Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı işə başlayıb

14 Oktyabr 2022 10:48

Xəbər 284 dəfə oxunub

Oktyabrın 14-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Oftalmoloji Konfrans və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı işə başlayıb.Tədbirdə açılış nitqi ilə çıxış edən mərkəzin direktoru professor Elmar Qasımov konfransın məqsədinin oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region və xarici həkimlərin iştirakını təmin etmək, yenilikləri müzakirə etməkdən ibarət olduğunu deyib. Direktorun sözlərinə görə, konfransda Bakı və regionun həkim heyəti ilə yanaşı, xaricdən həkim heyəti də iştirak edir. E.Qasımov təcrübə mübadiləsinin oftalmologiya sahəsinin inkişafına töhfə verəcəyinə inandığını bildirib.Türkiyədən gələn həkimlər – Sunay Duman, professorlar Suleyman Kaynak, Öner Gelişken, Rusiyadan olan professor Muxarram Bikbov konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib, oftalmologiya sahəsində müzakirə edilən yeniliklərin, irəli sürülən təkliflərin oftalmoloji xəstəliklərin müalicəsində faydalı olacağına əmin olduqlarını ifadə ediblər.Konfrans panel sessiyalarla davam edir.Qeyd edək ki, konfransın işinə oktyabrın 15-də yekun vurulacaq.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05