İlk dəfə “Şərikli çörək” filmində epizodik rola çəkilən, uşaq dünyasında böyük sevinclə mübaribə dövrünün acınacaqlı günlərini yaşayan balaca Fərhad sanki elə həmin rol ilə də gələcək həyat tərzini müəyyənləşdirib…Müsahibim 40 ildən artıqdır ki, kinoda, teatrda maraqlı rollar oynayır, sənət eşqi çox güclü olan aktyoru tamaşaçı sevir, fəaliyyətini izləyir. xeber100.com-un əməkdaşı aktyorla teatrda görüşüb və sənət üzərində geniş söhbət aparıb. Bu söhbətin sadəcə bir qismini sizlərə təqdim edirik.
-60 yaşın zirvəsi, 40 illik fəaliyyət…Məhz bu yaşda sizi daha çox nə düşündürür?
-Əgər nəzərə alsaq ki, 45 ildir ki, bu sənətdəyəm, o zaman necə böyük bir zamanın içində olduğumuzu anlayarıq. 70-ci ildə “Yeddi oğul istərəm” filmi mənim ilk addımlarımın atılmasına təkan verdi. Ötən illər acılı-şirinli keçdi, artıq arxada qaldı, önəmli olan odur ki, boş keçən günlərim olmayıb, daima çəkiliş meydançasında, teatr səhnəsində, bir sözlə, sənətlə bağlı işlərlərlə məşğul olmuşam. Aktyor olduğuma görə heç bir vaxt peşmançılıq hissləri keçirməmişəm, görünür bu mənim qismətim idi.
-Bildiyim qədəriylə ilk addımlarınız “Şərikli çörək” filmindən başlayıb?
-O filmdə sadəcə bir qrup uşaqla birgə epizod səhnələrdə çəkilmişik. Eşidəndə ki, belə bir fim çəkilir mən də uşaq ağlı ilə çəkilişə qatılmışdım. Bu bir başlanğıc idi, ancaq Tofiq Tağızadənin quruluşunda çəkilən “Yeddi oğul istərəm” filmi artıq mənim üçün önəmli bir addım idi. 1973-cü ildə Ənvər Əbluçun diplom filmi olan “Dənizə çıxmaq qorxuludur” filminə çəkildim, 1975-də isə Moskvada Kinematoqrafiya İnstitutuna qəbul olundum.
-SSRİ dövründə Moskvada təhsil almaq, xüsusilə kino təhsili almaq, hətta Matveyevin (1975-79-cu illərdə ÜDKİ-də təhsil alan azərbaycanlılardan ibarət kursun rəhbəri, SSRİ xalq artisti, teatr və kino aktyoru, ssenari müəllifi və rejissor Yevgeni Semyonoviç Matveyev nəzərdə tutulur) kursunda təhsil almaq sadəcə bir şans məsələsi idi…
-Bu həm şans məsələsi idi, eyni zamanda yəqin ki, o vaxta qədər çəkildiyim filmlərdə göstərdiyim qabiliyyət diqqəti çəkirdi, ancaq nə olur olsun, mənim sadəcə bir məqsədim var idi-öyrənmək, sənətin dərinliklərinə bələd olmaq. Matveyevin kursuna qəbul olunmağım onun iki filmində rol almağım heç də təsadüfi deyildi. Əksinə bu mənim zəhmətimin bəhrəsi idi. O dövrdə Azərbaycandan mənimlə bərabər 14 tələbə təhsil alırdı. Onların içindən məni filmləri üçün seçdi. Çünki Moskvadakı təhsil illərimdə mən sıradan bir tələbəlik həyatı keçirmirdim, sənətlə bağlı hər şeylə maraqlanır və zamanı sadəcə ona həsr edirdim. Teatrlara gedirdim, muzeylərə gedirdim, istərsə də digər sənət ocaqlarına gedərək Moskva təhsil həyatından bəhrələnirdim.
-Deyilənlərə görə, Matveyevin “Ən mühüm tapşırıq” filmində azərbaycanlı təyyarəçi Rüstəm rolu məxsusi sizin üçün yazılıb və o dövrdə Moskvada azərbaycanlı obrazı yaratmaq və bunu kinoda göstərmək o qədər də asan məsələ deyildi…
-Rüstəm obrazı doğrudan da qalmaqal yaratmışdı. Hətta Matveyevi Mərkəzi Komitəyə çağıraraq etiraz ediblər ki, azərbaycanlı obrazı hardan çıxdı. Matveyev də müdafiə mövqeyində dayanaraq “müharibəni sadəcə ruslar deyil, azərbaycanlılar da qazanıb”. Yəni onlara xatırladıb ki, əgər 15 qardaş respublikadırsa və hər bir problemli məqamda eyni yolda addımlayıblarsa, o zaman filmlərin birində azərbaycanlı obrazının olmasına mane olmağın mənası yoxdur. Sonra film çəkildi, hətta tamaşaçı Rüstəm obrazını gürcü olaraq bilirdi. Bunun da səbəbi o dii ki, ruslar azərbaycanlı obrazlarının yaranmasına imkan vermirdilər, ancaq Matveyev bu tilsimi sındırdı.
-Deyəsən, Matveyevin Azərbaycan sevgisi güclü olub…
-Doğrudan da belə idi və ən əsası ədalətli düşüncə tərzi olan bir sənətkar idi. Azərbaycanlı tələbələri çox sevirdi, xüsusilə mənimlə daha yaxın idi, hətta mən daima evinə gedib gəlirdim. Uşaqlar zarafatla mənə “Fərhad Yevgeneyeviç” deyirdilər. Bəlkə də bu mənim səmimiliyimdən irəli gəlirdi, riyakarlıqdan çox uzaq olduğum üçün belə bir böyük sənətkarın sevgisini qazanmışdım.
-Yəqin bu səmimiyyətin nəticəsi idi ki, istər təhsildən öncə, istərsə də sonra kino və teatrın qapıları üzünüzə tamamilə açıldı.
-Eyni zamanda təhsil aldığım illərdə də filmlərə çəkildim. İstər Matveyevin bir neçə filmi, istər Tofiq Tağızadənin “Evdə kişi” filmi, hətta başqa studiyaların filmlərinə də çəkildim. Tələbəlik həyatını bitirdiyim zaman ilk çəkildiyim filmlərdən biri də “Papaq” filmi oldu.
-Bütün rollarınıza eyni sevgi ilə yanaşmanız rollarınızın eyni dərəcədə təbii alınmasından məlumdur. Deyəsən heç bir vaxt rollarınızı bir-birindən ayırmamısınız?
-Heç bir roluma ikinci dərəcəli baxmamışam, çalışmışam ki, mənə həvalə olunan rolların öhdəsindən gələ bilim.
-İstər kinoda, istər tetarda, istərsə də çəkildiyiniz tamaşalarda oynadığınız rolların hər birin öz çəkisi var. “Nekroloq” tamaşasında əsas qəhrəman da bir başqa diqqətdə dayanır…necə oldu ki, həmin rola çəkildiniz?
-O obrazın qəribə bir taleyi oldu. Ramiz Həsənoğlu həmin film-tamaşanın ssenarisini mənə verərək oxumağımı istədi. Doğrusu oxudum və rejissorun məni görmək istədiyi obrazda özüm görmədim, rejissorada elə belə dedim: “bu mənim rolum deyil”. Həsənoğlu hirslənərək “mən səni 30 ildir tanıyıram, bilirəm ki, bu rol sənə uyğundur, öhdəsindən gələcəksən” dedi və mənə fikirləşmək üçün vaxt verdi. Mən 10 gün vaxt istədim, o bir həftə dedi. Başladım fikirləşməyə, necə edim axı, özümü bu rolda görə bilmirəm axı, mütləq bir xarakter tapmalıydım.
-Əslində sizi rolda daha çox nə narahat edirdi?
-Təbii ki, xarakter, xarakterimə zidd olan bir obrazdı, tapıntıya ehtiyacı var idi. Onu da qeyd edim ki, bu tamaşa öncə radioda hazırlanmışdı, Fuad Poladov oynamışdı. Çox fikirləşdikdən sonra qərara gəldim ki, obrazın yerişini axtarım, Aqşin Babayevin yerişini obraza uyğunlaşdırdım, sonra danışıq formasını axtardım, Qabilin danışığını obraza əlavə etdim, bir sözlə, obrazı tamamilə parçalarla birləşdirərək canlandırdım. Sonra rejissorla görüşdüm, hazırladığım xarakteri təqdim etdiyim zaman “kifayətdir” dedi və məşqqlərə başladıq, eynilə davam etdik. Yəqin ki, bu tapıntılar obrazın maraqlı alınmasında rol oynadı, ümumiyyətləı götürdükdə isə film-tamaşada bir araya gələnlərin hər biri maraqlı xarakter ortaya qoydu. Ramiz Həsənoğlu ilə bir neçə işlərimiz oldu, hətta onun quruluşunda olan “Fatehlərin divanı”nda da çəkildim.
-Ramiz Həsənoğlu çox tələbkar rejissordu, onunla işləyən aktyorların hər biri etiraf edir ki, çəkiliş vaxtı, məşq proseslərində çox çətinliklər yaşayırlar. Ancaq rejissorun quruluşunda çəkilən sənət əsərləri hamısı bir tarixdir…
-Doğrudan da Həsənoğlu çox tələbkar rejissordu, aktyordan istədiyini almağı bacarır, çünki aktyoru inandırmağı bacarır, onu axtarışa-tapıntıya məcbur edir. Əslində sənət elə axtarışlardan başlayır. Bu baxımdan da rejissor kimi quruluş verdiyi səhnə əsərləri dəyərli nümunələr sırasındadır. Onunla quruluşunda olan bir neçə tamaşada rollarım olub.
-Oynadığınız qəhrəmanları mənfi və ya müsbətə ayırırsınız?
-Mənfi rollarım olmayıb. Ümumiyyətlə götürdükdə isə rolların mənfi və ya müsbətə ayrılmasını qəbul etmirəm. Bunların hər biri xarakterdir, insan taleyidir. Lazım olduğu zaman komediyada oynamışıq, faciə də oynamışıq. Aktyor hər janrda olan, hər xarakterdə olan rollara daima hazır olmalıdır. Bu məqamda ustadımız Vaqif İbrahimoğlunu yada salmamaq mümkün deyil. Onun quruluşunda olan tamaşalarda elə xırdalıqlara diqqət yetirilirdi ki, bu da aktyorun püxtələşməsində böyük rol oynayırdı.
-Yeri gəlmişkən, “Yuğ” teatrı yaradıclığınızda fərqli bir yer tutur…
“Yuğ” Teatrı yaranandan rəsmi olaraq burda fəlaiyyətim var, ancaq yaranmamışdan əvvəl böyük bir yol keçdi ki, orda mənim də əməyim var. Bu teatrda çalışan aktyorların yaradıcı baxımdan olan mənəvi qazancı kinoda, teatrda, TV tamaşalarında istifadə olunur.
-Yəni, əsas güc mənbəyiniz “Yuğ” teatrıdır…
-“Yuğ” teatrından enerji alırıq. Vaqif İbrahimoğlu bizə böyük bir miras qoyub gedib. Çalışırıq gördüyümüz bütün işlər onun adına layiq olsun. Yoxluğu mənəvi cəhətdən bizlərə çox təsir etsə də gördüyümüz işlərlə çalışırıq ki, bu mənfi təsirin gücünü azaldaq. Daima bizimlədir, ruhu qarşısında borcumuz var və çalışırıq ki, adını daima yüksək tutaq.
-Eyni vaxtlarda kinoda da, teatrda da çalışmısınız, bunları bir-birindən nə dərəcədə ayırırsınız?
-Bir aktyor olaraq teatra üstünlük verirəm, çünki canlı sənətdir. Kinoda gəldin, çəkildin və bununla da hər şey bitdi. Ancaq teatrda iş prosesi var və iş prosesi aktyorun inkişafında, onun obraz üzərində olan hazırlığında və ən önəmlisi aktyorun formada qalmasında böyük rol oynayır. Aktyor özünü teatrda tapır, orda püxtələşir, orda yetişir. Azərbaycan kinosunun ən qaynar vaxtında çəkilən filmlərində görüdüyümüz, sevdiyimiz aktyorlar var ki, onların hər birinin yolu teatrdan başlayıb, teatrdan keçib.
-Son çəkildiyiniz filmlərdən olan “Dolu” filmi müharibə mövzusunda çəkilən ən yaxşı nümunələrdən biri olsa da heç də birmənalı qarşılanmadı. Eşitdiyimə görə, filmdə sizin ifanızda təqdim olunan rəis obrazının həyatda prototipi var?
-Mən də bu barədə Aqil Abbasdan eşitmişdim. Filmin Ağcabədidə olan çəkilişlərində Aqil Abbas obrazda məni görüncə təəccübünü gizlətmədi “filan rəisə necə oxşayırsan” dedi. Doğrusu mən həmin şəxsi görməmişdim, tanımırdım, ancaq qismət elə gətirmişdi ki, obrazı oynayarkən həmin şəxsi olduğu kimi canlandırmışdım. Düşünürəm ki, “Dolu” zamanında çəkilmiş bir filmdir. Filmin rejissoru Elxan Cəfərov bildiyiniz kimi uşaqlıqdan filmlərə çəkilir, bu da o deməkdir ki, kinonu yaxşı bilir. Filmin birmənalı qarşılanmamasına gəlincə, çəkilən hər bir filmin qəbul olunması üşün illər lazımdır. Bizim teatrın 3 aktyoru-Məmməd Səfa, Gülzar Qurbanova və mən bu filmə çəkildik. Hər biri maraqlı obrazlardı, ümumiyyətlə isə bu filmdə bütün yaradıcı heyət vicdanla çalışıb. Sənət belədir, lazımdır ki, ürəklə çalışasan, oynadığın obrazlarda səmimi olasan, hətta ölüm səhnəsini belə səmimi yaratmalısan…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…