Zənnimcə, SƏNƏTKARLIQ ZİRVƏSİ yaşla, təcrübəylə qazanılan yüksəklik deyil, dünyaya göz açdığın gündən Tanrının qismətinə yazdığı bir hədiyyədir. Bu hədiyyə necə qorunur, onu artıq gələcək göstərir. Təsadüfən söhbəti sənət zirvəsi üzərində qurmuram. Tamaşaçıların sevimlisi Ağaxan Salmanlı teatr sənətində var olduğu gündən daima bir həqiqətə inandı-səhnə səmiyyətinə. əslində səhnə səmimiyyəti elə aktyorun obrazı daxilindən keçirək səmimi oynaması ilə başlayır. Müxtəli rollarda səhnədə olan və tamaşaçını inandırma gücünə sahib olduğunu sübut edən böyük sənətkarın 75 yaşı tamam olur. Aktyor özünü bu yaşda necə hiss edir və ssənətdə daha nələri görmək istər onu sadəcə bu müsahibəni oxuduğunuz zaman şahid olacaqsınız. Beləliklə xəbər100.com saytının bu dəfəki qonağı, xalq artisti Ağaxan Salmanlıdır.
-Ömrün 75-ci ilinə qədəm qoymaq, bahar fəslinin bu gül-çiçəkli dövrünü yaşamaq necə bir hissdir?
-Baharın gəlişi hər birimizdə yüksək əhval-ruhiyyə yaradır. Bəlkə də ona görə ki, təbiət bütün gözəlliklərini məhz baharda tam olaraq göstərir. Bu sadəcə gülün-çiçəyin gözəlliyi deyil, bu gözəlliklərdən ətrafa saçan qoxunun da gözəlliyi sanki üzərimizə hopur. BU gözəl fəsildə həyətimdə əkin-biçin işlərim olur, yaz güllərim çiçəklənib. Şox şükür səhhətim normaldır və mən bu gözəlliyi hiss edirəm.
-Əslində hər yaş bir hesabat xarakteri daşıyır və yaş artdıqğa müdriklik çağı insanoğunu düşünməyə vadar edər. Sizi ən çox düşündürən nədir?
=Sual geniş olduğu üçün, ətraflı da cavab istəyir. Məlumdur ki, məişət, ailə, ev-eşik fikirləri, nəvələrinmin rifahı barədəki fikirlər daima diqqətdə dayanır. Ən önəmlisi isə Vətənimizin müharibə vəziyyətinə aid hər bir xırda xəbərə reaksiya, ümidverici kiçicik bir şad, müjdəli xəbər gözləntisi hər an beynimizi, ürəyimizi məşğul edir. Eyni zamanda teatrdakı quruluşlar haqqında olan düşüncələr, fikirlər çoxdur. Bir sözlə beyni məşğul edən fikirlər çoxdur və hər gün də eynilə təkrar olunur. Bilirsinizmi, dünya yaranandan ağla-qaranın mübarizəsi gedib və gedir. İllər, əsrlər keçir eyni mübarizə davam edir, yaşadığımız dövrdə belə bu mübarizə bitmir. Bir tərəfdə ölüm, bir tərəfdə göz yaşları, digər bir tərəfdə sanki heç nə olmamış kimi həyata davam etmək…Bütün bunları necə xarakterizə etmək olar və ya ümumiyyətlə xarakterizə etmək mümkündürmü, bu belə növbəti bir sual ortaya çıxarır.
-Necə bilirsiniz, dünyanln böhran içində olması sənətə nə dərəcədə təsir göstərə bilər və ya yaradıcı proseslər sanki arxa planda qaldığı üçün önəmli səhnə əsərləri yaranmır?
-Əlbəttə ki, dünya əzəldən münaqişəli olub, indi daha da kəskin görünür, ola bilsin ki, bu proses sabah da davam edəcək. Dünyaya nəzər salanda görürsən ki, münaqişələr necə də xərçəng xəstəliyi kimi yer kürəsini tora bürüyüb. Dünyanln böhran içində olmasının sənətə nə dərəcədə təsir etməsinə gəlincə, zənnimcə dünya iqtisadi böhranını araşdıran iqtisadçılar bunu məndən daha dəqiq bilər. Ümumiyyətlə isə böhran dediyin göz önündədir və bunun hər kəs təsirini görür, sıxıntısın keçirir. Ancaq nə olur olsun, teatra münasibət əsasdır. İqtisadi böhran, teatrı mənəvi ehtiyac kimi anlayanları ondan uzaq sala bilməz. Bir iki misal çəkim: Bir gün Rusiyada idim , evdə qalırdım, evin sahibəsi xahiş etdi ki, vaxtı olmur, domna sobasında kömür atma işinə baxır, falan gün, flan saatda vaxtım olacaq o vaxta da kinoteatrda fransız filminə bilet al, bir yerdə gedib baxaq, filimin adı bu, iştirakçılar bunlar, rejissoru və yazarı flankəslər. Gedib afişaya baxdım tam dəqiqliyi ilə demişdi. Bir dəfə də Odessaya getmişdim, özü balaca şəhər olsa da, orada dünya şöhrətli, memarlıq cəhətdən gözəl bir teatr olduğunu eşitmişdim. Maraq üçün özümü saldım həmin teatra. Loja benuar deyilən səhnəyə yaxın bir yerə bilet almışdım. Belə bir hadisənin şahidi oldum. Yanımda oturan bir xanımdan xahiş etdilər ki, yerini zəhmət olmasa iki oturacaq yan tərəfə dəyişsin. Xanımı od götürdü, “mən, süpürgəçi işləyirəm, səhər altıda durub küçə süpürürəm, manat-manat yığıb loja benuara bilet almışam, bu yerimi heç kəsə güzəşt etmərəm”. Bu misalları çəkməklə mənəvi ehtiyacın necə olduğunu göztərmək istədim. Bir misal daha çəkim. Oğlum universitetdə oxuduğu illərdə ona dərs deyən elmlər namizədləri, fəlsəfə doktorlarına qarşılıqlı hörmətə görə dəfələrlə dəvətnamə göndərirdim və həmin vaxt teatrın giriş qapısında onları qarşılamaq üçün müntəzir olurdum…. təəssüflər olsun ki, heç biri gəlmirdi!? Sadəcə olaraq bir dəfə dövlət imtahan komissiyasının sədri Əmirxan müəllim gəlmişdi.
-Mənəviyyat, mənəvi aclıq hissi deyilən bir şey var…
-Ümumiyyətlə incəsənətin yaratdıqı maddi nemət deyil, mənəvi nemətdir. Maddi nemətə ehtiyac ilkindir, onsuz insanın həyatı bitər- yeməlidir, içməlidir, geyinməlidir. Bu vacibdir. Əgər bunlardan cibdə bir şey qalarsa onda insan mənəvi nemət axtarır. O da baxır insanın düşüncə tərzinə, mədəniyyətə meylinə, marağına, mənəvi aclığına. Bu sahəyə sevgisi yoxdursa yenə qaçacaq restorana, kababxanaya, bu növlü əyləncələrə qatılacaq…Bu səbəblərdən böhranın təsiri ilk olaraq elə incəsənətə, o cümlədən də teatra dəymədən ötmür. Bəlkə də dünyanın müxtəlif bölgələrində müxtəlif dərəcədə, az və ya çox olur, lakin mütləq olur.
– Yeri gəlmişkən, bütün dünyada böhran var, ancaq sənətə olan maraq bir an da olsun ölmür. Bizdə isə, siz dediyiniz kimi, hələ tamaşaya dəvət edirsən gələn olmur. Halbuki bir vaxtlar Azərbaycanda teatr, kino üçün bilet satışında növbə yaranırmış…
– Bir vaxtlar Azərbaycanda teatr inkişaf və intibah dövrünü yaşayanda tamaşalara bilet tapmaq çətin olub, hətta qayda-qanun yaratmaq üçün mühafizəçilər dəvət olunurdu. Möhtəşəm tamaşalar yaranıb, hardasa bir anonsdan sonra tamaşaçılar böyük maraq və intizarla tamaşaların təqdimatını gözləyiblər. Bu maraqın və diqqətin nəticəsində də teatrın cəmiyyətdə məsuliyyəti artıb, aktyorluq sənətinə olunan hörmət, onun möcüzəli olması, riskli, aktual fikirlər ortaya qoyması teatrı mənəvi bir ehtiyaca çevirə bilib. Aktyorluq sənəti barədə korifey sənətkarımız Mərziyə xanım Davudova deyirdi ki, “Aktyorluq ağır zəhmətkeş həyatıdır”. Belə vəziyyət aktyorun işinə son dərəcə məsul yanaşmasını tələb edirdi.
XX əsrin 20-ci illərindən sonra teatra məbəd deməyə başlandı. Məbəd adlanan yerə təbii ki, xalqın axını başladı, bu bir dövlət proqramı idi, başqa cür də ola bilməzdi.
– Necə bilirsiniz, bəlkə tamaşaçıları düşündürən, onların marağına səbəb olan əsərlər yazılmalıdır. Necə deyərlər, bəlkə tamaşaçı zövqünün dalınca getmək lazımdır?
– Cəmiyyətin inkişafı, texniki proqress bu günümüzə nə qədər yeniliklər gətirib. Yəqin ki, hamı ölkəmizdə keçirilən ilk Avropa Olimpiya oyunlarının açılış və başlanışını xatırlayır. Müasir texniki inkişafı teatra tətbiq edərkən necə ağlagəlməz möcüzələrin əldə olduğunun şahidi oluruq. İndi görək bu texnikanın hansı faizi, lap cüzi faizi teatrlarda varmı? Bir yandan da iqtisadi böhran, teatr üçün heç də arzuolunan vaxtda gəlməyib. Teatr canlı sənətdir, cəmiyyətin, zamanın nəfəsi ilə, ritmi ilə uyğunluq təşkil edir, tərəqqisi və tənəzzülü var. Bunu canlı varlıq kimi qəbul etmək lazımdır – sağlam, çevik, enerjili vaxtı olur, soyuqdəyməsi, halsızlıqı, tam gücündən istifadə edə bilməməsi vaxtları olur. Bu təbiidir.Mən bu canlı orqanizmə nikbin yanaşıram və tam ümidliyəm teatrımızın sabahına…O ki, qaldı tamaşaçının ardınca getmək məsələsinə, teatr həmişə tamaşaçı ilə təmasda olub. Bir halda ki, tamaşaçını narahat edən problemləri teatr ortaya çıxarır, deməli tamaşaçı əsas komponetdir. İndi görək teatr tamaşaçının marağında olan suallara cavab verə bilirmi, yol göstərə bilirmi? Məncə teatrın bu gün bir zəifliyi də var – tamaşaçını düşündürən suallar və onun həlli yollarını söyləmək acizliyi. Klassiklərə baxın, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı cəsarəti, riski! Hazırda da belə bir risqə, cəsarətə ehtiyac var.
– Bir qədər də hazırda sənətə yeni gələn nəslin fəaliyyəti haqqında danışardıq. Yeni nəsil tamaşaçını düşündürmək nədir, heç diqqətini də cəlb edə bilmir. Hanı o cəlbedicilik, hanı o maraq dairəsi?
– Teatr özündə bütün həyatı əks etdirir siyasətdən tutmuş, mənəviyyata qədər, vətən sevgisindən tutmuş şəxsi, ailə sevgisinə qədər. Fəlsəfədir teatr, həyat fəlsəfəsi. Bu baxımdan düşünürəm ki, indiki nəsil nəyi görür, necə görür elə də hərəkət edir. Mən onların elədikləri ilə bir qədər, razılaşmasam da, onları tam inkar etməkdən də vaz keçirəm. Çalışıram onları anlayam, haqq qazandıram. Çünki bu gənclərin əksəriyyətinin maddi çətinlikləri var. Doğrudur ki, birmənaalı olaraq “ucuz ətin şorbası olmaz”.Bu hər tərəfli yaranacaq sənət əsərinin keyfiyyətsiz olacaqına , uğursuzluquna aparan səbəbdir. Çəkilən filmlərin , yaxud hazırlanan tamaşaların göstəriləcək məkanlar yoxdur. Teatr qastrollara gedə bilmir, çəkilən filmlərin göstərilməsi, satışı üçün kino-teatrlar yox səviyyədədir.“Naxox” filmindən misal gətirə bilərəm- Film uğurlu alındı, birincilər arasında reytinq qazandı -Bakida, Gəncədə, Masallıda nümayiş olundu vəssalam…Respublikanın başqa bölgələrində film nümayişi üçün səviyyəli məkanlar yoxdur. İstedadlı gənclər, sənət eşqilə çırpinan arzulu insanlar çoxdur. Gələcək mütləq olacaq. Onu geriyə çəkmək mümkün deyil. Çalışıb gənclərə dəstək olmaq, kömək əli uzatmaq lazımdır. Maliyyə zəifliyi sənətkarları kənarda qoyub, pulsuz, ya az pula çəkilənlərə yol açıb, çəkənlər də məcbur olub, istəmədən bu işə qol qoyurlar.Ümumiyyətlə, düşünürəm ki, nikbiliyimizi gəlin itirməyək. İnanaq ki, zaman hər şeyi yerbəyer edəcək. Sevgi və istək olan yerdə yaratmaq əbədidir !
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…