Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən…

20 İyul 2016 10:18

Xəbər 978 dəfə oxunub

Ölkələr qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə öhdəlikləri necə yerinə yetirir? Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) yeni məruzəsi bu sualın cavabına həsr olunub. Söhbət ürək-damar, onkoloji, xroniki respirator xəstəlikləri və şəkərli diabetlə mübarizədən gedir. Bu xəstəliklər dünyada 70 yaşdan aşağı insanların ölümünün əsas səbəbidir. Məruzədə bildirilir ki, bir çox ölkələr siqaret və həddindən artıq spirtli içkilərin istehlakı səviyyəsinin azaldılması, fəal həyat tərzinin təbliği, sağlam qidalanma üzrə tədbirlər hesabına böyük uğurlara nail ola bilib. Bəzi yerlərdə tütün məmulatları üçün verginin artırılması sayəsində ictimai səhiyyə sisteminin maliyyələşdirilməsi möhkəmlənib. “Bir çox dövlətlər, o cümlədən bəzi yoxsul ölkələr sübut edir ki, irəliləyişə nail olmaq və qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarını azaltmaq tamamilə realdır. Amma bu uğurlar orta və aşağı gəliri olan dövlətlərdə kifayət deyil və dəyişkən xarakter daşıyır”, – deyə DST-nin baş direktorunun köməkçisi Oleq Çestnov bildirib. DST-nin məlumatına görə, Yer üzündə bütün ölüm hallarının 60 faizi xroniki xəstəliklərlə əlaqədardır. Təkcə 2012-ci ildə qeyri-yoluxucu xəstəliklər dünyada 38 milyon insanın həyatına son qoyub. BMT Baş Assambleyasının 2011-ci ildə keçirilən yüksək səviyyəli ilk iclası qeyri-yoluxucu xəstəliklər probleminə həsr edilib. Bunun nəticəsi olan siyasi bəyannamədə bu xəstəliklərin profilaktikası və nəzarəti məsələləri prioritet olub. Bu problemlə bağlı ikinci iclas 2014-cü ildə keçirilib. Nəticə olaraq xroniki xəstəliklərlə mübarizə sahəsində BMT-yə üzv ölkələrə milli məqsədlər hazırlamaq tapşırılıb. Baş Assambleya üçüncü yüksək səviyyəli iclasını 2018-ci ildə keçirməyi planlaşdırır. İclasda 2025-ci ilədək dövrdə milli məqsədlərin yerinə yetirilməsində irəliləyişin qiymətləndirilməsi nəzərdə tutulur.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05