İcbari sığorta sisteminin tətbiqi ilə bağlı müzakirə aparılıb

5 Fevral 2018 15:23

Xəbər 796 dəfə oxunub

Avropa İttifaqı “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsini icra edir. Bu geniş proqramın reallaşdırılması çərçivəsində layihənin təmsilçiləri Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olublar.Universitetdən Azərtac-a bildiriblər ki, görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara rəhbərlik etdiyi universitetdəki tədris-təhsil sistemi və burada fəaliyyət göstərən klinikaların fəaliyyəti haqqında məlumat verib. G.Gəraybəyli Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin mühüm məsələ olduğunu, bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli addımların atıldığını vurğuladı.Rektor bildirdi ki, ATU-nun klinikalarında bəzi qurumlardan göndərilən sığortalı xəstələrə xidmət göstərilir. Lakin bu imkandan bütün əhalinin istifadəsi insanların sağlamlığının müdafiəsində ciddi rol oynayır. G.Gəraybəyli Avropa İttifaqının dəstəklədiyi bu layihənin ölkəmizdə icbari tibbi sığortanın tətbiqində və islahatların aparılmasında böyük rol oynayacağından əminliyini vurğulayıb.Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin rezident tvinninq müşaviri Qediminas Çerniauskas isə layihənin məqsədləri haqqında ətraflı məlumat verib. O, iki il ərzində Avropa ölkələrinin müvafiq istiqamət üzrə böyük təcrübəyə malik mütəxəssis və ekspertləri Avropanın qabaqcıl təcrübəsinə əsaslanaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək verəcəyini bildirib.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05