Norveç bütün növlərdən olan qazıntı yanacağını qadağan edəcək

6 İyun 2016 15:26

Xəbər 1355 dəfə oxunub

Norveç gələn onillikdə bütün növlərdən olan qazıntı yanacağını qadağan edəcək və planetin ən mütərəqqi ölkəsinə çevriləcək. BBC  xəbər verir ki, siyasi spektrin hər iki tərəfində olan partiyalar 2025-ci ildək Norveçdəki maşınların 100 faizinin yaşıl enerjiyə keçəcəyi barədə razılığa gəliblər. Norveçin Dagens Naeringsliv qəzetinin ölkənin sağ təmayüllü populist Framstegspartiet partiyasına (Tərəqqi Partiyası) istinadən yazır ki, gələn onillikdə bütün benzin işlədən maşınlar yığışdırılacaq. Siyasətçilər deyirlər ki, bu qərar Norveç üçün xüsusi onəm daşıyır, beləki ölkənin əsas maliyyə fondları neft sənayesinə söykənir. Bu hesabatdan əvvəl verilmiş başqa bir bəyanatda isə deyilirdi ki, Norveç meşə qırılmasını sıfır həddinə endirəcək ilk ölkə olmağa hazırlaşır. Norveçdə 2025-ci ilədək benzinlə işləyən maşınların ləğv olunacağı barədə xəbəri sevinclə qarşılayanlardan biri də ABŞ elektrik avtomobilləri istehsalçısı Tesla Motorsun baş icraçı direktoru Elon Musk olub. “Elə indicə eşitdim ki, Norveç 2025-ci ilədək bütün benzin avtomobillərini qadağan edəcək. Necə də ecazkar bir ölkədir. Siz qiyamətsiniz, uşaqlar!” – yazır Musk. Bununla belə, Demokratik və Liberal partiyalar bildiriblər ki, qəbul olunmuş qərarın təfərrüatları hələ də Tərəqqi Partiyası ilə müzakirə olunur. Norveç 2025-dək qazıntı yanacağını qadağan edəcək Britaniya da bu istiqamətdədir. Əgər bu qərar tam qəbul olunsa, bu hətta Leyborist Partiyasının 2030-cu ildək dizel və benzinlə işləyən maşınların satışını dayandırmaq planından da daha ambisiyalı addım olacaq, yazır “The İndependent”. Norveçi bərabər təmsilçilikdə idarə edən dörd siyasi partiya habelə elektrik enerjisinə yeni “iqlim vergisinin” qoyulması barədə razılığa gəliblər. “The İndependent” yazır ki, Norveçdə hazırda avtomobillərin 24 faizi elektriklə işləyir. Bundan başqa Norveçdə elektrik enerjisinin 99 faizini su-elektrik stansiyaları istehsal edir. Üstəlik, Norveç 2020-ci ilədək külək enerjisinin həcmini 3 dəfə artırmağı planlaşdırır. Bu məqsədlə bu sahəyə 2013-cü ildə qəbul edilmiş sənədə əsasən 3 milyard dollar vəsait ayrılıb. Bu arada Britaniyada hakim Mühafizəkar Partiya yaşıl enerji növlərinə “sədaqət andı içsə də” ölkənin enerji problemini şist neftinin və nüvə stansiyalarının hesabına həll etməyə can atmasına görə tənqid olunur. Buna baxmayaraq Britaniyada bərpa olunan enerji istehsalına yatırımlar ötən il 25 faiz artırılıb (BBC).xeber100.com

“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir

Şərqi Qazaxıstan vilayətinin Katon-Qaraqay rayonunda “Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir. Festivalın ilk gününün tədbirlərindən biri respublika elmi-praktik konfransı olub. Ölkənin hər yerindən gələn şair və yazıçılar, görkəmli ədəbiyyat və elm xadimləri festivalın Qazaxıstanın milli birliyinin möhkəmləndirilməsinə və mənəvi dirçəlişinə verdiyi töhfəni yüksək qiymətləndiriblər. Onların sözlərinə görə, Katon-Qaraqayın mənəvi turizm mərkəzinə çevrilməsi üçün hər cür əsas var. “Altay Türk sivilizasiyasının ürəyi, onun qızıl mədənidir. Türk dünyasının tarixi məhz buradan başlayır, buna görə də Altay bütün türk xalqları üçün əvəzsiz sərvətdir. “Mənəvi turizm” anlayışı artıq gündəlik həyata daxil olub: hara getməyimizdən asılı olmayaraq - Azərbaycana, Türkiyəyə, Özbəkistana - ziyalılar və sadə sakinlər Altayı əcdadlarının mənəvi Vətəni adlandırırlar. Bizim əsas vəzifəmiz bu mənəvi dəyəri bütün Türk dünyasına tanıtmaqdır”, - deyə Məclisin deputatı Yerlan Sairov vurğulayıb. Elmi görüş ideya və fikir mübadiləsi meydanına çevrilib. Şərqi Qazaxıstan Vilayət Dram və Operetta Teatrı yazıçının ömür yolunu bədii obrazlar vasitəsilə nümayiş etdirdiyi “Didaxmet Aşimxanuluya ithaf” kompozisiyasını təqdim edib. “Bu konfrans böyük mənəviyyat məktəbidir. O, bizi şair və yazıçılarımızın əsərlərini yenidən oxumağa vadar etdi. Katon-Qaraqay təkcə təbiəti ilə deyil, həm də mədəni irsi ilə fəxr edir”, - deyə Topqayın kənd Kəlixan İskak adına tam orta məktəbin direktoru Aydın Saylauxanulı qeyd edib. Festivalın ilk gününün yekun tədbiri “Böyük Altay Kəlixanı və Didaxmeti tərənnüm edir” adlı respublika poeziya festivalı olub. Tədbiri “Altay” folklor-etnoqrafik ansamblı, “Bərkıtbel” etnoansamblı, “Ən.Sal.Dar”, “Nazkonur”, “Daraboz” qruplarının kompozisiyaları bəzəyib.xeber100.com  

İyun 14, 2025 21:34

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42