1994-cü ildə Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə “Dəli yığıncağı” Pantomim Teatr-Studiyası kimi yarandı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərməyə başladı. 2000-ci ildə isə “Dəli yığıncağı” pantomim teatr-studiyasına Dövlət statusu verilib. Onu da qeyd edək ki, Pantomim Teatrı, Azərbaycan teatr tarixində yaranan ilk pantomim teatrıdır. Teatrın əsasını qoyan xalq artisti artisti Bəxtiyar Xanızadə ilə Pantomim Teatrının yaranması üzərində geniş bir müsahibə hazırladıq.
-Pantomim Teatrının yaranmasında, teatrlar içində özünə məxsus dəst-xətti ilə seçilməsində sizin rolunuz əvəzsizdir. Deyəsən, bu teatrı yaradana qədər uzun bir qol qət etmisiniz?
-1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsində təhsil aldığım zaman Adil İsgəndərovdan sənətin sirlərini öyrənmişəm. Həmin illərdə bildiyiniz kimi həm “Qərib cinlər diyarında” filminə çəkildim və bu film yaradıcı fəaliyyətimdə böyük rol oynadı. Həmin ərəfədə Vaqif İbrahimoğlu Teatr Xadimləri İttifaqında eksperimental bir studiya açmışdı və bizlər həmin studiyada tələbəlik illəırindən çalışmağa başladıq. Etiraf edim ki, bu studiyada çalışmaq mənim teatra olan baxışımı tamamilə dəyişdi. Vaqif İbrahimoğlu ilə bir sıra səhnə əsərlərində birgə çalışdıq, onun quruluş verdiyi əsərlərdə aktyor kimi maraqlı rollara imza atdım.
-Belə çıxır ki, tələbəlik illərində artıq aktyor kimi formalaşmağa başlamışdınız…
-Başqa cür də mümkün deyildi, çünki elə sənətkarlardan sənətin sirlərini öyrənirdik ki, onların sənət haqqında olan fikirləri bizlər üçün böyük bir məktəb idi. Təhsilimi bitirdikdən sonra təyinatla Gəncə Teatrına göndərildim və 3 il orda böyük həvəslə fəaliyyət göstərdim. O illərdə Bürcəli Əsgərov, Barat Zülfüqarov, Ələddin Abbasov və b. sənətkarlar fəaliyyət göstərirdi və onların hər birindən sənətin bütün xırdalıqlarını öyrənirdim. Bu da o demək idi ki, sənətlə bağlı olan məlumatlarım getdikcə daha da artırdı. Hətta bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında da çalışdım, sonra “Azərbaycanfilm” kinostudiyasında çalışdım, ancaq hiss etdim ki, kinostudiya məni qane etmir, ordan uzaqlaşdım. Hiss edirdim ki, məni heç nə qane etmir. Vaqif ibrahimoğlu ilə çalışdığım zaman sənətdə gördüyüm dadı artıq axtarmağa başlamışdım. Bu artıq anlamaq və axtarmaq prosesi idi. Heç kim o qidanı mənə təqdim etmədiyi üçün mən heç bir yerdə qərar tuta bilmirdim və nəhayət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başladım. O vaxt artıq 25 yaşında idim. Pedaqoji fəaliyyət mənim özümü dərk etməmdə, sənətin xırdalıqlarını daha aydın şəkildə anlamamda yardım etdi. Pedaqoji fəaliyyətlə məşğul olduğum zaman şəxsən rektor Aslan Aslanovun dəstəyi ilə çoxdankı arzuma əsasən Leninqrad(indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasında təhsil aldım. Bəxtim onda gətirdi ki, Leninqradda güclü sənətkarlardan dərs aldım, eyni zamanda pantomima tədqiqatı ilə yaxından tanış oldum. Leninqradda təhsil aldığım illərdə əcnəbi ölkələrdən gələn teatr kollektivlərinin tamaşalarına baxmaq da artıq məni düşündürən, sanki ardınca aparan o fikirlərə təkan verdi. 1987-ci ildə Bakıya döndüyüm zaman artıq tələbələrimə bir qədər fərqli baxmağa başladım, tələbələrin içindən artıq seçim etməyə başlayırdım və hiss edridim ki, öz teatrımı yaratmanın zamanı gəlib çatıb. Yenə də bəxtim gətirdi, Nəsir Sadıqzadə öz kursuna tapşırdı ki, “Bəxtiyarın ətəyindən möhkəm tutun”. Onun kursunda təhsil alanlardan hazırda teatrın direktoru Elman Rəfiyev, “Aktrisa” filminin rejissoru və bir çox serialların rejissoru Rövşən İsax, “Soy” kampaniyasının rejissoru Siyavuş Hüseynlinin adlarını çəkə bilərəm. Seçim etdiyim bu uşaqlarla teatrın ilk addımlarını atmağa başladıq. İnstitutda gecələr məşq edirdik, elə olurdu ki, bizi gecələr ordan qovurdular. Ancaq bəxtin gətirdisə onun qarşısısnı almaq mümkün deyil. Gənc Tamaşaçılar Teatrının direktoru Kamal Əzizov haqqımda eşitdi və məni yanına çağıraraq iş təklifi etdi. Təklifi bir şərtlə qəbul etdim ki, tələbələrimə də şərait yaradılsın. Razılaşdı, 10 nəfər aktyoru ştata qəbul etdi və beləliklə də fəaliyyətə başladıq.
-Baxmayaraq ki, 90-cı illər ən ağır illər idi, xüsusilə sənət dünyası ağır bir böhran yaşayırdı, ancaq məhz həmin illərdə Dəli yığıncağı formalaşmağa başladı…
-Məhz o çətin illərdə Dəli yığıncağı formalaşmağa başladı. əslində o dövrdə qarşıma çıxanların hər biri mənə dəstək verdi. Həsənağa Turabovun da adını xüsusilə çəkmək istərdim. O dövrdə H.Turabov monotamaşalar festivalı keçirirdi. Bir haşiyə çıxmaq istərdim. Hələ Dəli yığıncağını yaratmamışdan əvvəl Vaqif İbrahimoğlunun teatrında bir aktyorun ifasında təqdim olunan “Ümid” adlı tamaşa hazırlamışdım. Bu tamaşa Azərbaycan teatr sahəsində yaxşı mənada sanki bir çaxnaşma yaratdı. Tamaşa Ufada keçirilən festivalda Qran-Pri də qazandı. Bu hadisədən 20 il sonra biz Misirdə olarkən Ukrayna teatrlarından olan bir neçə nəfərlə tanış olduq, hardan gəldiyimizlə maraqlandılar. Biləndə ki, Azərbaycandan gəlmişik, o zaman 20 il öncə baxdıqlar, Qran-Priyə laqig görülən “Ümid” tamaşasından bəhs etdilər, çox bəyəndiklərini, hətta uzun illər keçməsinə baxmayaraq hələ də o tamaşanı unutmadıqlarını söylədilər. Sözümün canı odur ki, Həsənağa Turabova təklif etdim ki, Pantomima festivalı keçirək. Öncə etiraz etdi, görəndə ki, israr edirəm, o zaman bütün cavabdehliyi mənə verdi, festivalın bədii rəhbəri təyin olundum. Beləliklə də maddi dəstək Həsənağa müəllim tərəfindən, cavabdehlik isə məndən olmaq şərtilə festivalı keçirdik. 7 tamaşa hazırlandı, festival həqiqətən səs-küyə səbəb oldu. Festivalda iştirak edən Mədədniyyət və Turiqz nazirinin müavini Ədalət Vəliyev tamaşaları yüksək qiymətləndirdi və təklif etdi ki, bunu teatr studiya şəklinə salaq. Beləliklə də göstəriş verildi və “Dəli yığıncağı” fəaliyyətə başladı. Sonra dövlət statusu verildi, sonra bina ilə təmin olunduq.
-Pantomim Teatrı dövlətin, ictimaiyyətin diqqətində dayana bildi. Əslində Pantomim Teatrı bir növ dəli sözünün arxasında gizlənərək bir çox önəmli fikirləri aça bildi…Bu bir siyasi gediş idi, yoxsa?
-Səbəbsiz heç bir şey yoxdur. O dövrdə mənim teatra artıq şəxsi bir münasibətim var idi, teatrda baxışım fərq li idi. Belə bir tendensiya var idi, Dram Teatrı ancaq dramatik tamaşalar, Opera və Balet ancaq opera və balet, Musiqili Komediya ancaq musiqili komediyaya aid tamaşalar, Kukla Teatrı sadəcə kukla tamaşaları və s. hazırlaya bilərdi. Mən bunu heç cür anlaya bilmirdim. Həmişə demişəm, yenə də təkrar edirəm, mənim üçün teatr qida ocağıdır. Necə ki, restoran qida ocağı olduğu kimi, necə ki, restoranda menyuya baxaraq ürəyin istəyən yeməyi seçmək imkanın var, eləcə də teatr mənəvi qida ocağı olmalıdır. Teatra gələn tamaşaçı repertuardan ürəyi istəyən tamaşanı seçib baxmaq imkanına malik olmalıdır. Əgər ürəyim istəyən tamaşa yoxdursa o zaman başqa bir teatra üz tuturam. Bu baxımdan Pantomim Teatrında yarandığı gündən bütün zövqlərə cavab verəcək tamaşalar hazırlanır. Uşaqlar üçün, böyüklər üçün də tamaşalar var, şou əyləncə var, pantomim balet var, psixoloji tamaşalar var, sözlü, sözsüz tamaşalar da var, əcnəbi əsərlər də var və s. O vaxtı buna qarşı bir qadağa da var idi. O zaman mən belə bir fikir söylədim ki, “qardaş dəlidən başqa nə gözləyə bilərsiniz ki, dəlidir də nə istəyir edir”.
-Ancaq “dəlidən doğru xəbər” deyilən bir fikir də var, hər halda nahaq yerə işlədilmir…
-Onun üstündə dayanmırdılar, deyirdilər ki, “Əşi Bəxtiyardı də dəli yığıncağl yığıb dəlilik edir”. Beləliklə də illər keçdi və teatrımız daha da formalaşdı.
-Bildiyim qədərilə sizin aktyor tərbiyə üsulunuz da çox fərqlidir…
-Stanislavski məktəbi böyük məktəbdir və hər zaman da tələbələrimə o məktəbi öyrənməyə dəvət edirəm. Çünki bünövrə olmadan heç bir şey etmək olmaz. Bünövrən varsa hara istəyirsən gedə bilərsən, nə zaman yolunu azdın o zaman yenidən bünövrəyə dönə bilərsən. Bünövrə olmayanda insanın konkret yolu da ola bilməz, çünki nə edəcəyini, hara gedəcəyini dəqiq olaraq müəyyənləşdirə bilmirsən. Mənə görə aktyorun “knopkası” olmalıdır. “Knopkanı” basan kimi özünü rolda görsün, yoxsa roldan çıxa bilmirəm və ya rola diqqətimi verə bilmirəm kimi fikirləri qəbul etmirəm. Teatrda bu əsas şərtdir. Tüfəngimiz dayandoldurum olmamalıdır, çaxmağı çəkən kimi atmalıdır. Bu kimi tərbiyə üsulunun nəticəsi əslində çox effektli oldu ki, nəticədə də teatrımız illərdir artıq yeni söz deməklə daha da böyük güc toplaya bilir.
-Teatr kollektiviniz əsasən tələbələrinizdən ibarətdir, ancaq demək olmaz ki, hər tələbənizi də Pantomim Teatrında çalışmağa layiq bilirsiniz. Elə isə seçimdə əsas üstünlük verdiyiniz nədir?
-Belə bir fikir var, əgər üzmək istəyən yoxdursa o zaman gəmini hazırlamağa dəyməz. Dənizə səyahət etməyi arzulamaq lazımdır ki, sonrakı prosesdə də gəmi hazırlamaq qərarını verəsən. Ancaq gəmi də dediyim kimi üzmək istəyən üçün lazımdır. Əsas olan budur. Bu baxımdan mən teatrla məşğul olmaq istəyənlərə ilk növbədə üstünlük verirdim.
-Teatrın yaranmasından 20 ildən artıq zaman keçdi…Necə keçdi bu illər?
-Ümumiyyətlə götürsək, teatr 5 ilə yaranır. 5 il yaranmadır, 5 il onun zirvəsidir, 5 il onun enişidir. 15 il teatrın özünü təsdiq edib etməyəcəyi dövrü əhatə edir. Ancaq biz artıq bu illəri arxada qoyduq, artıq teatrın yaranmasının 23-cü ilinə qədəm qoyuruq. Bu illər ərzində deyə bildiyimin və deyə biləcəyimin cəmi 10 faizini etmişəm. Ümumiyyətlə Pantomima aktyoru tərbiyə etmək, onun beynini, ruhunu, bədənini hazırlamaq hər dəfə zaman alır. Önəmli olan odur ki, biz varıq və öz sözümüzü deyirik. Eyni zamanda fərqli zövqdə olan tamaşaçı auditoriyamız var və fərqli zövqə uyğun da tamaşalarımız var…Bir sözlə, hələ görüləcək işlər çoxdur…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…