Hələ tələbəlik illərində Musiqli Komediya Teatrında iki il çalışan “Nəğməli Könül” (Könül) “Bildirçinin bəyliyi” (Balaxanım) və b. tamaşalarda müxtəlif səpgili rollar oynayan, sonralar müğənnilik fəaliyyəti ilə könülləri fəth edən, illər keçməsinə baxmayaraq gənclik həvəsilə səhnə fəaliyyətini davam etdirən Almaz Ələsgərovanı doğma teatrda-Musiqili Teatrda görmək təəccüblü olduğu qədər də maraqlı idi.xeber100.com əməkdaşı müğənni-aktrisa ilə məşq prosesində görüşüb, söhbət edib.
-Xanımın yaşını soruşmazlar…Yarım əsrlik ömrü başa vurdunuz, bu illər sizə nə qazandırdı?
-Yaşı gizlətmənin mənası yoxdur. Çünki insan xarici görünüşü ilə, ürəyilə, gördüyü işlərlə yaşını biruzə verir. Bilirsinizmi, gənclik illəri təravət, parlaqlıq nə qədər göz qamaşdırsa da, təcrübəsizlik, səriştəsizlik o dəqiqə özünü biruzə verir. Ancaq zaman keçdikcə, təcrübə qazanılır, məsuliyyət hissi artır, gördüyün, sevdiyin işin daha da dərinliklərinə meyl edirsən ki, bu da yaşın bir qədər irəlilədiyini üzə çıxarır. Yarım əsrlik ömrüm mənə yaşadığım həyatda ayaqlarım üstündə durmağı öyrətdi, sənətin sirlərinə hakim oldum, iki qız böyütdüm, geniş tamaşaçı kütləsinin sevgisini qazandım və s. Qazandıqlarımı saymaqla bitməz, ancaq nə olur olsun önəmli olan odur ki, 30 ildən artıqdır ki, bu sənətdəyəm və illər keçdikcə də sənət eşqim daha da güclənir.
-Yəqin bu səbəbdən “bünövrə önəmlidir” deyənlər heç də yanılmırlar?!
-Doğrudan da bünövrənin qoyulması və düzgün qoyulması əsas şərtdir. Bəlkə də sənətdə belə uğurlu olmağımın səbəbi elə ustadların mənim üçün qoyduğu, məni alışdırdığı və nə qədər çətinliklər olsa da, bir an olsun durmadan addımladığım bu yoldur. Mənə elə gəlir ki, hər sənət adamının öz dəct-xətti olduğu kimi öz ifa üslubu da olmalıdır. Sənət təbiiliyi sevir. Bir anlıq diqqət yetirək əvvəlki dövrün sənətkarlarına, onların ifa tərzinə, o zaman baxın görün gözlərimiz qarşısında necə bir mənzərə yaranır. Bir çiçək baxçası və müxtəılif ətirli güllər. Mən ustad sənətkarları məhz belə ətirli güllərlə müqayisə edərdim. Sənəti, sənətkarlığı, ifaçılığı onlardan öyrəndik.
-“Musiqili komediya aktyoru” fakültəsində təhsil alsanız da özünüzü uzun illər musiqiyə həsr etdiniz. Belə bir seçimin səbəbi nə idi?
-Əslində elə də ciddi bir səbəb olmayıb. Bir qədər əvvələ qayıdaq, yaxın keçmişə…Hələ orta məktəbdə təhsil aldığım illərdə musiqiyə marağım yaranmışdı. Bu səbəbdə orta məktəb illərindən səs imkanlarım üzə çıxdı, dərnəklərdə iştirak edirdim, musiqili əyləncəli proqramlara qatılırdım.1985-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyoru” fakültəsində təhsil aldım. Tələbəliyin ilk illərində şansım özünü biruzə verdi. Belə ki, dövrün tanınmış simaları gülüş ustası Hacıbaba Bağırovun, yazıçı xanımlarımızdan olan güclü qələm sahibi Xalidə Hasilovanın və bəstələri ilə Azərbaycan musiqi sənətində böyük iz qoyan Emin Sabitoğlunun instituta gəlişi və “Nəğməli Könül” tamaşasında Könül roluna uyğun gələn tələbəni seçmələri bəlkə də təsadüf ola bilməzdi. Zənnimcə, bu bir tale yazısı idi və yüzlərlə tələbə arasından məhz məınim seçilməyim artıq həyatın mənə bəxş etdiyi uğur idi. Beləliklə də hələ tələbəlik illərindən Musiqili Komediya Teatrında çalışmağa başladım, iki aylıq hazırlıqdan sonra üzərində işlədiyimiz “Nəğməli Könül” tamaşasını təhvil verdik. Bu gedişlə də bir neçə il teatrda çalışdım, bir çox tamaşalarda oynadım. Doğrudur, Musiqili Komediya Teatrı ixtisasıma uyğun idi və mən orda daha çox uğur qazana bilərdim, həm aktrisalıq, həm də ifaçılıq edərək yenə də sənətdə addımlaya bilərdim. Qəribədir ki, müğənnilik həvəsi daha çox diqqətimi çəkir, marağıma səbəb olurdu. Yaxşı yadımdadır, o vaxtlar İncəsənət İnstitutunda Vaqif Gərayzadənin ansamblı fəaliyyət göstərirdi və mən də həmin ansamblın solisti oldum. Solist olaraq müxtəlif janrlı, hətta müxtəlif xalqların mahnılarını oxuyaraq sanki özümü hərtərəfli təsdiq etməyə cəhd edirdim. Vaqif Gərayzadənin bəstələdiyi, Akif İslamzadənin repertuarında olan mahnıları ifa edirdim, eyni zamanda vətənpərvərlik mövzusunda olan mahnılar hazırlayıb oxuyurdum.
-Dünya şöhrətli Rəşid Behbudovla tanışlığınız da deyəsən həmin ərəfəyə təsadüf edir?
-Zənnimcə, biz xalq, millət olaraq xoşbəxtik ki, məhz Rəşid Behbudov kimi sənətkarlarımız olub. Onun dəstək verdiyi müğənnilər hazırda Azərbaycan səhnəsində ustad dərsləri verir. Bu çox böyük göstəricidir. Musiqili Komediya Teatrında çalışdığım zaman günlərin birində Mahnı Teatrına getməyim də məncə təsadüf deyildi. Rəşid Behbudovun səsimi dinləməsi, məni teatra birbaşa solist kimi götürməsi, ən sevimli tələbələri sırasında görməsi, sadəcə özü deyil, eyni zamanda ailəsinin də məni dəstəkləməsi, artıq mənim üçün neçə-neçə qapıların açılması demək idi. Mənim üçün açılan bu şans qapısının fərqində olsam da, inanın səmimiyyətimə heç bir vaxt belə imkanlardan sui istifadə etmədim. Sadəcə mənə tapşırılan işlərin öhdəsindən gəlməyə çalışdım və bunu bacardım. Doğrudur, artıq mənə dəstək verən insanların əksəriyyəti yoxdur, ancaq onların öyrətdiklərini heç unutmadım. Ümumiyyətlə sənətə olan bağlılıq, sənət sevgisi, məsuliyyət hissi, tamaşaçıya olan sevgi, tamaşaçı səmimiyyətini dəyərləndirmək və s. hər biri sanki miras olaraq nəsildən-nəsilə keçib və keçəcək.
-Pedaqoji fəaliyyətiniz sizə sadaladığınız keyfiyyətləri üzə çıxarmaq üçün daha geniş imkanlar açsa da nədənsə ömrü qısa oldu. Bunun səbəbi nə idi?
-Bir müddət vokal dərsləri verdim, ümidverici tələbələrim çox idi, əslində çox gözəl tələbə-müəllim münasibətləri qurmuşduq. Bilirsinizmi, müəllimlik sənəti məsuliyyətli olduğu qədər də müqəddəsdir. Bu fikir hər zaman deyilib, deyiləcək də. Müəllim tələbəni öyrədərək öz bildiklərini də yenidən tıəkrarlayır və bu proses davam etdikcə inkişaf başlayır. Az müddət olsa da çalışdım, müəllimlik peşəsinin sirlərinə də hakim oldum, ancaq daha artıq davam etmədim. Hiss etdim ki, illər öncə səhnəsində həyəcan yaşadığım teatr məni yenidən özünə çəkir. Hazırda Musiqili Teatr olaraq fəlaiyyət göstərən teatrın kollektivi, rəhbərliyi mənə qapını açdı, bu teatra lazım olduğumu hiss etdim. Teatrda hazırlanan”Amerikalı kürəkən” , “Baladadaşın toy hamamı” , “Molla Nəsrəddinin beş arvadı”, “Arşın mal alan” , “Bankir adaxlı”, “Talehlər qovuşanda” adlı tamaşalarda oynaddım, tamaşaçı sevgisisni hiss etdim, sanki teatrın tamaşaçıları məni illərdir gözləyiblər. Tamaşaçı sevgisini hiss etmək məni daha da həyəcanlandırdı, elə bil ki, heç bu teatrdan ayrılmamışdım.
-Bəlkə də arada olan uzun məsafə-tələbəlik illəri teatrda çalışmağınız və illər sonra geri dönməyiniz-sizi teatra peşəkar olaraq gəlməyə hazırlayıb. Bir sözlə, bu məsafə sadəcə hazırlıq rolunu oynayıb?
-Bəlkə də…Siz bu məqamı çox gözəl tutmusunuz, hiss olunur ki, teatrı yaxşı bilirsiniz. Hətta mənim düşüncələrimdə olan məqamları belə siz üzə çıxarırsınız. Haqlısınız, teatra yenidən dönməyim uzun hazırlıq prosesindən sonra baş tutdu. Bu da həyatımın bir imtahanı idi. Bildiyiniz kimi Musili Teatrda aktrisalıq məharəti ilə yanaşı, canlı ifa mütləqdir. Onu da yaxşı bilirsiniz ki, tamaşaçı güzəşt etməyi sevmir.
-Deməli tamaşaçı fikrini əsas götürüsünüz. Elə isə tamaşaçı fikrinin ardından gedə bilərsiniz?
-Tamaşaçı fikri önəmlidir. Ancaq ifaçı tamaşaçı fikrini əsas götürməklə yanaşı, eyni zamnda tamaşaçıda öz ifaçılığının ardından aparmağı bacarmalıdır. Bu da o deməkdri ki, bütün hisslər, duyğular qarşılıq sevdiyi kimi, tamaşaçı-ifaçı münasibətlərində də ortaq bir seçim olmalıdır. Teatrda oynadığlm və ya oynamadığım tamaşalarda hər zaman tamaşaçı salonuna diqqət edirəm, nəyi daha çox sevirlər, nəyi xoşlamırlar, onları nə qane edri və ya əksinə nə qane etmir. Onsuzda tamaşaçının səhnədə olanlara reaksiyası an məsələsidir. Buna görə də hərtərəfli diqqət etmək və o səmimiyyəti qopumaq əsasdır. Bildiyiniz kimi xalq artistləri- İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artist Novruz Qartalla və d. tərəfmüqabili olmuşam və adlarını çəkdiyim aktyorların da hər birinin öz tamaşçı auditoriyası var. Artıq həmin aktyorların tamaşaçıları sırasına Almaz Ələsgərova üçün teatra gələn tamaşaçılar var və bu mənim üçün çox qürurverici bir duyğudur. Mən gördüyüm işdən, nəfəs aldığım bu həyatdan həmişə zövq almışam. Bu yaşımda belə sənət sevgisi bir an olsun məni tərk etmirsə, deməli mən Yaradanın sevimli bəndəsiyəm. Bu günə görə, bizə bəxş etdiyi bu həyata görə Tanrıya şükürlər olsun…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…