Ömrünə iki dövrü yaşamaq düşən, məlum hadisələrdə gəncliyini belə doya-doya yaşaya bilməyən, buna baxmayaraq israrla peşə seçimində muğam ifaçılığına üz tutan, Opera və balet Teatrının solisti, Milli Konservatoriyanın dosenti Gülüstan Əliyevanın adını xüsusilə qeyd etmək istərdik. Qarabağ hadisəsində ailəsindən iki şəhid verən və bu ağrını ifaçılığı ilə çoxsaylı tamaşaçısına çatdırmağı bacaran xanəndə xeber100.com saytının əməkdaşı ilə söhbətində bir qədər uzaqlara səyahət etdi, yaxın keçmişdə yaşananları xatırladı və daha nələr, nələr yada düşdü, onu ancaq müsahibəni oxuduğunuz zaman görəcəksiniz…
-Gənclik illəriniz çətin bir dövrə təsadüf etsə də, ustad muğam ifaçıları ilə məhz həmin dövrdə tanış oldunuz, onların sənətini yaxından izlədiniz, sənət sirlərinə hakim oldunuz…
-Bilirsinizmi, Sovetlər dövrü stabil bir həyat tərzimiz var idi və qarşıda bizləri nələr gözlədiyinidən xəbərsiz yaşayırdıq. Bizim nəslin gəncliyi məhz həmin xəbərsiz bir dövrdə yetişirdi, böyüyürdü. Bəlkə də məlum hadisələrdən sonra zamansız böyüdük, sanki bir göz qırpımında estafeti ustadlardan aldıq və yaxşı ki, bunu bacardıq. Doğrudur, arzularımız qanad açmadan qırıldı, ancaq qarşımızda açılan bu çətin yol bizi daha böyük arzulara doğru apardı. Yaşadığım bütün ağırlıqlara, çətinliklərə, itkilərə baxmayaraq daima özümü xoşbəxt sənət adamı hesab etmişəm. Çünki sənət yolumda elə insanlarla qarşılaşdım ki, onlar mənim yoluma işıq tutdular. 1981-ci ildə səs inkamlarıma görə məni doğulduğum rayondan-Yevlax rayonundan seçərək paytaxtda təhsil almağım üçün şərait yaradan o ustadların (Niyazi, Arif Babayev, Şövkət Ələkbərova, Sara Qədimova, Canəli Əkbərov, İslam Rzayev və b.) hər birinə minnətdaram ki, mənim hazırda Gülüstan Əliyeva kimi tamaşaçılar tərəfindən sevilməyimdə, sənətimi müstəqil olaraq yetişdirməyimdə, hətta mən deyərdim ki, biz nəslin tanınmasında böyük rol oynadılar.
-Əslində siz nəslin ən üstün cəhəti ondan ibarət olub ki, dərs aldığınız müəllimlərdən başqa digər ustadların da dərslərinə maraq göstərmisiniz.
-Təsəvvür edin ki, bütün müəllimlərin dərslərində iştirak etmək üçün vaxta qənaət etməklə yanaşı, vaxtdan səmərəli istifadə edirdik. Ümumiyyətlə sənət elə bir zirvədir ki, öyrənə-öyrənə, axtara-axtara gəlib özünü tapırsan. Bu baxımdan da yuxarıda adlarını çəkdiyim sənətkarların dərslərində iştirak etmək, onlardan bir şeylər öyrənmək vacib idi.
-Uzun illərdir ki, Opera və balet teatrında çalışırsınız. Akademik səviyyəsi ilə dünya operaları ilə müqayisə oluna biləcək teatrdakı fəaliyyətiniz necə dəyərləndirərdiniz?
-Opera və balet teatrı, mən deyərdim ki, Azərbaycan mədəniyyətinin atributlarından biridir. Artıq 20 ildir ki, bu sənət ocağında çalışıram və bir neçə gün öncə hesabat xarakteri daşıyan rəngarəng solo konsert proqramı ilə tamaşaçıların qarşısında, teatr kollektivimin qarşısında çıxış etdim. Hesabar konserti məni bir qədər keçmişə, yəni, yaxın keçmişə – 20 il öncəyə apardı. İlk gəlişimi, sənətkarlarla səhnəni paylaşdığım o günləri, o həyəcanı sanki yenidən yaşadım. Onu da hiss etdim ki, sənətə gəldiyim ilk gündən məni təqib edən o məsuliyyət, o həyəcan hissi elə olduğu kimi durur. Tamaşaçı sevgisi, tamaşçı alqışı da eynidir, artıb ki, azalmayıb. Oynadığım qadın qəhrəmanların sayını unutmuşam, saysız-hesabsızdır, elə heç olmazsa 100-dən artıq Leyli olaraq, bi o qədər “Aşıq Qərib”lə səhnəyə çıxmışam. Sonralar “Arşın mla alan”, “O olmasın, bu olsun” kimi əsərlərdə rol aldım və s. Bütün bunları, yəni, keçdiyim bu sənət yolunu sənət tənqidçiləri də, sənətsevərlər də, tamaşaçılar da yüksək dəyərləndirib və önəmli olan onların dəyərləndirməsidir. Bu fürsəti yaradan sənətkarlara, teatrın rəhbərliyinə, kollektivinə minnətdaram ki, belə bir fürsəti mənə yaradıblar. Xüsusilə rejissor işləri idarəsinin rəhbəri Tamara Eyvazovaya, eyni zamanda teatrın rejissoru Hafiz Quliyevə minnətdaram. Çünki səhnə görüntüsü rejissora aiddir. Rejissor bizləri oynadığımız rollar üçün hazırlayır, daxili aləmimizdə gizli qalan duyğuları rollar vasitəsilə ortaya çıxarmağa müvəffəq olurlar. Yeri gəlmişkən, mən daima dramatik obrazlar ifaçısı idim, hətta faciəvi rollar oynayırdım. İlk dəfə Arşın mal alan”da Cahan xala, “O olmasın, bu olsun”da Sənəm kimi bir qədər komik obrazlarda səhnəyə çıxdım və hələ də həmin rolları oynayıram. Təbii ki, bütün bunlar rejissorun tapıntısıdır. Nə qədər ki, teatrdayam, rejissorun məni görmək istədiyi rolları, eləcə də sadaladığım rolları oynayacağam.
-Hiss olunur sizdə özünə qarşı, ümumiyyətlə isə yaş kompleksi yoxdur. Deyəsən yaşlanmaq qorxunuz yoxdur?
Düşünürəm ki, səhnədə yaş yoxdur, səhnədə kompleks olmamalıdır və səhnədə yaşlanmaq gözəldir. Yaşlana-yaşlana səni sevən tamaşaçıları görmək, elə onların da yaşlandığının şahidi olmaq, məncə bu çox gözəl hissdir.
-Sizin qədər yaşlılıqdan böyük əhval-ruhiyyə ilə bəhs edən digər bir sənət adamı görmədim…
-Yaşlanmaq böyük səadətdir və hər adama da qismət olmur. Görün gənc yaşda dünyasını dəyişən nə qədər insanlar var. Belələrini gördüyün halda durub yaşlılıqdan danışaraq sızlanmaq nə dərəcədə doğrüdur?! Konservatoriyanı bitirənə qədər olan dövr həyatımın ən qayğısız, bəlkə də ən xoşbəxt illəri idi. Ondan sonrakı 11 ay 317 günlük ailə xoşbəxtliyim və bununla da sanki qadın kimi xoşbəxtliyim bitdi, sonrakı illər mən sənətkar kimi püxtələşməyim və sənətkar kimi öz yolumu taparaq xoşbəxtliyim başladı. Təbii ki, həyat davam etdi və dediyim kimi artıq fərqli şəkildə davam etdi. Tanrıya şükürlər olsun ki, mənə oğul ovladı bəxş etmişdi, o ağır günlərdə ona sarılaraq güc aldım, həyat gücü, səhnə gücü aldım. Artıq oğlum evlidir, nəvəm var, ailəm getdikcə böyüyür.
-Atalar yaxşı deyib: Dövlətdə dəvə, övladda nəvə. Nənə olmaq necə bir hissdir?
-Hər zaman deyirdim ki, qızsız ana, duzsuz anadır. Nəvəm qızdır və onu qızım kimi istəyirəm. Nənə hissindən daha çox sanki ana hissi keçirirəm. Deyəsən, nəvənin övladdan şirin olması səbəbini tapmışam. Gənc yaşlarda övladımıza lazım olan sevgini sanki verə bilmirik, övlad sahibi olmanın necə bir duyğu olduğunu tam anlamırıq. Sanki nəvə sevgisi bu duyğuları üzə çıxarır, yaşamadıqlarımızı da nəvə ilə birgə yaşayırıq. Mən belə düşünürəm, yəni, düşüncələr fərqli ola bilər.
-İllər keçir, artıq sənətkarlıq zirvəsindəsiniz. Buna baxmayaraq arzular tükənməzdir. Arzusunda olub, ancaq hələ də çatmadığınız arzular var, yoxsa?
-Siz özünüz də qeyd etdiniz ki, arzular tükənməzdir, hətta arzudan arzu doğur. Bilirsinizmi, insanoğlu yaşadıqca nə arzular bitər, nə də tükənər. Opera səhnəsində hazırlanan bütün operalarda əsas qəhrəmanları oynamışam. Hətta bəzən mənə elə gəlir ki, arzular gələcək fəaliyyət üçün həyatdan aldığımız bir kreditdir, bir stimuldur. İstərdik ki, atdığımız hər addım Azərbaycan musiqi sənətində önəmli bir iz olaraq qalsın. Dövlətimizin, ölkə rəhbərliyinin qayğısı, diqqəti sayəsində Azərbaycan muğamı, ümumiyyətlə isə Azərbaycan incəsənəti böyük inkişaf yoluna qədəm qoyub. Üzərimizdə böyük məsuliyyət yükü var və biz nəsil müəllimlərimizdən aldığımız estafeti gələcək nəslə çatdırmaq üçün çox çalışmalıyıq. Bildiyiniz kimi uzun illərdir pedaqoq kimi çalışıram, onlarla tələbələrim var. Milli Konservatoriyanın dosentiyəm, elmi iş üzərində işləyirəm-Azərbaycan qadın xanəndələrinin Operada rolu- mövzusunda. Bu mövzu eyni zamanda kitab şəklində çıxacaq, dərs vəsaiti kimi istifadə olunacaq. İnanıram ki, bütün bunlar gələcək nəslin xanəndə qadınlarımızı tanımasında, onların fəaliyyəti ilə yaxından tanış olmasında böyük rol oynayacaq. Ümumiyyətlə hər xanəndənin, hər sənətkarın bu həyatda görə biləcəyə ən önəmli iş ondan ibarətdir ki, o gələcək nəsil xanəndələr üçün bir şeylər qoyub getsin.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…