Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Tacikistan Respublikasında səfərdədir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, səfər əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı siyasəti, insan resurslarının planlaşdırılması və inkişafı, əməyin mühafizəsi, əlilliyi olan şəxslərin peşə reabilitasiyası və digər sahələrdə Azərbaycanda əldə olunmuş təcrübənin öyrənilməsi, müsbət təcrübə üzrə qarşılıqlı məlumat mübadilələrinin aparılması, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinin müraciətinə əsasən həyata keçirilir. Azərbaycan nümayəndə heyəti ilə görüşdə Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq naziri xanım Sumanqul Taqoyzoda ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, bu görüşün iki ölkənin əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını bildirib. S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin malik olduğu sosial-iqtisadi inkişaf dinamikası barədə məlumat verib. Nazir bildirib ki, son 12 ildə 3,4 dəfə iqtisadi artıma nail olan, qeyri-neft sektorunun artaraq ÜDM-də payının 70 faizi ötdüyü respublikada 1,5 milyondan çox iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə enib. Bu müsbət proseslər ölkədə orta aylıq əməkhaqqının 5,6 dəfədən çox, əhalinin gəlirlərinin 7 dəfə artması, yoxsulluğun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə qədər azalması ilə müşahidə olunub: “Yeni qlobal çağırışlara uyğun olaraq, ölkədə yeni postenerji dövrü üçün qeyri-neft sektoru üzərində davamlı iqtisadi inkişafın təmin olunmasına yönələn islahatlar eyni zamanda sosial rifah amilinə, əhalinin gəlirlərindəki sabit artım tempinin qorunub saxlanmasına yönəlib. Təsadüfi deyil ki, son vaxtlarda milli iqtisadiyyata artan mənfi xarici iqtisadi təsirlərə rəğmən, cari ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 7,8 faiz artıb. Əhalinin gəlirlərində isə bu ilin yanvar-may aylarında 8,3 faiz artım qeydə alınıb”. Ölkəmizin sosial təminat sistemindən bəhs edən S.Müslümov bu sistemin respublika əhalisinin 23 faizini əhatə etdiyini, habelə son illərdə bir sıra yeni sosial təminat növlərinin də formalaşdığını, ümumən sosial ödənişlərin mütəmadi olaraq artırıldığını konkret göstəricilər əsasında diqqətə çatdırıb. O, aktiv məşğulluq proqramları, gənclərin əmək bazarına çıxışının dəstəklənməsi üçün icra olunan layihələr, inklüziv əmək bazarının yaradılması, sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası, BƏT-in layiqli əmək konsepsiyasının reallaşdırılması, bu sahədə yeni Ölkə Proqramının hazırlanması, əhalinin özünəməşğulluq imkanlarının artırılması yönündə görülən işlər barədə məlumat verib. Nazir ölkəmizdə demoqrafik artım tempinin davam etdiyini, təkcə bu ilin yanvar-aprel aylarında əhalinin sayının 33,6 min nəfər və ya cari ilin əvvəli ilə müqayisədə 0,3 faiz artaraq may ayının 1-i vəziyyətinə 9739,2 min nəfərə çatdığını qeyd edib. O, sürətlə artan insan resurslarının iqtisadiyyata cəlb olunması və məşğulluğunun təmin edilməsi məqsədilə respublikanın yeni uzunmüddətli Məşğulluq Konsepsiyasının hazırlandığını diqqətə çatdırıb. S.Müslümov son illərdə əmək münasibətlərinin elektron qeydiyyatı, habelə sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron texnologiyalar üzərində qurulması, bu sahələrdə xidmətlərin şəffaflaşdırılması yönündə aparılan islahatlar barədə də məlumat verib: “Bu islahatlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Artıq BMT tərəfindən Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinin Cənub-Cənub Əməkdaşlığı müstəvisində digər ölkələrdə də tətbiqinin təşviq olunmasına başlanılıb. Bu məqsədlə həmin avtomatlaşdırılmış sistemlər qabaqcıl təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilib”. S.Müslümov dünyada miqrasiya proseslərinin genişləndiyi, habelə Azərbaycana işçi miqrant axınının artdığı şəraitdə ölkədə miqrasiya siyasətinin təkmilləşdirilməsindən bəhs edib. Tacikistanla müvafiq iş sahələrində təcrübə mübadilələrinin aparılması üçün lazımi işlərin görüləcəyini qeyd edən S.Müslümov bununla bağlı ikitərəfli əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd edib. S.Taqoyzoda Azərbaycanda əmək və əhalinin məşğulluğu, o cümlədən gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə görülən işlərin, eləcə də əmək və sosial müdafiə sisteminin müasir innovativ yanaşmalar əsasında qurulması üçün aparılan islahatların onlarda böyük maraq doğurduğunu bildirib. O, Azərbaycanın bu sahələrdə təcrübənin öyrənilməsinə, habelə ikitərəfli təcrübə və məlumat mübadilələrinin reallaşdırılmasına xüsusi diqqət yetirəcəklərini vurğulayıb. Hər iki nazirliyin nümayəndə heyətləri gələcək əməkdaşlıq istiqamətlərini, bu istiqamətlərdə görüləcək işləri müzakirə ediblər. Görüşün yekunu olaraq S.Müslümov və S.Taqoyzoda tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişdə tərəflər arasında əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu probleminin həlli, əhalinin müxtəlif qruplarının məşğulluğu da daxil olmaqla insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti, əməyin mühafizəsi sahələrində əməkdaşlığın həyata keçirilməsi əksini tapıb. Sənəddə əlilliyi olan şəxslərin peşə reabilitasiyası və işlə təmin edilməsi, işsiz vətəndaşların peşə hazırlığı və yenidən hazırlığı sisteminin inkişafı, beynəlxalq təşkilatların, maraqlı dövlət orqanlarının iştirakı ilə əmək və əhalinin məşğulluğu sahəsində birgə layihələrin hazırlanması və icrası, digər əməkdaşlıq istiqamətləri də əhatə olunub. Əməkdaşlıq formaları kimi Sazişdə tərəflər arasında müvafiq qanunvericilik, normativ sənədlərin və analitik-informasiya materiallarının mübadiləsi, kadrların texniki-peşə hazırlığı və yenidən hazırlığı sahəsində təcrübə mübadiləsi, ekspertlər arasında məsləhətləşmələrin aparılması, hər iki dövlətin ərazisində keçirilən beynəlxalq tədbirlərdə ekspert və mütəxəssislərin qarşılıqlı iştirakı, tərəflərin mütəxəssislərinin ixtisaslarının artırılması və təcrübə mübadiləsi məqsədilə ixtisasartırma, həmçinin təlim səfərlərinin təşkili və s. əksini tapıb. Sazişdə yer alan müddəaların icrası məqsədilə tərəflərin birgə İşçi Qrupu yaratmaları da nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…