaydınız, özünüzü arxa planda saxlamasaydınız, hər şey başqa cür ola bilərdi?
-Yəqin ki, xarakter məsələsidir. Mənə bu iradı tutanlar çox olur, Yəni, səhnədə necə odlu-alovlu çıxılar edirsən, sonra sakit təbiətinlə geriyə çəkilirsən, varlığını hiss etdirmirsən kimi. Yenə də təkrar edirəm bu mənim təbiətimlə əlaqədardır. Bütün sözümü sənətimlə, səhnədə, tamaşaçı auditoriyası qarşısında demişəm, deyirəm və nə qədər ömrüm var deyəcəyəm. Əslində sənətkar sözünü elə sənətlə deməlidir.
-Dünya operasından kimləri izlədiniz, dünya operasına münasibətiniz necədir. Böyük ölkələrdən birinin Opera teatrında çalışmaq kimi arzunuz oldu?
-İllər öncə, Konservatoriyada təhsil aldığım illərdə belə bir imkan olmuşdur. Əslində bu arzu deyildi, sadəcə belə bir imkan yaranmışdı. Söhbət 1973-cü ildən gedir. Konservatoriyanın rektoru, rəhmətlik Soltan Hacıbəyov mənə böyük qayğı göstərirdi, onun dəstəyiylə təqaüd alırdım. Təhsilimi artırmaq məqsədilə məni İtaliyaya göndərəcəyinə söz vermişdi, təəssüf ki, bir neçə ay sonra rəhmətə getdi. Bəlkə də belə bir şanssızlıqla qarşılaşmasaydım o zaman hər şey başqa cür ola bilərdi…
-Yəqin ki, qismət belə imiş…
-Ümumiyyətlə həyat yolum hamar olmayıb. Təhsil aldığım zamanlardan çalışmışam, zəhmətlə yaşamışam və gəlib 70 yaşa çatmışam…
-Ömrün müdrik çağıdır desək, axı müdrik yaş dövründə həyat bir qədər asanlaşır…
-Bəlkə də ona görə ki, həyatı öyrənirsən, yaşamağı öyrənirsən və ən önəmlisi həyatın çətinliklərini öyrənirsən…
-Öyrənmək əsas şərtdir, peyğəmbərimiz də Allahdan gələn bu sözü insanlığa çatdırıb.
-Belə olan halda öyrənməyə, yaşamağa davam…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…