Mayın 24-də Milli Məclisin elm və təhsil komitəsinin növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, əvvəlcə komitə sədri İsa Həbibbəyli gündəlikdəki məsələlər haqqında məlumat verib. Bildirib ki, Əmək Məcəlləsində edilən dəyişikliklər əsasən redaktə xarakterlidir. Qeyd edilib ki, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb ediləcəklər. Bu dəyişikliyin vacibliyini qeyd edən İsa Həbibbəyli deyib ki, sertifikasiya təhsilin keyfiyyətini artırmaq üçün məqbul bir prosedurdur.Diqqətə çatdırılıb ki, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyaya cəlb edilməyəcəklər.“Təhsil haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması və müasir təhsil sisteminin formalaşdırılması istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədi daşıyır.Sənədə edilən dəyişikliyə görə vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.“Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə edilən dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qanuna edilən digər dəyişikliyə görə, xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Bildirilib ki, ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsil standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir.Təhsil naziri Ceyhun Bayramov deyib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərin əsas məqsədi sertifikasiya ilə bağlı müddəaların əlavə edilməsindən ibarətdir. 2014-cü ildən etibarən bu istiqamətdə ilkin addımlar atılıb. Həmin ildən etibarən Təhsil Nazirliyi tərəfindən ümumtəhsil sistemində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinə başlanılıb. Qanunvericilikdə sertifikasiya sisteminin təsdiq edilməsi işin keyfiyyətinə müsbət təsir edəcək.Nazir “Təhsil haqqında” Qanunda ediləcək dəyişikliklər barədə də fikirlərini bildirib. O qeyd edib ki, Bakıda və digər böyük şəhər məktəblərində sıxlıq mövcuddur. Paytaxt orta məktəblərində sıxlıq 10 faiz təşkil edir. Belə ki, şəhərdə birinci sinfə qəbul üçün müraciət edənlərin sayı digər yerlərdən çox olur. Təbii ki, müraciətlərin hamısını qəbul etmək mümkün deyil. Qanunda edilən dəyişikliyə görə, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin məktəblərə ilk növbədə qəbul olunacaqlar.Sonra deputatlar qanun layihələri barədə təklif və rəylərini bildiriblər.Müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.İclasda, həmçinin “Ümumi təhsil haqqında” Qanunun hazırlanması məqsədilə işçi qrupunun tərkibi təsdiq edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…