Müsahibimiz tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin “Jorj Danden” satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynaması nəticəsində müəllimlərinin diqqətini çəkən aktyor, xalq artisti İlham Namiq Kamaldır.
-Sənət təcrübə üzərində qurulur, inkişaf edir və təcrübə üçün yaş hesabatı önəmlidir. Hər yaşın hesabatı sizə nə deyir?
-Mən o fikirdəyəm ki, yaşlanmaq Allahın bir qismətidir və bu qismət hər adama nəsib olmur. O qədər dəyərli sənətkarlarımızı itirmişik ki, əksəriyyəti də çox gənc yaşlarında dünyasını dəyişib. Əlbəttə könül istərdi ki, onlar həyatda olsun, ancaq dediyim kimi bu Allahın bir qismətidir, heç kim deyə bilməz ki, sabah nə olacaq.
-Bütün fəxri titullara layiq görülmüş sənətkarlardan birisiniz, hər zaman dövlətin, hökumətin diqqətində dayanırsınız. Bu xoşbəxtrlik də hər adama qismət olmur…
-İnandırım sizi ki, bu fəxri titullara layiq görüldüyümdən də xəbərim olmayıb. O qədər qaynar iş sistemində çalışmışam ki, başım o qədər qarışıq olub ki, nəticədə də bütün fəxri titullara layiq görüldüyümdən də sanki xəbərim olmayıb. Mən hər zaman o fikirdə olmuşam ki, istənilən şəxs öz işi ilə məşğul olarsa o zaman mütləq işi ilə, bacarığı ilə diqqəti çəkəcək. Yəni, özünü gözə göstəmənin heç bir mənası yoxdur, bacarığın varsa mütləq diqqəti çəkəcəksən, çünki istedadı, bacarığı gizlətmək mümkün deyil. Çox şükürlər olsun ki, Allah mənə o gücü, o sağlığı, o enerjini verir ki, nəticədə də mən siz qeyd etdiyiniz kimi, bu məsuliyyət yükünün öhdəsindən gələ bilirəm. Aktyor sənəti çətin olduğu qədər də, müqəddəsdir, aktyor sənəti gözəlliyi sevir, gözəllik isə sağlamlıqdır. Əgər səhhətin yerindədirsə, sağlamsansa, gümrahsansa o zaman bu sənətdə hələ görəcəyin işlər çoxdur. Hər bir xarakter aktyorun bir parçası olur. Tarzənin köməyinə tar gəlir, kamançaçalanın köməyinə kamança gəlir. Aktyorun da görkəmi və səhnə plastikası, nitq mədəniyyəti onun köməyinə gəlir. Gərək görkəmini kökləyə biləsən, onu formada saxlaya biləsən. Bir sözlə tamaşaçı səhnədə sağlam və normal insanları görməlidir. Əgər bütün bunlar mənə verilibsə, deməli mən şanslı aktyoram.
-Bütün bu işlərlə yanaşı, eyni vaxtda pedaqoji fəaliyyətlə də məşğul olmaq, aktyor yetişdirmək də hər sənətkara qismət olmur…
-Mənim sənət müəllimlərim Adil İsgəndərov, Rza Təhmasib, Tofiq Kazımov həm rejissorluq ediblər, həm pedaqoji fəaliyyətlə məşğul olublar. Mənim sənətə gəlməyimdə bu üç sənətkarın rolu əvəzsizdir. Onlardan çox şey öyrənmişəm. Və bu gün də çalışıram ki, tələbələrimə onlardan öyrəndiklərimi öyrədəm. Doğrudur hər sənətkar eyni vaxtda pedaqoji fəaliyyətlə məşğul ola bilməz, ancaq adlarını çəkdiyim ustadlar eyni vaxtda hər iki işin öhdəsindən necə gəlirdilərsə, tələbələrinə də eynisini öyrətdilər. Bu ustadlar sadəcə sənətin sirlərini deyil, həyatda necə davranmağı da biz tələbələrinə öyrətdilər.
-Necə bilirsiniz, o dövrdə sənətə münasibət daha fərqli idi, yoxsa hər şey eynidi, sadəcə dəyişən zamandı?
-Dövrləri müqayisə etmək istəməzdim, çünki hər dövrün öz qanunları olduğu kimi, eyni zamanda öz ustadları olur. O dövrdə də ustad sənətkarlarımız var idi, hazırkı dövrdə də var. Sənətə yeni gəldiyimdə elə zirvə saydığımız aktyorların əhatəsində oldum ki, bu mənim üçün ən böyük şans idi. Müəllimlərimdən başqa Hökumə Qurbanova, Barat Şəkinskaya, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, İsmayıl Osmanlı. Məmmədrza Şeyxzamanov və b. ustadları görmək özü böyük məktəb idi. Onların hər biri sözün həqiqi mənasında fədailər idi. Onlardan sonra gələn nəsil də ustadlar idi- Şəfiqə Məmmədova, Səməndər Rzayev, Hamlet Qurbanov və b. Demək istədiyim odur ki, Azərbaycanda istedadlar həmişə olub və olacaq.
-Artıq yeni nəsil yetişir, tələbələrinizdə sənət yanğısını görə bilirsiniz?
-Yeni nəsl yetişir və əsas olan odur ki, yeni nəslə kömək etmək lazımdır. Tutaq ki, o dövrdə bizə kömək edən ustadlar çox idi, ancaq hazırda kömək edənlər azalıb, hətta çox azalıb. İstedadlı gənclərimiz çoxdur. Bu cür istedadlı gənclərə meydan vermək lazımdır. Bizim vaxtımızda bir televiziyamız var idi. Tamaşaları da televiziyanın özü çəkirdi. Aktyorun qüruru gərək heç zaman ölməsin. Aktyor ehtiyac içində olmamalıdır. Əgər aktyor ehtiyac içində çırpınırsa, o, necə gəlib səhnədə “padşah” rolunda çıxış edə bilər? Var-dövlətdən söhbət getmir. Amma müəyyən insani ehtiyacı tamamlanmalıdır, məişət ehtiyacları tam olmalıdır ki, o, rolunu daha ürəkdən oynasın. İstedad heç vaxt itib batmır. Mənimlə birgə teatrın səhnəsində sıxış edən tələbələrim var. Necə ki, mən bir zamanlar ustad sənətkarlar olan Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Hökümə Qurbanova, Nəcibə Məlikova ilə bir səhnəni paylaşmışam. Daha sonra Fuad Poladov, Yaşar Nuri, Hamlet Qurbanov, Rafiq Əzimov, Ramiz Məlikov, Vəfa Fətullayeva, Əliabbas Qədirovun adlarını çəkə bilərəm. Adlarını çəkdiklərimiz sırasında itirdiklərimiz də var. Ümid edirəm ki, gənc aktyor nəsli bu yolu lazımı şəkildə davam etdirəcək.
-Teatrdakı islahatlarla bağlı nə deyərdiniz?
-Bilirsinizmi hazırda şərait tamam başqadır. Etiraf edək ki, beş-altı il əvvəl Azərbaycan teatrının vəziyyəti indiki kimi deyildi. İndi teatrlarımızın vəziyyəti daha çox yaxşıdır. Təmirdən sonra teatr ocaqlarımızın durumu daha ürəkaçandır. Bu gün dövlət səviyyəsində teatrlara qayğı var. Vaxt vari idi teatrlarda üç-dörd işıq var idi, bu gün isə maddi texniki baza daha da yaxşılaşıb. Bu baxımdaan düşünürəm ki, Azərbaycan teatrında olan islahat sənətin xeyrinədir. Ancaq bir məqama xüsusi diqqət yetirmək lazımdır. İslahat o demək deyil ki, sağlam bünövrəni dağıdıb yenidən qurasan. Əksinə islahatı keçmişdə olan sağlam bünövrənin üstündə qurmaq lazımdır. Əgər sağlam bünövrəni dağıdaraq qeyri-adi bir şey yaratmaq istəyirsənsə bu artıq iflasa uğramaq deməkdir. İstər səhiyyə sahəsi olsun, istər təhsil olsun, istərsə də incəsənət olsun. Yalnız və yalnız sağlam bünövrəni qorumaqla islahat apararaq həmin sahəni inkişaf etdirmək mümkündür.
-Növbəti sualı hazırkı tamaşalar üzərində qurmaq istərdim. Hazırda səhnəyə qoyulan tamaşalar bir sənətkar olaraq sizi nə dərəcədə qane edir?
-Bildiyiniz kimi hal-hazırda Musqili Teatrda çalışıram və həmin teatrda əksər tamaşaların quruluşu mən vermişəm, eyni zamanda əksər tamaşalarda rollarım var. Maraqlı səhnə əsərləri hazırda repertuarda var, əgər belədirsə o zaman necə deyə bilərəm ki, məni qane etmir. Üzeyir Hacıbəyovun “Ər və arvad” səhnə əsərinə, Ramiz Mirişli, Marat Haqverdiyevin “Amerikalı kürəkən” səhnə əsərinə mən quruluş vermişəm və kifayət qədər də tamaşaçısı var. Bilirsinizmi, elə teatrlar var ki, onun həmişə tamaşaçısı var, yəni, tamaşaçı problemi yaşamır. Bildiyiniz kimi əvvəlki adı ilə desək, Musiqili Komediya Teatrının həmişə tamaşaçısı olub. Deməli bu teatrın müraciət etdiyi səhnə əsərləri tamaşaçıların marağına səbəb olur. Önəmli olan repertuar seçimi və repertuarda klassika ilə bərabər müasir əsərlər də olmalıdır. 30-40 faiz klassik əsərlərə müraciət olunursa, 60-70 faiz də müasir əsərlər olmalıdır. Bugünkü gündə mənim müasirimi düşündürən məsələlər səhnədə cərəyan etməlidir, gəncliyi maraqlandıran fikirlərə geniş yer verilməlidir. Artıq gənclik tamam fərqlidir, çünki dövr dəyişib. Sürət əsrində yaşayırıq, seçim çox böyükdür. Bu baxımdan teatrlar seçimini yüksək səviyyədə etməlidir ki, tamaşaçını qane edə bilsin. Tamaşaçını heyrətləndirmək lazımdır, tamaşaçını heyrətləndirməyi bacaran teatr mütləq uğur qazanacaq.
-Səhnədə çox gözəl tərəfmüqabilləriniz olub, çox təəssüf ki, əksəriyyəti artıq dünyasını dəyişib. Onlarsız səhnə necə görünür?
Hacıbaba Bağırov, Yaşar Nuri, Əliabbas Qədirov, Səməndər Rzayev, Vəfa Fətullayeva, Hamlet Qurbanov, Hamlet Xanızadə, Telman Adıgözəlov və b. adlarını çəkə bilərəm ki, onlar aktyor kimi heç bir vaxt unudulmadılar. Sanki daima səhnədə bizimlədilər. Bizim itirdiklərimiz çoxdur, əlbəttə ki, bu çox üzücü bir durumdur, ancaq həyat davam edir, elə etməliyik ki, yeni nəsil həmin boşluğu doldursun. Doğrudur heç kimi əvəz etmək mümkün deyil, ancaq ən azından yeni nəsil yetişərsə həmin boşluq mütləq dolar. Bir gün gələn, bir gün gedəcək, bu təbiətin qanunudur, önəmli olan odur ki, hər kəs üzərinə düşən işin öhdəsindən gəlsin.
-Daima səhnədə ustadlarla tərəfmüqabili olmusunuz və əlbəttə ki, ustadın ustadla bir səhnəni paylaşması da böyük məsuliyyətdir…
-Məhz bu baxımdan müəllimim Tofiq Kazımova, onun ruhuna daima minnətdar olacağam. Çünki o bilavasitə aktyorun yetişməsində böyük rol oynayan rejissorlardan biri idi. Təsəvvür edin ki, bu illər ərzində elə bir rejissor olmayıb ki, onunla çalışmayım. Rejissorlar hansı xarakteri məndən tələb ediblərsə onu oynamağa çalışmışam. Görün oynadığım rollarda nə qədər fərqli xarakterlər var, bunların hər biri bir insanın həyatıdır. Bu sənətin qəddar tərəfləri də var. Gərək heç vaxt deməyəsən ki, mən öz sözümü demişəm. Biz bu yolu gedirik və bu yol davam edir…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…