Dünya Səhiyyə Təşkilatının STEPS metodologiyası əsasında…

26 Oktyabr 2017 15:01

Xəbər 1020 dəfə oxunub

Dünya Səhiyyə Təşkilatının (DST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair ölkə ərazisində aparılan tədqiqatın səyyar işləri yekunlaşıb. Sorğuda Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası (Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan) üzrə təyin olunan 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı iştirak edib.Bu ilin avqustun 24-dən başlanmış sorğu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və bu tədqiqata xüsusi olaraq cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib. Sahə işləri əvvəlcədən müəyyən olunan marşrut üzrə aparılıb. Hər bir marşrut üzrə komandalar sorğu öncəsi müəyyənləşdirilmiş rayon, kənd, klaster və ev təsərrüfatları haqqında məlumatla, əhalinin maarifləndirilməsi məqsədilə sorğu üçün xüsusi hazırlanmış bukletlər, sorğunun keçirilməsi üçün əldə edilmiş avadanlıqla təmin olunublar.Bu barədə Azərtac-a İSİM-in mətbuat xidmətindən bildirilib.Sorğu zamanı respondentlərdən sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edərək, onlar arasında QİX-in risk amillərini öyrənilib. Onların fiziki göstəriciləri (boy, çəki, qarının və ombanın dairəvi ölçüləri, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunub. Verilən məlumatların dəqiqliyini təmin etmək üçün biokimyəvi nümunələrin analizi, qan nümunəsi (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək məqsədilə) götürülüb. Bütün analizlər DST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparılıb.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05