Dünya Səhiyyə Təşkilatının konfransı keçiriləcək

1 Oktyabr 2017 13:44

Xəbər 895 dəfə oxunub

Noyabrın 16-17-də Moskvada Dünya Səhiyyə Təşkilatının (DST) “Davamlı inkişaf dövründə vərəmin məhv edilməsi: çox sektorlu yanaşma” mövzusunda Birinci qlobal konfransı keçiriləcək.Azərtac DST-nin saytına istinadla xəbər verir ki, nazirlər səviyyəsində keçiriləcək bu konfransın məqsədi DST-nin vərəmin ləğv edilməsi strategiyasının dünya ölkələrində həyata keçirilməsini, tibbi-sanitariya yardımından istifadə imkanının məhdudluğu və çoxsaylı dərmanlara davamlı vərəmin (ÇDDV) geniş yayılması ilə əlaqədar yaranmış böhranlı vəziyyətin aradan qaldırılmasını təmin etməyə yönəlmiş təxirəsalınmaz tədbirləri sürətləndirməkdir.Konfransda nazirlər deklarasiyası imzalanacaq, həmin sənəddə 2030-cu ilə qədər vərəmin ləğv edilməsi və davamlı inkişaf oriyentirlərinə nail olmaq tədbirlərini sürətləndirmək üçün dünya ölkələrinin dəqiq öhdəlikləri göstəriləcək. Bu deklarasiya 2018-ci ildə BMT Baş Məclisinin vərəmə həsr edilmiş yüksək səviyyəli müşavirəsində nəzərə alınacaq.Qeyd edək ki, hazırda vərəm bütün dünyada insanların həyatına son qoyan, çox ciddi iqtisadi və sosial nəticələr doğuran təhlükəli yoluxucu xəstəlikdir. ÇDDV nəticəsində ictimai səhiyyədə yaranmış böhran davam edir.2000-ci ildən indiyə qədər göstərilən səylər sayəsində dünyada 49 milyon insanı xilas etmək mümkün olub, lakin vərəm epidemiyasına son qoymaq üçün görülən tədbirlər və sərf edilən sərmayələr hələ çox cüzidir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05